Hazırda düşmən Bərdə və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutur.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək, onun xeyli sayda hərbi texnikasını məhv edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, düşmən tərəfindən döyüş meydanında tərk edilən digər zirehli texnikaları isə bölmələrimiz tərəfindən tam işlək vəziyyətdə ələ keçirilib.
Ordumuzun düşmənin hərbi hədəflərinə və hərbi texnikasına dəqiq zərbələri davam edir.
Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşları hədəfə alan hücumlarını “Twitter” hesabında şərh edib.
Müdafiə qurumunun işğalçı ordunun insanlığa qarşı cinayətlərindən bəhs edən paylaşımına dinc əhalinin evlərinə və infrastruktura dəyən zərərin görüntüləri ilə bağlı fotolar da əlavə olunub.
“Məkrli plan arxasınca düşən Ermənistan Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Füzuli kimi mülki yaşayış yerlərini hədəfə alır. Müharibəni Qarabağdan kənarda yerləşən mülki yaşayış məntəqələrinə daşımağa çalışan Ermənistan insanlığa qarşı cinayətlər törətməyə davam edir!”, – deyə tvitdə vurğulanıb.
İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən, mülki əhalini hədəfə almaqla bu gün səhər saat 08:00 radələrindən başlayaraq Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bu gün, səhər saat 09:00 radələrində Füzuli rayonu Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, o cümlədən, onların yaşadıqları evlərə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək və gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər davam edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək, onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb.
Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.
Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb.
Nəticədə, binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi, polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.
Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyyə edilir. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.
Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, iki ədəd PDM-i, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, iki ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, üç ədəd D-30 haubitsa topu, iki ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.
Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus altı ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.
Azərbaycan Müdafiə Nazirliyi erməni mənbələrinin guya Şuşada kilsəyə raket zərbəsi barədə yaydığı məlumatları şərh edərək bildirib ki, kilsənin zərər çəkməsi barədə xəbərlərin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Trend-in məlumatına görə, nazirliyin bəyanatında vurğulanır ki, Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.
Elə isə, Şuşadakı kilsədə, əslində, nə baş verib?
Kilsədəki dağıntılar barədə erməni KİV-nin yaydığı görüntüləri analiz edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, yayılan ilkin videogörüntülərdə kilsənin binasından qara tüstü çıxdığı göründüyü halda, kilsənin içindən yayılmış təsvirlərdə heç bir yanğın əlaməti yoxdur.
Onun fikrincə, binanın içərisindəki xarakterik əlamətlər – divardan asılmış bütün şəkillərin yerində olması, ibadət yerinin dağılmaması, hətta şüşə çərçivələrinin belə salamat olması – onu deməyə əsas verir ki, kilsənin daxilində partlayış baş verməyib:
“Əgər təqdim olunan şəkillərdəki dəlik raket zərbəsi nəticəsində yaransa idi, həmin raket kilsənin daxilində böyük dağıntılara, yanğına səbəb olmalı idi. Əgər raket binanın xaricində partlayıbsa, o zaman ən azından dam örtüyünün taxta elementləri yanmalı idi”.
Digər tərəfdən, binada zərbənin dəydiyi iddia olunan yerin təhlili və Google Maps üzərindən aparılan araşdırma göstərir ki, “zərbə” kilsənin binasının Azərbaycan tərəfinə yox, Ermənistan tərəfinə baxan hissəsindən “dəyib”: “Erməni tərəfinin məntiqindən belə çıxır ki, raketimiz kilsənin üzərindən keçməli, sonra geriyə dönüş edib, binanın Ermənistan tərəfinə baxan hissəsindən zərbə vurmalı idi. Bu, heç bir sağlam məntiqə sığmayan bəyanatdır. Bir daha aydın olur ki, Ermənistan tərəfi guya Azərbaycanı vandalizmdə ittiham etmək, ölkəmizə qarşı beynəlxalq qınağı formalaşdırmaq istəyir”.
Döyüşlərdə məğlub olduğunu görən Ermənistan rəhbərliyi hər bir şəkildə Azərbaycanı təxribata çəkərək, ölkəmizi dünya ictimaiyyətinə vandal dövlət kimi təqdim etməyə çalışır. Bundan başqa, illər boyu Azərbaycana məxsus dini abidələri dağıdan və xarabalığa çevirən Ermənistan, bu təxribatla diqqəti Azərbaycanın üzərinə yönəltmək və ölkəmizin öz ərazi bütövlüyü uğrunda mübarizəsini “dini rəng”də təqdim etməyi düşünür.
Nəhayət, bundan əvvəl Ermənistanın Baş naziri səviyyəsində səslənən sərsəm iddiaları – Türkiyə F-16 qırıcılarının döyüşlərdə iştirakını, Ermənistan ordusunun Su-25 təyyarəsinin vurulmasını, Azərbaycanın guya Ermənistan ərazisini bombalamasını, mifik “muzdlular” haqqında nağılları sübut edə bilməyən Yerevan indi də dini mövzuda feyk yaymağa məcbur olub.



