Category: Ordu

  • Azərbaycan Ordusunun Hadrut ƏMƏLİYYATI – VİDEO

    “44 günlük Vətən Müharibəsində xüsusi təyinatlılar ilk dəfə artilleriyasız, dronsuz, aviasiyasız və yalnız atıcı silahlarla düşməni məhv etməli idi”.

    Bu barədə Xəzər TV-də yayımlanan “Pusqu” sənədli filmində məlumat verilib.

    “Düşmənin həyata keçirtmək istədiyi pusqular heç bir halda başa çatmırdı. Əsl pusqu nədir?, bunu Azərbaycanın xüsusi təyinatlıları Hadrutda onlara göstərdi”, – filmdə bildirilib.

  • Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib – VİDEO

    Noyabrın 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrini ehtiramla anıblar.

    Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

    General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan-Pakistan-Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.

    Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general A.Munir Azərbaycanın suverenliyi uğrunda canını fəda edən şəhidlərimizlə bağlı başsağlığı verib. Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. İki ölkə ordularının qoşun növləri qərargahları arasında danışıqların aparılması və əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

    Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

    Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.

    Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əlaqələrin və strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. İkitərəfli və üçtərəfli birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib.

    Daha sonra Hərbi Hava Qüvvələrinin qərargahında müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla görüş keçirilib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

    Keçirilən görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

    Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb.

    Median.Az-ın xəbərinə görə, bununla da Prezident İlham Əliyevin bu ilin avqustun 16-da imzaladığı Sərəncamın icrası təmin edilib.

    Belə ki, oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Oktyabrın 1-dən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edib.

    Qeyd edək ki, sərəncamla 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

    Habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılıblar.

  • Azərbaycan-Türkiyə birgə taktiki təlimi davam edir: Beş ölkənin generalları ölkəmizdə

    Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi davam edir.

    Bu gün “Yüksək səviyyəli müşahidəçi günü” keçirilir.

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan Respublikasının müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edirlər.

    Bu gün keçirilən təlimdə təmas xəttində yerləşən mövqelərin şərti düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölükləri tərəfindən birgə sızma fəaliyyətlərinin icra edilməsi, şərti düşmən PUA-sına radiomaneələr tətbiq edilərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməsinə imkan verilməməsi, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə şərti düşmənin HHM vasitələrinin fəaliyyətinə maneələr yaradılması əməliyyatları icra ediləcək.

    Eyni zamanda, bölmələrimizin mütəşəkkil irəliləməsi təmin ediləcək, əldə olunmuş atəş üstünlüyü qorunub-saxlanılacaq, Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti təmin olunacaq.

    Təlimdə mühəndis bölmələri tərəfindən minalanmış sahələrdən keçidlərin açılmasından sonra birgə taktiki və xüsusi təyinatlı qruplar tərəfindən şərti düşmən mövqelərinə basqın edilərək onun mövqedə məhv edilməsi və ön xəttinin ələ keçirilməsi fəaliyyətləri, “BAYRAKTAR TB-2” vasitəsilə şərti düşmənin “İsgəndər” və “Toçka-U” taktiki raket komplekslərinin məhv edilməsi, bununla bərabər, şərti düşmən mövqelərinin piyada qüvvələr tərəfindən atəş və manevr üsulu ilə ələ keçirilməsi, piyada döyüş maşınlarından (PDM) desantın endirilməsi fəaliyyətinin icra olunması nəzərdə tutulub.

    Hər iki ölkənin xüsusi təyinatlı qruplarından ibarət hava desantının vəzifəli şəxsi ələ keçirmək üçün şərti düşmən arxasına endirilməsi fəaliyyəti icra olunacaq.

    Təlim Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
    //oxu.az

  • Türkiyə-Azərbaycan birgə təlimindən görüntülər – VİDEO

    Azərbaycanda keçirilən “Mustafa Kamal Atatürk-2023” təlimləri çərçivəsində Azərbaycan və Türkiyə komandoları döyüş meydanında ssenari çərçivəsində düşmən xəttinə uğurlu sızma əməliyyatı həyata keçiriblər.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün “X” hesabında bildirib.

    Hərbi qurum təlimlərlə bağlı videogörüntü də paylaşıb.

  • Azərbaycan və Türkiyə birgə taktiki təlimindən yeni görüntülər – VİDEO

    Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.

    Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

  • Azərbaycan və Türkiyə hərbçiləri şərti düşmənin komanda-idarəetmə məntəqələrini sıradan çıxarıblar – VİDEO

    Ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin məşqləri zamanı Azərbaycan və Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirirlər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, birgə təlimin növbəti məşqlərində həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar verilən tapşırığa əsasən ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif fəaliyyətləri yerinə yetiriblər.

    Plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra edilib. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.

    “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin məşqləri davam edir.

  • ƏÜO-da “Mustafa Kamal Atatürk – 2023” təliminə hazırlıq məşqləri keçirilir – VİDEO

    Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq məşqləri davam edir.

    Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra ediblər.

    İki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə 23-25 oktyabr tarixlərində keçiriləcək birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.

  • Birgə taktiki təlimlər: Azərbaycan və Türkiyənin döyüş təyyarələri havaya qalxıb – VİDEO

    Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq prosesi davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də, hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib.

    Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

  • Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanan 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.

    Sonra qonaqlar Azərbaycan Ordusunun Döyüşü İdarəetmə Mərkəzi və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsini ziyarət edərək burada görülən işlərlə tanış olublar.

    Qeyd edək ki, özbəkistanlı hərbi nümayəndələrin səfərinin başlıca məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

    Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.