Category: Ordu

  • Hərbi pilotlarımızdan əla performans: Helikopter təlimləri – VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim keçirilib.

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, bazalanma aerodromlarından uçuşlar edən helikopterlər təlimin planına uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.

    Helikopter bölmələrinin döyüş və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

  • Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

    “Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz döyüşləri, Vətən müharibəsi və sonrakı uğurlu əməliyyatlar onu göstərir ki, Azərbaycan Ordusunda şəxsi heyətin kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”.

    Bunu Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov deyib.

    O vurğulayıb ki, nəticədə bütün əməliyyatlar zamanı uğur əldə edilib: “Bu da təyinatların qanunauyğun şəkildə aparıldığının göstəricisidir. Bütün bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək olmasının qazanılan qələbələrə mühüm töhfə olduğunu xüsusilə qeyd etmək lazımdır. Bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində görülən sistemli işlərin və bu işlərə məsul şəxslərin öz xidmətlərinə məsuliyyətlə yanaşmasının, eləcə də onların peşəkarlığının nəticəsidir”.

    General-mayor Elçin Xəlilov əlavə edib ki, kadr planlaşdırmasında, bir qayda olaraq, keyfiyyət və kəmiyyət metodları tətbiq olunur: “Azərbaycan Ordusunda kadrlara olan keyfiyyət göstəriciləri üzrə tələbat rütbə kateqoriyaları, hərbi uçot ixtisasları üzrə personala qoyulan tələblər nəzərə alınmaqla təşkilati-ştat strukturu əsasında müəyyən olunur. Keyfiyyət baxımından planlaşdırılma zamanı ekspert qiymətləndirmə, qrup şəklində qiymətləndirmə, modelləşdirmə metodlarının tətbiqi imkanları mövcuddur”.

    “Kadrlara olan tələbatın kəmiyyət göstəricisi (tələb olunan kadrların sayı) mövcud dövrdə olan ştat sayı ilə faktiki komplektləşmə sayının müqayisəsi əsasında müəyyən edilir. Kəmiyyət planlaşdırılmasında (saya görə planlaşdırma) isə əsasən balans metodundan istifadə edilir. Balans metodu təşkilatın malik olduğu və planlaşdırma dövründə tələbatın qarşılıqlı uzlaşdırılmasına əsaslanır. Bu zaman plan mövcud resurslar (resurs mənbələri) və həmin resursların paylanmasının əks olunduğu ikitərəfli cədvəl şəklində qurulur. Bu metod Azərbaycan Ordusunda xüsusi təyinatlı təhsil müəssisələrinin məzunlarının vəzifələrə təyinatı, zabit heyətinin rotasiyası, həmçinin kadr ehtiyatından istifadə (səfərbərlik planı) zamanı müvəffəqiyyətlə tətbiq oluna bilər”, – o vurğulayıb.

  • General Azərbaycan Ordusunda Türkiyə modelinin tətbiqindən sonra baş verən dəyişiklikləri açıqlayıb

    “Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun fəaliyyətin təşkili görülən işlərin keyfiyyətinin artmasında mühüm rol oynayır. Xüsusilə təyinatların kompüter proqram təminatı ilə həyata keçirilməsi şəffaflığın bariz nümunəsidir”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov deyib.

    “Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşmadan söz düşmüşkən “Gizir hazırlığı məktəbi”nin fəaliyyətə başlamasını xüsusilə vurğulamaq yerinə düşər. Bu məktəbin yaradılmasında başlıca məqsəd peşəkar gizirlərin hazırlanması və komanda idarəetmədə gizir konsepsiyasından istifadənin daha da artırılmasından ibarətdir. Qeyd olunan mühüm xüsusiyyətlər və bu istiqamətdə görülən işlər mövcud problemlərin həllində, gələcək planların inkişafında və daha da sürətlənməsində mühüm rol oynayacaq”, – o bildirib.

    E.Xəlilov əlavə edib ki, Azərbaycan Ordusunun inkişaf istiqamətlərinə uyğun olaraq, zabit heyətinin vaxtında və ədalətli karyera inkişafının təmin edilməsi, onların peşəkarlıq keyfiyyətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə karyera inkişafının planlaşdırılmasının həyata keçirilməsi və bu məqsədlə karyera inkişafı mexanizmlərinin, metod və vasitələrinin müəyyənləşməsi perspektivdə reallaşdırılmalı olan prioritet məsələlərdəndir.

  • Komandolarımız hava hədəflərini yüksək dəqiqliklə məhv ediblər – VİDEO

    Cari ilin hazırlıq planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində döyüş atışlı məşğələlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hava hədəflərini zenit-raket kompleksindən istifadə etməklə yüksək dəqiqliklə məhv ediblər.

    Keçirilən məşğələlərdə qarşıya qoyulan bütün tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

  • Ermənistanın Mingəçevirə atdığı raketləri məhv edən silahlar – VİDEO

    Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycanın Mingəçevir Su Elektrik Stansiyasını vurmaq üçün atdığı raketləri məhv edən silahların adları açıqlanıb.

    Bu barədə İTV-nin efirində yayımlanmış “Görünməyən qəhrəmanlar – Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə bildirilib.

    Hərbi Hava Qüvvələrində xidmət edən zabitlərdən biri deyib ki, Mingəçevirə atılan ballistik raketlərdən biri “BUK” zenit raket kompleksi vasitəsilə məhv olunub.

    Digər zabit isə bildirib ki, Mingəçevirə atılan ballistik raketləri yaxına buraxdıqdan sonra məhv etmə zonasının yaxın sərhədində onları S-300 hava hücumundan müdafiə sistemləri ilə məhv edib.

    Hərbi Hava Qüvvələri həmin hədəfləri cəmi 50 saniyəyə aşkar edib.

  • Azərbaycan Ordusu Naxçıvanda komanda-qərargah təlimi keçirir

    “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrlə keçirilən komanda-qərargah təlimi davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Komanda-qərargah təlimində müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyatı üzrə birləşmə və hissələrinin praktiki fəaliyyətlərə cəlb olunan bölmələri “Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarılıb.

    Döyüşü idarəetmə mərkəzlərində qoşunların fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış işçi qrupların müasir texniki vasitələr üzərindən məlumat mübadiləsini aparmaq bacarıqları yoxlanılır.

    Təlimdə müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, ayrı-ayrı tapşırıq yerinə yetirən taktiki və xüsusi qrupların fəaliyyətinin uzlaşmasına nail olmaq, komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar qəbul edib tabelikdə olanlara çatdırmasını təmin etmək əsas məqsədlər kimi qarşıya qoyulub.

    Komanda-qərargah təlimi noyabrın 6-dək davam edəcək.

  • Helikopterlərimiz erməni tanklarını belə məhv edib – Müharibənin heç yerdə görmədiyiniz KADRLARI

    Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin də böyük payı olub.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, helikopterlərimiz döyüş vaxtı böyük çətinliklərə rəğmən düşmənin texnikalarının sıradan çıxarmağı bacarıb.

    Müharibə vaxtı lentə alınan və heç yerdə yayımlanmayan görüntüləri sizlərə təqdim edirik:

  • Azərbaycanlı general düşmən hədəflərini darmadağın edən lazer bombalardan danışdı – VİDEO

    “Biz “Su-25″lə yeni bombalar tətbiq etdik. Xüsusən lazer yönümlü bombaları ki, bizə dəqiq zərbə endirməyə imkan verib”.

    General-leytenant, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordeni mükafatçısı Ramiz Tahirov İTV-yə açıqlamasında bildirib.

    “Vətən Müharibəsindən qabaq deyirdilər ki, iki dəfə bomba eyni yerə düşə bilməz. Biz göstərdik ki, eyni yerə iki dəfə bomba ilə zərbə endirmək olar”, – deyə Hərbi Hava Qüvvələrinin komandanı əlavə edib.

  • Ordumuzun bir il öncə işğaldan azad etdiyi ərazilər – SİYAHI

    Bu gün Müzəffər Azərbaycan Ordusunun bir sıra kəndləri işğaldan azad etməsindən bir il ötür.

    Ötən il bu vaxt yeddi kənd işğaldan azad edilib.

    Həmin əraziləri təqdim edirik:

    Cəbrayıl rayonu üzrə: Çapand və Qoşabulaq kəndləri;

    Zəngilan rayonu üzrə: Dərə Gilətağ, Böyük Gilətağ;

    Qubadlı rayonu üzrə: İşıqlı, Muradxanlı, Milanlı kəndləri.

  • Hikmət Mirzəyev ilk dəfə Şuşa döyüşlərindən danışdı – VİDEO

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

    Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.

    Musavat.com xəbər verir ki, filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

    Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev də filmdə yer alıb.

    “Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”, – o duyğularını dilə gətirib.