Category: Ordu

  • Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

    Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Ermənistan azərbaycanlı əsgərə cinayət işi açdı

    Ermənistan İstintaq Komitəsi Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində azmış azərbaycanlı hərbçi Ruslan Pənahov barəsində cinayət işi açıb.

    Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

    Bildirilib ki, o, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən sərhədi qanunsuz keçmək, qanunsuz silah-sursat gəzdirmək və s. ilə ittiham olunur.

    “Hazırda işin halları aydınlaşdırılır”, – deyə məlumatda vurğulanıb.

    Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

  • Laçında azan hərbçimizin anası: “Dünən danışdım onunla, dedi ki, hər şey yaxşıdır” – YENİLƏNİB + FOTO/VİDEO

    Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

    İTV hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun evində olub.

    R.Pənahovun anası bildirib ki, oğlu ilə dünən danışıb:

    “Ruslanın 19 yaşı var.  O, keçən ilin iyulun 8-də hərbi xidmətə gedib, dünən danışdım onunla. Dedi ki, hər şey yaxşıdır. Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. Hamıdan kömək istəyirəm, oğlumu geri qaytarsınlar”.

    R.Pənahovun nənəsi Xanım Pənahova bildirib ki, xidməti dövründə hər şeydən razı olub:

    “Həmişə razılıq edirdi ki, bura yaxşıdır. Bu sabah öyrəndik ki, uşaq yoxdur, yolu azıb. Xahiş edirəm, mənim balama kömək etsinlər, geri qayıtsın”.

    Qeyd edək ki, Ruslan Pənahov ailənin üç övladından biri olub.

    ***

    Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb.

    Bizim.media əlverişsiz hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun atası ilə əlaqə yaradıb. Xəbəri yeni eşidən Eldəniz Pənahov oğluna görə narahatlığını ifadə edib:

    “Xəbəri indi eşitdik. Çox narahatıq. Yeddi aydır ki, Laçında hərbi xidmətdə idi. Sonuncu dəfə oğlumla dünən danışdıq. Səhhətinin yerində və hər şeyin qaydasında olduğunu dedi. Ümumiyyətlə, oğlumla mütəmadi danışırdıq, heç bir narahatlığının olmadığını bildirirdi”.

  • Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşdü

    Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

    Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıblar – VİDEO

    2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlıları ilə kəşfiyyat tapşırıqlarının icrası üzrə məşqlər keçirilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Real döyüş şəraitinə uyğunlaşdırılmış təlim məşqlərində xüsusi təyinatlılar müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatlarında, o cümlədən yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər.

    Xüsusi təyinatlılar zərbə PUA-sı tətbiq edilməklə şərti düşmənin müşahidə məntəqələri və uzunmüddətli atəş nöqtələrini sıradan çıxarıb, aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil qruplar şəklində mövqelərə qəfil sızaraq pusqu, basqın təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

    Şərti terrorçu qrup tərəfindən ələ keçirilən gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqlarının icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib.

    Təlim məşqlərində qarşıya qoyulan tapşırıqlar dəniz xüsusi təyinatlıları tərəfindən müvəffəqiyyətlə icra olunub.

  • MN: “Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır”

    Azərbaycan Respublikası Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib.

    Atəşin bu koordinatlarda (40° 05′ 04” N; 45° 52′ 28” E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yaymış və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib.

    Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmamış və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib.

  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

    Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində mövqeləri atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

  • Zakir Həsənov bölmələrin döyüş hazırlığı ilə bağlı GÖSTƏRİŞ VERDİ

    Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

    Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Müdafiə naziri yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində, eləcə də qardaş ölkəyə rəsmi səfəri zamanı fevralın 19-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin Azərbaycan Ordusuna verilən yüksək qiymət, eyni zamanda, ordumuzun inkişafı ilə bağlı qarşıya qoyulan mühüm tapşırıqlar olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

    General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda hərbi təhsil, silahlanma, təminat-təchizat və digər istiqamətlərdə aparılan uğurlu islahatların gedişatından danışıb və bu işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.

    Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib.

    2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb.

    Müdafiə naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiya prosesinə həssaslıqla yanaşılması, xidmət dövründə şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması və xidmət müddətini başa vurmuş gənclərin yola salınması ilə bağlı göstərişlər verib.

    General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

    Nazir tərbiyəvi və ideoloji işin planlı şəkildə aparılması, mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi, həmçinin hərbi intizamın daim yüksək səviyyədə saxlanılması ilə bağlı tələblərini komandir heyətinin diqqətinə çatdırıb.

    Sonda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da artırılmasına xüsusi diqqətin yetirilməsi, eləcə də 2024-cü ildə qarşıda duran digər vəzifələrin yüksək keyfiyyətlə icrası ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verilib.

  • Şərti sərhəddə Ermənistan tərəfindən mövqelərimiz yenidən atəşə tutulub

    Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.

    Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik.

  • “Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu” keçirilir – VİDEO

    Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda “Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu” keçirilir.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Mexanik-sürücü və tuşlayıcı-operator ixtisasları üzrə gənc əsgərlərin cəlb edildiyi kursda şəxsi heyət tank və müxtəlif təyinatlı döyüş maşınlarının təbii və süni maneələri dəf edərək idarə olunması üzrə tapşırıqları icra ediblər.

    Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən kursda bütün növ şərait yaradılıb.