Category: Ordu

  • Ermənistan İkinci Qarabağ müharibəsindəki itkilərinin sayını iki dəfə azaldır – STATİSTİKA

    Ermənistanda son bir ildə ölüm sayı 2019-cu illə müqayisədə 35% artıb.

    Bu ölkənin rəsmi statistikasına görə, 2019-cu ildə ölənlərin sayı 26 186 nəfər idisə, 2020-ci ildə 35 371 nəfər təşkil edib.

    Beləliklə, yalnız bir ildə ölənlərin sayı 9 185 nəfər artıb. Onlardan 2 828 nəfəri koronavirusdan ölüb. Artımının digər səbəbi isə yalnız İkinci Qarabağ müharibəsində işğalçı erməni ordusunun itkiləri ilə əlaqələndirilə bilər.

    Bu rəqəmlər göstərir ki, müharibə zamanı Ermənistanın işğalçı qüvvələri 6 300-dən çox itki verib, bu isə erməni tərəfinin bəyan etdiyi rəsmi itkilər sayından azı iki dəfə çoxdur.

  • Ali Hərbi Məktəbin kursantları üçün seminar keçirilib

    Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün “Silahlı münaqişələrdə medianın rolu” mövzusunda seminar təşkil olunub.

    “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, seminarda peşəkar jurnalistlər silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, informasiya qarşıdurmasının əhəmiyyəti, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla media nümayəndələri arasında qarşılıqlı əlaqələr və birgə fəaliyyətlərin təşkili, o cümlədən dezinformasiya və feyk xəbərlərin psixoloji təsiri mövzularında mühazirələr oxuyublar.

    Kursantlara döyüş əməliyyatları zamanı mediadan yararlanmağın, məlumatı auditoriyaya çatdırmağın alternativ variantları açıqlanıb, bu istiqamətdə KİV nümayəndələri ilə iş üsulları haqqında məlumat verilib, eləcə də medianın resursları, onların üstün və zəif cəhətləri təhlil edilib.

    Seminar panel müzakirələrlə yekunlaşıb.

  • Daha bir əsgərimizin şəhid xəbəri gəldi

    Vətən Müharibəsində itkin düşən əsgər Ağayev Əmirağa Mahir oğlunun şəhid olduğu müəyyənləşib.

    Bu barədə qafqazinfo-ya şəhidimizin dayısı Aydın Aslanov məlumat verib.

    Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğluna aid olduğu təsdiqlənib.

    Şəhidimizin nəşi sabah doğulduğu Şabranın Surra kəndinə gətiriləcək.

    Qeyd edək ki, Əmirağa Ağayev Qazaxda yerləşən N saylı hərbi hissənin əsgəri olub. Vətən Müharibəsi başlayan zaman o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhidimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlaya bilmişdi. Əmirağa ailənin yeganə oğlu olub, iki bacısı var.

    Allah rəhmət eləsin!

  • Azərbaycan və Ermənistan arasında növbəti əsir mübadiləsi baş tutub

    Azərbaycan və Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə növbəti dəfə hərbi əsirlərin mübadiləsi həyata keçirilib.

    TASS məlumat yayıb ki, bunu Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov jurnalistlərə bildirib.

    Məlumata əsasən, Rusiya təyyarəsi ilə Bakıya bir nəfər hərbi əsir gətirilib, İrəvana isə beş nəfər qaytarılıb.

    R.Muradov qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri bundan sonra da üçtərəfli sazişin icra olunması üçün vasitəçilik edəcək.

  • Milli Məclisdə Vətən müharibəsinin qazisi və idmançılarla görüş keçirilib – FOTO

    Fevralın 9-da Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Yusif Əhmədov və bir qrup idmançı ilə növbəti görüş keçirilib.

    Görüşdə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev 2020-ci ilin tariximizin yaddaşına qızıl hərflərlə düşməsi, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı Ordumuzun döyüş meydanında misli görünməmiş qələbəsi, nəticədə uzun illərdir davam edən nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. Vitse-spiker əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

    A.Əliyev döyüş və diplomatiya meydanında qazanılmış Zəfərimizin idman yarışlarında da uğurla davam etdirilməsinin zəruriliyini bir daha diqqətə çatdırıb, idmanın ölkəmizdə daim diqqət mərkəzində olmasını, Azərbaycanın dünyada idmana ən çox önəm verən ölkələrdən olduğunu bir daha qeyd edib. Vitse-spiker ölkəmizin beynəlxalq olimpiadaların təşkilatçısı kimi nüfuzunu nəzərə alaraq idmançılarımızın da yarışlara daha əzmlə hazırlanmasının zəruriliyini bildirib.

    Görüşün sonunda Vətən müharibəsi qazisi Yusif Əhmədova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim olunub.

  • Naxçıvanda yeni hərbi hissələr yaradılıb

    Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb.

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi hissələrə döyüş bayraqlarının verilməsi ilə bağlı təqdimatlarını oxuyub.

    Ali Məclisin sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.

  • Şəhid əsgərin atası: “Oğlumun tabutunu mənə verən polkovnik dedi ki…” FOTO

    44 günlük Vətən müharibəsində canını fəda edərək Azərbaycan gəncliyinə baş ucalığı gətirən qəhrəman döyüşçülərin sırasında Taleh Zamanov kimi əsgər balalarımızın da olması insanı həm kövrəldir və həm də qürurlandırır.

    Taleh Valeh oğlu Zamanov 7 aprel 2002-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində sadə kəndli ailəsində anadan olub. Atası Valeh kişi Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Ailədə iki qardaş olublar. 17 yaşlı qardaşı Həsənağa da hərbi xidmətə yollanmağa hazırlaşır. Anası Səltənət xanım evdar qadındır.

    T.Zamanov 2018-ci ildə yaşadıqları qəsəbədə yerləşən şəhid Cəlal Məmmədov adına orta məktəbi bitirib. O, 2019-cu il may ayının 6-da hərbi xidmətə yollanıb. Xidmətinə cəbhə xəttinin Goranboy rayonunda yerləşən hərbi hissələrindən birində başlayıb. Taleh qısa vaxt ərzində yiyələndiyi sərrast atıcılıq bacarığına görə komandirlərinin diqqətini cəlb edib.


    “Kasıb ailə oldğumuzdan Taleh fəhləlik edib ailəmizin dolanışığına köməklik edirdi. Əsgər getdiyi ərəfədə alın təri ilə qazandığı puluna hərəmizə bir telefon alıb bağışlamışdı. Onun yoxluğuna heç cür inanmağım gəlmir, o qədər zirək uşaq idi ki… Elə bilirəm nə vaxtsa mütləq geri dönəcək”, – deyə anası Səltənət xanım kövrəlir.

    Atası Valeh kişi isə deyir ki, əsgər olduğu 8 ay müddətində bir dəfə də olsun onun yanına gedə bilməyiblər: “Pandemiya ilə bağlı məhdudiyyətlərə görə gedib Talehi görə bilmədik”.

    “Əsgər gedəndə elə sevinirdi ki… Sanki uçurdu uşaq. Kimi görürdüsə, deyirdi “əsgər gedirəm e, Vətənimizi qorumağa gedirəm”. Sentyabr ayının 30-da mənə zəng vurub hal-əhval tutdu. Dedim “bala, müharibəyə görə səndən nigaranam”. Gülüb cavab verdi ki, “müharibə-zad yoxdu, narahat olub-eləməyin, özünüzdən muğayat olun”. Bu bizim son danışığımız oldu”, – deyə anası Səltənət xanım xat

    Əsgər Taleh Zamanov döyüş meydanında şəhid olsa da, onun nəşi yalnız Kəlbəcər rayonunun işğaldan azad edildiyi gün, noyabr ayının 25-də tapılaraq ertəsi gün Yevlax rayonunda atasına verilib.

    “Balamın əmanət tabutunu mənə verən polkovnik rütbəli zabit dedi ki, “Oğlunuz əsl qəhrəmanlıq göstərdi. Siz onunla fəxr edin, biz də sizin qarşınızda baş əyirik ki, Vətən üçün belə igid əsgər böyütmüsünüz”, – deyə Valeh kişi də kövrəlir.

    “Mən oğlumla fəxr edirəm. Fəxr edirəm ki, canımdan artıq sevdiyim əziz balam cəmi 18 il yaşasa da, son mənzilə Azərbaycan bayrağına bükülərək yola salındı. Fəxr ediərm ki, əziz balam Vətənimiz və namusumuz uğrunda şəhid oldu, əvəzində Zəfər gününü xalqımıza yaşadanlar sırasında oldu… Ən böyük arzum isə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş əsgər balamın adının gələcəkdə də unudulmaması üçün əbədiləşdirilməsidir” – dedi sonda Səltənət xanım.

    Əsgər Taleh Zamanov ölümündən sonra “Vətən uğrunda” və Kəlbəcərin alınmasına görə” medalları ilə təltif olunub.// virtualaz.org

  • 15 gün əvvəl iflic vəziyyətdə idim, indi isə yeriməyə başlamışam – Qazi

    Yeriməyimdə problemlər var idi, ancaq Əlillərin Reabilitasiya Mərkəzinə gəldikdən sonra hərəkət etməyə başlamışam.

    Bunu Trend-ə açıqlamasında Vətən müharibəsində xəsarət alan və hazırda Əlillərin Reabilitasiya Mərkəzində müalicə olunan yaralı hərbçimiz İsmayılov Nicat deyib. Hərbçimizin sözlərinə görə, o döyüşlərdə ağır yaralanaraq iflic vəziyyətə düşmüşdü:

    “Döyüşlər başlayanda 13 ayın əsgəri idim. Torpaqlarımızı işğaldan azad etmək üçün hər kəs kimi mən də böyük fəxr hissi ilə vuruşdum və Talış kəndinin alınmasında iştirak etdim. Daha sonra Suqovuşana yollandım və orada yaralandım, iki qəlpə və bir güllə yarası aldım. Artıq 15 gündür YAŞAT Fondu tərəfindən mərkəzdə müalicə alıram və yeriməyə başlamışam, ancaq buna kimi iflic vəziyyətdə idim. Fürsətdən istifadə edib bütün həkim heyətinə öz minnətdarlığımı bildirmək istərdim”.

  • Rusiya – Türkiyə Monitorinq Mərkəzi Qarabağda atəşkəs pozuntusu qeydə almayıb – FOTO

    Türkiyə Müdafiə Nazirliyi öz rəsmi saytında Qarabağda qurulan Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətinə dair yeni məlumat dərc edib. Məlumat nazirliyin “Twitter” səhifəsində də paylaşılıb.

    Nazirliyin məlumatında bildirilir ki, Qarabağda atəşkəsə riayət olunması üçün qurulan Türkiyə-Rusiya ortaq mərkəzi fəaliyyətinə davam edir.

    Ermənistan işğalından azad edilən Qarabağın Ağdam rayonunda fəaliyyət göstərən mərkəzdə pilotsuz uçuş aparatları ilə (PUA) əldə olunan görüntülər izlənilir və atəşkəsə əməl olunub-olunmaması yoxlanılır.

    Dörd hektar ərazidə, 65 yaşayış və xidmət sahəsinin yer aldığı mərkəzdə, PUA personalı da daxil olmaqla, türk və rus əsgərləri birlikdə xidmət edirlər. Hər ölkəyə aid qərargah zonasının olduğu mərkəzdə məscid və kilsə də var. Mərkəzin təhlükəsizliyi Azərbaycan əsgərləri tərəfindən təmin olunur.

    İdman salonu, futbol, voleybol və basketbol meydançalarının yer aldığı mərkəzdə, qarşılıqlı müsabiqələrin keçirilməsi də planlaşdırılır.

    Mərkəzdəki növbətçi türk polkovniki Əli Qaraqaş jurnalistlərə açıqlamasında əsas vəzifənin bölgədəki bütün qarşıdurmalara son qoymaq və atəşkəsə nəzarət etmək olduğunu bildirib. Mərkəzdə atəşkəsin pozulması halları ilə əlaqədar məlumatların toplanması, birləşdirilməsi və yoxlanılmasının həyata keçirildiyini deyən polkovnik Qaraqaş, “Burada müşahidələr aparılır, PUA və digər mənbələrdən alınan məlumatlar qiymətləndirilir, qeyd olunur. Müvafiq şikayətlər və ya problemlər araşdırılır, atəşkəsin pozulması hallarının qarşısını almaq üçün tədbirlər görülür”, -deyə vurğulayıb.

    Rus zabiti polkovnik Mixail Zavalkin də həftənin 7 günü 24 saat ərzində PUA ilə müşahidə apardıqlarını və bugünə qədər heç bir pozuntu aşkar edilmədiyini bildirib.

  • İtkin düşən daha bir əsgərimizin nəşi tapıldı – FOTO

    İtkin düşən daha bir əsgərimizin nəşi tapılıb.

    Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

    Bildirilib ki, II Qarabağ müharibəsi zamanı Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə itkin düşən 2000-ci il təvəllüdlü İsmayılov Rəcəb Nəcəf oğlunun şəhid xəbər gəlib.

    O, doğulduğu İmişli rayonunun Əliqulular kəndinə gətirilib və dəfn edilib.

    Qeyd edək ki, R.İsmayılov Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.