Category: Ordu

  • Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri həyata keçirilir

    Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri həyata keçirilir.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib.

    O qeyd edib ki, 26-28 dekabr tarixlərində Azərbaycanda “Hibrid Təhdidlərə Cavab Təlimi” baş tutub.

  • Hərbçilərin ərzaq pulu ARTIRILACAQ

    “Azərbaycanda hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq”.

    “Report”un əldə etdiyi məlumata görə, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

    Onun sözlərinə görə, hazırda Maliyyə Nazirliyi bu məsələnin üzərində işləyir:

    “Biz də istəyirik ki, verilən pul tezliklə artsın. Bu məsələ mütləq həll olunacaq”.

    Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev müzakirələrdə təklif edib ki, hərbçilərə verilən ərzaq pulu 62 manat artırılsın:

    “Hesab edirəm ki, bu da onların sosial müdafiəsinin gücləndirilməsinə müəyyən dərəcədə öz töhfəsini verə bilər”.

  • Zabitlərin öz arzularına əsasən həqiqi hərbi xidmətdən buraxılmasına dair şərt dəyişir

    Zabitlərin öz arzularına əsasən həqiqi hərbi xidmətdən buraxılmasına dair şərt dəyişir.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisə daxil olan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna görə, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beşillik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər.

    Layihəyə əsasən, zabit artıq 5 il deyil, vəzifələrində 10 illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla biləcək.

  • Baş Qərargah rəisi orduda rabitə vasitələri və informasiya texnologiyalarının təkmilləşdirilməsi tapşırığını verib

    Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi tapşırığını verib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Ordusunda bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkilinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

    Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov noyabrın 25-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində olublar.

    Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissənin ərazisindəki saxlanclara baxış keçirib.

    Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnika nümunələri təqdim olunub. Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirmək üçün mövcud olan ən yeni texnoloji avadanlıqlar barədə məlumat verilib.

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi bölmələrdə rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi və səmərəli tətbiqinə dair aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

  • Kəlbəcərdə saxlanılan erməni diversantın cinayət işi üzrə ibtidai istintaq başa çatıb

    Kəlbəcərdə saxlanılan erməni diversant – Qaqik Aşoti Voskanyanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    APA xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq.

    Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

    Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Qaqik Aşoti Voskanyan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Müdafiə Nazirliyi təkzib verdi: Azərbaycan Ordusu atəş açmayıb

    “Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır”.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir.

  • Hərbçimizin şəhid statusu bərpa edildi – FOTO

    Gəncə şəhər İnzibati Məhkəməsində hakim Fikrət Hüseynovun sədrliyi ilə 44 günlük Vətən Müharibəsinin iştirakçısı Röyal Verdiyevin şəhid statusunun ləğv edilməsi ilə bağlı iclas keçirilib.

    Haqqin.az xəbər verir ki, Verdiyevlər ailəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsini oğullarının şəhid statusunun bərpası ilə bağlı məhkəməyə vermişdi.

    İddiaçılarınnın vəkili Əziz Qənbərli bildirib ki, Röyal Verdiyev 44 günlük müharibədə Cəbrayıl, Qubadlı, Laçın rayonlarında döyüşlərdə iştirak edib. Verdiyev döyüş bölgəsində əsgər yoldaşının silahı ilə ehtiyatsız davranması nəticəsində açılan güllədən dünyasını dəyişib.

    Verdiyev 2020-ci il dekabrın 3-də Daşkəsən rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib. Döyüş əməliyyatları zamanı bir nəfər öldüyünə görə ona şəhid, ailəsinə isə şəhid ailəsi statusu verilib.

    Lakin bir il sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsi məhkəmə iddiası qaldıraraq Verdiyevin şəhidlik statusunun ləğv edilməsini və ailəsinə verilən müavinətin dayandırılmasını tələb edib. İnzibati orqanın məktubu əsasında Verdiyev şəhid statusundan məhrum edilib, ailəyə ödənişlər dayandırılıb.

    Verdiyevlər ailəsinin Gəncə İnzibati Məhkəməsinə verdiyi şikayət ilkin olaraq təmin edilməyib. Lakin Gəncə Apellyasiya Məhkəməsinin hakimi Azər Bayramov bu qərardan verilən apellyasiya şikayətini qismən təmin edib və işi yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarıb. Bu dəfə məhkəmə əvvəlki qərarını dəyişərək iddianı təmin edib.

    Qərara əsasən, inzibati orqanın iddiası qanunsuz hesab edilib. Eyni zamanda, Verdiyevin şəhid statusu bərpa edilib.

    Yeni qərara əsasən, iki il ərzində ödənilməyən müavinət də şəhid ailəsinə tam ödənilməlidir.

    Qeyd edək ki, Röyal Verdiyev Prezidentin sərəncamlarına əsasən “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Qubadlının azadlığına görə”, “Laçının azadlığına görə” medalları ilə təltif edilib.

  • Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində öldü

    Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.

    Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb

    Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Elsun Habil oğlu Bəndəliyevin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Tərtər Hərbi Prokurorluğuna məlumat daxil olub.

    Daxil olmuş məlumat əsasında Tərtər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınaraq və digər hərəkətlər icra edilib.

    Fakt üzrə Tərtər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

  • Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti daha bir il uzadılır

    Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılır.

    Bu barədə “Report”a Ankaradakı diplomatik mənbələr bildirib.

    Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə ərzində məsələ ilə bağlı qanun layihəsini parlamentə göndərəcək.

    Layihə daha sonra Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

    Qanunverici orqan türkiyəli hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılmasına razılıq versə, qərar rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.

    Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

    2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.