Category: Ordu

  • Düşmən silah-sursatını ataraq geri çəkilir – VİDEO

    Azərbaycan ordusunun cəbhə bölgəsində apardığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğaldan azad edilmiş ərazilərdə düşmənin silah-sursatı hərbi qənimət kimi ələ keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Azərbaycan ordusunun qarşısından geri çəkilən düşmən ordusu silah-sursatı ataraq geri çəkilməyə məcbur olur.

    Hərbi qənimətlərin görüntülərini təqdim edirik:

  • Ermənistan silahlı qüvvələri mülki obyektləri atəşə tutmağa davam edir

    Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə tutmağa davam edir. Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, çirkin əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Tərtər rayonunun mərkəzində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın hadisəsi baş verib. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, obyektin bir hissəsi yanğından mühafizə olunub.

    Ağdam rayonunun Xındırıstan kəndinə atılan düşmən mərmisinin təsərrüfat sahəsində səbəb olduğu yanğın yanğınsöndürmə qüvvələri tərəfindən qısa müddətdə sondürülüb. Bundan başqa, Ağgöl Milli Parkının Ağcabədi rayonu ərazisinə, Tərtər rayonunun Şıxarx qəsəbəsinə, Füzuli rayonunun Horadiz şəhərinə atılan mərmilərin törətdiyi yanğınlara müdaxilə edilməsi düşmənin ərazini atəş altında saxlaması səbəbindən mümkün olmayıb.

    Həmçinin, Ağgöl Milli Parkının Ağcabədi rayonu ərazisinə və Kəbirli kəndinə düşən mərmilərin zərərsizləşdirilməsi ilə əlaqədar yanğınsöndürmə qüvvələrinin növbətçiliyi təşkil edilib.

    Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

  • Millət vəkili: “Fransa həmsədr olduqca sülh prosesinin müsbət nəticə verəcəyini gözləmək əbəsdir”

    “Azərbaycan cəmiyyətində zaman-zaman ATƏT-in Minsk qrupunun vasitəçilərinin dəyişilməsi ilə bağlı tələblər və çağırışlar səslənib. Həmsədrlərdən biri – Fransa Prezidenti Makronun nümayiş etdirdiyi açıq tərəfkeşlik göstərir ki, bu ictimai tələb haqlı olub”.

    “Qafqazinfo” xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emanuel Makronun Dağlıq Qarabağ problem ilə bağlı səsləndirdiyi son bəyanatlarını şərh edən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

    E.Allahverdiyevin sözlərinə görə, Fransa Azərbaycanın xarici siyasətində hər zaman önəmli yer tutub. Dövlət başçımız dəfələrlə Fransada rəsmi səfərdə olmaqla bu dövlətə xoş münasibətini nümayiş etdirib:

    “Fransa biznesi Azərbaycan iqtisadiyyatında təmsil olunur və bir sıra iri layihələrin iştirakçılarıdır. Fransanın neft şirkətləri hələ “Əsrin müqaviləsi”nin imzalanmasından bizim neft sektorumuzda təmsil olunublar. Azərbaycan dövləti tərəfindən Fransa şirkətlərinə hər zaman xoş münasibət bəslənilib və onların ölkəmizdə işləməsi üçün hər cür şərait yaradılıb. Azərbaycan Fransaya yatırımlar edib. Azərbaycan dövləti bu ölkədə son illər bir sıra layihələr həyata keçirib, tarixi yerlərin bərpasına maliyyə vəsaiti ayrılıb”, – deyən deputatın fikrincə, bu ölkənin liderinin davranışı sadəcə təəssüf doğurur.

    “Fransa həmsədr olaraq neytrallığını qorumalı və tərəfkeşlik etməməlidir. Birincisi, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, işğal olunmuş torpaqlarımız da daxil olmaqla. İkincisi, Fransa Dağlıq Qarabağdakı xunta rejimini tərəf kimi tanımayıb. Üçüncüsü, Fransa BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun işğal olunmuş torpaqlarımızdan çıxmasına dair dörd qətnaməsinə səs verən beş dövlətdən biridir”, – deyən millət vəkili soruşur:

    “Bu halda Makronun açıq şəkildə Ermənistana və separatçılara dəstək verməsini necə başa düşməliyik? Makron deyir ki, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə imkan verə bilməzlər. Bu bəyanatı vasitəçi dövlətin başçısı nə səbəbdən deyir?”

    Elnur Allahverdiyevin sözlərinə görə, indiyədək Fransanın heç bir prezidenti belə bəyanat verməyib:

    “Bu, ilk növbədə Fransanın özünün beynəlxalq aləmdəki nüfuzu və reputasiyası üçün ləkə və qüsurdur. İndidən belə dünyada Fransaya ədalət baxımından etibar etmək olarmı?”

    Deputatın dediyinə görə, Makron tək Azərbaycan deyil, bir sıra digər ölkələrin də daxili işlərinə müdaxilə edir:

    “Hazırda Belarusun daxili siyasi həyatına təsir edən bəyanatlar verir. Rusiyanın daxili işlərinə qarışır. Qardaş Türkiyənin suveren hüquqlarını təhdid edir. Sual olunur ki, nə səbəbdən həmsədrlərdən yalnız Makron canfəşanlıq edir? Niyə Rusiya və ABŞ-dan bu davranışı görmürük? Ola bilsin, Makron bunu gələcək seçkilərə görə edir ki, ölkəsindəki erməni lobbisinin dəstəyini itirməsin. Ancaq onun bu davranışı heç bir halda Fransa kimi dövlətin rəhbərinə yaraşmır və təəssüf doğurur”.

    E.Allahverdiyevin fikrincə, dünya ictimaiyyəti qarşısında sərt və konkret tələb qoyulmalıdır:

    “Biz qəti şəkildə Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişilməsi və Fransanın bu “üçlük”dən uzaqlaşdırılmasını tələb etməliyik. Azərbaycan cəmiyyətində Makrona etimad yoxdur və bu, Fransanın vasitəçilik missiyasına kölgə salır. Bir tərəfdən bizi danışıqlar masası arxasına oturmağa çağırırlar, digər tərəfdən isə həmsədrlərdən birinin lideri açıq-aşkar tərəfkeşlik edir. Fransa prezidentinin bu hərəkətləri problemin sülh yolu ilə nizamlanma perspektivlərini heçə endirir. Fransa həmsədr olduqca, sülh prosesinin müsbət nəticə verəcəyini gözləmək əbəsdir”.

    E.Allahverdiyev deyib ki, görünür, XXI əsr olmasına baxmayaraq, Fransa tarixindən ibrət çıxarıb, bir dövlət olaraq dünyagörüşündə dəyişiklik edə bilməyib:

    “Bu ölkə Əlcəzairdə soyqırımı törətmiş ölkədir. Fransa 132 ilə 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı törədib. Belə tarixi olan ölkədən sülh naminə vasitəçilik gözləmək olarmı?”

    Xatırladaq ki, Fransa Prezidenti Azərbaycanı hərbi əməliyyatlarda “Suriyadan gətirilən terrorçuları istifadə etməkdə” suçlayıb. Daha sonra isə bildirib ki, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə imkan vermək olmaz.

  • Düşmənin səhra idarəetmə məntəqəsi göyə sovruldu – VİDEO

    Müdafiə Nazirliyi düşmənin səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də, tanklarının məhv edilməsinin videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Ön cəbhədə istifadə üçün “pikap” tipli avtomobillər təqdim edildi – FOTO

    Azərbaycan Avtomobil Federasiyası Ermənistanın sentyabrın 27-dən başlayan təxribatlarına qarşı hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna, ərazilərimizin bütövlüyü uğrunda döyüşən hərbçilərimizə dəstək məqsədi ilə ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan “pikap” tipli avtomobillər təqdim edib.

    Federasiyadan bildirilib ki, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də, düşmənə qarşı son günlər aparılan uğurlu hərbi əməliyyatlara töhfə vermək üçün 10 ədəd “pikap” tipli avtomobil ön cəbhədə yolsuzluq şəraitində istifadə məqsədilə təhvil verilib.





  • Ermənilər Bərdə və Tərtəri intensiv artilleriya atəşinə tutur – RƏSMİ

    Ermənistan Silahlı Qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Bu gün işğaldan azad edilən torpaqlardan görüntülər – VİDEO

    Azərbaycan Dövlət Televiziyası ordumuzun əks-hücumu nəticəsində bu gün səhər saatlarında düşmən işğalından azad edilən torpaqlardan reportaj hazırlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Düşmənin ələ keçirilən döyüş bayrağının görüntüləri – FOTO


    Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.

    Median.Az bir ordunun şərəfi sayılan və düşmənin qoyub qaçdığı döyüş bayrağının fotolarını təqdim edir:




  • Düşmənin mövqelərinə yeni zərbə: körpü partladıldı – VİDEO

    Azərbaycan ordusu Ermənistanın işğalı altında olan Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axan Həkəri çayının üzərindəki körpünü partladıb.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Qeyd edilir ki, bu körpü işğal olunmuş torpaqlarımızla Ermənistanı birləşdirən yolun üzərindədir.

  • “Gənc əsgərlər cəbhəyə yox, təlim mərkəzlərinə aparılır” – RƏSMİ

    “Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilir”.

    Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib.

    Onun sözlərinə görə, həmin şəxslərə qarşıdakı üç ay müddətində təlimlər keçiriləcək, hərbi sirlər öyrədiləcək:

    “Daha sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər”.

    Z.Abdullayev bildirib ki, hazırda aparılan müddətli həqiqi hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq, hər il olduğu kimi, ildə dörd dəfə həyata keçirilən bir prosesdir:

    “Bu çağırışın hazırkı hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur. Oktyabrın 30-dək davam edəcək müddətli həqiqi hərbi xidmətə çağırış normal prosedur qaydadır. Yəni plana uyğun olaraq aparılır”.