Category: Ordu

  • Azərbaycan Müdafiə Nazirliyindən əsgər valideynlərinə ÇAĞIRIŞ

    “Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alınaraq sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək”.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.

    “Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik”, – məlumatda vurğulanıb.

  • Hərbi vəzifəlilərin təlim toplanışı davam edir – VİDEO

    2024-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.

    Median.Az MN-ə istinadən xəbər verir ki, hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunan hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, təhlükəsizlik qaydaları çatdırılır, onlarla sıra hazırlığı üzrə məşğələlər keçirilir.

    Hərbi vəzifəlilərin yüksək kalorili və keyfiyyətli qidalarla qidalanmaları üçün hərbi hissədə hər cür şərait mövcuddur.

    Təlim toplanışının növbəti günlərində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə plana uyğun olaraq müxtəlif tapşırıqlar icra ediləcək.

  • “Qisas əməliyyatı”nda 5 erməni hərbçi məhv edilib – VİDEO (YENİLƏNİB)

    Xəbər verdiyimiz kimi, DSX-nin həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində 4 erməni hərbçisi məhv edilib, bir nəfər isə ağır yaralanıb.

    Daha bir erməni hərbçi eyni istiqamətdə ölüb.

    1984-cü il təvəllüdlü Qor Razmiki Asatryan da digərləri kimi “Torpaq Mühafizəsi” hərəkatının üzvü olub.

    * * * * *

    13 fevral tarixində DSX-nin “qisas əməliyyatı” keçirməsi nəticəsində 4 erməni hərbçi məhv edilib.

    Ermənistan Müdafiə Nazirliyi sözügedən hərbçilərin adlarını açıqlayıb.

    Məlumata görə, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu ilə birgə məhv edilən hərbçilər bunlardır:

    Edvard Arutyunyan (1974), Qaqik Manukyan (1982), Arsen Hambardzumyan (1979) və Hraçya Hovhannisyan (1957).

    * * * * *

    Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

    Avtosfer.az xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən erməni hərbçilərin sayı artaraq dördə çatıb. Həmçinin bir nəfər ağır yaralanıb. Bu barədə Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədri Andranik Köçəryan bildirib.

    “Meyitlərin bir hissəsi çıxarılıb, onların hamısı müddətdən artıq hərbi xidmətçidir”, – Köçəryan deyib.

    Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyünü və yaralının olduğunu açıqlamışdı.

    * * * * *

    Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib.

    “Unikal” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda yaralıların olduğu da bildirilir.

    Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.

  • Qubadlıda silah-sursat aşkarlanıb

    Qubadlı rayonunda silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ehtiyatda olan bir qrup hərbçi orduya ÇAĞIRILDI – FOTO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

    Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

    Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.






  • Antiterror tədbirləri zamanı çəkilmiş REAL döyüş kadrları – VİDEO

    “Caliber” ilk dəfə olaraq 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qeydə alınmış unikal kadrları nümayiş etdirib.

    Döyüşlərin baş verdiyi yer Ağdərə ərazisidir.

    Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb.

    Videoda hərbçilərimizin bir-biri ilə necə mehriban ünsiyyət qurması, əsgərlərimizi birləşdirən qardaşlıq, doğmalıq hissi xüsusi diqqət çəkir.

    Həmçinin, döyüşün qızğın vaxtında şəhidlərimiz barədə məruzə edilən zaman hərbçilərimiz hər bir müsəlman və azərbaycanlı üçün müqəddəs olan ifadələri dilə gətirməyi unutmurlar.

    Beləliklə, Azərbaycanın müasir tarixinin qəhrəmanlıq salnaməsini yazan Vətən övladlarının görüntülərinə özünüz şahid olun:

  • Texnika və artilleriya qurğuları həyəcan siqnalı ilə döyüş tətbiqinə hazırlandı – Təlimdən VİDEO

    Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir.

    Qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdirirlər.

  • Azərbaycan hərbçiləri Qazaxıstanda təlimlərdə iştirak edəcəklər

    Qazaxıstanda bu il irimiqyaslı taktiki təlimlər keçiriləcək.

    Məlumata görə, təlimlərdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edəcəklər.

    Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov bildirib ki, hərbi təlimlər Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlib.

    Mənbə: trtrussian

  • Azərbaycan Ordusunda ehtiyata və istefaya göndərilən vəzifəli şəxslərin ADLARI

    “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

    Pravda.az istefaya göndərilən və ehtiyata buraxılan vəzifəli şəxslər barəsində məlumat əldə edib.

    Belə ki, Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov, Quru Qoşunlarının Əməliyyat idarəsinin rəisi, polkovnik Allahverdi Hacıyev istefaya göndəriliblər.

    Ehtiyata göndərilən vəzifəli şəxslər arasında Əməliyyat Baş İdarəsinin rəisi Azər Əliyevin də adı var.

    Bundan başqa, müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıblar.

    Eyni zamanda, Azərbaycan Milli Müdafiə Akademiyasının rəisi Heydər Piriyev vəzifəsindən azad edilib, həmin vəzifəyə polkovnik Gündüz Əbdülov təyin olunub.

  • Azərbaycan Ordusunun bir qrup hərbçisi ehtiyata buraxılıb – VİDEO

    Müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış daha bir qrup hərbi qulluqçu ehtiyata buraxılıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Azərbaycan vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər davam etdirilir.

    Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Yola salma mərasimlərində çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
    Xidmət müddəti başa çatmış hərbi qulluqçular isə öz növbələrində Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur duyduqlarını bildirərək, hərbi xidmət dövründə qazandıqları müsbət keyfiyyətlərin və təcrübənin onların gələcək həyatlarında faydalı olacağına əminliklərini ifadə ediblər.

    Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri fərman və digər mükafatlar təqdim edilib.

    Tərxis olunan hərbi qulluqçular yaşadıqları bölgələrə yola salınıblar.