Category: Maraqlı

  • Oynaqlar həqiqətən də yağışdan əvvəl ağrıyır?

    Bir çox insan iddia edir ki, hava dəyişəndə, xüsusən yağışdan əvvəl oynaqları ağrıyır. Əsrlər boyu aparılan müşahidələrə baxmayaraq, alimlər hələ də bunun səbəbini və hava ilə oynaq ağrıları arasında əlaqə olub-olmadığını dəqiq müəyyən edə bilməyiblər.

    “The Conversation” portalı bu mövzuda alimlərin fikirlərini dərc edib.

    Bildirilir ki, ağrı hissini izah edən əsas səbəblərdən biri barometrik təzyiqdir (hava molekullarının Yerə təsir etdiyi qüvvə). Barometrik təzyiq hündürlükdən və hava şəraitindən asılı olaraq dəyişir: aşağı təzyiq adətən yağışlı və buludlu havanı, yüksək təzyiq isə aydın və sakit günləri göstərir.

    Oynaqlar hərəkəti asanlaşdıran xüsusi maye ilə örtülmüş mürəkkəb strukturlardır. Lakin osteoartrit kimi xəstəliklərdə ətraf mühitdəki kiçik dəyişikliklər belə ağrıya səbəb ola bilər. Bir çox alim düşünür ki, atmosfer təzyiqinin azalması oynaqlardakı iltihablı toxumaların genişlənməsinə və bunun ağrını artırmasına səbəb olur.

    Alimlər bu nəzəriyyəni dəstəkləyirlər, amma nəticələr hələ də birmənalı deyil.

    Bir tədqiqatda osteoartritli insanlarda barometrik təzyiqin azalması ilə diz ağrılarının artması arasında kiçik, amma əhəmiyyətli bir əlaqə olduğu göstərilib. Lakin bu əlaqə hər xəstədə müşahidə edilməyib.

    Yeni bir araşdırma isə təzyiqin azalması ilə oynaq ağrıları arasında ortasəviyyəli bir əlaqə tapıb, amma hava dəyişikliklərinə fərdi reaksiyalarda əhəmiyyətli fərqlər olduğu da qeyd edilib.

    Bundan əlavə, barometrik təzyiq təkbaşına təsir göstərmir. Temperatur və rütubət də oynaq ağrılarına təsir edir. Soyuq hava əzələləri sıxlaşdıraraq çevikliyi azaldır və ağrı riskini artırır. Aşağı temperatur qan dövranını zəiflədir, bu da iltihabın artmasına səbəb olur.

    Buna baxmayaraq, hansı faktorun – temperatur, rütubət və ya təzyiqin oynaq ağrılarına daha çox təsir etdiyini müəyyən etmək çətindir. Cavablar oynaqların zədələnmə dərəcəsi, ağrıya həssaslıq və psixoloji gözləntilər kimi fərdi xüsusiyyətlərdən asılı ola bilər.

    Alimlər hesab edirlər ki, hava ilə oynaq ağrıları arasındakı əlaqə hələ də tam olaraq elm tərəfindən sübut edilməsə də, toplanmış məlumatlar göstərir ki, bu qədim inancın bir hissəsi həqiqətə əsaslana bilər. Xroniki oynaq xəstəlikləri olan insanlar üçün hava şəraitindəki dəyişikliklər, ağrı barədə xəbərdarlıq siqnalı kimi çıxış edə bilər – amma bu xəbərdarlıq hər zaman dəqiq olmur.
    //oxu.az

  • Ömrün uzanması üçün həftə ərzində yeyiləcək yumurta sayı açıqlandı

    Yumurtanın mülayim miqdarda istehlakı yaşlı insanlarda ürək-damar xəstəliklərindən ölüm riskini demək olar ki, 1/3 qədər azalda bilər.

    Avstraliyalı alimlər apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər. Tədqiqat “Nutrients” elmi jurnalında dərc olunub.

    Mütəxəssislərin nəticələri “ASPREE Longitudinal Study of Older Persons” (ALSOP) elmi layihəsində iştirak edən 70 yaş və daha yuxarı yaşda olan 8756 yetkin şəxsin məlumatlarına əsaslanır.

    Tədqiqat iştirakçıları yumurta istehlakının tezliyi barədə məlumat veriblər: heç vaxt/nadir hallarda (ayda 1-2 dəfə), həftəlik (həftədə 1-6 dəfə) və ya gündəlik (hər gün/gündə bir neçə dəfə).

    Alimlər aşkar ediblər ki, yumurtanı nadir hallarda və ya heç vaxt istehlak etməyənlərlə müqayisədə həftədə 1-6 dəfə yumurta yeyənlərdə bütün səbəblərdən ölüm riski 15%, ürək-damar xəstəliklərindən ölüm riski isə 29% daha aşağı olub.

    “Yumurta yüksəkkeyfiyyətli zülal, “B” qrupu vitaminlər, doymamış yağ turşuları, xolin və digər vacib mikroelementlərlə zəngin olan qidalı məhsuldur. Onlar, xüsusilə, yaşlı insanlar üçün faydalıdır, çünki fiziki funksiyaların yaşla əlaqəli azalması ilə üzləşə bilərlər” – deyə alimlər bildiriblər.

    Tədqiqat həmçinin göstərdi ki, qidalanma keyfiyyəti orta və ya yüksək olan yaşlı insanlarda rasiona yumurta əlavə etmək ürək-damar xəstəliklərindən ölüm riskini müvafiq olaraq 33% və 44% azaldır.
    //oxu.az

  • Yaxşı yedikdən sonra insanın niyə yuxusu gəlir? – Alimlərdən maraqlı TƏDQİQAT

    Çoxumuz yeməkdən sonra yuxululuq hissi ilə qarşılaşırıq. Çinin Sinxua Universitetinin alimləri bu hissin səbəblərini araşdırıblar və maraqlı nəticələr əldə ediblər.

    Onların elmi işlərinin nəticələri nüfuzlu “Nature” jurnalında dərc edilib.

    Təcrübə zamanı alimlər könüllülərin qida vərdişlərini müşahidə edərək, müxtəlif qida maddələrinin gündəlik oyaqlıq səviyyəsinə təsirini araşdırıblar. Məlum olub ki, ən çox yuxu istəyini karbohidratlı qidalar yaradır. Xüsusilə yüksək qlikemik indeksə (Qİ) malik qidalar yuxululuğa səbəb olur. Qlikemik indeks qidanın orqanizmə necə və nə qədər sürətlə daxil olduğunu göstərir.

    Yüksək Qİ-li məhsullar arasında şirin meyvələr (ananas, qarpız, banan, xurma), fastfud, şirniyyatlar, çörək və şirin içkilər yer alır.

    Tədqiqatda qeyd edilir ki, belə qidaları qəbul etdikdən sonra qanda şəkərin kəskin artması insulinin ifrazını stimullaşdırır. Bu da öz növbəsində yuxuya cavabdeh olan spesifik beyin neyronlarını aktivləşdirir.

    Alimlərin fikrincə, bu mexanizm orqanizmə yeməkdən sonra enerji qorumağa kömək edir.

    Qeyd etmək lazımdır ki, nahardan sonra yuxululuq, əgər çox ifadə olunmayıbsa və gündəlik fəaliyyətə mane olmursa, tamamilə normal haldır. Əgər yuxululuq həddindən artıq olursa, bu, yuxu pozğunluğunun və ya həkimə müraciət etməli olduğunuz digər sağlamlıq problemlərinin əlaməti ola bilər.
    //oxu.az

  • Qulaqlarda cingiltinin səbəbləri nələrdir? – Həkim açıqlayır

    Qulaqlarda küy (tinnitus) – cingilti, uğultu, fit və ya xışıltı şəklində özünü göstərə bilən geniş yayılmış vəziyyətdir. Araşdırmalara görə, insanların 10-15%-i bu simptomlarla qarşılaşır.

    Median.Az-ın “İzvestiya”ya istinadla verdiyi məlumata görə, Avropa Tibb Mərkəzinin (EMC) audioloq-otorinolarinqoloqu Aleksandra Gerşevskaya bununla bağlı danışıb.

    Onun sözlərinə görə, tinnitusun özü xəstəlik deyil, müxtəlif sağlamlıq problemlərindən xəbər verə bilən bir simptomdur.

    “Qulaqda küyün səbəbləri müxtəlif ola bilər: qulaq kiri tıxacı – səslərin təhrif olunmasına səbəb olan xarici qulaq kanalının qulaq kiri ilə tıxanması; otit (qulaq iltihabı) – orta və ya xarici qulaqda infeksion proseslər; evstaxi borusunun funksiyasının pozulması, akustik travma – yüksək səs təsiri və ya sensor-nevral eşitmə zəifliyi. Bəzən küy damar və nevroloji patologiyaların (arterial hipertoniya, nevrozlar, stress, depressiya) göstəricisi ola bilər”, – deyə həkim izah edib.

    Aleksandra Qerşevskaya vurğulayır ki, əgər qulaqlarda küy bir neçə gün ərzində keçmirsə və ya güclənirsə, başgicəllənmə, eşitmənin zəifləməsi, baş ağrıları ilə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.
    //oxu.az

  • Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?

    “Dolğun nahar edə bilməyən insanlar üçün səhər yeməyi son dərəcə vacibdir”.

    Median.Az Life.ru-ya istinadla xəbər verir ki, bunu qastroenteroloq, tibb elmləri namizədi Yekaterina Kaşux deyib.

    O bildirib ki, diyetelogiyada rasional qidalanmanın ümumi prinsiplərinə əsasən, gün ərzində dörd dəfə yemək lazımdır:

    “Yeməklər arasında fasilə 4-5 saat təşkil etməlidir. Sutkalıq kalori miqdarını isə aşağıdakı kimi bölüşdürmək tövsiyə olunur: 25 faizini səhər, 20 faizini ikinci səhər və qalan 35 və 20 faizini isə müvafiq olaraq, nahar və axşam yeməyində yemək”.

    Y.Kaşux bu balansın öz çəkisinə diqqət yetirənlər üçün vacib olduğunu vurğulayıb:

    “Səhər yeməyini buraxsaq və ya qəhvə içib buterbrodla kifayətlənsək, o zaman nahara yaxın aclıq hissi güclənəcək”.

    Y.Kaşux izah edib ki, istənilən yemək balanslaşdırılmış olmalıdır və kifayət qədər zülalları, mürəkkəb karbohidratları və faydalı yağları ehtiva etməlidir, ona görə də, səhər yeməyi üçün qarışıqsız dənli bitkilərdən düzəldilmiş sıyığa, omletə, pendirə, qayğanağa və kəsmiyə üstünlük vermək olar:

    “Heyvan zülallarının həzm edilməsi daha uzun çəkir, buna görə də, həzm sistemini həddən artıq yükləməmək üçün günün birinci yarısında balıq və ət yeməyin mənası var, səhərdən isə şəkər və duz məhdudlaşdırılmalıdır”.

  • Həkimdən xəbərdarlıq: Ürək xəstəliyi və piylənmə arasında əlaqə var

    Bostondan olan alimlərin məlumatına görə, əzələlərin daxilində piyin yığılması ürək-damar xəstəliklərinin inkişafı riski ilə bağlıdır.

    Median.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu məsələ ətrafında danışan tibb elmləri doktoru Vladimir Samoylov piy çoxluğunun insan sağlamlığına mənfi təsir göstərə biləcəyinə diqqət çəkib.

    Onun sözlərinə görə, orqanizmdə bir neçə əsas piy növü var və onların hər biri müəyyən funksiyanı yerinə yetirir, lakin piyin çoxluğu səhhətə mənfi təsir edə bilər.

    V.Samoylov bildirib ki, ağ piy orqanizmin əsas enerji ehtiyatıdır:

    “O, qarın nahiyəsində, omba və əllərdə olur. Bu piyin kiçik həcmdə olması zəruridir, lakin çoxluğu şəkər xəstəliyinə, ürək-damar, böyrək və qaraciyər xəstəliklərinə, hamilələyin ağırlaşmasına gətirib çıxara bilər. Sağlamlıq üçün normal piy səviyyəsini saxlamaq vacibdir: kişilər üçün – 14-24%, qadınlar üçün – 21-31%”.

    O əlavə edib ki, vistseral piy qaraciyər, bağırsaq və ürək kimi daxili orqanların ətrafında toplanır:

    “Həddindən artıq vistseral piy ciddi sağlamlıq riski təşkil edir, çünki o, iltihablı molekulları və hormonları aktiv şəkildə buraxır, diabet, hipertoniya və ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır”.

    Həkim vurğulayıb ki, başqa bir piy növü əzələdaxilidir:

    “Bu, nəinki əzələlərin funksional qabiliyyətlərini azaldır, həm də mikrodamarlara və ürəyə təsir göstərərək iltihabı təhrik edə bilər: Əzələdaxili piy əzələ lifləri arasında yığılır. Bu, infarkt, ürək çatışmazlığı və hətta ölüm riskinin artması ilə bağlıdır”.
    //oxu.az

  • Dizlərdəki xırçıltının səbəbləri açıqlandı

    Çoxumuz dizlərdə xırçıltı hadisəsi ilə qarşılaşmışıq. Bəs bu narahatlıq üçün səbəbdirmi?

    Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı osteopat həkim Dmitri Simkin bununla bağlı danışıb.

    Mütəxəssis bəzi hallarda, xüsusilə də yeni başlayan idmançılarda xırçıltının normal hesab olunduğunu bildirib.

    “Lakin səslər adi gəzinti zamanı, xüsusilə bir dizdə yaranırsa, bu ciddi problemlərin əlaməti ola bilər”, – deyə o xəbərdarlıq edib.

    Mütəxəssisin sözlərinə görə, dizlərdə xırçıltı çox vaxt yastı pəncəlik, artroz və artrit kimi xəstəlikləri göstərir.

    “Artroz fiziki aktivliyin çatışmazlığı, artıq çəki və zədələr səbəbindən inkişaf edir. Bu, oynağın qan təchizatı və qidalanmasının pozulması ilə əlaqədardır. Artrit isə iltihab nəticəsində yaranır, bu da autoimmun və infeksion patologiyalar, podaqra və digər maddələr mübadiləsi pozğunluqlarının nəticəsi ola bilər”.

    Həkim bildirib ki, yastı pəncəlik – xırçıltının digər mümkün səbəbidir.

    “Bu halda ortoped və ya osteopata müraciət etmək lazımdır. Ortopedik müalicə xüsusi təlimatlara əməl etməyi və oynağın vəziyyətini yaxşılaşdırmaq üçün dərmanların qəbulunu əhatə edir. Osteopatiya fassiyaların gərginliyinin aradan qaldırılmasına, həmçinin pəncə və baldır sümüklərinin vəziyyətinin normallaşdırılmasına yönəlib ki, bu da qan təchizatını bərpa etməyə, dərman müalicəsinin effektivliyini artırmağa imkan verir” – deyə həkim izah edib.

  • Məktəblilər niyə öz sirlərini çatbotlara etibar edirlər?

    Danimarkanın Orhus Universitetinin alimləri orta məktəb şagirdlərinin hansı hallarda çatbotlara müraciət etdiklərini müəyyən ediblər.

    Araşdırma “International Journal of Human-Computer Studies” (IJHCS) elmi jurnalında dərc olunub.

    Komanda 15 Danimarka məktəbindən 1599 şagird arasında sorğu keçirib. İştirakçılardan çatbotdan istifadə tezliyi, qarşılıqlı əlaqənin xarakteri, tənhalıq səviyyələri və qəbul edilən sosial dəstək haqqında soruşulub.

    Nəticələr göstərib ki, məktəblilərin 14,6%-i ayda ən azı bir dəfə çatbotlarla mehriban ünsiyyət qururlar. Lakin onların yalnız 2,4%-i emosional dəstək və ya qeyri-rəsmi söhbətlər üçün çatbotlardan istifadə edirlər. Həmin şagirdlər digərlərinə nisbətən yüksək səviyyədə tənhalıq və daha az sosial dəstək hiss edirlər.

    “Biz gördük ki, bir neçə gənc çatbotlarda emosional dəstək axtarır. Bu, təəccüblüdür”, – tədqiqat müəllifi Artur Bran Gerbener bildirib.

    Azyaşlılar özlərini tənha hiss etdikdə, pis əhval-ruhiyyədə olanda və ya ürəyini açmağa ehtiyacı olanda dəstək üçün çatbotlara müraciət edirlər. Bununla belə, onlar çatbotları əsl dost kimi deyil, emosional vəziyyətin müvəqqəti yüngülləşdirilməsi vasitəsi kimi qəbul edirlər.

  • İnsanlar hələ 5200 il əvvəl təbiəti zəhərləməyə başlayıblar

    Heydelberq Universitetinin alman alimləri insanların ətraf mühiti qurğuşunla çirkləndirməyə hələ 5200 il əvvəl başladığını aşkar ediblər. Kəşf Egey dənizinin dibindən və Yunanıstanın sahilyanı ərazilərindən toplanan çöküntünün təhlili nəticəsində edilib.

    Tədqiqat “Communications Earth & Environment” (CEE) elmi jurnalında dərc olunub.

    Komanda insan fəaliyyətinin quru və dəniz ekologiyasına necə təsir etdiyini anlamaq üçün 14 çöküntü materialını təhlil edib. Torf bataqlığından götürülmüş nümunələrdən birində eramızdan əvvəl 3200-cü ilə aid qurğuşun izləri olub. Bu, ətraf mühitin ağır metallarla antropogen çirklənməsinin ən erkən məlum sübutudur.

    Tədqiqat həmçinin bu dövrdə dəniz çöküntülərində qurğuşun çirklənməsinin göründüyünü müəyyən edib. Bu, insan fəaliyyətinin artıq ətraf mühitə ciddi təsir etdiyini göstərir.

  • Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma

    Yeni bir araşdırmaya görə, müntəzəm qəhvə istehlakı yaşlı insanlarda demans riskini azalda bilər, lakin bu, yalnız şəkərsiz, kofeinli qəhvəyə aiddir.

    Lent.az-ın məlumatına görə, qəhvə istehlakı ilə demans riski arasında əlaqə Böyük Britaniyada 40-69 yaş arasında olan 200.000-dən çox insanın tibbi məlumatlarının təhlili zamanı aşkar edilib. 
    Tədqiqatçılar bu insanların nə qədər tez-tez qəhvə içdiklərini, həmçinin tədqiqata başladıqdan sonra doqquz il ərzində onlara demans diaqnozu qoyulub-olmadığını araşdırıblar.

    Tədqiqat məqaləsində deyilir: “Kofeinli qəhvənin, xüsusilə də şəkərsiz qəhvənin istehlakı Alzaymer, eləcə də Parkinson xəstəliyinin inkişaf riskinin aşağı olması ilə əlaqələndirilir. Bununla belə, şirinləşdirilmiş qəhvə üçün belə bir əlaqə müşahidə edilməyib”.

    Tədqiqat iştirakçıları istehlak etdikləri qəhvə miqdarına görə beş qrupa bölünüblər: kofe içməyənlər, gündə 0-1 stəkan içənlər, 1-2 stəkan, 2-3 fincan və 3 stəkandan çox içənlər.
    Gündə 3 stəkandan çox qəhvə içən qrupda demensiyanın ən az rastlanması qeydə alınıb. Ümumilikdə, müntəzəm qəhvə içənlərin qəhvə içməyənlərlə müqayisədə Alzaymer xəstəliyinə tutulma riski 34%, Parkinson xəstəliyinə tutulma riski 37% və neyrodegenerativ xəstəliklərdən ölmə riski 47% daha az idi.
    Tədqiqatçılar kofeinin beyinə qoruyucu təsir göstərə biləcəyini, şəkər və süni dadlandırıcıların isə onun faydalarını zəiflədə biləcəyini irəli sürürlər. Ancaq bu fərziyyələri təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.