Category: Maraqlı

  • Ölümdən sonra həyat varmı? – Ürəyi dayanmış xəstənin ayılandan sonra danışdıqları heyrətə gətirdi

    Klinik ölüm halında şüur mövcudluğunu davam etdirə bilər.

    Bu barədə Niderlandın Neyroelm İnstitutunun ölümə yaxın təcrübələri araşdıran alimləri bəyan ediblər. Onların tədqiqatlarının nəticələri “Nature Neuroscience” jurnalında dərc edilib.

    Tədqiqatda bildirilib ki, ürək dayanması keçirən 70 klinik hadisənin təhlili zamanı şüur və onun bioloji proseslərlə əlaqəsi haqqında mövcud elmi təsəvvürləri şübhə altına alan bir sıra fenomenlər aşkarlanıb.

    Alimlərin sözlərinə görə, bu hadisələrin ən parlaq nümunələrindən biri 2022-ci ildə qeydə alınıb. Hadisə Stanford Tibb Mərkəzində kardioloq Lloyd W.Rudy tərəfindən təsvir edilib. Belə ki, beyin damarlarında anevrizması olan xəstə ürək dayanmasından sonra rəsmən ölü elan edilib, lakin 34 dəqiqədən sonra heç bir tibbi müdaxilə olmadan həyat əlamətləri göstərib.

    Tədqiqatçılar qeyd ediblər ki, reanimasiyadan 72 saat sonra bu xəstə klinik ölüm zamanı əməliyyat otağında baş verən hadisələrin təfərrüatını dəqiqliklə təsvir edib. O, cərrahların hərəkətlərinin dəqiq vaxtını 2%-dən az xəta ilə göstərib, tibb bacısının monitorlar söndürülmüş vəziyyətdə yazdığı elektron məktubun mətnini təkrarlayıb və həmçinin xəstənin huşunu itirməsindən sonra anestezioloqların defibrilyatorun dəyişdirilməsi ilə bağlı söhbətini təsvir edib.

    Tədqiqatın rəhbəri Dr. Marten van der Linden vurğulayıb ki, bu cür məlumatları yalnız qalıq beyin aktivliyi ilə izah etmək mümkün deyil.

    Tədqiqat zamanı iştirakçıların 89%-i, EEQ (elektroensefaloqrafiya) aktivliyi olmayan vəziyyətdə əldə etdikləri məlumatları dəqiqliklə təkrarlaya biliblər. 63% hallarda onların təsvirləri əməliyyat otağının videoyazıları ilə üst-üstə düşüb.

    Gələcəkdə alimlər klinik ölüm zamanı şüurun saxlanması proseslərini başa düşmək üçün yeni nəsil kvant sensorlarından istifadə etməyi planlaşdırırlar.
    //oxu.az

  • Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar? – Həkimdən tövsiyə

    Sarımsaqda çoxlu faydalı xüsusiyyətlər var. Bu məhsul bir sıra xəstəliklərə dərmandır. Səbəbi isə tərkibində orqanizmi virusların təsirindən qoruyan faydalı yağların olmasıdır.

    Median.Az-ın “Vechernyaya Moskva”ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı diyetoloq Yelena Solomatina xəbər verib.

    Bununla belə, diyetoloq sarımsağın istehlak normasının hər kəs üçün fərqli olduğunu bildirib.

    “Mən gündə bir diş çiy sarımsaq yeməyi tövsiyə edirəm. Amma bəzi insanlar bu məhsuldan tamamilə imtina etməlidirlər. Məsələn, mədə-bağırsaq traktı ilə problemi olanlar. Efir yağları bağırsağın selikli qişasına qıcıqlandırıcı təsir göstərir və kəskinləşməyə səbəb ola bilər”, – deyə Solomatina xəbərdarlıq edib.

    Mütəxəssisin sözlərinə görə, sarımsaq qanı yaxşı durulaşdırır, ona görə də, aterosklerozdan əziyyət çəkən insanlar üçün faydalıdır.

    “Lakin əgər insanın qanı durulaşdırmaq deyil, əksinə, onu laxtalandırmaq lazımdırsa, sarımsağı qida rasionundan tamamilə çıxarmaq lazımdır”, – deyə diyetoloq dəqiqləşdirib.

    O, sarımsaqda “C”, “B6”, “B1”, “B2”, “B3”, “B5”, “B9” kimi vitaminlər, həmçinin kalsium, kalium, fosfor, selen, maqnezium, natrium, sink, dəmir və manqan kimi faydalı mikroelementlər olduğunu vurğulayıb.

    “Lakin başa düşmək vacibdir ki, soyuqdəyməni yalnız onunla müalicə etmək olmaz. O, viruslarla mübarizədə düzgün müalicə ilə birlikdə əla köməkçi ola bilər”, – deyə Solomatina sözlərini yekunlaşdırıb.

  • Dişlərin sızıldamasının gözlənilməz səbəbləri açıqlandı

    Əksər insanlar dişlərin həddindən artıq həssaslığı, isti, soyuq və ya turş qidalara qarşı reaksiya ilə qarşılaşırlar. Bu vəziyyət bir neçə səbəbdən yarana bilər.

    Median.Az-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə tibb elmləri namizədi, cərrah-implantolog, ortoped, paradontolog Maqomed Daxkilqov danışıb.

    Onun sözlərinə görə, dişlərin həssaslığı zədələnmələr, mikroçatların əmələ gəlməsi və ya kariyes səbəbindən yaranır.

    “Bundan əlavə, turş qidaların həddindən artıq qəbulu, ağardıcı pastalarla aqressiv təmizləmə, bruksizm və ya yaş dəyişiklikləri səbəbindən minanın nazikləşməsi nəticəsində dişlər daha həssas ola bilər. Diş köklərinin açılması, gingivit və ya paradontit də yüksək həssaslığa səbəb olur”, – deyə stomatoloq vurğulayıb.

    Bundan əlavə, həkim xəbərdarlıq edib ki, marketpleyslərdən alınan ağardıcı vasitələrdən istifadə diş ətlərinə zərər verə və dişlərə ziyan vura bilər.

    O, diş həssaslığı ilə qarşılaşanlara problemin səbəbini dəqiq müəyyən etmək üçün stomatoloqa müraciət etməyi tövsiyə edib.

    Qeyd edək ki, sitrus meyvələri (portağal, limon, qreypfrut), ananas və giləmeyvələr kimi bəzi meyvələr çoxlu miqdarda turşu ehtiva edir. Turşular minanı yumşalda, onu eroziya və çürüməyə qarşı daha həssas edə bilər. Xüsusilə limon sormaq və ya turş şirələr içmək zərərlidir, çünki bu, turşunun dişlərlə təmas müddətini artırır. Buna görə, həm meyvə və tərəvəzlərin faydalarından yararlanmaq, həm də dişlərə zərər verməmək üçün onları yeyəndən sonra dişləri təmizləmək, yaxud ağzı yaxalamaq tövsiyə olunur. Şirələri dişlərlə təması minimuma endirmək üçün qamışla içmək də olar.
    //oxu.az

  • Daim stres içindəsinizsə, dərinizdə hansı problemlər yarana bilər?

    İşdə və evdə daimi stres ilə dərinin vəziyyəti arasında birbaşa və kifayət qədər nəzərəçarpan əlaqə mövcuddur.

    Median.Az-ın “Lenta.ru”ya istinadən xəbərinə görə, bu barədə rusiyalı həkim, dermatoloq və kosmetoloq Yekaterina Konstantinovskaya danışıb.

    Onun sözlərinə görə, stres orqanizmin müdafiə mexanizmlərini, o cümlədən adrenalin və kortizol hormonlarının ifrazını aktivləşdirir.

    “Bunlar da öz növbəsində bizə müxtəlif cür neqativ hallara tez reaksiya verməkdə kömək edir, lakin uzun müddət buna məruz qalmaq sağlamlığa əhəmiyyətli dərəcədə zərər vura bilər. Kortizol əsasən qanda şəkər səviyyəsinin artmasına və immunitetin azalmasına səbəb olur ki, bu da sonradan dərinin vəziyyətinə təsir göstərir”, – deyə həkim bildirib.

    Ekspertin sözlərinə görə, stres ilk növbədə sızanaqların əmələ gəlməsinə səbəb olur. Bu ona görə baş verir ki, kortizolun təsiri altında dəri piyinin ifrazı çoxalır və nəticədə məsamələri bağlayaraq bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır.

    “Həmçinin stres ekzemanın kəskinləşməsi və ya atipik dermatit kimi digər dəri problemlərinə də gətirib çıxara bilər. Bu xəstəliklər dərinin qızarması, qaşınması və qabıqlanması şəklində ortaya çıxır”, – deyə həkim xəbərdarlıq edib.

    “Siyahıda üçüncü yerdə psoriazdır ki, bu xroniki xəstəlik dəridə qırmızı ləkələr və qabıqlanma ilə xarakterizə olunur. Və orqanizmin stresli vəziyyətə reaksiyası onun kəskinləşməsi ilə özünü göstərə bilər. Psoriazdan əziyyət çəkən xəstələr tez-tez güclü emosional sarsıntılardan sonra vəziyyətlərinin pisləşdiyini qeyd edirlər. Güclü emosional gərginlikdən sonra yaranan daha bir dəri xəstəliyi də rozaseadır ki, kəskinləşməsi zamanı üzdə qızarma olur, damar toru və kiçik iltihablı düyünlər ortaya çıxır. Stres simptomları gücləndirə bilər, çünki bu zaman qan damarları genişlənir və bədən temperaturu yüksəlir”, – deyə kosmetoloq qeyd edib.

    Konstantinovskayanın sözlərinə görə, bundan əlavə, xroniki stres dərinin qocalma prosesini sürətləndirir. Kortizolun təsiri altında kollagen və elastinin – dərinin möhkəmliyinə və elastikliyinə cavabdeh olan zülalların səviyyəsi azalır. Bu da qırışların yaranmasına, dərinin sallanmasına və tonusun itməsinə səbəb olur.

    “Bəzi insanlar ciddi stres zamanı müəyyən qida və ya kosmetika məhsullarına allergik reaksiyalar verdiklərini deyirlər. İmmunitet sistemi zəifləmiş olur və allergenlərlə effektiv mübarizə aparmaq iqtidarında olmur. Uzunmüddətli gərginlik hiperpiqmentasiyaya – dəridə tünd ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Bu, melanositlərin – melanin piqmentinin istehsalına cavabdeh olan hüceyrələrin işinin pozulması səbəbindən baş verir”, – deyə dermatoloq nəzərə çatdırıb.

    “Eyni zamanda stres immunitet sistemini zəiflədir ki, bu da herpes virusunun aktivləşməsinə gətirib çıxarır”, – deyə həkim xəbərdarlıq edib.
    //oxu.az

  • Yaşlı insanlar üçün ideal içki hansıdır? – Rusiyalı həkimdən tövsiyə

    Qurudulmuş meyvələrdən hazırlanan kompot immunitet sistemini gücləndirməyə kömək edir, həmçinin ürək və göz sağlamlığı üçün faydalıdır.

    Bu barədə rusiyalı dietoloq və tibb elmləri doktoru Mariyat Muxina “Moskva 24” telekanalına müsahibəsində danışıb.

    Həkim qurudulmuş meyvələrdən olan kompotu yaşlı insanlar üçün ideal içki adlandırıb. Onun sözlərinə görə, C vitamininin yüksək olması səbəbindən içki immunitet sistemini gücləndirir, tərkibindəki A vitamini isə göz sağlamlığı və görmə xəstəliklərinin qarşısının alınması üçün faydalıdır.

    Bundan əlavə, Muxina qeyd edib ki, kompotun tərkibində ürəyin yaxşı işləməsi üçün lazım olan çoxlu kalium var.

    “Tərkibindəki maqnezium qan təzyiqini azaltmağa kömək edir və yüngül sakitləşdirici təsirə malikdir”, – deyə diyetoloq əlavə edib.

    Həkim gündə bir və ya iki stəkan kompot içməyi məsləhət görüb. Həmçinin qeyd edib ki, içkiyə şəkər əlavə etməyə də ehtiyac yoxdur, çünki bu, mədəaltı vəziyə əlavə yük yaradacaq.

  • Bunu etsəniz, daha az yemək yeyəcəksiniz

    Tədqiqat zamanı alimlər məhsulun etiketində göstərilən hansı məlumatların bu məhsulların istehlakını dayandırmağa kömək etdiyini aşkar ediblər.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda edilən bir araşdırma, kalori etiketinin kalori qəbulunu orta dərəcədə azalda və alış-veriş vərdişlərinə təsir göstərə biləcəyini göstərib.

    Yeni icmal, hazırda məhdud məlumatın mövcud olduğu kalori etiketinin, xüsusən də spirtin uzunmüddətli təsirlərini daha dəqiq qiymətləndirmək üçün əlavə tədqiqatların vacibliyini vurğulayır. O, həmçinin piylənməyə, ürək xəstəliyi, şəkərli diabet və xərçəng kimi qeyri-infeksion xəstəliklərə səbəb olan qida çatışmazlığı ilə bağlı qlobal sağlamlıq problemlərinə diqqət yetirir.

    Bu xəstəliklər hər il, xüsusilə, həssas qruplar arasında milyonlarla insanın ölümünə səbəb olur və səhiyyə sistemlərinə böyük yük qoyur. Bir çox insanın sağlam həyat tərzi sürmək istəyinə baxmayaraq, xarici amillər çox vaxt onların səylərinə mane olur.

    Daha sağlam qidalanmağı təşviq etmək üçün təklif olunan həll yollarından biri kalori etiketi, qida paketləri və menyulardakı məcburi qidalanma məlumatlarıdır. Bu məsələyə artan marağa baxmayaraq, spirtin etiketlənməsi onun əhəmiyyətinin tanınmasına baxmayaraq hələ də nadirdir.

    18 sınaq da daxil olmaqla 25 araşdırmaya əsaslanan araşdırma, kalori etiketinin həm uşaqlarda, həm də böyüklərdə, xüsusən də qidalarda və sərinləşdirici içkilərdə kalori qəbulunu bir qədər azaltdığını müəyyən edib.
    Təxminən 10.000 insanın iştirak etdiyi 16 randomizə edilmiş nəzarətli sınaqlara əsasən, kalorili etiketləmə qida və içki istehlakını hər yemək üçün 11 kkal azaldır. Əsasən ABŞ-da aparılan 6 tədqiqat, kalori qəbulunun 14 ilə 73 kkal arasında azaldığını müşahidə edib və bu, Böyük Britaniyada da təsdiqlənib.

    Qida qəbulu hər yemək üçün orta hesabla 35 kkal azalıb (təxminən 5,9%), lakin tədqiqatların məhdud təbiəti və qısa müddətə malik olması səbəbindən sübutların keyfiyyəti aşağı olaraq qalıb. Kalori etiketinin təsiri restoranlar, kafeteryalar və supermarketlər kimi real mühitlərdə oxşar idi. Lakin, laboratoriya tədqiqatlarında və daha yüksək sosial-iqtisadi statusu olan iştirakçılar arasında təsir bir qədər güclü olub.

  • “Semeçka”nın bu faydalarını bilirdinizmi?

    Günəbaxan tumları essensial yağ turşuları, vitaminlər və mineralla zəngindir.

    Fol turşusu və E vitamini ehtiva etdiyi üçün ürək-damar sağlamlığı üçün çox faydalıdır.

    Tərkibindəki yüksək E vitamini sayəsində ürək, beyin və damar funksiyalarını tənzimləyir, qan dövranını sürətləndirir. Təbii liflər sayəsində maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.

    Pis xolesterolu azaldır və qan şəkərini tarazlaşdırır. Dərinin qocalmasını ləngidir.

    Zülalla zəngin olduğu üçün tox tutma xüsusiyyətinə malikdir. Həmçinin bədəndə protein sintezini təmin edir və əzələ ağrılarının qarşısını alır.

    Stresslə mübarizə aparır və terapevtik təsir göstərir.

    Bundan başqa yaddaşı gücləndirir. Xüsusilə imtahan dövründə zehni gücləndirməyə kömək edir.

    Yüksək miqdarda E vitamini ehtiva etdiyi üçün prostat xərçənginin qarşısını alır.

    Tərkibində dəmir və sink olduğundan uşaqların sümük quruluşunu və diş sağlamlığını gücləndirir.

    Tərkibində olan bədənin ehtiyac duyduğu sağlam yağlar ürək üçün də faydalıdır.

    Sink və antioksidantlarla zəngindir, immunitet sistemini gücləndirir. Zəngin vitamin və mineral tərkibi ilə dırnaqlardakı ağ ləkələri aradan qaldırmağa kömək edir.

    Sinir sistemini tənzimləyir və Alzheimerdən qoruyur. E, B5, B1 vitaminləri və fol turşusu sayəsində saç və dəri sağlamlığı üçün faydalıdır.

    Gündə yalnız bir ovuc günəbaxan tumları istehlak edilməlidir. Yağlı olduğu üçün həddindən artıq istehlak edildikdə çəki artımına səbəb olur. Çox duzlu qəbul edilərsə, böyrək funksiyalarına mənfi təsir göstərə bilər.
    //qafqazinfo

  • Qışda sağlamlığı möhkəmləndirmək üçün qədim içki – Kompotdan daha faydalı uzvar

    Qış – orqanizmimizin, xüsusilə, vitaminlərə və mikroelementlərə ehtiyac duyduğu zamandır. Lakin bu dövrdə təzə giləmeyvə və meyvə tapmaq kifayət qədər çətindir. Çıxış yolu var – qurudulmuş meyvələrdən uzvar adlanan dadlı və faydalı içki hazırlamaq.

    Bu barədə qıcqırma istehsalı və şərabçılıq texnologiyası üzrə mütəxəssis Yelena Beteva danışıb.

    Onun sözlərinə görə, uzvar – qurudulmuş giləmeyvə və meyvələrdən hazırlanan qədim içkisidir. Kompotdan fərqli olaraq, uzvar bişirilmir, qaynar suda dəmlənir ki, bu da faydalı maddələrin maksimum saxlanmasına imkan verir.

    “Adətən qurudulmuş meyvələrdən kompot bişirirlər. Lakin uzvar daha az istilik emalına məruz qalır və müvafiq olaraq daha çox faydalı vitaminləri və mikroelementləri özündə saxlayır”, – deyə o bildirib.

    O qeyd edib ki, uzvar hazırlamaq üçün istənilən qurudulmuş meyvə və giləmeyvələrdən – armud, zoğal, itburnu, yemişan, qarağat, motmutu, alma, ərik qurusu, qara gavalı, kişmiş, xurma, qaysıdan istifadə etmək olar.

    “Hər bir tərkib hissəsi təkcə unikal dad deyil, həm də sağlamlıq üçün fayda gətirir. Məsələn, qurudulmuş zoğal soyuqdəymə əleyhinə və antibakterial təsirə malikdir, qurudulmuş albalı həzmi yaxşılaşdırır və ürəyi qoruyur, itburnu isə immunitet sistemini gücləndirir və orqanizmi cavanlaşdırır. Nə qədər çox müxtəlif qurudulmuş meyvələrdən istifadə etsəniz, içkinin dadı və rəngi bir o qədər zəngin olar. Əlavə şirinlik və fayda üçün soyudulmuş uzvara bal əlavə etmək olar. Nanə, melisa budağı, darçın və ya mixək əlavəsi isə dadı daha maraqlı edər və ədviyyəli tam verər”, – deyə mütəxəssis vurğulayıb.

    Mütəxəssis vurğulayıb ki, uzvarı vitaminlərin metalla təmasda dağılmasının qarşısını almaq üçün emallı və ya şüşə qabda hazırlamaq daha yaxşıdır.

    //oxu.az

  • Arıqlamağın düşmənləri: Maddələr mübadiləsini yavaşladan 5 məhsul

    Metabolizm – orqanizmi enerji ilə təmin edən və metabolik prosesləri tənzimləyən mürəkkəb biokimyəvi reaksiyalar kompleksidir. Çəkimiz, sağlamlığımız və hətta əhvali-ruhiyyəmiz birbaşa metabolizmin sürətindən asılıdır. Maddələr mübadiləsini necə sürətləndirmək və daha çox kalori yandırmaq olar?

    Rusiyalı qidalanma üzrə ekspert Yuliya Makeyeva bununla bağlı danışıb.

    O bildirib ki, qida rasionuna ilk növbədə daha çox zülallı qidalar – quş əti, balıq, yumurta, süd məhsulları və paxlalılar daxil edilməlidir.

    “Zülalların həzmi əhəmiyyətli enerji tələb edir ki, bu da kalori sərfini artırır. Bu effekt qidanın spesifik-dinamik təsiri adlanır. Bu, xəstəliklərdən sonra bərpa və immunitetin qorunması üçün xüsusilə vacibdir”, – deyə mütəxəssis izah edib.

    Makeyevanın sözlərinə görə, sağlam yağlar, məsələn omeqa-3 yağ turşuları da eyni dərəcədə faydalıdır.

    “Bunlar balıq, avokado və qoz-fındıqda olur, beyin fəaliyyətini, hormon fonunu yaxşılaşdırır. Bu, intensiv əqli yük dövrlərində aktualdır. Tam taxıl, tərəvəz və paxlalılardan alınan mürəkkəb karbohidratlar qanda şəkərin kəskin artımına səbəb olmadan uzunmüddətli toxluq hissi və enerji verir.

    Termogen effektli məhsullar da metabolizmi sürətləndirməyə kömək edir. Yaşıl çay, acı çili bibəri, qreypfrut istilik istehsalını və yağ yanmasını stimullaşdırır. Fermentləşdirilmiş qidalar (kefir, kimçi, miso) bağırsaq mikroflorasını yaxşılaşdırır, kakao isə tərkibindəki maqnezium, flavonoidlər və inulin sayəsində qan dövranını və həzmi aktivləşdirir”, – deyə mütəxəssis məlumat verib.

    O, metabolizmi sürətləndirmək üçün hansı məhsulları məhdudlaşdırmalı və ya istifadədən çıxarmalı olduğumuzu da açıqlayıb.

    Həmin siyahını təqdim edirik:

    – Şəkər və təmizlənmiş karbohidratlar (şirniyyat, qazlı içkilər, çörək məmulatları). Bunlar qanda qlükozanın kəskin artımına səbəb olur və yağ yığılmasına şərait yaradır.

    – Yağlı və qızardılmış qidalar, xüsusilə fastfud. Tərkibindəki trans yağlar qaraciyəri yükləyir və maddələr mübadiləsini yavaşladır.

    – Duza qoyulmuş qidalar və yarımfabrikatlar. Həddindən artıq duz orqanizmdə mayeni saxlayır və su-duz balansını pozur.

    – Çox miqdarda çiy xaççiçəkli tərəvəzlər (kələm, brokkoli). Onlar yodun mənimsənilməsini bloklaşdıra və qalxanvari vəzin aktivliyini azalda bilər. Ona görə də onları qaynatmaq və ya bişirmək daha yaxşıdır.

    – Gizli şəkər və kimyəvi əlavələr olan məhsullar – şirin yoqurtlar, quru səhər yeməkləri, spirtli içkilər. Onlar bağırsaq mikroflorasını pozur və metabolizmi ləngidir.
    //oxu.az

  • Nadir və təhlükəli xəstəliyin ƏLAMƏTLƏRİ

    Şəkərsiz diabet – böyrəklərdə suyun sorulması və sidik konsentrasiyasının pozulması ilə özünü göstərən xəstəliklər qrupudur. Bu xəstəlik güclü susuzluqla müşayiət olunur və bu zaman insan gündə 3-20 litr su içə bilər.

    Bu barədə Avropa Tibb Mərkəzinin (EMC) endokrinoloqu, preventiv və anti-age təbabət mütəxəssisi Kamilə Tabeyeva danışıb.

    O, gündüz və gecə vaxtı bol və tez-tez sidik ifrazı, dəri quruluğu və kifayət qədər maye çatışmazlığı fonunda zəifliyin də şəkərsiz diabetin əlamətləri arasında olduğunu vurğulayıb.

    “Xəstəlik tez-tez qəbizliklə müşayiət olunur. Şəkərsiz diabet, əsasən, artmış iş yükü səbəbindən böyrək funksiyasının azalması riski ilə təhlükəlidir. Susuzlaşma və qanın qatılaşması səbəbindən tromb əmələ gəlmə təhlükəsi də yaranır. Digər fəsadlara mədə-bağırsaq sisteminin işinin pozulması, zəiflik, əsəbilik və sinir sisteminin zədələnməsi də daxildir”, – deyə həkim bildirib.

    Şəkərsiz diabet irsiyyət problemləri fonunda gen mutasiyaları, hipofiz və hipotalamus sahəsində beyin törəmələri, kəllə-beyin travması, müxtəlif infeksion xəstəliklər və vazopressin hormonunun qəbul edilməməsi ilə əlaqəli böyrək xəstəlikləri səbəbindən inkişaf edə bilər.

    “Bununla belə, şəkərsiz diabet nadir xəstəlikdir. Beyində, xüsusilə hipofiz və hipotalamusda vazopressin (antidiuretik hormon) ifraz olunur. Bu hormon orqanizmdə nə qədər suyun qalmalı və nə qədərinin orqanizmdən çıxmalı olduğunu tənzimləyir. Hormonun ifrazının və ya təsirinin pozulması nəticəsində şəkərsiz diabet inkişaf edir. Xəstəliyin pik dövrü 20-30 yaş arasına düşür”, – deyə həkim əlavə edib.
    //oxu.az