Category: Ordu

  • MN: Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi yalandır, növbəti dezinformasiyadır

    Hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfindədir.

    Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib.

    Nazirlik rəsmisi bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumat yalandır, heç bir əsası yoxdur və növbəti dezinformasiyadır:

    “Bildiririk ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. İşğal altında olan torpaqlarımız azad olunur. Bu, danılmaz bir faktdır.
    Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir.

    Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır”.

  • Azərbaycanlı kişi ilə erməni “kişi”nin fərqi – VİDEO

    Sosial şəbəkələrdə yayılmış erməni və azərbaycanlı kişilərin videosu marağa səbəb olub.

    Belə ki, əvvəlcə yerli televiziya kanallarından birinə açıqlama verən erməni iddialı danışır və “onlar milyonlarla olsa da, mənə inanın, biz qalib gələcəyik”, – deyir.

    Elə bu anda uzaqdan eşidilən partlayış səsi kişinin sözünü ağzında qoyur və o, qəfil sıçrayaraq olduğu yerdən sürətlə uzaqlaşır.

    Ardınca isə azərbaycanlı kişinin açıqlaması göstərilir. Ermənidən qorxmamaq haqqında danışan, işğalda olan torpaqların azad olunmasının vacibliyini vurğulayan azərbaycanlı kişi yaxınlıqda partlayış olsa da, səsə reaksiya vermir, üstəlik bu səsin onun heç tükünü də tərpətmədiyini deyir.

    Görüntünü təqdim edirik:

  • Azərbaycan Ordusuna dəstək videoçarxı hazırlanıb – VİDEO

    Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən Azərbaycan Ordusuna dəstək məqsədilə videoçarx hazırlanıb.

    Videoçarxı oxuculara təqdim edirik:

  • MN: Aprel döyüşlərinin qəhrəmanı düşmən texnikasını məhv etməkdə davam edir

    2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülən gizir Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.

    Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

    Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir T.Misirxanov şəxsi rəşadət göstərərək bugünədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb.

    Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir.

  • Yücel Karauz: “Ermənistanın insanlıqdan kənar hərəkətlərinə baxmayaraq, Azərbaycan hərbi mövqeləri hədəf alır”

    “Ermənistan hakimiyyəti iyulun 12-dən başlayaraq Azərbaycanın dinc sakinlərini atəş tutur”.

    Bunu APA-nın yerli bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

    O bildirib ki, iyul ayında Tovuz, son günlər isə Gəncə, hətta paytaxt Bakıya yaxın ərazilərə raket zərbələri endirməklə Cenevrə konvensiyalarının tələblərini pozub: “Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpaqlarının müdafiəsi üçün vətən müharibəsinə başlayıb.

    Bu, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi Vətən müharibəsidir. 1993-cü ildən bəri Azərbaycan və Ermənistan rəhbərlərinin rəsmi səviyyədə saysız-hesabsız görüşləri keçirilib. Nazirlər səviyyəsində də bir çox görüş baş tutub. Azərbaycan hər zaman işğal altında olan torpaqlarının danışıqlar, sülh yolu ilə azad olunmasına çalışıb.

    Lakin Ermənistan nə danışıqlara, nə BMT-nin 4 qətnaməsinə, nə də digər beynəlxalq sənədlərə məhəl qoymayıb və hazırda bu özbaşınalığının cavabını alır”.

    Y. Karauzun sözlərinə görə, Ermənistan Azərbaycanda mülki əhalinin yaşadığı yerləri hədəf seçməklə insanları təşviş içərisində saxlamaq və bununla da atəşkəsə nail olmaq istəyir: “Ermənistanın digər məqsədi Azərbaycanın Vətən müharibəsini Azərbaycan-Ermənistan münaqişəsinə çevirmək, daha sonra isə region ölkələrini bu münaqişəyə cəlb etməkdir. Fəqət Ermənistanın insanlıqdan kənar bu hərəkətlərinə baxmayaraq, Azərbaycan humanist fəaliyyətini davam etdirməklə hərbi mövqeləri hədəf alır”.

    Azərbaycan Prezidenti İlham Əliyevin dünən xalqa çıxışına münasibət bildirən general qeyd edib ki, bir hərbçi kimi Azərbaycanın strategiyasını yüksək səviyyədə qiymətləndirir: “Biz hərbçilər üçün hərbidə iki hədəf var. Birincisi, düşməni və onun texnikasını zərərsizləşdirmək, ikincisi isə, düşmənin savaş əzmini qırmaqdır.

    Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başqa ölkələrdən dəstək almadan cəbhədə düşmənin əzmini qırmaqdadır. Prezident İlham Əliyev dünən xalqa müraciətində dedi ki, Azərbaycan torpaqları tamamilə işğaldan azad olunana qədər mübarizə davam edəcək.

    Azərbaycan Prezidenti sülhün hansı şərtlər altında əldə olunacağını və digər mühüm məsələləri də açıqladı. Bu, bir liderin yüksək siyasi gücünün və mədəniyyətinin göstəricisidir. Murovdağ, Suqovuşan, Cəbrayıl, Füzuli cəbhələri üzrə hərbi uğurların arxasında cənab İlham Əliyevin düzgün siyasəti və qətiyyəti, Azərbaycan xalqının yüksək vətənpərvərlik ruhu, Azərbaycan ordusunun düzgün strategiyası və qüdrəti dayanır”.

  • Ağcabədidə ermənilərin atdığı mərmidən dağılan evdən – Video

    Bu gün Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini raket atəşinə tutub.

    “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı hadisə yerindən reportaj hazırlayıb.

    Qeyd edək ki, raketlərdən biri partlamayıb. Digər iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digər raket isə başqa evə düşüb. Nəticədə Ağcabədi şəhər sakinləri – 1994-cü il təvəllüdlü Elşən Mehdi oğlu İbrahimov və qardaşı qızı, 2015-ci il təvəllüdlü Ayan Rövşən qızı İbrahimova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Qeyd edək ki, evə külli miqdarda ziyan dəyib.

  • Baş Prokurorluq: Ermənistanın terror cəhdlərinin qarşısı alınıb

    Xəbər verildiyi kimi, bu gün saat 21 radələrində Ermənistan silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb, lakin Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməyib.

    Bu barədə “Report”a Azərbaycan Respublikasının Baş Prokurorluğundan bildirilib.

    Ordumuzun qətiyyətli tədbirləri nəticəsində təcavüzkar Ermənistanın terror cəhdlərinin qarşısı alınıb.

  • Ermənilərin Ağdam və Goranboyu atəşə tutması nəticəsində 2 nəfər həlak olub, 5-i yaralanıb

    Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

    Baş Prokurorluqdan “Report”a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə Ağdam rayonunun müxtəlif istiqamətlərində intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Rəhimov Eyvaz Musa oğlu həlak olub, rayonun Üçoğlan kənd sakini 1971-ci il təvəllüdlü Səfərov Mehman Ağalar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakinləri 1955-ci il təvəllüdlü Abbasova Raziyə Bayraməli qızı həlak olub, eyni zamanda top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

  • Müdafiə Nazirliyi ələ keçirilən düşmən texnikalarının görüntülərini paylaşdı – FOTO

    Müdafiə Nazirliyi ələ keçirilən düşmən texnikalarının görüntülərini paylaşıb.

    Bildirilib ki, bunlar döyüşlərdə erməni hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikalarıdır.




  • Neftçilər cəbhədəki qələbələrlə bağlı Prezidentə müraciət etdilər

    Oktyabrın 5-də SOCAR-ın baş ofisində şirkət rəhbərliyinin iştirakı ilə onlayn müşavirə keçirilib.

    Müşavirədə neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda həyata keçirdiyi müzəffər siyasətə, dövlət başçısının Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətində Ermənistana qarşı irəli sürdüyü şərtlərə mütləq dəstək ifadə olunub.

    Qeyd edək ki, həmin şərtlərdə Ermənistanın baş nazirindən bir il bundan əvvəl bizim torpaqlarımızda “Qarabağ Ermənistandır” deməsinə görə Azərbaycan xalqından üzr istəməsi və Qarabağ Ermənistan deyil deməsi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi, Ermənistan silahlı qüvvələrinin hansı gündə, hansı bölgədən çıxmasını bəyan etməsi tələb olunur.

    Müşavirədə qeyd olunub ki, Azərbaycan neftçiləri bütün xalqımızla bərabər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Böyük Qələbə gününün yaxınlaşması üçün əllərindən gələni edəcəklərini bildirirlər. Daha sonra SOCAR rəhbərliyi bu şanlı, çətin və məsuliyyətli günlərdə ölkəmizə, ordumuza əlavə dəstək imkanlarını müzakirə etdi. Bütün şirkət üzrə orduya yardım kampaniyasının təşkili və mexanizmi barədə fikir mübadiləsi aparıldı və müvafiq qərarlar qəbul olundu. Yaxın günlərdə şirkət əməkdaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna ianələrinin toplanması təşkil olunacaq. Müşavirənin sonunda cəbhədəki qələbələrdən daha da ruhlanan Azərbaycan neftçilərinin bu tarixi günlərdə Azərbaycan Respublikasının Prezidentinə müraciəti oxundu. Müraciətin mətnini aşağıda təqdim edirik:

    Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan!

    Zati-alinizin qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı bir-birinin ardınca mənfur düşməndən azad etməsi, mühüm strateji yüksəkliklərdə və yaşayış məntəqələrində şanlı bayrağımızın dalğalanması bütün xalqımız kimi biz neftçilərin də qəlbini hədsiz qürur və iftixar hissi ilə doldurur. Sevincimizin həddi-hüdudu yoxdur. Suqovuşan qəsəbəsinin, Cəbrayıl şəhərinin və ətraf kəndlərin, habelə Tərtərdə, Füzulidə işğal altında olan onlarla yaşayış məntəqəsinin azad edilməsi həsrətlə gözlədiyimiz xəbərlərdir və bizi daha böyük əmək qələbələrinə ruhlandırır.

    Sizin qətiyyətli və müdrik əmrləriniz, cəbhədə düşməni günbəgün geri çəkilməyə məcbur edən qəhrəman əsgərlərimizin rəşadəti bizi bir daha əmin edir ki, müzəffər ordumuzun torpaqlarımızı son qarışınadək düşməndən azad edəcəyi və üçrəngli bayrağımızın doğma Qarabağ üzərində göylərə yüksələcəyi Böyük Qələbə günü yaxındır. Bu günlər biz hamımız müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda bütün cəbhə boyunca qalibiyyətlə irəliləyən iğid oğullarımıza öz əməyimizlə, arxa cəbhədə qazanılan uğurlarla dəstək olmağa çalışırıq.

    Sizin rəhbərliyiniz altında müasir Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı bu günlərdə bir yumruq kimi birləşən xalqımızın gücü yağı düşməni işğal etdiyi müqəddəs torpaqlarımızdan təşviş içində qaçmağa məcbur edir. Azərbaycan xalqı bu tarixi zəfər yürüşündə inamla addımlayaraq, Sizin müdrik siyasətinizin, yorulmaz fəaliyyətinizin nəticəsi olan sarsılmaz birliyini və həmrəyliyini bütün dünyaya qürurla nümayiş etdirir. Şübhə yoxdur ki, məkrli düşmən və onun havadarları bu birliyin qarşısında davam gətirmə bilməyəcək. Azərbaycanın dinc əhalisini, mülki obyektlərini atəşə tutan düşmənin təxribatları xalqımızı qələbə yolundan döndərməyəcək, onun döyüş və qələbə əzmini sarsıda bilməyəcəkdir. Bizim işimiz haqq işidir, mübarizəmiz Xeyirin qələbəsi uğrundadır, biz şərə qarşı döyüşür, ədaləti bərpa edirik və bu yolun sonuna qədər alnıaçıq, üzüağ irəliləyəcəyik. Azərbaycan xalqı yenilməzdir, çünki onun sonsuz inam və qürurla arxasınca getdiyi qüdrətli Sərkərdəsi və rəşadətli Ordusu var.

    Dünən Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətiniz bütün Azərbaycan vətəndaşlarının ürəyindən xəbər verdi. Sizi dinlədikcə məntiqinizə, iradənizə heyran qalır, ürəyimizdən tikan çıxırdı. Bu müraciət bütün xalqımızın, o cümlədən, Azərbaycan neftçilərinin mübarizə ruhuna inanılmaz təkan verdi. Bu gün SOCAR-ın əməkdaşları həm könüllülər sırasında ön cəbhədə, həm də arxa cəbhədə Vətən uğrunda mübarizə aparırlar. İnamla döyüşür, həm də yorulmaq nədir bilmədən iqtisadiyyatımızın qüdrətini günbəgün artırmaq naminə əzmlə çalışırlar. Bu gün əmək növbəsində olanlarımız da döyüşlərə qatılmaq şövqü ilə yaşayır, könüllülər olaraq, hər an əmrinizi intizarla gözləyirlər.

    Cənab Ali Baş Komandan, biz neftçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illərdən bəri haqqı tapdanmış soydaşlarımızın öz doğma ocaqlarına qayıtması, Vətənimizin və xalqımızın əbədi azadlığı və xoşbəxtliyi naminə başladığınız bu haqq işinizə sona qədər sadiqik və əmrinizi gözləyirik. Bu gün hamımız şanlı Azərbaycan əsgəriyik. Vətənimizin işğaldan tamamilə azad olunacağı anı günbəgün, saatbasaat yaxınlaşdırmaq üçün hamımız əlimizdən gələni etməli, gecə-gündüz çalışaraq, Azərbaycanın haqq işinə – ədalətin təntənəsinə töhfəmizi verməliyik.

    Qoy Uca Allah bu müqəddəs mübarizədə Sizə kömək olsun. Haqq uğrunda döyüşən övladlarımıza güc-qüvvət versin, onların zəfər yolunu daim açıq etsin. Vətənimizin üzərindən qara buludlar birdəfəlik çəkilsin, azadlıq günəşinin şəfəqləri düşmən tapdağından qurtulmuş torpaqlarımızı yenidən canlandırsın, bərəkətli etsin. Tanrı Sizi və xalqımızı qorusun!