Category: Ordu

  • Azərbaycanın hərbi helikopterləri şərti hava kəşfiyyatı aparıblar

    Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.

    Median.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.

    Daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.

    Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar təlim-məşq uçuşlarının planına uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda-qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

    Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

  • Zakir Həsənov Qırğızıstana səfər edib

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstan müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

  • Hərbçimiz silahdan açılan atəş nəticəsində öldü

    Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Murad Fuad oğlu Həsənovun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

    Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

    Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaqdır.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusunun vəfatı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Azərbaycan Ordusunun hərbi qulluqçusu Famil Abdulla oğlu Tağıyev ürək çatışmazlığından vəfat edib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

    Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

    Qeyd edək ki, mayor F.Tağıyev Şuşada yerləşən “N” saylı hərbi hissələrin birində çalışıb.

  • 600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR

    Yüksək intellektual potensiala malik gənclərin bütün digər sahələrdə olduğu kimi müdafiə sahəsində də geniş dəyərləndirilməsi fürsətlərinin yaradılması Müdafiə Nazirliyinin diqqət mərkəzindədir. Azərbaycan Ordusunun kadr potensialının gücləndirilməsi istiqamətində görülən fəaliyyətlərdə Milli Müdafiə Universitetinin də üzərinə önəmli vəzifələr düşür. Bu gün dəyişən dünya təhlükəsizliyi mühitində rəqabətli insan kapitalının formalaşdırılması, eləcə də insan resurslarının düzgün və məqsədyönümlü layihələrdə dəyərləndirilməsi fəaliyyəti Milli Müdafiə Universitetinin prioritet istiqamətlərindən biridir.

    Bu hədəflərə nail olmaq məqsədilə Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən yüksək intellektli gənclərin seçilməsi, onların Müdafiə Nazirliyinin struktur qurum və bölmələrində fəaliyyətlərə cəlb edilməsi üzrə xüsusi layihəni həyata keçirir.

    Modern.az xəbər verir ki, Milli Müdafiə Universiteti rektorunun təhsil məsələləri üzrə müşaviri Rəşad Əhmədov proqramın məqsədləri, şərtləri və gələcək perspektivləri barədə “Azərbaycan müəllimi”nə açıqlama verib.
     
    O qeyd edib ki, ali məktəblərə qəbul olduqları zaman imtahanlardan 600 və daha yuxarı bal toplayan şəxslər, respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri, həmçinin “Times Higher Education World University Rankings” beynəlxalq reytinqində ilk 500 yerə sahib ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramlarının məzunları layihədə yer alırlar. Burada məqsəd yüksək intelekt sahibi gənclərin potensial imkanlarından müdafiə fəaliyyətləri çərçivəsində milli maraqlar naminə yararlanmaq, eləcə də gənclərə xidmətlərini çəkdikləri müddətdə unikal təcrübə qazandırmaq fürsəti yaratmaqdan ibarətdir:
    “Bu layihə iştirakçılara ciddi və unikal təcrübə qazandıracaq ki, bu da öz növbəsində onların gələcək karyera inkişafında təkanverici rol oynayacaq. Layihə iştirakçıları hərbi xidmətdən sonra Azərbaycan Ordusunda qalıb xidmət də edə bilərlər”.

    Müşavir əlavə edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində tövsiyələrinin icrasına müvafiq olaraq onların müxtəlif elmi və praktiki layihələrə cəlb edilmələri layihənin önəmini artırır:

    “Milli Müdafiə Universiteti tərəfindən həyata keçirilən bu proqram müdafiə sahəsində ixtisaslaşmaq və karyera qurmaq istəyən gənclər üçün geniş fürsətlər yaradır. Gənclər həm ölkənin müdafiə qabiliyyətinin artırılmasına öz töhfələrini verə bilmək, həm də gələcək karyeralarını qurmaq imkanına sahib olacaqlar. Layihənin digər önəmli tərəfi də orta məktəb şagirdlərinin bu layihə sayəsində təhsilə olan marağının artırılmasının təşviqidir”. 

    Müsahibənin sonunda Rəşad Əhmədov layihədə iştirak edən gənclərə inam və etimadın böyük olmasından və onların bu layihə sayəsində öz potensiallarını reallaşdıracaqlarından əminliyini ifadə edib.

  • İntihar edən hərbçimizin FOTOSU

    Ötən gün Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Gözəlov intihar edib.

    Modern.az-ın məlumatına görə, intihar edən hərbçimiz Bakı şəhərindəndir.

    O, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayırdı.

    Novruz Gözəlov ailədə iki qardaşın böyüyü olub. 18 yaşlı gəncin bir neçə ay öncə hərbi xidmətə yollandığı bildirilir.

    Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

    İntihar edən hərbçimizin fotosunu təqdim edirik:

  • Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq? – VİDEO

    Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.

    Yeni yaradılan konsepsiyanın məqsədi təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə etmək və onların karyera inkişafına töhfə verməkdir.

    Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisaslar üzrə 600-dən yuxarı bal toplayanlar və beynəlxalq reytinqli xarici universitetləri uğurla bitirənlər hərbi xidmətlərini bu bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.

    Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, aparılan təhlillər göstərir ki, birinci ixtisas qrupu üzrə “İnformasiya texnologiyaları”, “Kompüter elmləri” və digər sahələrə yüksək balla qəbul olan tələbələr təhsillərini başa vurduqdan sonra hərbi xidmət zamanı öz bilik və bacarıqlarından istifadə edə bilmirlər. Bu da sahə üzrə müəyyən zəifləmələrə səbəb olur.

    Qeyd edək ki, bu qərar yerli və beynəlxalq müsabiqələrin qalibi kimi ali təhsil müəssisələrinə növbədənkənar qəbul olunan gənclərə də şamil edilir.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • Azərbaycan Ordusunda yeni bölmələr yaradıldı

    Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.

    Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir:

    “Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.

    Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər”.

    “Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir.

    Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər

    Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

    Qeyd edilir ki, Türkiyənin Dağ, Desant Məktəbi və Təlim Mərkəzi tərəfindən dəvət olunmuş Azərbaycan hərbçiləri üçün “Alpinizm təlimi” keçirilib.

  • Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

    Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Belarus Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində qonaqlar nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olublar:

    “Belarus nümayəndə heyətinə Mühəndis Qoşunlarının əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub. Mühəndis Qoşunları Baş İdarəsinin rəisi, general-mayor Anar Kərimov qonaqlara Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə məlumat verib.

    Sonra qarşılıqlı mümkün əməkdaşlıq perspektivləri və bu sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində təkliflər müzakirə edilib. Səfərin növbəti günündə qonaqlar Mühəndis Qoşunları Baş İdarəsinin tabeliyindəki “N” hərbi hissəsində olublar. Nümayəndə heyəti mühəndis bölmələrinin silahlanmasında olan silah sursat, təchizat və texnika nümunələri, hərbi hissənin ərazisindəki mühəndis şəhərciyi ilə tanış olub.”