Category: Ordu

  • Azərbaycan və NATO hərbi əməkdaşlığı müzakirə edilib

    Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

    Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib.

    “Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”, – deyə general-polkovnik K.Vəliyev bildirib.

    Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb. General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində bölmələrin hazırlığına böyük töhfə verildiyini bildirərək, əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edib. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.

    General-leytenant Y.Adamçak Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, o cümlədən Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

    Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.

    Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla yad edib. Qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar. Daha sonra NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət edib.

  • Azərbaycan Hərbi Hava Qüvvələrinə komandan təyin olunub

    General-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Təyinatla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

  • Ermənistan və Aİ missiyasından Azərbaycana qarşı növbəti təxribat – VİDEO

    Ermənistan və Avropa İttifaqının bu ölkədəki missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat törədiblər.

    “Trend” xəbər verir ki, dövlət sərhədimizin yaxınlığına gələn səkkiz nəfər Aİ missiyasının üzvü və erməni hərbçilər müşahidə cihazları ilə ərazilərimizi müşahidə ediblər.

    İnsident Gorus istiqamətində baş verib.

  • Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR

    Tarif (qiymət) Şurasının 25 sentyabr 2024-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

    Bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası məlumat verib.

    Belə ki, yeni dövlət qeydiyyatına alınan 156 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 50 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 24 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

    Qərar 1 oktyabr 2024-cü il tarixindən qüvvəyə minəcək.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli 197 nömrəli Qərarı ilə qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb. Bu xidmətlərin tarifləri “Azəristiliktəchizat” ASC ilə müqavilə əsasında müəyyən ediləcək. Bununla əlaqədar Şuranın 24 noyabr 2011-ci il tarixli 4 nömrəli Qərarı Nazirlər Kabinetinin müvafiq Qərarına uyğunlaşdırılıb.

    Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.

  • Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib

    Bakıda təşkil olunmuş “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində müdafiə naziri general-polkovnik Zakir Həsənov serbiyalı həmkarının maddi resurslar üzrə köməkçisi Nenad Miloradoviç ilə görüşüb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə Serbiyanın “Yugoimport SDPR” dövlət şirkətinə məxsus stenddə nümayiş olunan silah və texnika nümunələrinə baxış keçirilib:

    “Daha sonra baş tutan görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də digər məsələlər müzakirə olunub”.

  • Azərbaycanda “Zəngəzur” PUA-sı istehsal olunub

    Azərbaycanda “Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) istehsal olunub.

    APA xəbər verir ki, PUA ilk dəfə Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

    “Zəngəzur” PUA-sı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub. İşğaldan azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta əhəmiyyətli dərəcədə qənaət edir.

    PUA-nın təkmilləşdirilərək döyüş zamanı istifadəsi də nəzərdə tutulub.

  • Müdafiə Nazirliyinin rəhbərliyi ADEX Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib

    ADEX 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin Bakı Ekspo Mərkəzində açılış mərasimi keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti mərasimdə iştirak edib.

    Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə müxtəlif ölkələri təmsil edən çoxsaylı şirkətlər və rəsmi nümayəndə heyəti bir araya gəlib.

    Sərgi çərçivəsində ilk dəfə olaraq Müdafiə Nazirliyinin stendi də nümayiş olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizatı sərgilənir. Eyni zamanda Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edilir.

    Sərgidə, həmçinin Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verilir.

  • Faciəli şəkildə həlak olan leytenantın FOTOSU

    Sentyabrın 22-si müalicə olunduğu xəstəxanada vəfat edən Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayevin fotosu yayılıb.

    “Qafqazinfo” vəfat edən 23 yaşlı leytenantın fotosunu təqdim edir:

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu faciəli şəkildə öldü

    Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

    “Qafqazinfo”nun məlumatına görə, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

    Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

    Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

  • Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı (VİDEO)

    Azərbaycan Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü ilə bağlı 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərindən görüntülər paylaşıb.

    “Ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun! Yaşasın Azərbaycan!” şüarları ilə paylaşılan videoçarxda real döyüş kadrları, eləcə də Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan ərazilərdə Dövlət Bayrağını ucaltması əks olunub.