Category: Ordu

  • Cəbhədən qayıdan cərrahdan dəhşət saçan açıqlamalar – VİDEO

    Vətən Müharibəsində xüsusi xidmətləri olan, az itki verməyimiz üçün gecə-gündüz çalışan bir zümrə, görünməyən qəhrəmanlarımız var. Onların bir qismi əsgər kimi döyüşlərə qatılıb, daha böyük bir qismi isə arxa cəbhədə yaralı əsgərlərimizin həyatını xilas etmək üçün var gücləri ilə çalışıblar, neçə-neçə qəhrəmanlarımıza yenidən həyat bəxş ediblər. Vətən Müharibəsində təkcə hərbi həkimlərimiz çalışmadı, həm də dövlət xəstəxanalarında, özəl tibb müəssisələrində çalışan peşəkar həkimlərimiz könüllü olaraq, heç bir təmana güdmədən yaralanmış əsgərlərə istər döyüş bölgəsində, istərsə də paytaxtda xidmət etdilər.

    “Medicina.az” saytı bu böyük zəfərdə payı olan, öz əməliyyat alətləri, respetləri ilə vətənə xidmət edən həkimlərimizi cəmiyyətə tanıtmaq üçün yeni layihəyə start verir.

    Bundan sonra oxucularımız “Ağxalatlı döyüşçülər” layihəsində bu səhiyyə işçilərini yaxından tanıyacaq.
    Layihənin ilk qonağı, tanınmış ortoped-travmatoloq, Bakı Sağlamlıq Mərkəzinin həkimi Sənan Aşırovdur.

    Onun Vətən Müharibəsində etdiyi əməliyyatlar, gördüyü hadisələr, ümumiyyətlə həkimlərin bu prosesdə iştirakı ilə bağlı dediklərini videofarmatda  təqdim edirik:

    Bundan sonra oxucularımız “Ağxalatlı döyüşçülər” layihəsində bu səhiyyə işçilərini yaxından tanıyacaq.

     

  • Minaaxtaranlarımız Türkiyədə xüsusi təlimlərə qatılıblar – FOTO

    Azərbaycan Silahlı Qüvvələrinin 23 nəfərlik şəxsi heyəti Türkiyədə təşkil olunan Xüsusi Mina Axtarış və Təmizləmə kursuna qatılıb.

    Türkiyənin Müdafiə Nazirliyindən verilən xəbərə görə, sözügedən kurslar İzmir şəhərində 3-29 yanvar aralığında təşkil olunub. İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığındakı kursu müvəffəqiyyətlə bitirən əsgərlərimiz artıq İzmirdən Azərbaycana yola salınıb.

    Qeyd edək ki, hazırda Azərbaycan və Türkiyə minaaxtaranları işğaldan azad olunmuş ərazilərin mina və əl istehsalı partlayıcı maddələrdən təmizləməsi işlərini birlikdə həyata keçirirlər.

    Azərbaycan Ordusuna bu işdə dəstək məqsədilə bölgəyə göndərilən Türkiyə Quru Qoşunları Komandanlığının şəxsi heyəti minaaxtaranlarımıza yardım etməklə yanaşı, onlara təlim də keçir.

  • Arzu Rəhimova general-polkovnik ali hərbi rütbəsi verildi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

    general-polkovnik ali hərbi rütbəsi

    general-leytenant Arzu Yusif oğlu Rəhimova

    general-mayor ali hərbi rütbəsi

    polkovnik Azad Hüseyn oğlu Əliyevə

    polkovnik Natiq Sahib oğlu Qarayevə.

  • Şəhid atasına Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi mükafatı təqdim edildi

    Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun atası, “komanda.az” saytının yazarı Vüqar Məmmədovu xüsusi mükafatla təltif edib.

    Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.

    Assosiasiyanın bir qrup nümayəndəsi Quba rayonunun Alekseyevka kəndində Ülvünün atası Vüqar və qardaşı Fəridlə görüşüb şəhidimizin məzarını ziyarət ediblər.

    AİJA nümayəndələri, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AIPS üzvləri Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), Bəhruz Məmmədov və Əli Fərzəliyev Azərbaycan İdman Jurnalistləri Assosiasiyası adından məzarın önünə əklil qoyaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxuyublar.

    Ülvü Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə kənddə açılmış bulağın qarşısında şəhidlərimizin ruhuna ehtiram və qəhrəman oğullar böyütmüş bütün valideynlərə dərin minnətdarlıqla AİJA-nın mükafatı idman yazarı Vüqar Məmmədova təqdim olunub.

    Şəhid atası evinə dəvət etdiyi həmkarlarına şəhidimizin qəhrəmanlıq yolundan danışıb.

    Ülvü Məmmədov ölkə başçısı Cənab İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah şəhidlərimizə rəhmət eləsin!

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

    Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata əsasən, cari il fevralın 1-dək 212 156 968 AZN, 11 176 390 ABŞ dolları, 183 484 avro, 593 924 Türkiyə lirəsi, 1 844 ingilis funt sterlinqi və 5 398 550 rubl vəsait daxil olub.

  • Şəhid Əhmədli Elməddinin 25 yaşı tamam olur

    Vətən müharibəsinin şəhidi Əhmədli Elməddinin bu gün doğum günüdür.

    “Report”un Muğan bürosunun məlumatına görə, şəhidin 25 yaşı tamam olur.

    Elməddin Gülverən oğlu Əhmədli 28 yanvar 1996-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub.

    Təzəkənd kənd orta məktəbində orta təhsilini alıb. Daha sonra həqiqi hərbi xidmətdə olub.

    Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə ilk günlərdən qoşulub. Bir sıra uğurlu əməliyyatlarda iştirak edib.

    Son dəfə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

    Şəhid Elməddin Əhmədli 19 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kənd qəbiristanlığında dəfn edilib.

    Göstərdiyi igidliklərə görə, Ali Baş Komandan tərəfindən Elməddin Əhmədli ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimiz evli idi.

    Bu gün onun ailəsi ilk dəfə olaraq Elməddinsiz doğum günün qeyd ediblər. Şəhidinin qəbiri ziyarət edilib, ruhuna dualar oxunub.

    Allah rəhmət eləsin!


  • Müharibədə qalib olmağımıza kömək edən peyklər – VİDEO

    Qısa zamanda Azərbaycan ordusunun möhtəşəm qələbə əldə etməsi heç də təsadüfi deyil. Yeni nəsil texnologiyalardan istifadə və hərbi texnikanın müasirliyi qələbənin yardımçısı oldu. Burada peyk texnologiyasının rolunu xüsusi vurğulamaq lazımdır.

    Məlumdur ki, 2013-cü ildən bəri Azərbaycan orbitə üç peyk buraxıb. Vətən müharibəsi dövründə bu texnologiya vasitəsilə düşmənin hərəkətlərini onlayn formada izləmək və onların təxribatlarının qarşısını almaq mümkün olub ki, bu da bizə əlavə üstünlük yaradıb.

    Peykdən təqdim edilən məlumatlar əsasında indi daha böyük səmərə ilə minatəmizləmə işləri görülür. Eyni zamanda, kənd təsərrüfatının, meşə fondunun, su resurslarının, ekoloji vəziyyətin gələcək inkişafı ilə bağlı peykdən ötürülən məlumatlar xüsusi əhəmiyyətə malikdir. Bir sözlə, bizim həm telekommunikasiya, həm də Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün böyük imkanlar yaradır.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı VACİB AÇIQLAMA

    Müdafiə Nazirliyi nazirin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən azad olunması barədə açıqlama verib.

    Nazirlikdən verilən açıqlamada bildirilib ki, N.Sadıkov hərbi xidmətdə deyil.

    Qeyd edək ki, nazirliyin rəsmi saytının struktur bölməsindən baş qərargah rəisinə aid olan bölmə boşdur.

  • Polkovnik Tehran Mənsimov fəaliyyətini idarə rəisi vəzifəsində davam etdirir

    “Hazırda Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edirəm”.

    “Report” xəbər verir ki, bunu Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən polkovnik Tehran Mənsimov “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.

    “24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuşam və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə – birinci olaraq bitirmişəm. Qarabağ bölgəsində taqım komandirliyindən briqada komandirliyinə kimi xidmət etmişəm. 4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Orduda xidmətə başlamışam və Şahbuz rayonundakı hərbi hissənin komandiri olmuşam”, – o bildirib.

  • Rusiyalı hərbçilər Türkiyə ilə ortaq monitorinq mərkəzində xidmətə hazırlaşır – VİDEO

    Dağlıq Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tərkibində olacaq rusiyalı hərbçilər monitorinq vəzifələrini ortaq şəkildə yerinə yetirmək üçün təlim keçirlər və Azərbaycan Respublikasının ərazisinə yola düşməyə hazırlaşırlar.

    Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatında bildirilir.

    Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin strukturunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, habelə ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

    Birgə Mərkəzin heyəti mövcud vəziyyətin monitorinqini pilotsuz uçuş aparatlarından istifadə etməklə nəzarət edəcək.

    Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə ortaq Rusiya-Türkiyə mərkəzi, Rusiya Federasiyası və Türkiyə Respublikası müdafiə qurumları tərəfindən 11 noyabr 2020-ci il tarixdə imzalanan Memoranduma uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerləşdiriləcək.

    Birgə Mərkəzin Qərargahı paritet əsasında komanda məntəqəsi şəklində qurulur.