Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
İrandan Azərbaycana 51 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Verilən məlumata görə, xidmətin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 51 kiloqram 560 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində mart ayının 22-də 41 kiloqram 280 qram, martın 25-də isə 10 kiloqram 280 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycanda martın 27-də cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.
Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib.
Bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik maddə müəyyən olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
“Kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsinə Biləsuvar gömrük postunda kinoloji xidmət itinin köməyi ilə ətraflı gömrük yoxlaması tətbiq edilib. Yoxlama gedişində nəqliyyat vasitəsindəki “kahı” yükünün arasında qablaşdırılaraq gömrük nəzarətindən gizli şəkildə keçirilmək istənilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram olan xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar olunub.
Martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Ağsu Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəsinə aparmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə Əyyub Sahabov və Seymur Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Oxu.az-ın məlumatına görə, hadisə martın 23-də rayonun Muradlı kəndi ərazisindəki əkin sahəsində qeydə alınıb.
Belə ki, sahədə üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. Araşdırmalar zamanı meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil veriliblər.
İlkin araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.
Paytaxtın Xəzər rayonunda yerləşən Buzovna qəsəbəsində baş verən ağır insident cəmiyyət arasında geniş rezonans doğurub.
Xatırladaq ki, martın 17-də, Novruz çərşənbələrinin qeyd olunduğu bir vaxtda restoranlardan birində yaşanan dava bir nəfərin ciddi xəsarət alması ilə nəticələnib.
Məlumata görə, hadisə qeyd olunan tarixdə axşam saatlarında Buzovna qəsəbəsində fəaliyyət göstərən restoranlardan birinin ərazisində qeydə alınıb. Belə ki, ailəsi və yaxınları ilə birlikdə bayram qeyd etmək üçün restorana gələn Rauf Nuriyev bir müddət sonra dörd nəfər şəxs tərəfindən kənara çağırılıb. İddialara əsasən, həmin şəxslər onu restoranın qaranlıq və nəzarətdən kənar hissəsinə apararaq fiziki zorakılığa məruz qoyublar.
Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə zərərçəkənin qan içində, köməksiz vəziyyətdə yerdə qaldığı açıq şəkildə görünür. Zərərçəkən Rauf Nuriyev hadisənin təfərrüatlarını belə izah edir:
“Martın 17-də Çərşənbə bayramını qeyd etmək üçün ailəm və qohumlarımla saat 18:00-da restorana getmişdik. Təxminən saat 20:45-radələrində insanlar restoranın həyətində qalanan tonqalın ətrafına toplaşmağa başladılar. Mən və ailə üzvlərim də tonqalın ətrafında idik. Bir müddət sonra mən tonqaldan kənarlaşdım. Təxminən 10 dəqiqə sonra bir nəfər şəxs mənə yaxınlaşaraq, qaranlıq əraziyə itələdi, ardınca əlavə 3 nəfər də gəldi. Ümumilikdə 4 nəfər şəxs qəfil boyun, gicgah və göz nahiyəmə zərbələr endirməyə başladılar. Oranın qaranlıq və kolluq olması səbəbindən heç kim hadisəni görə bilmədi”.
Onun sözlərinə görə, hücum son dərəcə qəddar şəkildə həyata keçirilib:
“Məni o qədər döydülər ki, ağız-burnum qan içində idi. Huşumu itirənə qədər zərbələr endirdilər. Xırıltı səsimə ofisiant yaxınlaşıb və vəziyyətimi görərək ailəmə xəbər verib. Onlar elə biliblər ki, mən ölmüşəm və ya ölüm ayağındayam”.
Zərərçəkən bildirir ki, hadisədən sonra yalnız təcili tibbi yardım avtomobilində özünə gəlib:
“Bir də onda ayıldım ki, təcili yardım maşınındayam. Həkimlər mənə ilkin tibbi yardım göstərdilər. Daha sonra Sabunçu Tibb Mərkəzinə aparıldım, ordan isə travmatologiya mərkəzinə göndərildim. Gözümə tikiş qoyuldu, müalicə aldım. Xəstəxanada qalmağım təklif olunsa da, imtina etdim”.
Rauf Nuriyev onu döyən şəxslərin azadlıqda qalmasından narahat olduğunu da ifadə edərək deyib:
“Mən istintaqın gedişindən narazı deyiləm, amma onların azadlıqda olması məni narahat edir. Hər dəfə qapı döyüləndə psixoloji sarsıntı keçirirəm. Travmalarım var, xüsusilə sol göz nahiyəmdə ciddi xəsarətlər qalıb. Aidiyyəti qurumlardan xahiş edirəm ki, həmin şəxslər azadlıqda qalmasın, çünki yenidən mənə zərər verə bilərlər”.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılıb. Araşdırmalar zamanı onların 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1998-ci il təvəllüdlü E.Kazımov olduqları müəyyən edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Zərərçəkənin aldığı xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.
Ötən gün Zirə qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Hadisə Türkan və Zirə qəsəbələrinin arasında yerləşən, Zirə qəsəbə sakini, mərhum Vaqif Əmirovun həyətyanı torpaq sahəsində baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən Cavanşir Muradov Bakının Yasamal rayonu ərazisində yaşayırmış. O, 2 il əvvəl şəhər ərazisindəki evini satıb, Türkan qəsəbəsinə köçüb, orada təsərrüfatla məşğul olurmuş. O, Türkanla Zirə ərazilərində heyvan otarmaqla məşğul olurmuş. Həmin ərazidə isə Zirə qəsəbə sakini Vaqif Əmirov özünəməxsus torpaq sahəsində əkinçiliklə məşğul olub.
Hadisə Cavanşir Muradovla onun qonşusu Ruslan Əliyev arasında baş verən mübahisədən yaranıb. R.Əliyev Türkan qəsəbəsində C.Muradovun qonşusu olub və 2 il əvvəl Cavanşir evini tikərkən Ruslanla mübahisəsi düşüb. Həmin vaxtdan etibarən qonşular arasında narazılıq davam edib.
Ruslanla Cavanşir arasında bir gün əvvəl də mübahisə yaranıb, Ruslan hadisə yerindən qaçıb. Dünən axşam saatlarında Ruslan özünəməxsus VAZ-2107 markalı avtomobillə Cavanşirin heyvan otardığı yerin yanından sürətlə keçib və bu da Cavanşiri əsəbiləşdirib. Cavanşir evə qayıdaraq özünəməxsus odlu silahı götürüb, yenidən əkin sahəsinə qayıdıb və Ruslanın geri qayıtmasını gözləyib. Ruslan avtomobillə geri qayıdarkən Cavanşir odlu silahdan Ruslanın avtomobilinə üç dəfə atəş açsa da, onu vura bilməyib. Ruslanın avtomobilinə ciddi ziyan dəysə də, özü güllədən yayına bilib.
Səsə həyətyanı sahəsində əkinçiliklə məşğul olan Vaqif Əmirov və oğlu Məmmədhüseyn Əmirov gəliblər və Cavanşir Muradov naməlum səbəbdən onlara atəş açıb. Hadisə nəticəsində M.Hüseynov yüngül xəsarət alsa da, V.Əmirov aldığı güllə yarasından dünyasını dəyişib.
Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. //oxu.az