Category: Ordu

  • Əsgərin ölüm faktı üzrə cinayət işi BAŞLANILDI

    Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb.

    Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

    Verilən məlumata əsasən, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əli Ramin oğlu İbrahimlinin 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında Hərbi Prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.

    Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, hazırda istintaq davam etdirilir.

  • Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib

    Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) könüllü daxil olmaq istəyənlərin qəbuluna başlanılıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu noyabrın 15-dək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində həyata keçiriləcəkdir.

    “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir.

  • Partlayış səsləri eşidiləcək – Müdafiə Nazirliyindən xəbərdarlıq

    6-10 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə məlumatda qeyd olunub.

  • Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi – FOTO

    44 günlük Vətən müharibəsi iştirakçısı Vüsal Məhərrəm oğlu Əliyev vəfat edib.

    27 yaşlı V.Əliyev Babək rayonunun Nehrəm qəsəbəsində dünyasını dəyişib.

    Bildirilib ki, o, bu gün qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

  • Azərbaycanda yeni radio fəaliyyətə başlayıb – Video

    Müdafiə Nazirliyinin “Ordunun səsi” radiosu bu gündən etibarən fəaliyyətə başlayıb.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, radio hər həftənin 5 günü səhər saat 6:00-dan 14:00-dək “YouTube” kanalında canlı yayımlanacaq.

    Şənbə-bazar isə təkrar yayım olacaq.

  • Zakir Həsənov italiyalı həmkarına başsağlığı verib

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Quido Krosettoya başsağlığı verib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Başsağlığında deyilir:

    “Latsio regionundakı Çirçeo Milli Parkı yaxınlığında təlim uçuşları zamanı İtaliya Hərbi Hava Qüvvələrinin 70-ci Aviasiya alayına məxsus “T-260B” tipli təyyarənin qəzaya uğraması nəticəsində iki hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

    Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin”.

  • Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılır

    Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılır.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilməsi təklif edilir.

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü onlayn iclasında müzakirəyə çıxarılan sənədə əsasən, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir.

    Qeyd edilib ki, dəyişiklik layihəsi gizirlərin və miçmanların həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

    “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib.

    Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzun müddət istifadə olunması məqsədilə layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir.

    Adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 26-cı maddəsinin “v” bəndinə və 36.1.3-cü maddəsində gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul olunması mümkün olan şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdə tutulub. Layihədə “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsinin konkretləşdirilərək “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” ifadəsi ilə əvəz edilməsi təklif edilir.

    Bundan başqa, adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 172-ci və 44.1-ci maddələrində əksini tapan cədvəllərdə əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın son yaş hədləri eyni sətirdə müəyyən edilib. Həmin maddələrdə əks olunan cədvəllərə dəyişiklik edilərək gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir.

    Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün yaş həddi 50 idi.

  • Müdafiə Nazirliyi Anım Günü ilə bağlı PAYLAŞIM EDİB – Video

    Müdafiə Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı video-çarx paylaşıb.

    Paylaşımda 44 günlük Vətən müharibəsinin görüntülərini əks etdirən kadrlar yer alıb.

    Paylaşımı təqdim edirik:

  • Oktyabr çağırışı üzrə xidmət yerləri açıqlandı

    Oktyabrda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar xidmət yerləri barədə məlumatlandırılıblar.

    Çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytındakı müvafiq bölməyə daxil olaraq xidmət edəcəkləri hərbi-hissələri öyrənə bilərlər.
    Bundan əlavə, mobil telefondan şəxsiyyət vəsiqəsinin nömrəsini (yeni nəsil vəsiqələrdə isə seriya və nömrəni birləşdirilmiş şəkildə) 9100 nömrəsinə SMS vasitəsilə göndərməklə də xidmət yerini bilmək mümkündür.

  • Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq – FOTO

    Pirəkəşkül və Ağdərədə 22-26 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – MN-dən bildirilib.