Category: Kriminal

  • Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb – Əməliyyatın təfərrüatı

    Bakıda külli miqdarda narkotiklə tutulan fitnes məşqçisi Anar Mirbabayevə hökm oxunub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətklər Məhkəməsində 44 yaşlı məşqçinin təqsirləndirildiyi proses başa çatıb.

    O, Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

    Məhkəmənin hökmü ilə A.Mirbabayevə 3 il həbs cəzası verilib. Lakin himayəsində 2 azyaşlı uşaq olduğundan idmançının cəzası onun övladlarının 14 yaşını tamam etməsinədək təxirə salınıb. A.Mirbabayev məhkəmə zalından sərbəst buraxılıb.

    Qeyd edək ki, A.Mirbabayev Bakıda fitnes zallarından birinə rəhbərlik edib. Onun müştəriləri arasında çoxsaylı tanınmış şəxslər, rütbəli zabitlər olub.

    O da məlum olub ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla fitnes zalından külli miqdarda patı (metamfetamin) aşkar edilərək götürülüb.

    Məhkəmə prosesində idmançının həyat yoldaşının 2 övladını tərk edərək getdiyi və onların rəsmi qaydada boşandığı da qeyd edilib.

  • 28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq

    Bakıda mağazadən kərə yağı oğurlayıb satan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Binəqədi rayonu, 9 mkr., Mir Cəlal 72 ünvanında yerləşən mağazada baş verib.

    Belə ki, 1990-cı il təvəllüdlü F.V. mağazadan 28 ədəd kərə yağını oğurlayaraq satıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

    Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu deyib. Bildirib ki, oğurladığı 28 ədəd kərə yağını sataraq kirayə pulunu ödəyib. O, işsiz olduğu üçün oğurluq etməyə məcbur qaldığını vurğulayıb.

    Məhkəmənin hökmü ilə F.V. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 23 gün müddətə inzibati həbs edilib.

  • Bakıda pulu olmayan şəxs restoranda yeyib-içdi, səs-küy salıb qaçdı

    Bakıda məşhur restoranda hesabı ödəməyib qaçan müştəri həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu, Atatürk prospekti 93 ünvanında yerləşən “JOSBeer Pub” adlı restoranda baş verib.

    Belə ki, 1994-cü ildə Bakı şəhərində anadan olmuş M.H. “JOSBeer Pub” restoranında 269 manatlıq sifariş verərək yeyib-içdikdən sonra ödəniş etməyib və orada səs-küy salıb. Daha sonra qaçaraq obyektdən uzaqlaşıb.

    Restoranın mühafizəçisi tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayət əsasında təqsirləndirilən şəxs dərhal “Gənclik” metrosunun yaxınlığında saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məhkəmədə təqsirləndirilən şəxs izahatında deyib ki, günorta saatlarında üzərində pul olmadığını bilərək “JOSBeer Pub” adlı restorana gedib və kabinetlərin birində əyləşərək spirtli içki və müxtəlif yeməklər sifariş verib. Saat 22:30 radələrində ondan hesabı ödəməsini istədiklərində verməyəcəyini bildirib, səs-küy salaraq restorandan qaçıb.

    Məhkəmənin hökmü ilə M.H. İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün həbs edilib.

  • Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu

    Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsinin keçmiş müdiri İradə Dəmirovaya hökm oxunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, İradə Dəmirova Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub.

    O, 308.1-ci maddə ilə 2000 manat cərimələnib. Digər maddəyə gəlincə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb.

    İş materiallarından məlum olur ki, İradə Dəmirova “Yaşat Fondu”nun subyektləri üçün nəzərdə tutulan ödənişsiz dərman vasistələrini satmaqda, həmçinin saxta tibbi sənədlər hazırlamaqda ittiham olunub.

    Məhkəmə zamanı İradə Dəmirova verilmiş ittihamlarla özünü təqsirli bilməyib.

  • Tanışını qətlə yetirən şəxs hakim qarşısında

    Tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Rauf Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev itiham aktını elan edib.

    Daha sonra ifadə vermək söz Rauf Sadıqova verilib və o, özünü elan edilmiş ittihamla qismən təqsirli bilib.

    Daha sonra məhkəmə təqsirləndirilən şəxs Rauf Sadıqovun ifadəsi ilə davam edib:

    “Elsevəri 15 ilə yaxındır tanıyıram, bir məhəllədə böyümüşük. Dekabr 26-da zəng edib, onunla bir yerə qədər getməyimi istədi. Mən narkotik almağa getdiyimizi bilmirdim. O, mənə bu barədə heç nə deməmişdi. Bunu ancaq tutulanda bildim. Taksi ilə getdik. Elsevər Ramin adlı tanışı ilə gəlmişdi. Qayıdanda bunlar düşdülər. Bir də baxdım, telefonum yoxdur. Telefonu Raminin oğurladığını anladım. Elsevəri çağırıb dedim ki, bu adamı mən tanımıram və onu sən gətirmisən. Bildirdim ki, ədəbi ilə telefonumu gətirib qaytarsın. Tanımadığım biri ilə üz-göz olmaq istəmirdim, odur ki, Elsevərlə Raminə danışmağa şərait yaransın deyə qırağa çəkildim. Elsevər geri qayıdıb onun telefonu vermək istəmədiyini dedi. Səbrim tükənməyə başlayırdı. Özümü güclə ələ alıb buna yaxınlaşdım, əlimi atdım bunun çiyninə ki, “Qardaşım, bəlkə sənə bir pisliyim dəyib? Mənim bir ayağım onsuz da “srok”dadır, məni işə salma, qaytar telefonu, xoşluqla çıx, get”. Ramin isə mənə dedi ki, “Mən “lomka”dayam, canım ağrıyır. Telefon mənə lazımdır”. Dedim “Mənə nə sən “lomka”dasan? Gəl, Sənə 20 manat verim, amma telefonumu qaytar. Onun içində önəmli şəkillər, videolar var, qaytar”. Bəlkə də yarım saat dilə tutdum, telefonu qaytarmaq istəmədi. Yapışdım yaxasından ki, “Sənə ziyan vurmaq istəmirəm, əcəl səni hərləməsin, telefonumu qaytar”, yenə qaytarmadı telefonumu. Mən özüm də 4 dəfə “srok” da olan adamam. İki bıçaq zərbəsi vurdum qarnından, sifətinə də bir yumruq ilişdirdim. Bunu qan apardığını görüb, Elsevərə dedim ki, tez “təcili yardım” çağırsın. Mən dörd aya yaxın müddətdir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə gedib-gəlirəm. həftənin 4-cü günü orada olurdum, qalan günlərdə iş tapanda şəhərdə işləyirdim. Hadisə günü mən məntəqə tipli cəzaçəkmə müəssisəsinə qayıtmalı idim, amma yol pulum olmadığına görə gedə bilmədim. Zəng edib rəisə durumu bildirdim, dedi “Eybi yox, amma tezdən burada olmalısan. Mən elə orada amnistiyaya düşdüyümü öyrəndim. Səhəri əməliyyatçılar məni müəssisədən apardılar”.

    Məhkəmənin növbəti iclası iyunun 1-nə təyin edilib.

    Qeyd edək ki, 2025-ci ilin dekabrında
    Xətai rayonu NZS qəsəbəsində baş verib.
    Belə ki, 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb.

    Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən edilib.

    Ona qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Rauf Sadıqova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilliyə AĞIR CƏZA

    Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb.

    Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Vüsal Yusif oğlu Kamilli Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə qəsdən casusluq fəaliyyəti həyata keçirərək dövlətə xəyanət edib.

    Bildirilir ki, o, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub.

    Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib.

  • Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı

    Klinikadan 5000 manat oğurlayan kassir saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib. Həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ – Saxlanılanlar var – Video

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) məlumat yayıb.

    Bildirilib ki, onlardan 71 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 13 min ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

    Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

  • Dövlətə xəyanətə görə Turalbəy Mehdiyevə HÖKM OXUNDU

    Xarici dövlətlərin nümayəndələrinin tapşırığı ilə dövlətə xəyanət etməkdə təqsirləndirilən Turalbəy Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, Turalbəy Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib.

  • Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı (Yenilənib)

    Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    * * * * *

    Gəncədə 22 yaşlı qadın bıçaqlanıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib.

    Belə ki 2004-cü il təvəllüdü S.Hətəmli bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan qadına dərhal yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

    Məlumata görə, gənc qadın əri tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

    Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.