Category: Ordu

  • İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının təqdimetmə müddəti dəyişir

    İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdimetmə müddəti dəyişdirilir.

    Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Hazırda qanuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra – təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il sentyabrın 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

    Dəyişikliyə əsasən isə, sentyabr ayı oktyabr ayı ilə əvəz edilir.

  • Silahlı Qüvvələrin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır.

    Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Hazırda ehtiyat şəxsi heyətinin yaradılmasına rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız sayılmış kişi cinsindən olan çağırış yaşlı (18-35 yaşlı) vətəndaşlar; Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında” Qanununun tələblərinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fərmanlarına uyğun olaraq həqiqi hərbi xidmətdən möhlət almış və son çağırış yaşına (35 yaşa) qədər hərbi xidmət keçməyən kişi cinsindən olan vətəndaşlar və digər kateqoriyadan olan vətəndaşlar cəlb edilir.

    Dəyişikliyə əsasən isə 35 yaş həddi 30-a endirilir.

  • 15 yaşı tamam olan Azərbaycan vətəndaşlarının ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir

    15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir.

    Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Hazırkı qanuna əsasən, həmin şəxslər yanvar-mart ayları ərzində qeydiyyata alınırlar.

    Dəyişikliyə əsasən isə qeydiyyat yanvar-may aylarında aparılacaq.

  • Hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır

    Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır.

    Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Hazırda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq, dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – 36,5. Dəyişikliyə əsasən isə yaş həddi 31,5-ə endirilir.

  • Azərbaycanda hərbi xidmətlə bağlı cərimələr artırılır

    Hərbi xidmətə çağırışçılarla bağlı məlumatların təqdim edilməməsinə görə yeni cərimə müəyyən edilir.

    Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Dəyişikliyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə – vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz manatadək məbləğdə cərimə edilir.

    Hazırda bu əmələ görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.

  • Bəzi vətəndaşlar dinc dövrdə HƏRBİ XİDMƏTƏ ÇAĞIRILMAYACAQLAR

    Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən vətəndaşlar öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.

    Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:

    – fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

    – sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar;

    – 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;

    – alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;

    – Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən, müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

    Layihəyə əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:

    – fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

    – sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;

    – 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;

    – alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;

    – Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

    Yenilik isə odur ki, həmin vətəndaşlar həqiqi hərbi xidməti istisna edən əsaslar olmadıqda öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.

    Layihəyə əsasən, aşağıdakı vətəndaşlar isə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılırlar:

    – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar;

    – ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar;

    – Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər.

  • Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq

    Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq.

    Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Dəyişikliyə əsasən, elektron kabinet vasitəsilə verilən məlumat çağırışçıların və hərbi vəzifəlilərin gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndəriləcək.

    Həmçinin, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

    Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunacaq.

    Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar üç gün ərzində onun elektron kabinetinə yerləşdiriləcək, bu mümkün olmadıqda isə digər vasitələrlə göndəriləcək.

  • Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi endirilir?

    Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.

    Bu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır.

    Dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları olacaqlar.

  • Hərbi xidmətə çağırılan şəxslərin NƏZƏRİNƏ

    Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatında deyilib.

    Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir:

    “Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar, onlar üçün avtomatik təyin edilən e-növbəlilik qaydasında Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirlər. Müayinə edilənlər aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:

    Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası);

    Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası);

    Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası);

    Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası)

    Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir”.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu – FOTO

    Azərbaycan Ordusunun əsgəri həlak olub.

    Hadisə odlu silahdan açılmış atəş nəticəsində baş verib.

    Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tarıverdi Zaur oğlu Cəfərlinin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.

    “Daxil olmuş məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. İstintaq üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər zəruri hərəkətlər yerinə yetirilib.

    Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilərək, müxtəlif ekspertizalar təyin edilib və digər istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam edir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək, hər bir fakta və əmələ hüquqi qiymət veriləcək” , – deyə məlumatda qeyd edilib.