Azərbaycan silahlı qüvvələri tərəfindən düşmənin daha bir neçə zirehli texnikası məhv edilib.
Bununla bağlı görüntülər əldə olunub.
Category: Ordu
-
Azərbaycanın Ali Məhkəməsindən Ermənistanın təxribatları ilə bağlı dünya ölkələrinin Ali məhkəmələrinə BƏYANAT
Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı bəyanat qəbul edib.
Ali Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, bəyanat dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin Ali məhkəmələrinə göndərilib.
Bəyanatda deyilir: “Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Bu hərbi təcavüzə cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələri özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun surətdə Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarını davam etdirir.
Sentyabrın 27-dən etibarən təmas xəttindən 50-250 kilometr məsafədə yerləşən şəhər və kəndlərimizdə – Gəncə, Biləsuvar, Tərtər, Ağcabədi, Bərdə, Xızı və digər yaşayış məntəqələrimizdə azərbaycanlı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində üçü uşaq olmaqla 29 mülki şəxs həlak olub və 144-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Həmçinin əhalinin 500-ə yaxın mülkü, o cümlədən xüsusi mülkiyyət, su anbarı və Mingəçevirdəki elektrik stansiyası, Xəzər dənizindən Avropaya xam neft və təbii qaz tədarük edən enerji boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri) və Tərtər bölgəsindəki regional məhkəmə binası Ermənistan silahlı qüvvələrinin atəş hədəfləri olub.
Bu son hadisələr Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün və Azərbaycana qarşı son təxribatlarının davamıdır. Belə ki, 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri təcavüzkar ekspansionist siyasətini Dağlıq Qarabağ bölgəsindən şimala doğru dəyişdirərək Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi qulluqçuları və mülki şəxsləri öldürərək hərbi mövqelərə və mülki obyektlərə ağır artilleriya zərbələri endirib.
İndiki Ermənistan-Azərbaycan silahlı qarşıdurmasının kökündə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və tarixən Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun qanunsuz işğalı ilə bağlı erməni siyasəti dayanır.
Bu gün Azərbaycan ərazilərinin təxminən 20 faizi qeyri-qanuni erməni işğalı altındadır və Azərbaycanın mülki əhalisinə qarşı aparılan etnik təmizləmə nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün evlərindən qovulub, 20 min insan öldürülüb, 50 min insan yaralanıb və ya əlil olub, təxminən 5 min nəfər Azərbaycan vətəndaşı hələ də itkindir.
1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı misli görünməmiş bir qırğın törədildi. Fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 mülki şəxsi qətlə yetirib. Bundan başqa, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi bu günə qədər bilinmir. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər indiyədək tutulmayıb və məsuliyyətə cəlb olunmayıblar.
Mövcud silahlı münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da daxil olmaqla bütün beynəlxalq diplomatik səylərin Ermənistan hökuməti və rəhbərliyinin qeyri-konstruktiv yanaşması səbəbindən bu günə qədər uğursuz olduğu xüsusi olaraq vurğulanmalıdır.
Ermənistan hökuməti Dağlıq Qarabağı və ona bitişik rayonlarını Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrini, Qoşulmama Hərəkatı, Avropa Şurası və Avropa Birliyi kimi aparıcı beynəlxalq təşkilatların bir sıra qətnamələrini açıq şəkildə yerinə yetirməyib.
Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” qərarında (№ 13216/05, 16 iyun 2015) qeyd olunur: “Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Ermənistanın “Dağlıq Qarabağ respublikası” üzərində əhəmiyyətli və həlledici təsiri olub. Bu iki qurumun praktik olaraq bütün vacib məsələlərdə yüksək səviyyədə inteqrasiyası bu günə qədər davam edir. Başqa sözlə desək, “Dağlıq Qarabağ respublikası” və onun rəhbərliyi Dağlıq Qarabağ və ətraf ərazilər üzərində təsirli nəzarəti həyata keçirən Ermənistanın ona verdiyi hərbi, siyasi, maliyyə və digər dəstək sayəsində yaşayır … ”.
Azərbaycan Respublikasının sərhədlərinin xarici təhdidlərə qarşı toxunulmazlığını qoruması və ərazilərindəki hər kəsin insan hüquq və azadlıqlarını təmin etməsı 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları da daxil olmaqla, beynəlxalq hüquqa dair bütün vəzifələrinə və öhdəliklərinə uyğundur. Azərbaycan hökuməti hər zaman silahlı qüvvələrin döyüşçülərlə mülki şəxsləri, hərbi obyektlərlə mülki obyektləri ayırd etməsini tələb edən beynəlxalq humanitar hüququn təməl prinsipinə əməl etdiyini bəyan edir. Bundan əlavə, Azərbaycan silahlı qüvvələri mülki insanları hədəfə alma və ya mülki insanların əmlakına zərər vuran hücumlara qarşı mütləq qadağaya hörmət etmək öhdəliyini təsdiqləyir.
Biz Azərbaycan hökumətinin ərazi bütövlüyünü bərpa etmək və bütün məcburi köçkünlərin hüquqlarını bir daha təsdiq edərək öz evlərinə qayıtmalarını təmin etmək səylərinin tərəfdarıyıq. Bununla, bölgədə həqiqi və davamlı sülhə kollektiv şəkildə nail olmaq mümkündür.
Qanunun aliliyinin gücləndirilməsinə, insan hüquqlarının və əsas azadlıqlarının qorunmasına yönəlmiş çoxtərəfli səylərimizi dəstəkləməyinizi gözləyirik”.
-
Xəzər İbrahim: “Qarabağdakı PKK terrorçularının Şimali İraqla əlaqəsini müəyyən etdik”
“Qarabağda Ermənistan tərəfindən vuruşan PKK terrorçularının Şimali İraqdakı mərkəzləri ilə əlaqə saxladıqlarını müəyyən etdik”.
Bu sözləri Gazi Universiteti tərəfindən keçirilən “Qarabağın dünəni, bu günü və sabahı” adlı paneldə çıxışı zamanı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.Xəzər İbrahim çıxışında Türkiyənin Azərbaycana dəstəyi məsələsini də diqqətdə saxlayıb:
“Qardaş türk millətinin mənəvi dəstəyi bizə kifayətdir. İnşallah işğaldan qurtulmuş Qarabağ torpaqlarında hamımız birlikdə mahnılar oxuyacağıq”.
Türkiyədəki səfirimiz Ermənistanın cəbhədə PKK terrorçularından dəstək aldığını da ifadə edib:
“Zərərsizləşdirilən erməni əsgərlərinin arasında PKK terrorçularının da cəsədləri var. Terrorla mübarizə Qərb ölkələri üçün normal olduğu halda, bizə gələndə bu vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən anormal qarşılanır. Bizi bu mövzuda sadəcə qardaş Türkiyə dəstəkləyir”.Səfir həmçinin baş verən döyüşlər nəticəsində erməni əsgərlərinin silahlarını buraxaraq qaçmağa məcbur olduqlarını söyləyib:
“Döyüşlərdə uduzduqlarını anladıqda raketlərlə dinc əhalinin məskunlaşdığı əraziləri hədəfə alır və bizim mənəvi gücümüzü qırmağa çalışırlar. Bizə hücum edənlər təkcə Qarabağdan deyil, eyni zamanda Ermənistan sərhədləri daxilindən də raketlər atdılar. Ermənistan öz gücü çatmadığı üçün bu hadisəyə böyük dövlətləri daxil etmək axtarışındadır”.
-
Ali Baş Komandanın yüksək rütbəli hərbçilərlə operativ müşavirəsi “HaberGlobal”da – VİDEO
Bu gün Azərbyacan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.
“Haber Global”ın hazırladığı süjetdə qeyd olunur ki, müşavirədə Dağlıq Qarabağda son vəziyyət dəyərləndirilib, Silahlı Qüvvələrin Ali Baş Komandanı müvafiq tapşırıqlar verilib.
Toplantı ilə bağlı digər detalların açıqlanmadığı qeyd olunur.
-
İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində müşavirə keçirib – YENİLƏNİB+FOTO/VİDEO
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.
AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi.




***
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.
-
Ermənistanın yüksək rütbəli hərbçiləri döyüş bölgəsindən qaçıb
Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusuna məxsus bir çox hərbi maşınlar hərbçilərimiz tərəfindən ələ keçirilib, bu maşınların içərisində yüksək rütbəli erməni hərbçilərinə məxsus nəqliyyat vasitələri də var.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, sentyabrın 27-dən başlayan döyüşlərdə Azərbaycan Ordusu gündən-günə böyük qəhrəmanlıqlar göstərərək işğal altında olan torpaqlarımızı azad etməklə yanaşı, düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikalarını məhv edib bir çox zirehli və əhəmiyyətli nəqliyyat vasitələrini ələ keçirib.Bu hərbi nəqliyyat vasitələrinin içərisində erməni zabitlərini daşıyan avtomobillər də var. Bu da onu göstərir ki, Ermənistan silahlı qüvvələrinin nəinki adi əsgəri, həmçinin yüksək rütbəli hərbçiləri də döyüşdən qorxaraq hərbi texnikalarını orada qoyaraq müxtəlif yollarla ərazidən qaçırlar. Bir neçə gün öncə ermənilərin idarə etdiyi bu nəqliyyat vasitələri artıq Azərbaycan Ordusunun əlindədir. Gördüyünüz bu texnika ilə döyüşməyə gələn ermənilərin bir çoxu Azərbaycan Ordusu tərəfindən məhv edilib, bir qismi isə qorxaraq arxasına baxmadan qaçıb. Hətta bəzi nəqliyyat vasitələrinin içərisində hərbi məlumatlar olan xüsusi qeydlər yazılmış sənədlər də var. Onlar qaçarkən qorxularından bu hərbi sirr sayılan sənədləri belə məhv etməyiblər.
Düşmənə məxsus rabitə maşınında isə bu cür sənədlərə daha çox rast gəlinir. Bu da Ermənistan ordusunda olan özbaşınalığı və səriştəsizliyi göstərən digər amillərdən biridir.
Qeyd edək ki, düşmən yalnız zirehli maşınlar və texnikanı yox, həmçinin xeyli sayda silah-sursatı da qoyub qaçıblar.
-
Anar Eyvazov: Ordumuz yeni dayaq məntəqələrini azad edib
“Ötən müddət ərzində bütün cəbhəboyu döyüşlər davam edib. Ordumuz əldə olunan nailiyyətləri genişləndirmək məqsədilə müxtəlif istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad edib. Bölmələrimiz ərazini düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edib”.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 7-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
A.Eyvazov bildirib ki, eyni zamanda, qarşılıqlı artilleriya atışları qeydə alınıb. Ordumuzun dəqiq artilleriya zərbələri ilə düşmənin müdafiə sahəsində bir tankı və üç topu məhv edilib. Beşinci alayın müdafiə sahəsində isə komanda-müşahidə məntəqəsi sıradan çıxarılıb. Düşmənin tərəfindən çoxlu sayda ölən və yaralananlar var. Əldə olunan məlumata görə düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər yaranıb. Buna görə də şəxsi heyət döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edib.
Müdafiə Nazirliyinin mətbuat katibi vurğulayıb ki, düşmənin digər bölmələrində döyüş sursatları və yanacaq təminatında ciddi problemlər var. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələrinin öz arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var. Əks-hücum əməliyyatı başlayandan bu günədək ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi və xeyli sayda şəxsi heyəti məhv edilib.
Diqqətə çatdırılıb ki, ordumuzun qətiyyətli əks-hücumu qarşısında aciz qalan qondarma rejimin və Ermənistan rəsmilərinin ziddiyyətli bəyanatları onların psixoloji durumunu aydın şəkildə əks etdirir. İtirilmiş mövqeləri dırnaqarası qaytaran işğalçı ordu Azərbaycanın dinc əhalisinin kompakt yaşadığı ərazilərdə, habelə Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Yevlax, Goranboy və Beyləqan və Cəbrayıl rayonlarını raket və artilleriya atəşinə tutub. Ordumuz tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun və əsgərlərimizin qələbə əzmi tamdır. Ali Baş Komandan tərəfindən verilmiş bütün döyüş tapşırıqları müvəffəqiyyətlə icra edilir.
-
İlham Əliyev: “Bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, bu münaqişə çoxdan çözülərdi”
“Bizdə S-300 hava hücumuna qarşı qurğular var, biz onları Rusiyadan almışıq. Rusiyadan bir çox silahlar almışıq. Burada heç bir məhdudiyyət yoxdur. Yalnız fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəklində alır. Amma o kredit kağız üzərində qalır, qaytarılmır”.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə CNN-Türk televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan çözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər. Yəni, fərq bundadır. Ancaq bizim imkanımız var ki, Rusiyadan silahlar alaq. Biz başqa ölkələrdən də silahlar alırıq. Bu məsələ ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur”.
Prezident qeyd edib ki, indi silah bazarı daha çox şaxələnib, coğrafiyası genişlənib. Bu gün Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və gələcəkdə bizim Türkiyə silahları ilə təchizatımız daha da yüksək səviyyəyə qalxacaq.
-
Prezident: “Əgər vasitəçilər vasitəçi kimi qalmaq istəyirlərsə, daha məsuliyyətli olmalıdırlar”
Biz hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gün də belədir. Hesab edirdik ki, bu qrupa həmsədrlik edən ölkələr bitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Çünki əks təqdirdə onların vasitəçilik missiyası sual altına düşür.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə CNN-Türk televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı daha sonra deyib: “Son hadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəq olmuşdular. Biz bilirik ki, bu ölkələrdə erməni lobbisi güclüdür. Erməni lobbiləri o ölkələrin hökumətlərinə də təsir edə bilər və edir. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə yaşayan ermənilər təşkilatlanmış qaydada Azərbaycana qarşı qara təbliğat kampaniyası aparırlar. Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələr tərəfindən birtərəfli mövqe sərgiləndi, tərəftutma halları baş verdi. Bu da qəbuledilməzdir. Buna görə biz öz sözümüzü demişik”.
Sözünə davam edən Azərbaycan Prezidenti vurğulayıb ki, əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heç bir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həllinə hesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun. Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun.
-
Bayrağımız Cəbrayılın mərkəzində – FOTO
İşğalçı Ermənistanın sentyabrın 27-də törətdiyi təxribatlar nəticəsində əks-hücuma keçən və uğurlu əməliyyatlar keçirən ordumuz bir sıra torpaqlarımızı işğaldan azad edib.
Ətrafındakı bir neçə kəndlə birlikdə Cəbrayıl rayonu da işğaldan azad olunan bölgələrimzidən biridir.Azərbaycan Respublikası Müdafiə Nazirliyi daha əvvəl bir neçə kənddən videolar yayımlamışdı.
Bu dəfə isə Cəbrayıl şəhərinin mərkəzində əsgərlərimizin şanlı Azərbaycan bayrağını ucaltması fotolarını əldə etmişik.

