Category: Kriminal

  • Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edildi

    Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart, sənədlər olan pul kisəsini və mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb.

    Zərərçəkən sərxoş vəziyyətdə olduğuna görə heç bir müdaxilə edə bilməyib.

    Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırma davam etdirilir.

  • Ağcabədidə 38 yaşlı qadın BALTALANDI: ƏRİ saxlanıldı

    Ağcabədi rayonunda qətl hadisəsi olub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

    Ağdam rayonu Mərzili kənd sakini, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovaya balta ilə xəsarət yetirilib. Qadın aldığı xəsarətlərdən ölüb.

    Onun əri, Ayaz Amanxan oğlu Səlimov şübhəli şəxs qismində saxlanılıb.

    Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

  • 8 gündə 100 ədəd “Redbull” oğurladı – Həbs edildi

    Sumqayıt şəhərində məşhur marketlər şəbəkələrinin birindən 500 manata yaxın energetik içki sayılan “Redbull” oğurlayan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildə Sumqayıt şəhərində doğulmuş İ.M. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxılıb.

    Məlum olub ki, təqsirləndirilən şəxs mart ayının 24, 28, 29, 30-u və aprel ayının 1, 4, 12, 14-ü marketə daxil olaraq hər dəfə “Redbull” içkiləri götürərək, gödəkçəsinin ciblərinə və içərisinə yığıb. O, ümumilikdə marketdən həmin tarixlər ərzində 20 ədəd böyük ölçüdə və 80 ədəd kiçik ölçüdə “Redbull” içkisi oğurlayıb.

    Məhkəmənin hökmü ilə İ.M. 25 gün müddətinə inzibati qaydada həbs edilib.

  • Ucuz qiymətə mebel satışı adı altında dələduzluq edən şəxs SAXLANILDI – Video

    Son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə mebel satışı barədə elanlar yerləşdirilərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halları qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüsal Hüseynov müəyyən edilərək tutulub.

    Araşdırmalar zamanı məlum olub ki, o, sosial şəbəkələrdə və elan saytlarının birində mebellərin ucuz qiymətə satışı ilə bağlı saxta elanlar yerləşdirib. Bu yolla V.Hüseynov 40-a yaxın şəxsin etibarından sui-istifadə edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.

    Şübhəli şəxs zərərçəkənlərdən beh aldıqdan sonra onlarla əlaqəni kəsib.

    Araşdırmalar davam etdirilir.

    Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, onlayn alış-veriş zamanı diqqətli olsunlar, tanımadıqları şəxslərə əvvəlcədən ödəniş etməsinlər, məhsulu görmədən və satıcının etibarlılığına əmin olmadan pul köçürməsinlər. Eyni zamanda şübhəli elan və hallarla qarşılaşdıqda dərhal polis əməkdaşlarına məlumat verilməsi tövsiyə olunur.

  • Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı

    Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qızı 24 yaşlı S.Abdullayeva müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı S.Abdullayevanın taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla gözəllik salonu açıb və qalan vəsaiti isə sevgilisi ilə birlikdə xərcləyib.

    Faktla bağlı araşdırma davam etdirilir.

  • İrandan Azərbaycana 55 kq narkotik keçirmək istədilər

    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 55 kiloqram 574 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı – FOTO

    Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

  • KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı – Video

    Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.

    Bu barədə KMBİ məlumat yayıb.

    Bildirilib ki, nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən daha iki nəfər – 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.

    Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev “sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi” barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər.

    Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar.

    Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.

    Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.

    “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına etibar etsinlər. Şübhəli kredit elanları ilə qarşılaşan zaman isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur”, – məlumatda qeyd olunub.

  • “Kanal 21” və “bakuxeber.az”ın rəhbərləri həbs ediliblər

    “Kanal 21” “YouTube” səhifəsinin rəhbəri Fərhad Quluyev və “bakuxeber.az” saytının rəhbəri Zamiq Quliyev həbs ediliblər.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, adıçəkilən şəxslər polis tərəfindən saxlanılaraq məhkəməyə təqdim ediliblər.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarı ilə onların hər biri barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.

    Həmin şəxslərlə yanaşı, özlərini jurnalist kimi təqdim edən İlqar Əliyev, Rəhman Ələsgərov və İlhami Nəsibov da polis tərəfindən saxlanılıblar. Məhkəmə onların barəsində də həbs qətimkan tədbiri seçib.

    Bildirilib ki, adları çəkilən şəxslər bir neçə vətəndaşa qarşı hədə-qorxu ilə tələb etmə cinayətində ittiham olunurlar. Toplanmış faktlarla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

  • Özünü maşının qarşısına ataraq xilas oldu – Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI

    Gəncə şəhərində 42 yaşlı kişi eşitmə və nitq qabiliyyəti məhdud olan qıza qarşı əxlaqsız hərəkətlər edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə ötən il aprelin 22-də şəhərin Depo qəsəbəsində baş verib.

    1984-cü il təvəllüdlü Fərid həmin gün saat 14 radələrində qəsəbədəki dostu və qonşusu Vəlinin evinə gəlib. O, evdə tək olan, eşitmə və nitq qabiliyyəti məhdud Səidənin (adlar şərtidir) köməksiz vəziyyətindən istifadə edərək ona qarşı zorakılıq tətbiq edib. Fərid qıza müxtəlif xəsarətlər yetirib, köynəyini boğaz nahiyəsinə qədər qaldıraraq intim hərəkətlər edib.

    Fəridin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, günorta saat 12-13 radələrində işdən qayıdanda Səidənin yaşadığı evə atası ilə görüşmək üçün gedib: “Lakin qızın atası evdə deyildi. Səidə ac olduğunu söylədi, ona şorba alıb verdim. Sonra da oradan getdim”.

    Fərid bildirib ki, Səidəgillə qonşudurlar və onları dörd ildir tanıyır: “Səidənin nitq və eşitmə məhdudiyyətlərinin olduğunu bilirdim. Ona pul təklif etməmişəm, cinsi əlaqəyə girməmişəm”.

    Zərərçəkmiş Səidənin sözlərinə görə isə Fərid evlərinə axşam saatlarında gəlib: “Mənə beş manat təklif etdi, sinəmdən öpmək istədiyini bildirdi. Razılıq vermədim, pulu da götürmədim. Fərid məni tutaraq yerə yıxdı. Mən qışqırmağa başladım. Fərid paltarımı çıxardı, sinə nahiyəmdən öpməyə başladı”.

    Səidə bildirib ki, Fərid onu əvvəlcə yatağa, sonra isə yenidən divana yıxıb: “Ayağımı istilik sisteminə vuraraq səs-küy salmağa, aynanı qırmağa çalışdım. O, məni yenidən vurmağa başladı. Əlimi onun gözünə ataraq müqavimət göstərmək istədim. Fürsət yaranan an onu itələdim və küçəyə çıxdım”.

    Zərərçəkmiş Fəridin onların evinə nə üçün gəldiyini bilmədiyini deyib: “Təqsirləndirilən şəxsdən şikayətçiyəm və onun barəsində ən ağır cəzanın təyin olunmasını istəyirəm”.

    İş üzrə şahid qismində ifadə verən qəsəbə sakini Məmmədin sözlərinə görə, hadisə günü saat 16-17 radələrində ustadan mobil telefonunu götürmək üçün avtomobillə yola çıxarkən Səidə özünü onların maşınının qarşısına atıb: “Fərid də onun arxasınca gəldi. Səidə mənə əli ilə baş verənləri başa salmağa çalışdı. Fərid isə qıza yaxınlaşmağıma mane olmaq istəyirdi. Qız huşunu itirdi, üzünə su vurduqdan sonra özünə gəldi. Biz polisə zəng etmək istədik, amma Fərid “kimə deyirsinizsə, deyin, mənim heç kimdən qorxum yoxdur” deyərək oradan getdi. Sonra polis əməkdaşları gələrək çəkiliş apardılar. Çəkiliş zamanı zərərçəkmiş şəxsin sinə nahiyəsində xəsarətlər olduğunu gördüm”.

    Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

    Qeyd edək ki, Fərid bundan əvvəl də məhkum olunub. O, 2021-ci ildə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq törətdiyi üçün 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ondan əvvəl – 2020-ci ildə də eyni əmələ görə məhkumluq həyatı yaşayıb.