Category: Kriminal

  • Mingəçevirdə dava: 60 yaşlı kişinin BAŞI KƏRPİCLƏ YARILDI

    Mingəçevirdə mübahisə zamanı 60 yaşlı kişiyə ağır xəsarət yetirilib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə şəhərin Energetiklər küçəsində olub.

    Belə ki, mübahisə davaya çevrilib və 1966-cı il təvəllüdlü şəhər sakini Cümşüd Əmrahovun başı kərpiclə vurulan zərbə nəticəsində yarılıb.

    Yaralı xəstəxanaya çatdırılıb.

    Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR

    Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə, qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Ərzuman Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    İttihama görə, hadisə 28 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri Yeni Yaşayış Massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş verib.

    Belə ki, Ərzuman Əhmədov orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən, əvvəllər spirtli içki qəbul etməyi tərgitməsinə baxmayaraq, yenidən bu vərdişə qayıtması ilə bağlı oğlu Məhəmmədəli Əhmədov tərəfindən yaxınlarına məlumat verildiyini öyrənib. O, bu səbəbdən qəzəblənərək ona irad tutub.

    Yaranmış mübahisə qısa zamanda kəskinləşərək ailə münaqişəsinə çevrilib.

    İstintaqla müəyyən olunub ki, ata qisas almaq və oğlunu öldürmək niyyəti ilə əvvəlcə çapacaqla zərərçəkmiş şəxsə hücum edərək onun kürəyinin sol nahiyəsindən bir dəfə zərbə vurub. Məhəmmədəli hadisə yerindən uzaqlaşmağa çalışsa da, Ərzuman onu təqib edib.

    Hadisənin davamında evin koridorunda olan digər oğlu müdaxilə edərək atasının əlindən çapacağı alıb və onu zərərsizləşdirib. Lakin Ərzuman bundan sonra üzərində gəzdirdiyi, qanunsuz olaraq əldə etdiyi ov bıçağından istifadə edərək Məhəmmədəliyə hücumunu davam etdirib. O, zərərçəkmiş şəxsin sinə və sol qoltuqaltı nahiyəsinə ən azı üç dəfə zərbə vurub.

    Nəticədə Məhəmmədəli döş qəfəsinin sol hissəsinin döş boşluğuna nüfuz edən, həyat üçün təhlükəli sayılan ağır bədən xəsarəti alıb. Bundan əlavə, onun bədəninin müxtəlif nahiyələrində səthi yaralar da qeydə alınıb.

    Digər oğlunun müdaxiləsi nəticəsində Ərzumanın əlindən bıçaq alınaraq tərksilah edilib. Bununla belə, o, cinayət niyyətindən əl çəkməyərək həyətyanı sahəyə çıxıb və oradan mismarçıxaran çəkic götürərək yenidən Məhəmmədəlinin üzərinə hücuma cəhd edib. Bu zaman digər oğlu yenidən onun qarşısını alıb.

    İş materiallarına görə, hadisə zamanı ata oğluna tibbi yardım göstərilməsinin qarşısını almaq məqsədilə mobil telefonu sındıraraq təcili yardım çağırılmasını əngəlləyib. Hadisə yaxınlarının – digər oğlu və həyat yoldaşının gözü qarşısında baş verib və bu hal xüsusi amansızlıq kimi qiymətləndirilib.

    Bununla belə, zərərçəkmiş şəxsin fəal müqaviməti, hadisə yerində olan şəxslərin müdaxiləsi və yaralının vaxtında xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilməsi nəticəsində Ərzuman cinayət niyyətini başa çatdıra bilməyib. Beləliklə, onun əməli qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmə kimi qiymətləndirilib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ərzuman Əhmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayətini təmin edilməyib.

    Bundan sonra məhkumun müdafiəçisi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, əməlin daha yüngül maddəyə – qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunmasını və məhkuma şərti cəza verilməsini xahiş edib.

  • Bakıda həbsxanada cinayət: Məhkum kamera yoldaşını öldürdü

    Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsində məhkumu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəməsi keçirilib.

    Hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    Məlum olub ki, məhkum Nurullah Əkbərli ötən il noyabrın 10-da saxlanıldığı müəssisədə kəsici-deşici alət hazırlayaraq, digər məhkum Xəqani Şükürovu şəxsi münasibətlər zəmnində qəsdən öldürüb.

    İlkin iddalara görə, buna səbəb zərərçəkənin həmin şəxsi şantaj etməsi olub.

    Təqsirləndirilən Nurullah Əkbərli elan olunmuş ittihamda özünü təqsirli bilməyib.

    Növbəti proses 3 iyun saat 10:00-a təyin edilib.

    Xatırladaq ki, hadisə ötən ilin noyabrın 10 da, 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə cəza çəkən məhkum Nurullah Əkbərli şəxsi münasibətlər zəmnində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirib.

    Nurullah Əkbərli barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 317-2.1.(cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham elan olunub.

    Qeyd edək ki, bu hadisə ilə bağlı əvvəllər mediada məlumat yayılmayıb.
    //lent.az

  • Kafedə ofisiantı öldürmək istəyənə hökm oxunub

    Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən kafedə ofisiantı bıçaqlayan 19 yaşlı E.Cəfərova hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Balakən sakini olan gənci Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilib.

    E.Cəfərov 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, cinayət hadisəsi zamanı E.Cəfərov kafedə ofisianta 6 bıçaq zərbəsi endirib. Belə ki, o, həmin kafedə işləyən Eysəfər adlı tanışını axtarmaq məqsədilə ora gedib. Bu zaman orada olan ofisiant T.Məmmədov E.Cəfərova Eysəfərin kafedə olmadığını bildirib. Kafedən uzaqlaşmayan Cəfərovla ofisiant arasında mübahisə yaranıb və 19 yaşlı oğlan üzərində gətirdiyi bıçaqla ona zərbələr endirib.

  • Rəfiqələr 8 min manata görə adam öldürdülər – Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI (FOTO)

    Naxçıvanda 75 yaşlı qadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunan Firuzə İsmayılova və Aypara Əsgərovanın məhkəməsi başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aylarla davam edən prosesin sonunda müttəhim qadınlar dəhşətli cinayətdə təqsirli biliniblər. Bu tüküpərdici cinayət bir il əvvəl Şərur rayonunun Oğlanqala kəndində baş verib.

    İstintaqla məlum olub ki, Firuzə və Aypara söhbət zamanı maddi sıxıntılarından danışıb. Aypara hazırda 3 min manatdan çox borcu olduğunu deyərək vəziyyətdən şikayətlənib. Cinayət planı da məhz bu söhbət zamanı qurulub. Belə ki, vəziyyətdən çıxış yolu axtaran Firuzə rəfiqəsinə 75 yaşlı qonşusu Zeynəb İsmayılovadan söz açıb, təxminən 8 min manat pulunun olduğunu və banka qoymaq istədiyini eşitdiyini deyib.

    Fotoda Zeynəb İsmayılova
    Bu da rəfiqələrdə tamah yaradıb. Onlar yaşlı qadını öldürüb pulunu ələ keçirmək qərarına gəliblər. Bir neçə gün sonra plan həyata keçirilib.
    Ahıl qadın paltaryuyan maşından istifadə etmək üçün Ayparanın evinə gəlib. Paltarları maşından çıxardığı anda Aypara və əvvəlcədən evdə gizlənən Firuzə çəkic və linglə qadının başına zərbələr endirərək onu huşsuz vəziyyətdə yerə yıxıblar. Sonra isə yastıqla boğaraq qətli tamamlayıblar.

    Əli qana batan rəfiqələr əvvəlcə mərhumun boynundan asdığı torbanı açaraq içindəki 8 min manat pulu və ümumi dəyəri 3 min manat olan üç ədəd qızıl boyunbağını götürüblər. Daha sonra meyiti həyətdə yerləşən dərin su quyusuna atıblar.

    Növbəti plan isə cinayəti gizlətmək olub. Bunun üçün rəfiqələr şayiə yayıblar ki, guya Zeynəb İsmayılovanı sonuncu dəfə kəndin yuxarı hissəsinə gedərkən görüblər. Qısa müddətdə polis əməkdaşları kəndin hər bir künc-bucağında axtarışa başlayıb.

    Fotoda Aypara Əsgərova
    Axtarış zamanı polisi ilk şübhələndirən məqam isə Aypara Əsgərovanın həmin gecə müxtəlif mağazalara 3 min manat borc ödəməsi olub.
    Sorğu-sual zamanı o, qonşusunun harada olduğunu bilmədiyini desə də, növbəti mərhələdə xüsusi təlim keçmiş it cinayətin izinə düşüb. Qətlə yetirilən qadının paltarından iy götürən it istintaqçıları birbaşa meyitin atıldığı quyuya aparıb. Nəticədə qadının meyiti 10 metr dərinlikdən çıxarılıb.

    Əvvəlcə Aypara, iki gün sonra isə cinayətdəki şəriki Firuzə həbs ediliblər. Prokurorluq onları bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi) maddəsi ilə hakim qarşısına çıxarıb. Bu əməl kişilər üçün ömürlük məhkumluğa qədər cəza nəzərdə tutur. Lakin Azərbaycan qanunlarına əsasən, qadınlar ömürlük məhkum edilmir.

    Hərəsi üç uşaq anası olan 36 və 37 yaşlı rəfiqələrin işi Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə araşdırılıb.

    Məhkəmə zamanı Aypara Əsgərovanın saxlanıldığı gün Türkiyəyə qaçmağa hazırlaşdığı da məlum olub. Tamahlarına uyan qadınların cinayət əməli müxtəlif sübutlar və şahidlərin ifadələri əsasında təsdiqini tapıb.

    Yekunda Firuzə İsmayılova 15 il, Aypara Əsgərova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Dini ekstremist materiallar yayan şəxsə HÖKM OXUNDU

    Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Orxan Fazil oğlu Sayadov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    İttihama görə, Orxan Sayadov barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) və 283.1-1-ci (dini nifrət və düşmənçiliyin salınması dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

  • Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanıldı

    Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.

    Araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycana qeyri-adi üsulla narkotik keçirmək istədilər – VİDEO

    Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə – həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, “Astara” gömrük postunda qarpız yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

    Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəriləri qarpız yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 304 bağlamadan ümumi çəkisi 31 kiloqram 500, 907 qram xüsusilə külli miqdarda narkotik vasitə – həşiş aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda məşhur estetik mərkəzdə qanunsuz əməliyyatlar edənlərin məhkəməsi başladı

    “UĞUR 777 estetik mərkəz”də baş verən qanunsuzluqlarla bağlı açılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərin – Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın məhkəməsi başlayıb.

    Oxu.Az-ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə bu gün start götürsə də mühakimə olunan şəxslərdən birinin vəkili iştirak etmədiyindən iclas təxirə salınıb.

    Məhkəmənin hazırlıq iclası mayın 12-də davam etdiriləcək.

    Qeyd edək ki, ötən ilin dekabrında bir qrup şəxs tərəfindən qanunsuz olaraq estetik əməliyyatların aparılması barədə mediada yayılan məlumat və videogörüntülər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

    Araşdırma zamanı Xəyalə İsmayılovanın adına dövlət qeydiyyatına alınan “UĞUR 777 estetik mərkəz”in qanunsuz fəaliyyət göstərməsi, orada müvafiq standartlara riayət olunmadan tibbi prosedur adı altında müxtəlif estetik və kosmetoloji əməliyyatların həyata keçirilməsi nəticəsində xəstəliklərin yayılmasına əsaslı şübhələr müəyyən edilib.

    Həmçinin sözügedən mərkəzdə özlərini həkim-kosmetoloq kimi təqdim edən Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərləri tərəfindən ayrı-ayrı şəxslərin bədən nahiyələrində icra olunan estetik cərrahi əməliyyatlar nəticəsində onların sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr yaranıb.

    Araşdırmalar nəticəsində o da aşkarlanıb ki, Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin müvafiq ali və ya orta ixtisas tibbi təhsili, habelə “Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi” yoxdur.

    Toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 131.2 (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna göndərilib.

    Eyni zamanda X.İsmayılovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 (lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma) və 215.1-ci (sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib.

  • Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu

    Yetkinlik yaşına çatmayan övladını məcburi evliliyə cəlb etmək istəyən ata inzibati qaydada həbs olunub.

    Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlunun Oxu.Az-a verdiyi məlumata görə, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı 16 yaşına çatmayan Şəki rayon sakininin valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib.

    Məsələ ilə bağlı məlumat dərhal Şəki Şəhər Rayon Polis Şöbəsinə ötürülüb. Polis əməkdaşları tərəfindən valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən protokol tərtib edilərək, materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim olunub.

    İşə məhkəmədə baxılarkən müvafiq qurumların nümayəndələrinin və digər prosessual şəxslərin iştirakı ilə məsələyə hüquqi qiymət verilib. Nəticədə valideyn qeyd olunan maddə üzrə təqsirli bilinərək bir ay müddətinə inzibati həbs edilib.