Category: Maraqlı

  • Ağ ayaqqabıları təmizləməyin təbii üsulları

    Estetik görünüşü ilə seçilən ağ ayaqqabılar zamanla çirklənə bilər. Ağ rəngini itirərək saralmağa və ya bozarmağa başlayan ayaqqabılarınızı yenidən təmizləmək üçün təbii üsullardan istifadə edə bilərsiniz.

    Median.Az “Haber Global”a istinadən bu üsulları diqqətinizə çatdırır.

    Diş pastası: Diş pastası dişlərdəki ağartma təsirini ayaqqabılarda da göstərir. Bu vasitədən istifadə edərək dəqiqələr ərzində ayaqqabılarınızı ağarda bilərsiniz. Ayaqqabılarınızı ağartmaq üçün əvvəlcə diş pastasını az miqdarda su ilə qarışdırın. Daha sonra istifadə etmədiyiniz bir diş fırçası ilə pastanı ayaqqabınıza sürtün. 10 dəqiqə gözlədikdən sonra nəm salfetlə ləkələri silə bilərsiniz.

    Sirkə və soda: Sirkə və soda özlüyündə təmizliyə kömək edən təbii məhsullardır. Ayaqqabılarınızı təmizləmək üçün bir qabda 1 xörək qaşığı soda və 2 xörək qaşığı sirkəni qarışdırın. Daha sonra bu qarışımdan istifadə edərək ayaqqabılarınızdakı ləkələri təmizləyə bilərsiniz.

    Limon və duz: Limonun turşulu tərkibi və duzun təmizləyici xüsusiyyəti ilə ayaqqabılarınızı əvvəlkindən daha ağ edə bilərsiniz. Bu üsulu tətbiq etmək üçün bir qabda limon suyu ilə duzu qarışdırın. Daha sonra qarışığı ayaqqabılarınıza sürtün. 5 dəqiqə gözlədikdən sonra ayaqqabıları təmizləyə bilərsiniz.

  • Dünyada temperatur rekord yüksək səviyyəyə çatıb – HƏYƏCAN TƏBİLİ

    2024-cü ildə qlobal temperatur rekord yüksək səviyyəyə çatıb. Bu, planetin 1.5°C-dən artıq istiləşmə dövrünə daxil olmasının əlaməti ola bilər.

    Beynəlxalq alimlər qrupunun bununla bağlı tədqiqatlarının nəticələri “Nature Climate Change” jurnalında dərc edilib.

    Məqalədə Ümumdünya Meteorologiya Təşkilatına istinadla bildirilir ki, 2024-cü il qlobal temperaturun 1.5°C-i keçdiyi ilk tam təqvim ili olub.

    “Son 125 min ildə müşahidə edilməyən bu göstərici ciddi narahatlıq doğurur. Hər əlavə dərəcə daha ekstremal hava şəraiti və biomüxtəlifliyin itirilməsi deməkdir”, – deyə alimlər xəbərdarlıq ediblər.

    Kompüter modelləşdirməsindən istifadə edən tədqiqatçılar hesab edirlər ki, 2024-cü ildə bu həddin keçilməsi, növbəti 20 illik dövrdə 1.5°C-lik istiləşmənin davam edəcəyinin göstəricisidir.

    İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspert qrupunun qiymətləndirmələrinə əsasən, 1.5°C həddində temperaturun saxlanılması qlobal istiləşmənin ən fəlakətli nəticələrindən yan keçməyə imkan verə bilər. Lakin artıq 2024-cü il mümkün gələcəyin reallığını göstərdi: dağıdıcı qasırğalar, yanğınlar və daşqınlar nəhəng iqtisadi zərərə səbəb olub.

    Alimlər xəbərdarlıq edirlər ki, 1,5°C-lik istiləşmə mərcan riflərinin 90%-ə qədərinin məhv olması və quru ərazilərində yaşayan növlərin 14%-nin yox olması təhlükəsi yaradır. Əgər temperatur 2°C-yə qədər artmağa davam edərsə, bu Arktika buzlarının və əbədi donuşluğun əriməsinə, metanın ayrılmasına və dünya okeanının səviyyəsinin bir neçə metr qalxmasına səbəb ola bilər.
    //oxu.az

  • Rahatlıq üçün ortopedik kresloya keçid zərər verə bilər – GİZLİ TƏHLÜKƏ

    Oturaq həyat tərzi keçirən bir çox insan bel nahiyəsinə düşən yükü azaltmaq ümidi ilə ortopedik kresloya keçməyi düşünür. Lakin belə bir dəyişiklik xeyirdən çox zərər verə bilər.

    Bu barədə rusiyalı nevroloq Aleksandr Babuşkin “News.ru”ya müsahibəsində danışıb.

    “Əgər siz stulda düz qamətlə oturmağa öyrəşmisinizsə, sonra onu ortopedik kresloya dəyişmək qərarına gəlsəniz, bu zaman qaçılmaz olaraq digər əzələ qruplarında gərginlik yaratmış olacaqsınız və bu da çapıq toxumasının artmasına gətirib çıxaracaq”, – deyə həkim bildirib.

    Nevropatoloq vurğulayıb ki, uzun müddət oturduqda kürəyə istirahət vermək vacibdir, lakin bunu uzanmaq mövqeyinə keçməklə etmək doğru deyil.

    “Kürəyiniz üçün düzgün istirahət – hərəkətdədir”, – deyə Aleksandr Babuşkin qeyd edib.

  • “Şirniyyat sevgisi” hansı xəstəliyin əlaməti ola bilər?

    Almaniyanın Tyubinqen Universitet Klinikasının alimləri müəyyən ediblər ki, depressiyadan əziyyət çəkən insanlar karbohidratla zəngin qidalara üstünlük verirlər. Üstəlik, depressiyanın simptomları dərinləşdikcə şirniyyata meyillilik daha da artır.

    Bununla bağlı araşdırmanın nəticələri “Psychological Medicine” (PsyMed) jurnalında dərc olunub.

    Araşdırmada 117 könüllü iştirak edib ki, onlardan 54-nə depressiya diaqnozu qoyulub.

    Məlum olub ki, depressiyadan əziyyət çəkən insanlarda tez-tez iştahanın azalması müşahidə olunsa da, onlar karbohidratla zəngin qidalara – çörək, şirin içkilər, südlü şokoladlara üstünlük verirlər. Eyni zamanda, zülal və yağlarla zəngin qidalar belə xəstələrə daha az cəlbedici görünür. Bununla belə, depressiya zamanı qida seçimlərindəki dəyişikliklər iştahanın ümumi şəkildə artması ilə əlaqəli olmayıb.

    İndi tədqiqatçılar xəstənin rasionunun optimallaşdırılması hesabına depressiya əlamətlərinin uzunmüddətli zəiflədilməsinin mümkün olub-olmadığını müəyyən etmək niyyətindədirlər. İlkin tədqiqatlar artıq göstərib ki, ac qalmaq və ya probiotik pəhriz antidepressiv təsir göstərə bilər.
    //oxu.az

  • Planetlərin ikinci “böyük paradı” olacaq

    Fevralın 28-də ilin ikinci “planetlərin böyük paradı” müşahidə olunacaq.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.

    Bildirilib ki, axşamdan Günəş batan kimi 7 planet – Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcək.

    Səmada görünmə ardıcıllığı qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars.

    Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Merkuri, Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.

    Günəş batdıqdan dərhal sonra müşahidəyə başlamaq məsləhətdir, çünki bəzi planetlər qərb tərəfdə üfüqə yaxın olduqları üçün tez batırlar. Şəhər işıqlarından uzaq, açıq və təmiz bir səma altında planetləri müşahidə etmək daha yaxşı nəticə verəcək.

    “Planetlərin böyük parade” nadir astronomik hadisədir və hər 20 ildən bir baş verir. “Planetlərin parade” tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir.

    Xatırladaq ki, ilin birinci “planetlərin böyük paradı” yanvarın 21-də müşahidə olunub.

    Bizi Twitterdə izləyin

  • Bibərin faydaları nələrdir?

    Acı və şirin dadı ilə bibər sağlamlıq üçün çox faydalıdır.

    Bibər tərkibindəki antioksidant maddələr sayəsində immun sistemini gücləndirir.

    Bibər bir çox vacib vitamin, mineral və antioksidantlarla zəngin qidadır. Tərkibində qida maddələri, xüsusilə C vitamini, A vitamini, folat, kalium və lif var. Bibərin müntəzəm istifadəsi bədənin ehtiyac duyduğu bu qidaları təmin etməyə kömək edir və ümumi sağlamlıq və rifahı dəstəkləyir.

    Bibərdəki antioksidantlar hüceyrə zədələnməsinin qarşısını alır və sərbəst radikallarla mübarizə apararaq yaşlanma prosesini ləngidir. Eləcə də, ürək xəstəliyi, xərçəng və digər xroniki xəstəliklər riskini azaltmağa kömək edir.

    Yüksək miqdarda lif ehtiva edən bibər qəbizlik kimi problemlərin azalmasında da çox təsirlidir.

    Bu tərəvəz yüksək C vitamini ilə xüsusilə soyuq mövsümlərdə ortaya çıxan infeksiyalara qarşı müqaviməti artırır.

    Bundan başqa, yaddaşı yaxşılaşdırır, stressi azaltmağa kömək edir. Həzm sistemini tənzimləyir, toxluq hissini artırır. Bu da arıqlamaq istəyənlər üçün faydalıdır.

    Həmçinin göz sağlamlığını qoruyur.

    Qırmızı Bibər: Şirin və ya acı ola bilən qırmızı bibər C vitamini ilə zəngindir və salatlarda tez-tez istifadə olunur. Antioksidantlarla da zəngin olan qırmızı bibər immunitet sistemini gücləndirməyə kömək edir.

    Yaşıl Bibər: Ümumiyyətlə salat və yeməklərdə istifadə olunur. Tərkibində yüksək miqdarda C vitamini var. Yaşıl bibər aşağı kalorili olduğu üçün pəhriz dostudur.

    Sarı Bibər: Şirin dadı var və xüsusilə yay aylarında bol olur. Sarı bibər dəri sağlamlığına töhfə verən və immunitet sistemini dəstəkləyən A vitamini və C vitamini ilə zəngindir.
    //qafqazinfo

  • Qırmızı ətin gözlənilməz təhlükələri ÜZƏ ÇIXDI

    Amerikalı alimlər qırmızı ət qəbulunu daha sürətli koqnitiv qocalma və demensiya riskinin artması ilə əlaqələndiriblər.

    Müvafiq araşdırma “Neurology” jurnalında dərc edilib.

    Tədqiqatçılar ABŞ-də 133 mindən çox tibb işçisinin 40 il ərzində qidalanmasına və səhhətinə nəzarət edərək onların məlumatlarını təhlil ediblər.

    Nəticələr göstərib ki, emal edilmiş qırmızı ətin, məsələn, bekon, kolbasa və sosiskanın mütəmadi qəbulu demensiyanın inkişaf riskini 16 faiz artırır.

    Bundan başqa, sözügedən ət ürək-damar xəstəliklərinin inkişafına da imkan yaradır. Emal edilmiş ət məhsullarında duzun çox olması da orqanizmdə hipertoniya və iltihab proseslərinə gətirib çıxara bilər, bu da öz növbəsində Altsheymer xəstəliyi ehtimalını yüksəldir.

  • Ürək sağlamlığını effektiv şəkildə gücləndirən təbii maddələr açıqlanıb

    Portsmut Universitetinin alimləri adətən avokado və çərəzdə olan keton monoefirlərin ürəyin iş indeksini və kiçik damarlarda qan dövranını yaxşılaşdıra biləcəyini müəyyən ediblər.

    Tədqiqatın nəticələri “Journal of Applied Physiology” (JAP) jurnalında dərc edilib.

    Sözügedən məhsullarda olan ketonlar orqanizmdə ketoz adlanan karbohidrat aclığı nəticəsində əmələ gələ bilər. Bu proses orqanizmə yağlardan enerji istehsal etməyə kömək edir ki, bu da qanda qlükozanın aşağı səviyyəsində sağ qalmağa imkan verir.

    Bəzi araşdırmalar göstərib ki, ketonlar piylənmədən əziyyət çəkən insanlarda koqnitiv pozuntuların qarşısını ala bilir. Lakin yeni araşdırmada əsas diqqət keton efirlərinin ürəyə necə təsir etməsinə yönəlib.

    Tədqiqatda ikinci tip diabetdən əziyyət çəkən insanlar iştirak ediblər. Orqanizmi ketoz vəziyyətinə gətirmək üçün könüllülərə keton efirləri olan maye əlavəsini qəbul etmək təlimatı verilib. İkinci mərhələdə təcrübə plasebo ilə təkrarlanıb. Bütün tədqiqat müddətində alimlər ürəyin işini, baldır əzələlərində oksigen səviyyəsini və iştirakçıların damar funksiyasını qiymətləndiriblər.

    Nəticələr göstərib ki, ketonlu içki qəbulundan sonra iştirakçıların ürəyi həm istirahət vəziyyətində, həm də mülayim fiziki yükləmələr zamanı daha səmərəli işləyib. Həmçinin kiçik damarlarda qan dövranının yaxşılaşması qeydə alınıb.

    Alimlər izah ediblər ki, keton monoefirləri təkcə əlavələr vasitəsilə deyil, həm də qida ilə əldə etmək mümkündür. İspanaq, brokkoli, avokado, qoz, zeytun və kokos yağı, pendir və balığın müntəzəm olaraq qida rasionuna daxil edilməsi ürək sağlamlığı üçün çox faydalı ola bilər.

  • İnsanların daha xoşbəxt olduqları vaxtlar açıqlandı

    London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, insanların əksəriyyəti səhər vaxtı özlərini daha xoşbəxt hiss edirlər. Mənfi əhval-ruhiyyə isə əsasən gecəyarısına yaxın gəlir.

    Tədqiqatın nəticələri “BMJ Mental Health” jurnalında dərc olunub.

    Bu nəticələr təqribən 50 min nəfərin iştirak etdiyi genişmiqyaslı layihənin məlumatları əsasında çıxarılıb.

    İki il davam edən tədqiqat çərçivəsində iştirakçılar öz əhval-ruhiyyəsi, xoşbəxtlik səviyyəsi, həyatdan razılıq və digər psixi sağlamlıq aspektləri ilə bağlı suallara cavab veriblər. Məlum olub ki, səhər vaxtı insanlar özlərini daha xoşbəxt hiss edir, gecə isə əhval-ruhiyyə pisləşir.

    Alimlər, həmçinin müşahidə ediblər ki, həftənin günləri emosional vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərir. Çərşənbə axşamları və yay aylarında insanlar özlərini daha şən və optimist hiss edirlər. Eyni zamanda, həftəsonları psixi sağlamlıq səviyyəsində daha böyük dalğalanmalar müşahidə olunur, bu da daha sabit olan həftəiçi günlərindən fərqlənir.

    Alimlər əhval-ruhiyyənin gün ərzində dəyişməsini insanın bioloji saatının, xüsusilə də əhval-ruhiyyə və stresi tənzimləyən kortizol hormonunun səviyyəsinin təsiri ilə izah ediblər. Səhər kortizolun pik səviyyəsi əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur, axşam isə onun səviyyəsinin azalması insanların özlərini daha pis hiss etməsinə gətirib çıxarır.

  • Kotleti necə üç dəfə ucuz hazırlamaq olar? – Evdar qadınların sirri

    İqtisadi qeyri-sabitlik şəraitində evdar qadınlar hazırlanan yeməklərin keyfiyyətini və dadını qoruyaraq qidaya qənaət etməyin yollarını getdikcə daha çox axtarırlar.

    Lent.az-ın məlumatına görə, sübut edilmiş və təsirli üsullardan biri tərəvəz, taxıl və hətta kartof püresi kimi sadə maddələr əlavə etməklə qiymə həcmini artırmaqdır. 
    Bu, təkcə ət xərclərini azaltmağa kömək etmir, həm də yeməyi daha dadlı və fərqli edir.

    Kotletləri daha yumşaq, şirəli və sağlam etmək üçün qiymə ətə yerkökü və ya balqabaq kimi sürtgəcdən keçirilmiş tərəvəzlər əlavə edə bilərsiniz. Tərəvəzlərin ətə nisbəti 1:1 ola bilər ki, bu da qarışığın həcmini əhəmiyyətli dərəcədə artırır. Bu cür əlavələr yeməyi vitaminlərlə doyurur, onu bütün ailə üçün sağlam edir. 

    Taxıllar: əlavə qida dəyəri
    Qaynadılmış düyü və ya qarabaşaq yarması təkcə qiymə ətin həcmini artırmaq üçün bir yol deyil, həm də uzun müddət toxluq hissini qoruyacaq mürəkkəb karbohidratlar mənbəyidir. Taxıllar kotletləri daha sıx edir və maraqlı bir dad verir. Maksimum həcm əldə etmək istəyirsinizsə, yulaf əzməsi istifadə edə bilərsiniz. Ətə əlavə etməzdən əvvəl onu suda islatmaq kifayətdir.
    Kartof püresi və irmik yarması: gözlənilməz köməkçilər
    Çəkilmiş ətə əlavə edilən kartof püresi kotletləri daha yumşaq edir. Bu tərkib hissəsi daha zərif teksturaya üstünlük verənlər üçün xüsusilə aktualdır. Başqa bir universal seçim irmikdir. Qarışığa əlavə edilən bir neçə qaşıq irmik qabardıqca qiymənin həcmini iki-üç dəfə artırır.
    Yeni təcrübələr
    Yeni dadlar yaratmaq üçün qiymə ətə süddə isladılmış çörək və ya xırda doğranmış soğan əlavə etməyə cəhd edə bilərsiniz. Bu, kotletləri daha yumşaq və dadlı edəcək.