Category: Ordu

  • Qızıl Hərflərlə Yazılan Zəfər Tariximiz – Qələbəmizin 100-cü günü – VİDEO

    Bu gün illərdir həsrət hissinin fəxrlə əvəzlənməsinin 100-cü günüdür. Tarixi zəfərimizdən, 10 noyabrdan 100 gün keçir.

    Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındaki ərazilərimizin qaytarılması ilə nəticələnən vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. O gündən xalqımız hər səhəri qürurla, sevinclə açır.

    Azərbaycan xalqı öz liderinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətnliyini, mübarizliyini nümayiş etdirdi. Xalq olaraq bu şanlı yolda bir an olsun yorulmadıq. Daim ordumuzun arxasında dayandıq. Ön və arxa cəbhədə savaşmaqdan bezmədik, usanmadıq, bir ölər min dirilərik misrasının haqqını layiqincə verdik.

    Millət vəkili Hikmət Babaoğlu bildirib ki, 100 günlük müddət ərzində Azərbaycan xalqı tarixən layiq olduğu qələbəni yaşadı.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Vətən müharibəsinin düşmənə sarsıdıcı zərbələr endirən 23 yaşlı qəhrəmanı

    Bu gün şəhidimiz Rəvan Məmmədovun doğum günüdür – yaşasaydı, 23 yaşı tamam olacaqdı.

    “Report”un Muğan bürosunun məlumatına görə, Rəvan İntiqam oğlu Məmmədov 1998-ci il fevralın 17-də Cəlilabad rayonunun Novruzallı kəndində anadan olub.

    Hərbçimiz Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak edib. Eyni zamanda şəxsi şücaətlər göstərərək hərbçi yoldaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib, onun canlı qüvvəsini məhv edib .

    Füzuli istiqamətində gedən hərbi əməliyyat Rəvanın son döyüşü olub. O, bu döyüşlərdən birində qəhrəmancasına şəhid olub.

    Rəvan Məmmədov Novruzallı kənd qəbiristanlığında torpağa tapşırılıb.

    O, Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub.

    Bu gün ailəsi şəhidimizin məzarını ziyarət edib, ruhuna dualar oxunub. Məzarı önünə gül çiçəkləri düzülüb. Onun həyat yoluna nəzər salınıb.

    Allah rəhmət eləsin!

  • “Caliber”: Qələbə də bir dərsdir – VİDEO

    “Caliber” müstəqil jurnalist layihəsi növbəti təhlilini öz “YouTube” kanalında yerləşdirib.

    “Qələbə də bir dərsdir” başlıqlı videomaterialda deyilir ki, “Caliber” layihəsinin redaksiya heyəti artıq neçənci dəfədir, Azərbaycan ordusundakı konseptual və təşkilati dəyişiklər mövzusunu öz tamaşaçılarının diqqətinə çatdırır. Bu dəyişikliklərin vacibliyi bir sıra amillərlə diqtə olunur. İlk növbədə, 44 günlük uğurlu hərbi əməliyyatların təcrübəsi, digər tərəfdən də, məhz bu əməliyyatlar nəticəsində bölgədə yaranmış yeni reallıqlar sözügedən dəyişiklikləri qaçılmaz edə bilər.

    Təhlildə qeyd olunur ki, xarici ekspertlərin fikrincə, ikinci Qarabağ müharibəsində Azərbaycanın mütləq üstünlüyünün ən başlıca səbəbi Ermənistan silahlı qüvvələrinin konseptual baxımdan yeni müharibəyə hazır olmaması idi. Düşmənin hərbi müstəvidə bütün digər çatışmazlıqları da məhz bu hazırlıqsızlıqdan doğur. İstər kadr, istərsə də maddi-texniki cəhətdən Ermənistan keçmiş müharibəyə hazırlaşırdı.

    Daha ətraflı “Caliber”in yeni videomaterialında.

  • Birinci Qarabağ müharibəsi qurbanlarının qalıqlarının axtarışına başlanılıb

    Azərbaycan humanitar əməkdaşlıq çərçivəsində əldə olunmuş razılığa əsasən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ikinci Qarabağ müharibəsinin gedişatında həlak olmuş daha 106 erməni hərbçinin meyitini Ermənistana təqdim edib.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Qeyd edilir ki, ikinci Qarabağ müharibəsində həlak olanların meyitlərinin və sağ qaldığı ehtimal edilənlərin axtarışları davam edir. Bundan başqa, hər iki tərəf birinci Qarabağ müharibəsi vaxtı həlak olanların qalıqlarlarının axtarışı və onların mübadiləsi cəhdlərinə başlayıb.

  • Əkbərin şəhid xəbəri gəldi…

    Vətən müharibəsində itkin düşən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun şəhid olduğu müəyyənləşib.

    Bu barədə “Qafqazinfo”ya şəhidimizin yaxınları məlumat verib.

    Hərbçimizin şəhid olduğu DNT analizi nəticəsində təsdiqlənib. Şəhidimizin sabah Neftçalanın Xıllı qəsəbəsində cənazə namazı qılınacaq. Daha sonra Quliyev Əkbərin nəşi Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılması üçün paytaxta gətiriləcək.

    Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əkbər Quliyev hərbi xidməti Tərtərdə başa vurub. O, müharibədən öncə təlimlərə cəlb edilmiş, daha sonra isə döyüşlərə qatılmışdı.

    Allah rəhmət eləsin!

  • Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib – FOTO/VİDEO

    Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlimə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri cəlb edilib.

    Uçuşlar zamanı hücum təyyarələri, atəş-dəstək və nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.

    Hava hücumundan müdafiə birləşmə və hissələri şərti hava düşmənini təqlid edən Ordu aviasiyasının uçuşlarının aşkarlanması, izlənməsi və məhv edilməsi tapşırıqlarını məşq ediblər.

    Taktiki-xüsusi təlimdə qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olunub.

  • Yaşlı ermənidən etiraf: “Şuşa əhalisinin 96%-i azərbaycanlılar olub, Şuşa tarixi Azərbaycan şəhəridir” – VİDEO

    Ermənilərin öz aralarındakı mübahisəsi marağa səbəb olub.

    Belə ki, bir qrup öz aralarında şiddətli şəkildə Şuşa şəhərinin kimə aid olmasını müzakirə ediblər.

    Onların arasında daha yaşlı olanları gənclərə başa salmağa çalışıb ki, Şuşa tarixən Azərbaycana məxsus, azərbaycanlıların yaşadığı və onların dədə-baba yurdu olub. Gənc erməni isə hiddətlə və acıqla sübut etməyə çalışır ki bu, belə deyil.

    Amma yekunda gənc erməni yaşlıların özündən əmin, faktlı və qəti mövqeyi qarşsında deməyə söz tapmayıb və mübahisə sona çatıb.

  • Azərbaycan ordusunun DÜNYANI HEYRƏTLƏNDİRƏN “kukruznik” taktikası – Amerikalı analitiklər yazır

    44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tətbiq etdiyi yüksək dəqiqlikli silahlar, müxtəlif tipli pilotsuz uçan aparatlar və istifadə olunan hücum taktikası baxımından hələ də aparıcı dünya ölkələrinin hərbi mütəxəssisləri tərəfindən təhlil olunur. ABŞ başda olmaqla bir çox ölkələr isə artıq bu müharibənin təcrübəsini nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik edirlər, gələcəyin müharibələrində dronların kritik rol oynayacağını nəzərə alırlar.

    Bu müharibə zamanı Azərbaycan ordusu daha bir taktikası ilə dünyanı heyrətləndirmişdi. Belə ki, sovet dövründən qalma, “kukruznik” kimi tanınan birmotorlu An-2 təyyarələri pilotsuz təyyarələrə çevrilmişdi və onları yalançı hava hədəfi kimi istifadə edərək ordumuz düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini aşkarlayırdı. Müharibənin ilk həftələrində Ermənistan Müdafiə Nazirliyi hər gün Azərbaycanın bir neçə “qırıcısını” vurduğu haqda raportlar verirdi, yalnız həftələr sonra düşmən əslində nəyi vurduğunu anlamağa başladı. Onda isə gec idi, çünki düşmənin Qarabağdakı hava hücumundan müdafiə sistemləri demək olar tam sıradan çıxarılmışdı.

    İndi bu unikal fənd barədə ABŞ-ın Çikaqo ştatında mənzillənən “Bulletin of the Atomic Scientists” analitik mərkəzinin online nəşri olan “The Bulletin” yazır. Nəşrin analitikləri Benjamin Fogel və Andro Metyuson yazırlar ki, 2020-ci ilin sentyabrında, Qarabağda hərbi əməliyyatların ikinci günündə erməni komandanlığı öz bölmələrindən birinin aşağıdan və yavaş sürətlə uçan hansısa hava hədəfinə “yer-hava” tipli raketlə atəş açdığına dair görüntüləri yaymışdı. “Lakin erməni əsgərlərinin vurduqları ultramüasir avtonom uçan aparat deyildi, ilk dəfə 1940-cı illərdə keçmiş Sovet İttifaqında kənd təsərrüfatı sahələrinin monitorinqi və dərmanlanması üçün istehsal olunan birmühərrikli təyyarə idi”,-məqalədə deyilir.

    “The Bulletin” qeyd edir ki, sonradan Azərbaycanın bir neçə An-2 təyyarəsini pilotsuz uçan təyyarəyə çevirdiyi məlum oldu. Müharibə zamanı onları dəfələrlə kamikadze-dronlar qismində Ermənistan HHM sistemlərinin yerini müəyyən etmək üçün havaya qaldırdılar. Ermənilər isə öz zenit-raket komplekslərindən bu hava hədəfinə atəş açmağa məcbur oldular və beləliklə, öz mövqelərinin yerini Azərbaycan komandirlərinə bildirmiş oldular. Növbəti mərhələdə isə həmin zenit-raket komplekslərinə müasir kamikadze-dronlar istiqamət alırdı.

    “Bununla da Azərbaycan dünyaya nümayiş etdirdi ki, hətta An-2 kimi köhnəlmiş texnikanı da yeni profilə gətirmək və dron qismində effektiv şəkildə müharibədə istifadə etmək olar. Bu da hərbçilərin avtonom sistemlərdən istifadəyə dair novator üsullar axtarıb tapmaqda olduqlarını göstərir”,-müəlliflər bildirir.

    Məqalədə deyilir ki, Azərbaycanın bu taktikası gələcək münaqişələrdə istifadə olunacaq. Bu tip pilotsuz təyyarələr düşmənin yerini və imkanlarını aşkarlamaq üçün effektiv alət ola bilər və eyni zamanda onu əsas missiyasından yayındırar. Onlar həm də ucuzdur, dəyəri hansısa sınıq-salxaq avtomobilin dəyəri ilə müqayisə oluna bilər və nəticədə belə aldadıcı hədəfləri itirmək risk yaratmır.

    Optimal Sərfəlidir
    “Qeyd etmək lazımdır ki, əvvəllər pilotlu təyyarə olmuş An-2 təyyarələrini yarımavtonom vasitəyə çevirməklə Azərbaycan hərbi təyinatlı dronların yayılmasını ləngitməyə yönəlmiş beynəlxalq səylərin də zəif yerini aşkara çıxarmış oldu”,-müəlliflər bildirir.
    Xatırladılır ki, An-2 təyyarələri ötən əsrin 50-ci illərində SSRİ-də, Polşada və Çində kütləvi istehsal olunub. Və hələ də istifadə olunmaqdadır. Bu təyyarələrin təyinatını sifarişçinin istəyi ilə dəyişmək çox asandır və nəticədə onları hərbi təyinatlı drona çevirmək mümkün olub. “Qarabağdakı müharibə dövründə ümumi mövqe belə idi ki, həmin təyyarələr döyüşdə istifadə olunmaq üçün çox köhnədir və yararsızdır. Lakin Azərbaycan bu mövqeni rədd etdi və An-2 erməni HHM qüvvələrinin mövqelərini, avadanlıqlarını aşkarlamaq üçün istifadə olundu”,-amerikalı təhlilçilər vurğulayıblar.

    Bildirilir ki, müharibə zamanı Azərbaycan dəfələrlə bu təyyarələri ermənilərin zenit-raket komplekslərinin yerini aşkarlamaq üçün istifadə edib. Eyni zamanda onları partlayıcı maddə ilə yükləyib. Ermənilərin yaydıqları videoların bəzilərində bu təyyarələrin yerə düşərkən böyük partlayış törətdiyi görünür. Bu da amerikalı təhlilçilərin qənaətinə görə, ondan xəbər verir ki, Azərbaycan hərbçiləri An-2 təyyarələrini nəinki yalançı hədəf kimi istifadə edib, eyni zamanda ermənilərə onları vurmamaqdan, beləliklə də mövqelərini aşkara çıxarmaqdan başqa şans buraxmayıb. Çünki ermənilərin zenit-raket kompleksləri bu təyyarələrə atəş açmasaydı onlar böyük dağıdıcı gücə malik kamikadze-dron qismində onların mövqelərinə çırpılacaqdı.

    “Azərbaycan qüvvələrini dəstəkləyən mühəndislər çox güman ki, An-2 təyyarələrində avtopilota yönləndirilən pnevmatik sistemlər quraşdırmaqla onları pilotsuz təyyarəyə çeviriblər. 2018-ci ildə ilk dəfə Çin bu təyyarələri pilotsuz yük təyyarələrinə çevirmişdi. Azərbaycan isə başqa yolla gedib və texnikanın profilini döyüş aparmaq üçün dəyişdirib”,-məqalədə deyilir.

    “The Bulletin” qeyd edir ki, müharibədən bir neçə həftə əvvəl kommersiya peykləri Yevlaxdakı aerodromda 60-dan çox An-2 təyyarəsini qeydə almışdı. Müharibənin sonlarına yaxın isə onlardan yarıdan çoxu artıq aerportda yox idi. Açıq mənbələrdə yer alan məlumatlarda isə azı 11 belə təyyarənin erməni qüvvələri tərəfindən vurulduğu bəlli olur.

    Təhlilçilər yazırlar ki, əslində pilotsuz təyyarələrdən aldadıcı hədəf kimi istifadə edərək düşmənin hava hücumundan müdafiə komplekslərinin mövqelərini aşkara çıxarmaq taktikasından 1982-ci ildə İsrail Livandakı müharibə zamanı Suriya HHM sistemlərinə qarşı istifadə edib. Suriya ordusunun silahlanmasında yer alan sovet zenit-raket kompleksləri öz radarlarında həmin PUA-ları görərək onları F-16 qırıcıları zənn edirdi. Daha sonra ABŞ ordusu da pilotsuz təyyarələrdən Fars körfəzində İraq HHM sistemlərinə qarşı uğurla istifadə edib. Onlar İraq zenit-raket komplekslərinin diqqətini özlərinə cəlb ediblər, tipini aşkarlayıblar və daha sonra artilleriya atəşi, və ya qırıcılar tərəfindən məhv edilməsinə imkan yaradıblar.

    “Ancaq Azərbaycanın An-2 təyyarələrinin qismində köhnə avadanlığı orijinal və qənaətcil şəkildə olduqca müasir və texnoloji baxımdan inkişaf etmiş silahların tətbiq edildiyi regional münaqişədə tətbiq edib. Digər ölkələr, xüsusən də öz arsenalında bolluca köhnəlmiş sovet texnikası olan ölkələr yəqin ki, Azərbaycanın bu nümunəsini istifadə edəcəklər”,-nəşr yazır. (virtualaz.org)

  • 128 gün komada qalandan sonra vəfat edən 24 yaşlı qazi Sumqayıtda dəfn edilib

    Dörd aydan çox komada qalandan sonra vəfat edən Vətən Müharibəsi qazisi Tacəddin Vüqar oğlu İsmayılzadə dəfn edilib. APA TV xəbər verir ki, 24 yaşlı əsgər Tacəddin İsmayılzadə Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhər rəhbərliyi, deputatlar, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən Müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb. 128 gün komada qalan qazi ötən gün vəfat edib. Tacəddin İsmayılzadə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Allah rəhmət eləsin!

  • Biləsuvarda iki şəhidin doğum günü qeyd edilib – FOTO

    Biləsuvar rayonunda Vətən müharibəsində şəhid olmuş iki hərbçinin doğum günləri qeyd edilib.

    “Report”un Muğan bürosu xəbər verir ki, onlar Xəyal Nuri və Osman Bayramovdur.

    Xəyal Şakir oğlu Nuri 1997-ci il fevralın 12-si Biləsuvar rayonunun Ağayrı kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənd məktəbində alıb. Daha sonra həqiqi hərbi xidmətdə olub. Bundan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarında xidmətə başlayıb.

    44 günlük Vətən müharibəsinə ilk günlərdən qatılıb. Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid hərbçi Xəyal Nuri 4 noyabr 2020-ci ildə Biləsuvar rayonu Ağayrı kənd qəbiristanlığında dəfn olunub.

    O, ölümündən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimiz subay idi.

    Onun doğmaları şəhidi ziyarət ediblər, məzarı önünü tər çiçəklər düzüblər. Şəhidin ruhuna dualar oxunub. Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Osman Bayramov yaşasaydı, bu gün 34 yaşını qeyd edəcəkdi.

    Digər şəhid Bayramov Osman Zeyqəm oğludur. Mərhum 13 fevral 1987-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Vətən müharibəsi başlayanda Osman müddətdən artıq hərbçi kimi Vətənə xidmət edirdi.

    Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Göstərdiyi şücaətlərə görə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Osman Bayramov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəhidimiz ailəli idi, iki qız övladı yadigar qaldı. Bu gün şəhidimizin məzarını ziyarət edən doğmaları və tanışları onun ruhuna dualar oxuyublar. Osmanla bağlı xoş xatirələrini bölüşüblər.