Category: Ordu

  • Dörd aydan çox komada qalan Vətən müharibəsi qazisi şəhid olub – FOTO

    Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Cəfərov Babək Maqsud oğlu şəhid olub.

    “Report” xəbər verir ki, o, ötən ilin oktyabr ayının 26-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

    Həkimlərin səylərinə baxmayaraq, Babəkin həyatını xilas etmək mümkün olmayıb.

    Allah rəhmət eləsin!

  • Vətən müharibəsində ağır yaralanan əsgər beş ay sonra şəhid olub

    Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu beş ay sonra hospitalda vəfat edib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.

    Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

    Allah rəhmət eləsin!

  • Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü – FOTO/VİDEO

    Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan, daha sonra isə əsir düşdüyü müəyyənləşən Vəliəhəd Vəliyev bir neçə aydan sonra evinə qayıdıb.

    Bu barədə “Qafqazinfo”ya qazimizin atası Şakir Vəliyev məlumat verib.

    Ötən ilin dekabrında erməni əsirliyindən xilas edilən qazimizin müalicəsi başa çatıb və o, bu gün doğulduğu Lənkərana yollanıb.

    Vətən müharibəsi qazisi Lənkəranda izdihamla qarşılanıb. Bundan əvvəl isə Vəliyev Vəliəhəd Bakıda Fəxri Xiyabana yollanaraq Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

    Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhədin Zəngilan uğrunda döyüşlərdə əsir düşdüyü bildirilirdi.

  • İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi

    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

    Bu barədə “Qafqazinfo”ya şəhid zabitimizin yaxınları məlumat verib.

    46 yaşlı zabitin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

    Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

  • Hərbçilərin maaşlarına əlavələr ediləcək

    “İşğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əmək haqlarına əlavələr əmsallar formasında ediləcək. Bununla bağlı olaraq, aidiyyəti qurumlar tərəfindən müvafiq fəaliyyət həyata keçirilib”.

    Bunu “Report”a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

    Onun sözlərinə görə, yaxın zamanlarda hərbi qulluqçuların əməkhaqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək.

    Deputat həmçinin bildirib ki, hərbçilərin əməkhaqqları ilə bağlı məsələ Milli Məclisin deputatı kimi Müdafiə Nazirliyinə şifahi deputat sorğusu edərək aidiyyəti komitə rəhbərlərinə məruzə edib: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib”.

  • Müdafiə Nazirliyi düşmənə vurulan aviazərbələrin yeni görüntülərini yaydı – VİDEO

    Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 qırıcı təyyarələri və döyüş helikopterləri ilə düşmənə vurulan aviazərbələri əks etdirən video yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanda əsgərlik 2 il olacaq? – Polkovnikdən açıqlama

    2020-ci ilin oktyabr ayında hərbi xidmətdən təxris edilməli olan əsgərlər hələ evə buraxılmayıblar. Buna səbəb kimi sentyabr ayının 27-də Vətən Müharibəsinin başlanması göstərilir. Maraqlı məqam odur ki, yanvar ayında da təxris prosesi həyata keçirilmədi. Bu isə özlüyündə müxtəlif ehtimalların ortaya çıxmasına şərait yaradır. Cəmiyyətdə dolaşan şayiələrə görə, hərbi xidmət müddəti ali təhsilli şəxslər üçün 1,6 il, orta təhsillilər üçün isə 2 il olacaq.

    Məsələ ilə bağlı yenisabah.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanda çağırış da, təxris da ölkə başçısının fərmanına əsasən, həyata keçirilir:

    “Əvvəlcədən belə bir məlumat da vardı ki, aprelin 15-dək əsgərlərin təxrisi uzadılacaq. Bu onunla bağlıdır ki, yanvar ayında xidmətə çağırılan əsgərlər 3 ay ixtisas kursu keməlidir. Bundan sonra onlar hərbi hissələrə gedəcəklər və hərbi hissələrdə artıq xidmət vaxtı başa çatan şəxsi heyət təxris olunacaq. Hərbi hissələrdə də bu haqda məlumat mövcud idi. Yəni uzadılan və ya qısaldılan heç nə yoxdur. Azərbaycan Respublikasının qanunu var və onun çərçivəsində də bütün məsələlər həll olunacaq. Bu isə sadəcə bir çağırışın uzadılmasıdır. Məlumdur ki, gənc əsgərlər birdən-birə döyüşə bilməz. Onlar hələ bərkiməyiblər. Heç olmasa, gənc əsgər kursu keçməlidirlər. Sonra ixtisas üzrə gedib xidmət keçəcəklər. Narahatlığa səbəb yoxdur. Bu heyətin vaxtı ona görə uzadıldı ki, səfərbərliklə gələn heyəti buraxaq. Çünki onların ailələri var. Aprelin 15-də hamısı təxris olunacaq. Qanunda dəyişiklik yoxdur”.

  • İranlı güləşçidə dopinq tapıldı, medal Azərbaycan təmsilçisinə verildi

    Dünya Çimərlik Oyunlarının güləş yarışlarında iki çəkidə medalçılar dəyişib.

    “Report” Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) 2019-cu ilin oktyabrında Qətərin paytaxtı Dohada keçirilmiş ilk Dünya Çimərlik Oyunlarının güləş yarışlarında qadınlarda 50 kq-da, kişilərdə isə +90 kq-da çıxış edən idmançılardan birinin dopinq testinin müsbət çıxdığını elan edib.

    Yasaq preparatdan istifadə etdiyi aşkarlanan iranlı Puya Rəhmani qazandığı qızıl medaldan məhrum olub. Nəticədə ən ağır çəkidə növbəti yerləri tutanlar müvafiq olaraq bir pillə yüksəlib. Beləliklə, Ufuk Yılmaz (Türkiyə) qızıl, Mamuka Kordzaya (Gürcüstan) gümüş, Oyan Nəzəriani isə bürünc medalçı elan olunub.

    Hazırda çimərlik güləşi üzrə Azərbaycan millisinə başçılıq edən Nəzəriani yarımfinalda dopinqdən istifadə edən Rəhmaniyə məğlub olmuşdu.

    Bununla da ilk Dünya Çimərlik Oyunlarında Azərbaycan güləşçilərinin qazandığı medalların sayı üçə çatıb.

    Qeyd edək ki, Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) Dohada gümüş medal qazanıb.

  • Qubada Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirilib

    Vətən Müharibəsi Qəhrəmanı, briqada komandiri, polkovnik Nizami Bəydəmir oğlu Mövlanov uzunmüddətli müalicədən sonra valideynləri ilə görüşmək üçün Quba rayonuna gəlib.

    “Report”un Şimal bürosunun məlumatına görə, o, əvvəlcə Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı və 44 günə zəfərlə bitirdiyi döyüşlərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən insanların uyuduğu Qubadakı Şəhidlər xiyabanını ziyarət edib.

    N.Mövlanov daha sonra Novruz bayramının ilk çərşənbəsini valideynlərilə birgə qeyd etmək üçün doğulduğu Utuq kəndinə gəlib. Vətən Müharibəsi Qəhrəmanı ilə görüşmək üçün kənd sakinləri onun doğulub boya-başa çatdığı evə axın ediblər. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də Qubanın mərkəzindən 80 kilometr məsafədə, dəniz səviyyəsindən 1 328 metr yüksəklikdə yerləşən Utuq kəndinə gələrək N.Mövlanovla görüşüb. İcra başçısı onun Vətən qarşısındakı xidmətlərini sadalayıb, bu xidmətlərinə görə Ali Baş Komandan tərəfindən ali təltiflərə layiq görüldüyünü bildirib.

    Qeyd edək ki, N.Mövlanov Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Füzulinin azad olunması uğrunda”, “Cəbrayılın azad olunması uğrunda”, “Xocavəndin azad olunması uğrunda”, “Şuşanın azad olunması uğrunda” və 2019-cu ildə “İgidliyə görə” medalları ilə təltif olunub.

    Bundan başqa, Mövlanovlar ailəsinin daha 2 üzvü zabit kimi ordu sıralarında xidmət edir. Qardaşı, polkovnik-leytenat Tərlan Bəydəmir oğlu Mövlanov ordu korpusunun artilleriya komandirinin müavini olaraq Vətən müharibəsində iştirak edib, “Azərbaycan Bayrağı” ordeni, “Ağdamın azad olunması uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medalları ilə, qardaşı oğlu, baş leytenant, Laçın Şahin oğlu Mövlanov artilleriya batareyasının komandiri, “Zəngilanın azad olunması uğrunda”, “Qubadlının azad olunması uğrunda” və “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif olunublar.

  • Ehtiyatda olan polkovnik: “Ermənilər minaları əsasən pərakəndə formada basdırıblar”

    “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiya 1 mart 1999-cu ildə qüvvəyə minib. Həmin Konvensiyaya 133 dövlət qoşulub. Həmin dövlətlər üzərlərinə piyadalara qarşı minadan istifadə etməyəcəkləri, belə mina hazırlamayacaqları, istehsal etməyəcəkləri, başqa cür əldə etməyəcəkləri, toplamayacaqları, saxlamayacaqları, birbaşa və yanakı surətdə heç kəsə verməyəcəkləri barədə öhdəliklər götürüblər”.

    Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

    O hesab edir ki, bu gün dünyada ikili standartlar var: “Bəzi dövlətlər, o cümlədən ABŞ bu Konvensiyadan çıxıb. Harada müharibə gedirsə, münaqişə varsa bütün tip minalardan istifadə olunur. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə həmin əraziləri minalayıb. Mənfur düşmənlərimiz tərəfindən I Qarabağ müharibəsi zamanında da ərazilərimiz minalanmışdı. Həmin vaxt minalar pərakəndə şəkildə yerləşdirilib”.

    Ehtiyatda olan polkovnik qeyd edib ki, ermənilərin indiyə kimi törətdikləri vəhşiliklər hamıya məlumdur: “Ona görə də onlardan minalanmış ərazilərin xəritələrini əldə etmək mümkünsüz bir şeydir. Onlar belə bir addımı ata biləcək millət və dövlət deyil. Digər tərəfdən də onu deyə bilərəm ki, hələlik Ermənistan bizimlə sülh müqaviləsi bağlamayıb. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Yenə də Ermənistanla müharibə şəraitindəyik. Belə olduğu halda isə onların xəritələri verməsi məsələsi sual altındadır”.

    “Bir hərbçi kimi deyə bilərəm ki, onlar xəritələri versələr belə biz onlara inanmamalıyıq. Biz bilmirik ki, onları hansı mütəxəssislər hazırlayıb və həmin xəritələr nə qədər reallığı əks etdirir. Çünki mina sahələrinin xəritələrinin hazırlanması xüsusi peşəkarlıq tələb edir. Digər tərəfdən də düşünürəm ki, onlarda kimin haralara mina basdırması ilə bağlı məlumat yoxdur. Son dövrlərdə hansısa sahələrə minaların basdırılması ilə bağlı məlumatlar ola bilər. Ancaq onu da qeyd edim ki, bizdə heç kim ermənilərin xəritəsinə inanmaz. Çünki bu məsələ ilk növbədə əhalimizin, dövlət qurumlarımızın təhlükəsizliyi ilə bağlıdır”, – Ş.Ramaldanov qeyd edib.

    Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işləri aparılır: “Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb edilib. Digər tərəfdən də mütəxəssislər hazırlanır. Hesab edirəm ki, əhalimizin, dövlət qurumlarımızın təhlükəsizliyini ancaq özümüz təmin edə bilərik”.