Category: Ordu

  • Ermənistanda 44 günlük müharibə ilə bağlı 1580 cinayət işi açıldı

    Ermənistanda 44 günlük müharibə ilə əlaqədar 1580 cinayət işi açılıb. 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

    Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

    Təqsirləndirilənlər arasında yüksək rütbəli zabitlərin də olduğu qeyd edilir.

    Sözügedən işlərin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı yol verilmiş pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, silahlı qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki qeydə alınan qanun pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmama.

  • “Generalın evinə girdik, silahı qoyub qaçmışdı” – 44 Gün əsgər Rəşadla

    Baku TV-nin efirində “44 gün” adlı yeni layihəyə start verilib.

    Proqramın aparıcısı Qarabağ döyüşçüsü Rəşad Qəhrəmanzadədir.

    İlk buraxılışda Rəşad öz döyüş yoldaşları ilə birlikdə müharibədə yaşadıqları çətin anlardan danışıb. Marauder adlı zirehli maşınları minaya düşüb. Gənclər oradan sağ çıxıblar.

    Verilişin tam versiyasını təqdim edirik:

  • Erməni hərbi qulluqçunun əsgər yoldaşını öldürməsi ilə bağlı cinayət işi başlanıb

    Ermənistanda hərbi qulluqçunun əsgər yoldaşını güllələyərək öldürməsi ilə bağlı cinayət işi başlanıb.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin başqaları üçün artan təhlükə yaradan silah, sursat və əşyalar, material və maddələrlə rəftar qaydalarının pozulması maddələri üzrə cinayət işi açılıb.

    İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə mayın 4-də, saat 20:00-da baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Artyom Ovikoviç Melkonyan adı açıqlanmayan əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

    İbtidai istintaq aparılır.

  • Şuşa döyüşlərinin iştirakçısı olmuş zabit vəfat etdi

    Vətən müharibəsinin iştirakçısı dünyasını dəyişib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN-in Daxili Qoşunların hərbi qulluqçusu, leytenant Rüfət Nəbizadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak edib Şuşaya qədər döyüş yolu keçib:

    “Zabitimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    O, müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb.

    Çox təəssüf ki, R.Nəbizadə ötən gün dünyasını dəyişib”.

  • Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edildi

    Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz dəfn edilib.

    Tağıyev Pərviz Hafiz oğlunun nəşi doğulduğu Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Qeyd edək ki, 1990-cı il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) P.Tağıyev müharibənin ilk günlərində itkin düşmüşdü.

  • Daha bir hərbçimizin şəhid xəbəri gəldi

    44 gün davam edən Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

    Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

    Bildirilib ki, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş 1990-cı il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) Tağıyev Pərviz Hafiz oğlunun şəhid olduğu müəyyənləşib.

    Onun müharibənin ilk günlərində itkin düşdüyü qeyd edilib.

    Şəhidimiz Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

  • Azərbaycan PUA-ları şərti düşməni dəqiqliklə məhv edirlər – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məşq prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda əldə etdikləri vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki uçuşlar və təlim-döyüş tapşırıqları icra edirlər.

    PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar edərək qarşıya qoyulan tapşırıqları icra edir, müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.

    Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulan xüsusi PUA-lardan istifadə olunur.

    PUA heyətləri şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması, məhv edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarəedilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları da icra edirlər.

    Təlim-məşq uçuşları çərçivəsində heyətlər praktiki döyüş atışları icra edərək şərti düşmən hədəflərini dəqiqliklə məhv edirlər.

  • Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşdi – RƏSMİ

    Həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

    Bununla bağlı Hərbi Prokurorluq məlumat yayıb.

    Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən Vətən müharibəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

    Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub.

    Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

    Bildirib ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

    İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

  • Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib – VİDEO

    Naxçıvan Qarnizonu Qoşunlarında qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlər davam edir.

    Müdafiə Nazirliyindən bildirilib ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən növbəti komanda-qərargah təlimi keçirilib.

    Komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Qoşunların cəmləşmə rayonlarında yerləşməsi və müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.

    Qərargahlar tərəfindən Vətən müharibəsində qazanılan təcrübələrə uyğun hesablamalar aparılıb, qəbul olunan qərarlar üzrə prakitiki fəaliyyətlərə cəlb edilən qüvvələr döyüş atışlarını icra ediblər.

    Təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində hər iki tərəfin fəaliyyəti, qərarların və apardıqları hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib.

    Təlimin yekununda fəaliyyətlərin təhlili aparılaraq, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib və qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.

  • Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik 15 nəfərdə ləğv olundu – RƏSMİ

    Ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və təkrar əlillik təyinatı aparılması üçün barələrində e-sistemə göndəriş daxil edilib, habelə əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 27 nəfərin komissiya tərəfindən əlilliyinin əyani qiymətləndirilməsi aparılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlardan 15-nin xəstəlik diaqnozlarının əlilliyə əsas vermədiyi, bu diaqnozların onların sağlamlıq vəziyyətlərinə uyğun olmadığı müəyyən edilib.

    Həmin şəxslərə təkrar əlillik təyin olunmasından imtina qərarı verilib.

    Komissiya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarətdir. Əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir.

    Budəfəki əyani müayinədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və şuranın üzvü, “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri Məmmədhəsən Həsənov iştirak ediblər.

    Aparılan müayinələrdə mühüm prinsip əlillik təyinatlarının şəffaf və obyektiv aparılmasının təmin edilməsi, əsassız təyinatların ləğvidir.