Category: Kriminal

  • Şağanda qardaşı tərəfindən qətlə yetirilən Qamətlə bağlı YENİ MƏLUMATLAR

    Bakının Şağan qəsəbəsində baş vermiş qardaş qətlinin bəzi təfərrüatı məlum olub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, qardaşı Qismət Teymurov tərəfindən ov tüfəngi ilə öldürülən 1985-ci il təvəllüdlü Qamət Teymurov əvvəllər məhkumluq həyatı yaşayıb.

    O, qəsəbə sakini Ayfər adlı şəxsi qətlə yetiribmiş.

    Qamət azadlığa çıxandan sonra mərhum Ayfərin qardaşı onu ov tüfəngi ilə yaralayıb. Bu səbəbdən Qamət bir müddət xəstəxanada da müalicə olunub.

    Qonşuların bildirdiyinə görə, iki qardaş arasında münaqişə isə Qamətin içki aludəçisi olması səbəbindən baş verib. Onların davası zamanı Qismət qardaşı Qaməti birgə yaşadıqları evdə ov tüfəngi ilə qətlə yetirib.

    Qeyd edək ki, ötən gün axşam saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

    Qismət Teymurov saxlanılıb.

  • Məktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu

    Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəsur Fərəcovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilib, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə görə, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunub. Cəsur Fərəcov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

    İttihama görə, hadisə 2025-ci il mayın 14-də saat 9 radələrində Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən 22 saylı orta məktəbin binasında qeydə alınıb.

    Belə ki, Cəsur Fərəcov gözətçi kimi çalışdığı məktəbin dəhlizində direktor müavini T.T. ilə yüksək səslə söyüş və təhqiredici ifadələrlə müşayiət olunan mübahisə edərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

    Hadisə zamanı onun qanunsuz davranışlarının qarşısını almaq məqsədilə məktəbdə xadimə işləyən zərərçəkmiş Sənanə Səfərova (adı və soyadı şərtidir) mübahisəyə müdaxilə edərək tərəfləri sakitləşdirməyə və vəziyyəti nəzarət altına almağa çalışıb. Qadın bu məqsədlə direktor müavinini xidmət otağına aparıb. Lakin təqsirləndirilən şəxs aqressiv davranışlarını davam etdirərək həmin otağa daxil olub və orada da ictimai qaydanı pozan hərəkətlərini davam etdirib.

    İstintaqla müəyyən edilib ki, Cəsur zərərçəkmiş şəxsin sağ qol nahiyəsinə qəsdən yumruqla bir zərbə vurub. Nəticədə Sənanə Səfərova sağ bazu oynağında hərəkətin çətinləşməsinə səbəb olan yumşaq toxumaların şişkinliyi və qançırdan ibarət, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alıb.

    Beləliklə, Cəsur Fərəcovun hərəkətləri ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə, zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

    Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, təqsirli bilinərək bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.

  • Məhkəmə küçədə bacısını döyən qadını cəzadan azad etdi

    Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Zərifə Məmmədovanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib, Gəncə Şəhər Məhkəməsinin hökmü dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 5.1, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən, Zərifə Məmmədova Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 1 500 manat miqdarında cərimə cəzasından azad olunub, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

    İbtidai istintaq orqanı tərəfindən toplanmış materiallara görə, Zərifə Məmmədovaya Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Araşdırmalarla müəyyən edilib ki, hadisə 2024-cü il iyunun 11-də saat 13 radələrində Gəncə şəhəri, Atatürk prospekti, 265 ünvanında yerləşən marketin qarşısında baş verib.

    Belə ki, təqsirləndirilən şəxs bacısı, zərərçəkmiş Təhminə Məmmədova (adı və soyadı şərtidir) Zərifənin onun barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığını iddia edərək və bu səbəbdən xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Zərifə də bunu bəhanə gətirərək bacısı ilə ictimai yerdə mübahisə yaradıb. O, ətrafda olan şəxslərə məhəl qoymadan ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

    İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs Təhminəni nalayiq ifadələrlə təhqir etdikdən sonra zor tətbiq edərək sağ yumruğu ilə onun burun nahiyəsinə qəsdən bir zərbə vurub. Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır və şişkinlik xəsarətləri alıb ki, bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət kimi qiymətləndirilib.

    Bundan başqa, hadisə zamanı Təhminənin əlində olan ona məxsus mavi rəngli “Redmi Note 8” mobil telefonu yerə düşərək zədələnib və arxa hissəsi çatlayıb. Nəticədə zərərçəkmiş şəxsə 90 manat məbləğində maddi ziyan vurulub.

    Beləliklə, Zərifə Məmmədovanın hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiqi və özgənin əmlakına ziyan vurulması ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

    Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Zərifə Məmmədova CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 1 500 manat məbləğində cərimə cəzası təyin edilib.

  • Çayxanada stəkanları qıran və müştərini döyən şəxsin cəzası dəyişdirildi

    Xuliqanlıqda təqsirləndirilən Mayıl Bəşirovun (ad-soyad şərtidir – red.) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində sonuncu iclasda qərar elan edilib, şikayət qismən təmin edilib.

    Belə ki, Tərtər Rayon Məhkəməsinin hökmü apellyasiya şikayətinə və “Konstitusiya və Suverenlik İli” ilə bağlı amnistiya aktına əsasən 2 il 6 aylıq həbs qərarı dəyişdirilib və müttəhimə şərti cəza verilib.

    Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azad olunub.

    İttihama görə, hadisə 07 mart 2025-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində çayxanada baş verib.

    Belə ki, Mayıl Bəşirov sərxoş vəziyyətdə çayxanaya gələrək heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib. O, yüksək səslə nalayiq ifadələr işlədərək insanların istirahət hüququnu pozub və ətrafdakılara qarşı aqressiv davranış sərgiləyib.

    Hadisənin gedişində təqsirləndirilən şəxs zərərçəkmiş Sahib Hacıyevlə (ad-soyad şərtidir – red.) mübahisə edərək onunla əlbəyaxa olub. Bu zaman o, çayxananın daxilində yerləşən əşyalara da zərər vuraraq zərərçəkmiş Fərrux Kərimov (ad-soyad şərtidir – red.) tərəfindən icarə əsasında istifadə olunan obyektə məxsus 16 ədəd stəkanı və 4 ədəd çayniki qəsdən sındırıb.

    Bununla kifayətlənməyən Mayıl çayxananın qarşısına çıxaraq yerdən götürdüyü ağac parçası ilə Sahibə məxsus VAZ-2107 markalı avtomobilin ön alın şüşəsini sındırıb.

    Hadisələrin davamına o, Sahibin evinin qarşısına gedərək nalayiq ifadələr işlədib.

    Zərərçəkmiş şəxs küçəyə çıxdıqdan sonra isə Mayıl özü ilə əvvəlcədən gətirdiyi, istintaqa dəqiq məlum olmayan əşya ilə onun üz nahiyəsinə qəsdən zərbə endirərək Sahibə xəsarət yetirib.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin zədələr sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

    Hadisə nəticəsində o, Sahibə məxsus avtomobilə 60 manat, kafenin istifadəçisi olan Fərruxa isə 24 manat məbləğində maddi ziyan vurub.

    Tərtər Rayon Məhkəməsinin hökmü ilə Mayıl Bəşirov törətdiyi əməldə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

  • Qonşusunu xüsusi amansızlıqla öldürən şəxsin cəzası azaldıldı

    Gəncə Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ramil Musayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilib. Təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan zərərçəkmiş şəxsi qəsdən öldürməsinə cəhd etməsinə dair epizod xaric olunub. Ramilə Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təyin edilmiş 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 17 il müddətinə endirilib.

    İttihama görə, hadisə 2022-ci il oktyabrın 5-də saat 21 radələrində Gəncə şəhərində qeydə alınıb.

    Bildirilib ki, hər iki şəxs evlərdə usta kimi çalışıb və hadisədən bir neçə gün əvvəl aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Belə ki, Ramil Musayev sərxoş halda zərərçəkmiş Anar Hüseynovun evinə gedərək onu ailə üzvlərinin gözü qarşısında boğazından bıçaqlayaraq amansızlıqla öldürüb. Daha sonra onun oğluna da xəsarət yetirib. Bu zaman Anarın arvadı yerdən daş götürərək Ramilin başına vurub.

    Ramil Musayev ifadəsində Anarla qonşu olduqlarını, ailələr arasında xeyli müddətdir, narazılıq olduğunu, həmçinin pula görə mübahisə yarandığını deyib. O özünü Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə deyil, daha yüngül cəzanı nəzərdə tutan 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma – ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

    Anar Hüseynovun xanımı Sevinc Hüseynova isə ifadəsində ərinin öldürülmədiyini, onun sağ olduğunu, dəfn etdikləri meyitin başqa şəxsə aid olduğunu iddia edib. Həyat yoldaşının bıçaqlandığını gördüyünü deyən zərərçəkmiş şəxs onun xəstəxanaya aparılandan sonra ölməsinin yalan olduğunu düşünür.

    Təqsirləndirilən şəxs isə Anar Hüseynovun sağ olmasının həqiqətə uyğun olmadığını, onu həqiqətən öldürdüyünü deyib.

    Anar Hüseynovun qayınanası da kürəkəninin sağ olmasına dair faktın olmadığını bildirib.

  • Bakıda qanlı hadisə: Qardaş qardaşı ov tüfəngi ilə öldürdü

    Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı, 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş…

    Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Qaracəmirli kənd sakini, 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızı balta ilə qətlə yetirilib.

    “Qafqazinfo”nun xəbərinə görə, qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Daha sonra isə üzərinə sürtkü yağı tökməklə özünü yandırıb.

    Məlumata görə, A.Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin məzunu olub. O, bir neçə dəfə iş üçün imtahan versə də, qəbul ola bilməyib. Sonuncu dəfə də verdiyi imtahandan keçə bilməyən Anarın psixoloji böhran keçirdiyi, hadisəni də bu zəmində törətdiyi bildirilir.

    Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

  • Bir gündə bu qədər silah-sursat aşkarlandı

    Martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 3 tapança, 3 qumbara, 2 alışdırıcı, 11 tüfəng, 42 patron darağı və 1594 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

    Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb.

    Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib.

    Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

  • Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

    Göyçayda narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Teymur Həmidov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    bildirilib ki, tibbi müayinə zamanı sürücünün narkotik vasitə marixuana istifadə etdiyi məlum olub. T.Həmidov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.