“Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir”.
Median.Az xəbər verir ki, bunu “Report”un Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.
“Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.
Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən “SAT-SAS-2024” birgə təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin sonuncu mərhələsində xüsusi təyinatlı qrupun dəniz yolu ilə şərti düşmən arxasına çıxarılması, hədəf obyektinin gizli müşahidəsi və basqını üzrə tapşırıqlar icra edilib.
Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə “SAT-SAS-2024” birgə təlimi keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Qeyd edək ki, birgə təlim noyabrın 29-dək davam edəcək.
Azərbaycan Ordusunun bu gün vəfat edən hərbi qulluqçusu Bəhri Fərman oğlu Tağıyev Kəngərli rayonunun Xok kəndində dəfn olunub.
“Report” xəbər verir ki, B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, B.Tağıyev Kəngərli rayonunun Xok kəndində doğulmuşdu. O, bu gün səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
“IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün Pakistanda işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əlaqələrin cari vəziyyəti, birgə əməkdaşlığın yeni perspektivləri müzakirə edilib, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.
Tərəflər, həmçinin münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin əhəmiyyətini qeyd edib və maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Noyabrın 18-dən 29-dək davam edəcək təlimlərdə hər iki ölkənin sualtı hücum və sualtı müdafiə bölmələri iştirak edəcəklər. Təlimlər Aksaz/Muğlada keçiriləcək.
Bundan başqa, Aksaz bölgəsi Aralıq dənizində iki ölkənin iştirakı ilə hərbi hava qüvvələrinin təlimi də planlaşdırılır.
8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilir.
Ərazidə xidmət edən “N” saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunur.
Həmçinin bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edirlər.
Zəfər yürüşü Xankəndi şəhərinin zəfər meydanında başa çatacaq.
Oxu.az-ın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Yolçu oğlu Hüseynov özünü öldürüb.
Məsələ ilə bağlı Hərbi Prokurorluğa sorğu ünvanladıq. Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib:
“Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır”.
Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərə ordumuzun arsenalında olan müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də istifadə qaydaları öyrədilir.
Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlarla səhra şəraitində müxtəlif məşğələlər keçirilir.
Toplanışın növbəti günündə hərbi vəzifəlilər atıcı silahlardan atış çalışmaları icra ediblər.
Qeyd edək ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində həyata keçirilir.
Azərbaycan Ordusunda motoatıcı və komando (Quru Qoşunları üzrə) ixtisasları üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 29 oktyabr – 7 noyabr, 25 noyabr – 30 noyabr 2024-cü il tarixlərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilirlər. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə bir nüsxədə, çap edilmiş iki nüsxədə);
– təhsil haqqında sənədin surəti (bir nüsxədə);
– doğum haqqında şəhadətnamənin surəti (bir nüsxədə);
– şəxsiyyət vəsiqəsinin surəti (bir nüsxədə);
– nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, bir nüsxədə);
– həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (şəxsiyyət vəsiqələri olmadıqda doğum haqqında şəhadətnamələrin surəti, bir nüsxədə);
– dörd ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, iki ədəd 3×4 sm və iki ədəd 4,5×6 sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son beş ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (bir nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsi, 126 (Bakı Hərbi Məhkəməsinin yanı).
Müraciət etmə vaxtı: Qeyd olunmuş tarixlərdə, saat 9:00-dan 17:00-dək (bazar günləri istisna olmaqla).
Qeyd:
1. Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq, məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
2. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Quru Qoşunlarının ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.