Ermənistan ordusunun atdığı mərmidən bir nəfər mülki şəxs həlak olub.
Baku TV xəbər verir ki, hadisə Goranboy rayonunda baş verib.
Belə ki, Goranboy sakininin həyətinə düşən mərminin qəlpələrindən ev sakini Türyan Quliyeva həyatını itirib.
Qonşuların sözlərinə görə, hadisə səhər saatlarında baş verib, qəlpələrin ətrafa səpələnməsi nəticəsində Türyan Quliyeva sinəsindən yara alıb və hadisə yerindəcə keçinib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Qeyd edilir ki, qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə sutkada 24 saat ərzində fasiləsiz təmin edilir.
Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem və çətinlik yoxdur. Təminat və təchizatla bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunur.
Ermənilərin “F-16” qırıcı təyyarələrinin Gəncə Beynəlxalq Hava limanında olduğunu dair iddialarının yalan olduğunu “Fact Check Karabakh” səhifəsi təsdiq edib.
İddiaya görə, Türkiyə silahlı qüvvələri tərəfindən idarə olunan ən az iki “F-16” qırıcı təyyarə Gəncə Beynəlxalq Hava limanındadır. Lakin, şəkillərdən də görünür ki, bu F-16 təyyarələri deyil, Azərbaycan tərəfinin daha öncə İtaliyadan aldığı “M-346” döyüş təyyarələridir.
Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri, əldə edilən qələbələr barədə məlumatlar şəxsi heyətə və mülki sakinlərə operativ şəkildə çatdırılır.
Təşviqat tədbirlərinin məqsədi ordu-xalq birliyinin daha da möhkəmləndirilməsi, ordumuzun qüdrətinin və döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də döyüşlərdə rəşadət göstərən şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin təbliğ edilməsidir.
Şəxsi heyət və cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanan tədbirlər səyyar səsyayıcı stansiyalar vasitəsi ilə yayımlanan hərbi-vətənpərvərlik mahnı və marşları ilə müşayiət edilir.
İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən bu gün səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bu gün saat 06:00 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən, qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy rayonunu artilleriya atəşinə tutub.
Baku TV-nin müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində sakinlər arasında ölən və yaralananlar var.
Düşmən dinc sakinləri hədəf almaqda davam edir. Lakin buna baxmayaraq, sakinlər öz ata-baba yurdlarını tərk etmir. Onlar şanlı ordumuzun gücünə inanır.