Category: Kriminal

  • Tale Heydərov işində fantastik məbləğ: Tanınmış iş adamı axtarışa verildi – FOTO

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun zərərçəkmiş olduğu cinayət işi ilə bağlı daha bir tanınmış iş adamı cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri olmuş Abid Mamedov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

    A.Mamedov hazırda həbsdə olan “Azfinance İnvestisiya Şirkəti”nin direktoru İntiqam Səfərəliyevlə birgə xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir. Lakin Mamedov ölkədə olmadığı üçün onun tutulması mümkün olmayıb.

    İttihama gəlincə, İntiqam Səfərəliyev və Abid Mamedovla Tale Heydərov arasında alqı-satqı münasibətləri olub. Onlar Heydərova milyonlarla manat dəyərində zavod satıblar. Lakin sonuncu sonradan müqavilədən imtina edərək aldadıldığını bildirib və prokurorluğa şikayət edib. Tale Heydərov istintaqda ona 11 milyon 903 min manat ziyan dəydiyini deyib. Yekunda dəymiş ziyanın məbləği də bu həcmdə müəyyən edilib.

    Hazırda İntiqam Səfərəliyevin işi üzrə ilkin istintaq yekunlaşıb, Abid Mamedovun işi isə ayrıca icraata ayrılıb və o, axtarışa verilib.

    Təqsirləndirilən şəxslər isə ittihamı qətiyyət qəbul etmirlər. Müdafiə tərəfi hesab edir ki, ortada cinayət yoxdur. Onların iddiasına görə, Tale Heydərov, İntiqam Səfərəliyev və Abid Mamedov arasında rəsmi alqı-satqı olub və tərəflər birgə gəlir əldə ediblər. Lakin sonradan Heydərov müqaviləni pozmaq istədiyi üçün mübahisə yaranıb və o, qazandığı gəlirlə yanaşı, zavod üçün ödədiyi vəsaiti də geri tələb edib.

    İşin əsl təfərrüatı məhkəmə istintaqı zamanı ortaya çıxacaq. Tərəflər öz dəlil və sübutlarını təqdim edəcəklər.

    Qeyd edək ki, Abid Mamedov əvvəllər “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru olub. Sonradan həmin vəzifəyə İntiqam Səfərəliyev təyin edilib. A.Mamedov Böyük Britaniyanın Bristol Universitetində təhsil alıb. O, əvvəllər “AFB Bank” ASC-nin Müşahidə Şurası sədrinin müşaviri işləyib, “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü olub. Eyni zamanda “Azfinance İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalında 85 faiz paya sahibdir.

    Fotoda: İntiqam Səfərəliyev və Abid Mamedov

  • Yeddi körpənin öldüyü mərkəzin direktoru: “Hadisəyə görə məsuliyyəti TƏBİB daşıyır”

    Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən proses mərkəzin təqsirləndirilən sabiq direktoru Mehriban Abasquliyevanın ifadəsi ilə işini davam etdirib.

    Mehriban Abasquliyeva ifadəsi zamanı bildirib ki, hadisə baş verən zaman mərkəzdə yanğınsöndürən balonlar olsa da, yanğının söndürülməsi üçün su və yorğanlardan istifadə edilib. O əlavə edib ki, Mərkəzdə yanğın siqnalizasiya sisteminin işləməməsini TƏBİB rəhbərliyinə bildirib və buna görə məsuliyyəti onlar daşıyır. Onun sözlərinə görə, qurum sistemin təmir edilməsi üçün pul ayırmayıb.

    Prosesin davamında Mehriban Abasquliyevanın vəkili ilə hakim arasında mübahisə yaranıb. Sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova M.Abasquliyevanın ifadəsinin yazılı formasını məhkəməyə təqdim etməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili isə həmin ifadəni məhkəməyə təqdim etməkdən imtina edib. Bu zaman hər iki tərəf bir-birlərindən müvafiq qurumlara şikayət edəcəklərini deyiblər.

    Növbəti proses aprelin 8-nə təyin olunub.

    Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında yanğın baş verib.

    Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

    Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
    //oxu.az

  • Sumqayıtda 46 yaşlı qadın bıçaqlandı: Qardaşı saxlanıldı

    Sumqayıt şəhərində 46 yaşlı qadın bıçaqlanıb.

    Oxu.az-ın məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayonu ərazisində baş verib.

    Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Səbirə İslamova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Araşdırmalarla müəyyən olunub ki, o, aralarında yaranmış mübahisə nəticəsində qardaşı, 1985-ci il təvəllüdlü Ramil Əmrahov tərəfindən bıçaqlanıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Əmrahov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gömrükçülər kələmin içindən 100 kiloqram narkotik tapdılar – VİDEO

    Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, “Astara” gömrük postunda kələm yükü daşıması görüntüsü yaradılan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən kələm formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi təmiz çəkisi 43 kiloqram 565 qram xüsusilə külli miqdarda narkotik vasitə – həşiş və ümumi təmiz çəkisi 58 kiloqram 955 qram xüsusilə külli miqdarda narkotik vasitə – həşiş qətranı aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • 26 yaşlı oğlan ahıl qadına təcavüz edib? – Cinayət işi açıldı

    Daşkəsəndə 65 yaşlı qadın seksual xarakterli təcavüzə məruz qaldığını iddia edir.

    Rayon sakini M.M. 26 yaşlı şəxs tərəfindən təcavüzə məruz qaldığını, məhkəmə tibbi ekspertizasının zorlanma faktını təsdiq etdiyini deyib.

    O, hüquq-mühafizə orqanlarına müraciət etdiyinə görə oğlanın yaxınları tərəfindən hədələndiyini əlavə edib. Şikayətçi qarşı tərəfinin qardaşının barışıq üçün evlənmə təklifi etdiyini, lakin bununla razılaşmadığını da əlavə edib. M.M. məsələnin nəzarətə götürülməsini və ədalətli qərar verilməsini xahiş edib.

    Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi açılıb: “Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb. Qeyd olunan müraciət üzrə Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.

    Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Cinayət işi üzrə bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

  • MİDA-dan ev alqı-satqısı adı ilə 240 min manatlıq dələduzluq etdilər

    Vətəndaşlara MİDA-dan ev-alqı satqısı adıyla külli miqdarda dələduzluq etməkdə təqsirləndirilənlər Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlər dindirilib.

    Zərərçəkmiş İlham Məmmədov ona 10 min manat zərər dəydiyini bildirib:

    “Təqsirləndirilən şəxs olan Şəmsiyyə İsmayılovaya 10 min vermişəm. Mənə 2 otaqlı ev söz verilmişdi. Mənə dəymiş ziyan ödənilməyib”.

    Təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılova bildirib ki, zərərçəkmişin verdiyi puldan təqsirləndirilənlərdən 6 min manat, Ruslan Həsənova və özünə 2 min manat bölüşdürüblər.

    Zərərçəkmiş Əli İbrahimov bildirib, ikinci Qarabağ döyüşlərinin iştirakçısıdır və ev almaq üçün təqsirləndirilən şəxslərə 10 min verib:

    “Şəmsiyyəyə 10 min vermişəm. Ortaq tanışlıq sayəsində görüşüb özüm şəxsən vermişəm. Bu problem yarananda Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdim. Onlar da mənə dəymiş ziyanı geri qaytardılar. Təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm”.

    Təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılova bildirib ki, qaziyə dəymiş pulu Ruslanla birgə ödəyib.

    Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin edilib.

    Qeyd edək ki, hər dörd təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır.
    //unikal.az

  • Ağdamda gənc qız üzündən bıçaqlandı: Şübhəli bilinən dayısı oğlu saxlanıldı

    Ağdamın Quzanlı qəsəbəsində gənc qız bıçaqlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü Leyla Cəfərova öz dayısı oğlu tərəfindən bıçaqlanıb.

    19 yaşlı qız üz nahiyəsi və sol əlinin kəsilmiş yarası ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    L.Cəfərovanın parfümeriya mağazasında işlədiyi bildirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Hacı İbrahimin dövlətə borcu 69 min manat artıb – 800 minə yaxınlaşır

    Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qardaşı, iş adamı İbrahim İbrahimova məxsus “Avesta Konserni” şirkətinin vergi borcu bir qədər də artıb.

    Qaynarinfo-nun məlumatına görə, şirkətin hazırda 773 944,74 manat təşkil edir. Bir müddət əvvəl bu məbləğ 703 985,46 manat idi. Beləliklə, aydın olur ki, “Avesta Konserni”nin vergi borcu 69 959,28 manat artıb.

    İbrahim İbrahimov Hacı İbrahim Nehrəmli kimi tanınır. “Xəzər adaları” layihəsinin müəllifi olan Hacı İbrahim 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı kredit qalmaqalından sonra əvvəlki biznes imkanlarını itirməyə başlayıb. Həmin vaxt yayılan məlumatlarda iddia olunurdu ki, Hacı İbrahim “Xəzər adaları” layihəsi üçün ABB-dən 850 milyon dollar kredit götürüb. Lakin pulla təyinatı üzrə xərclənməyib. Bu üzdən də Hacı İbrahimdən kredit qaytarılması tələb edilib. Yeri gəlmişkən, bu qalmaqaldan sonra “Xəzər adaları” layihəsinin icrası dayanıb.

  • Bakıda vətəndaşın boynuna kəmər bağlayıb əzab verənlərə hökm oxundu

    Bakıda vətəndaşın boynuna kəmər bağlayıb əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işinin məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Hökmə əsasən, Aydın Qurbanov 5 il, Turan Rufullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilənlərdən Aydın Qurbanovun 9 il, Turan Rufullayev isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

    Qeyd edək ki, aparılmış istintaq zamanı müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan “Elnur” adlı şəxslə birlikdə azab vermə cinayətinin törədilməsi barədə razılaşaraq cinayət əlaqəsinə giriblər.

    Onlar razılaşmaya əsasən, 2024-cü ilin may ayının əvvəllərində “Tik-tok”da Elşən İbrahimovla “Elnur” adlı şəxs arasında mübahisə yaranıb.

    Bu mübahisənin həll olunması üçün Aydın Qurbanov, tanışları “Elnur” adlı şəxs və Turan Rufullayevlə birlikdə avtomobillə Elşən Ibrahimovun yaşadığı Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evin qarşısına gəlib.

    Onlar Elşən İbrahimovu mübahisənin həll olunması üçün yaxınlıqda yerləşən çay evlərinin birinə getmək məqsədilə avtomobilə dəvət edib.

    Elşən həmin avtomobilə əyləşib. Həmin gecə saat 02:30 radələrində Elşənin yanında arxa oturacaqda əyləşmiş Aydın Qurbanov əynində olan şalvarının kəmərini çıxararaq onun boyununa keçirərək sıxaraq bağlayıb.

    Aydın yol boyu kəmərdən tutaraq mütamadi dartmaqla Elşəni boğaraq güclü fiziki ağrı və psixi iztirablar verməklə, qəddar, ləyaqəti alçaldan və qeyri-insani rəftar və davranışa məruz qoyub.

    İttiham aktında göstərilib ki, Aydın Elşən İbrahimovun ünvanına “qardaşlarımı və qardaşlarımın doğmalarını söyəni it kimi tutmuşam…Mənim adım Aydındır, gəncəliyəm, bax it kimi gəzdirirəm, it kimi…. hamı görsün, hamı da bu gün görəcək” sözlərini səsləndirib. Bu zaman “Elnur” adlı şəxs bunu öz mobil telefonu vasitəsi ilə “Tik-tok”da canlıda göstərərək paylaşıb.

    Bundan başqa, Aydın Qurbanov və Turan Rufullayev Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma va satmaqda da ittiham olunurlar.

    Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev 24 iyun günorta radələrində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətiriliblər.

    Onlara qarşı cinayət məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Tiktoker “Miray”ın həbs müddəti uzadıldı

    Sumqayıt polisinin keçirdiyi əməliyyatla saxlanılan “TikTok”da “Miray” ləqəbi ilə tanınan Aysel Mustafayeva yenidən hakim qarşısına çıxarılıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə xanım tiktokerlə bağlı qərar qəbul edilib.

    Qərara əsasən, Aysel Mustafayevanın həbs müddəti daha 2 ay da uzadılıb.

    Xatırladaq ki, bundan öncə xanım tiktokerin həbs müddəti 3 ay müddətinə uzadılmışdı.

    Qeyd edək ki, “Miray” ləqəbi ilə tanınan Aysel Mustafayeva “TikTok”da söyüş və təhqir dolu yayımlar aparmaqda, eləcə də postlar paylaşmaqla tanınıb. O, postlarında dəfələrlə hüquq mühafizə orqanlarını və ayrı-ayrı vətəndaşları təhqir edib.

    Xanım tiktoker ötən ilin avqustunda Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.

    Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.