Category: Sağlamlıq

  • Ağrıkəsici dərman ürək çatışmazlığına səbəb ola bilər

    Yeni aparılan genişmiqyaslı araşdırma, əsasən sinir ağrısı, narahatlıq pozuntusu və epilepsiya müalicəsində istifadə olunan pregabalin dərmanının ürək çatışmazlığı riskini 48% artırdığını ortaya çıxarıb.

    Median.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, risk xüsusilə ürək xəstəliyi keçmişi olan şəxslərdə daha yüksəkdir. Kolumbiya Universitetinin rəhbərlik etdiyi tədqiqatda həkimlərə, xüsusən yaşlı xəstələrdə pregabalin təyin etməzdən əvvəl kardio­vaskulyar riskləri diqqətlə qiymətləndirmələri tövsiyə olunur.

    Statistikaya görə, xroniki ağrı 65 yaşdan yuxarı insanların təxminən 30%-nə təsir edir. Pregabalin sinir sistemi boyunca ağrı siqnallarını bloklayaraq bu ağrını azaltmağa kömək edir. Lakin halüsinasiya, sidikdə qan, çəki artımı kimi mövcud yan təsirləri ilə yanaşı, dərmanın ürək sağlamlığına təsiri də ciddi suallar doğurur.

    Mütəxəssislər, pregabalinin nadir hallarda olsa da, təcili tibbi müdaxilə tələb edən ağır allergik reaksiya – anafilaksiyaya səbəb ola biləcəyini bildirirlər.

    Araşdırma çərçivəsində 65–89 yaş aralığında, ən az 12 həftə davam edən xroniki (xərçəng xaric) ağrılardan əziyyət çəkən və əvvəllər ürək çatışmazlığı diaqnozu almayan 246 min 237 nəfərin məlumatları 4 il ərzində təhlil edilib. Bu müddətdə 1 470 nəfər ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib.

    Məlumatlar göstərib ki, pregabalin istifadə edən hər 1 000 nəfərə ildə təxminən əlavə 6 ürək çatışmazlığı halı düşür. Təhlillər nəticəsində pregabalin qəbul edən xəstələrdə ürək çatışmazlığı riskinin 1,5 dəfə yüksək olduğu müəyyən edilib.

  • İnsanların 1000 il yaşamasına mane olan yeganə amil aıqlandı

    Birmingem Universitetinin molekulyar biogerontoloqu Joao Pedro de Maqalyanş hesab edir ki, insanlar bioloji cəhətdən indikindən daha uzun – bəlkə də 1000 il və ya daha çox yaşaya bilərdilər. Amma bir problem var: Ola bilsin ki, insanlar daha sürətli qocalmaq üçün təkamül keçiriblər və bunun səbəbi dinozavrlar dövrünə qədər uzanır.

    Qaynarinfo “DailyGalaxy” portalına istinadən xbərə verir ki, “BioEssays” jurnalında dərc olunmuş məqalədə de Maqalyanş “uzunömürlülük darboğazı” hipotezini irəli sürür. Onun tədqiqatına görə, erkən məməlilər sürətli çoxalma və sağ qalma zərurəti ilə bağlı güclü təzyiq altında idi, çünki dinozavrlar qida zəncirində üstünlük təşkil edirdi. Bu təkamül stresi, ola bilsin ki, onların bir zamanlar daha uzun ömür təmin edən bəzi genetik xüsusiyyətlərini itirməsinə səbəb olub. Sonradan bu genetik itkilər məməlilərin, o cümlədən bizim biologiyamızın ayrılmaz hissəsinə çevrilib.

    “Ən qədim məməlilərdən bəziləri qida zəncirinin ən altında yaşamağa məcbur idi və sürətli çoxalma yolu ilə sağ qalmaq üçün təkamül keçirirdilər”, deyə o, izah edir.

    Onun fikrincə, bu adaptasiya məməlilərin (insanlar daxil) qocalma prosesini geri dönməz şəkildə dəyişib. De Maqalyanşın nəzəriyyəsinin bir hissəsi, ultrabənövşəyi şüaların səbəb olduğu zədələri təmir edən (fotoliazalar kimi) fermentlərin itirilməsini nəzərdə tutur. Bu fermentlərin əksər məməlilərdə (insan daxil) olmamasının səbəbi, dinozavrlar dövründə genomumuzdan yox olmalarıdır. Bu itkinin səbəbi, erkən məməlilərin yırtıcılardan qorunmaq üçün mənimsədiyi gecə həyat tərzi ola bilər – bu, ultrabənövşəyə qarşı qorunma ehtiyacını azaldıb, amma eyni zamanda güclü DNT təmiri mexanizminin söndürülməsinə səbəb olub.

    O, müqayisə üçün digər növlərdən də misal çəkib. Məsələn, bəzi kərtənkələlər (alligatorlar) daimi diş yeniləyə bilər, insanlar isə edə bilməz – bu, təkamül prosesində sürətin uzunömürlülükdən üstün tutulmasının nəticəsi ola bilər. Bu nümunələr göstərir ki, təkamül zamanı çoxsaylı regenerativ funksiyaları itirmişik.

    De Maqalyanşın sözlərinə görə, bu mexanizmləri başa düşmək insan yaşlanmasını yavaşlatmağa və ya hətta geri qaytarmağa imkan verən müalicə üsulları işləyib hazırlamağa kömək edə bilər.

    Onun fikrincə, bir gün yaşlanmanı idarə etmək mümkün olacaq, bunun üçün əsas bioloji proseslərə yönəlmiş terapiyadan istifadə olunacaq. Ən perspektivli namizədlərdən biri rapamisindir – orqan rəddinin qarşısını almaq üçün artıq tətbiq olunan tibbi birləşmə. Tədqiqatlar göstərir ki, o, bəzi məməlilərin ömrünü 10-15% uzada bilər və alimlər indi onun yaşlanmaya qarşı daha geniş potensialını öyrənirlər.

    Hələlik genetik səviyyədə uzunömürlülük tapılmadığından, alimlər ömrü uzatmaq üçün xroniki xəstəliklər və erkən ölüm riskini azaltmağa kömək edən “superqidalar” qəbul etməyi tövsiyə edirlər.

  • Koronavirus peyvəndlərinin dörd ildə xilas etdiyi insan sayı açıqlandı

    COVID-19 pandemiyasının ilk dörd ili başa çatarkən, peyvəndlərin bu müddətdə dünyada milyonlarla insanın həyatını xilas etdiyi rəqəmlərlə təsdiqlənib.

    Qaynarinfo xəbər verir ki, yeni bir araşdırma peyvəndlərin xilas etdiyi yaşam illərini və Omikron dövründəki təsirini də əhatə edir.

    İtaliyanın Milan şəhərində yerləşən Universite Cattolica del Sacro Cuore universitetinin rəhbərliyi ilə aparılan elmi araşdırmaya əsasən, 2020-2024-cü illər arasında tətbiq olunan COVID-19 peyvəndləri dünya üzrə təxminən 2,5 milyon insanın həyatını xilas edib. Bu isə təxminən hər 5 400 doza peyvəndə bir insan həyatı düşməsi deməkdir.

    Araşdırmaya görə, ümumilikdə tətbiq olunan 13 milyard doza peyvənd dünya əhalisinin 67 faizini əhatə edib. Hər 900 dozada bir yaşam ilinin qazanılmasına töhfə verilib və bu da ildə ümumilikdə 14,8 milyon yaşam ili qazanıldığı mənasına gəlir.

    Kaliforniya Universitetindən doktor Monika Qandi bildirir ki, 2023-cü il dekabrın 31-nə qədər dünya əhalisinin üçdə ikisi ilkin peyvənd dozasını qəbul etmişdi.

    Pandemiyanın ilk aylarında, peyvəndlər hələ geniş yayılmadığı zaman reanimasiya şöbəsinə yerləşdirilən COVID-19 xəstələrinin təxminən 44 faizi həyatını itirirdi. ABŞ-da qeydə alınan artıq ölümlərin 72 faizi birbaşa COVID-19 ilə əlaqələndirilir və 2020–2021-ci illər ərzində dünya üzrə 14,9 milyon artıq ölüm baş verdiyi təxmin edilir.

    Avropanın 18 ölkəsindən toplanan məlumatlara əsasən, təkcə 2020–2022-ci illər arasında 16,8 milyon yaşam ili itirilib.

    Peyvəndlərin hazırlanması: Misli görünməmiş sürət

    SARS-CoV-2 virusu ilə bağlı ilkin məlumatlar əldə olunduqdan dərhal sonra elmi dünya sürətlə hərəkətə keçib. Beynəlxalq əməkdaşlıqla hazırlanan ilk peyvəndlər klinik sınaq mərhələsinə rekord müddətdə çatıb. Bu peyvəndlərin xəstəxanaya yerləşdirmə və ölüm hallarını önləmədəki uğuru sahə məlumatları və son araşdırmalarla rəqəmlərlə də təsdiqlənib.

    Araşdırmanın müəllifləri professor Stefania Botçça və doktor Ancelo Mariya Pezzullo bu təhlillə bağlı belə deyir: “Əvvəllər də bir çox araşdırma aparılıb, lakin bu iş qlobal məlumatlardan istifadə etməsi, Omikron dövrünü əhatə etməsi və xilas edilən yaşam illərini hesablaması baxımından bu günə qədərki ən genişmiqyaslı təhlildir”.

    Kimlərin həyatı xilas edilib?

    Təhlilə görə, peyvəndlər sayəsində xilas edilən insanlar:

    * 82 faizi virusa yoluxmamışdan əvvəl peyvənd olunan şəxslərdən ibarətdir;
    * 57 faizi Omikron variantının yayğın olduğu dövrdə qeydə alınıb;
    * 90 faizi isə 60 yaş və yuxarı şəxslərdən ibarətdir.

    Bu rəqəmlər COVID-19 peyvəndlərinin xüsusilə yaşlı insanlar üçün nə qədər həyati əhəmiyyət daşıdığını bir daha ortaya qoyur.

    Dr. Qandiyə görə, pandemiyanın başlanğıcından bəri məlum idi ki, uşaqlar COVID-19-un ciddi fəsadları baxımından aşağı riskli qrupda yer alırdılar. Buna görə də, uşaq və yeniyetmələrin qurtarılan yaşam ili statistikasına təsiri olduqca məhdud qalıb.

    Qandi bildirir ki, bu cür modelləşdirmə işləri gələcək pandemiyalarda sərt məhdudiyyətlərin zərərlərini azaldarkən, ən riskli qrupları daha effektiv şəkildə qorumağa yardım edə bilər.

    Peyvəndin uğuru və qızılca ilə müqayisəsi

    COVID-19 peyvəndləri böyük uğur qazansa da, tədqiqatçılar bəzi zəif cəhətləri də vurğulayırlar:

    * COVID peyvəndlərinin qurtardığı yaşam illərinin, eyni dövrdə qızılca peyvəndi ilə xilas edilənlərə nisbətən 30 dəfə daha az olduğu qeyd edilir.
    * Cəmiyyətlərdə peyvəndlərə qarşı yaranan güvənsizlik və tərəddüd pandemiyanın buraxdığı çətin irslərdən biri kimi göstərilir.

  • Kosmosdan gələcək, dünyanı fəlakətə sürükləyəcək: Yeni pandemiya qapıdadır

    Görünməyən bir təhlükə yaxınlaşır. Kosmosdan gətiriləcək nümunələrin, bəşəriyyət tarixinin ən qaranlıq epidemiyasına səbəb ola biləcəyi barədə xəbərdarlıqlar edilir.

    Marsdan dünyaya qaytarılması planlaşdırılan süxur və torpaq parçalarının, ölümcül yeni bir pandemiyanı alovlandıra biləcəyi bildirilir.

    İnsanlıq hələ də COVID-19 pandemiyasının fəsadlarını aradan qaldırmağa çalışdığı bir vaxtda, Marsdan gələcək bioloji risk gündəmin ön sırasına çıxıb.

    İngiltərənin “The” Mirror nəşrinə danışan astrobioloq Berri DiGregoriyo NASA-nın gələcəkdə Marsdan gətirəcəyi nümunələrin dünyaya böyük bir təhlükə daşıya biləcəyini bildirib. Onun sözlərinə görə, bu materiallar bilinməyən patogenlərlə dolu ola bilər və bu vəziyyət yalnız elmi-fantastik filmlərdə deyil, real həyatda da kabusa çevrilə bilər.

    DiGregoriyo həmçinin iddia edib ki, Marsda həyatın mövcud olduğuna dair ilk sübutlar daha 1976-cı ildə “Viking” missiyası zamanı aşkar edilsə də, NASA bunu illərlə görməzlikdən gəlib.

    Əgər bu Mars nümunələri ciddi karantin və izolyasiya tədbirləri olmadan dünyaya gətirilərsə, Marsın sərt mühitinə uyğunlaşmış ekstremofillər – yəni uç şəraitdə yaşaya bilən mikroorqanizmlər – yer üzündə yayıla bilər və nəzarət altına alınması mümkün olmayan bir epidemiyaya səbəb ola bilər.

    DiGregoriyo həmçinin NASA-nın 2030-cu illər üçün planlaşdırdığı insanlı Mars missiyası ilə bağlı da xəbərdarlıq edib. Onun fikrincə, Marsa göndəriləcək astronavtlar, bilinməyən bir mikroba yoluxa və bu faciə canlı yayım zamanı baş verə bilər:

    “Bayraq sancmaq üçün xaricə çıxan astronavt, ertəsi gün bir kosmik mikrob səbəbilə xəstələnə bilər. Geri dönüş yoxdur, yardım yoxdur”.

    NASA-nın Mars nümunələrini dünyaya qaytarmaq üçün nəzərdə tutduğu “Mars Sample Return (MSR)” proqramı, keçmiş ABŞ prezidenti Donald Tramp tərəfindən edilən büdcə kəsintiləri səbəbilə ləğv olunub. Hazırda agentlik bu nümunələri daha aşağı xərclərlə gətirmək üçün alternativ yollar üzərində işləyir, lakin hələ dəqiq strategiya açıqlanmayıb.

    Yalnız xarici ekspertlər deyil, NASA daxilindən də ciddi xəbərdarlıqlar səslənir. Agentliyin keçmiş Planetar Qoruma Məmuru Katerin Konli, “Mars 2020” missiyasının yetərincə sterilizə edilmədiyini və toplanan nümunələrin dünya həyatına qarışa biləcəyini söyləyib. Bu açıqlamalardan sonra Konlinin vəzifəsindən uzaqlaşdırıldığı iddia olunur.
    //qaynar.az

  • Qadınlar yaş çimərlik paltarı geyinməyin təhlükələri barədə xəbərdarlıq

    İsti havalarda nəm çimərlik paltarına uzun müddət məruz qalma sistit, kandidoz, bakterial vaginoz və digər genitouriya infeksiyalarının inkişafına səbəb ola bilər.

    Qaynarinfo xəbər verir ki, bu barədə “El Periodico De Espana” (EPE) nəşrinə Vitas Madrid Arturo Soria Universitet Xəstəxanasının Daxili Xəstəliklər və Geriatriya Departamentinin rəhbəri doktor Luis Tejedor məlumat verib.

    Mütəxəssisin sözlərinə görə, yay aylarında insanlar tez-tez isti yerlərdə istirahət edir, evdən çıxır, çimərliklərə, hovuzlara baş çəkirlər. Bu zaman rütubətli və isti mühitin səbəb olduğu yoluxucu xəstəliklər kəskinləşir. Onların arasında sistit xüsusilə yayğındır – intim mikrofloranın pozulması ilə əlaqəli sidik kisəsinin iltihabi xəstəliyi.

    “Bir çox hallarda sistit uzun müddət nəm çimərlik paltarında qalmaq vərdişindən yaranır. Nəm parçanın yapışması bakteriyaların çoxalması üçün ideal şərait yaradır, cinsiyyət orqanlarının mikroflorasını pozur və qıcıqlanmaya səbəb olur”, deyə doktor Tejedor qeyd edib.

    O, daimi rütubətin vajinanın pH səviyyəsini (turşuluğunu) dəyişdirdiyini və təbii müdafiə mexanizmlərini zəiflədiyini vurğulayıb. İmmuniteti zəif olan, nəzarətsiz diabetli və antibiotik qəbul edən qadınlar xüsusilə diqqətli olmalıdırlar: bu hallarda infeksiya riski əhəmiyyətli dərəcədə artır.

  • Ürək sağlamlığı üçün gündə nə qədər şokolad yemək lazımdır?

    Gündə 30 qram tünd şokolad istehlakı beyin və ürək-damar sisteminin sağlamlığını gücləndirməyə kömək edir.

    Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Klivlend klinikasından dietoloq Bet Çervoni məlumat verib.

    Həkim izah edib ki, tünd şokoladın tərkibində bir sıra antioksidant bitki birləşmələri – xüsusən də polifenollar var. Onlar sərbəst radikalları (qeyri-sabit molekulları) zərərsizləşdirir, hüceyrələrə, o cümlədən ürəyin və qan damarlarının səthini əhatə edən zədələnmənin qarşısını alır.

    “Bir sıra tədqiqatlar onun anti-stress və hipotenziv xüsusiyyətlərini də qeyd etdi – müntəzəm istehlak ilə tünd şokolad cəmi bir ay ərzində qan təzyiqini azalda bilər”, deyə ekspert qeyd edib

    Bununla belə, doktor Çervoninin fikrincə, yalnız keyfiyyətli məhsul sağlam ola bilər: şokoladın tərkibində kakao ən azı 70%, şəkərin miqdarı isə minimum səviyyədə olmalıdır. Bundan əlavə, dietoloq gündə 30 qramdan çox olmayan şokolad yeməyi tövsiyə edir, çünki hətta sağlam məhsullar həddindən artıq istehlak edildikdə faydalarını itirir.

    Tünd şokoladın dadını çox acı görənlər üçün diyetoloq onu digər məhsullarla – meyvələr, müsli və ya çörək məhsulları ilə birləşdirməyi məsləhət görür. Yeməkdə kakao lobyaları və ya şokolad çipləri də istifadə edilə bilər.

    “Kiçik tünd şokolad parçaları muffinlərə, çörəklərə və ya sıyıqlara qoyula bilər – bu, yeni dada öyrəşməyə imkan verəcək”, deyə Çervoni qeyd edib.

    Həkim əlavə edib ki, tünd şokoladdan gündəlik istehlak həm də koqnitiv funksiyaları qorumaq üçün dadlı və sağlam vərdişə çevrilə bilər.

  • Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək

    ABŞ-də Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Lüdviq Mərkəzinin alimləri xərçəng xəstəliyinin ilk simptomlar yaranmazdan bir neçə il əvvəl qanda aşkarlanmasının mümkün olduğunu müəyyən ediblər.

    Bu barədə Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının “Cancer Discovery” jurnalında dərc olunmuş elmi məqaləsində bildirilir.

    Tədqiqatçılar MCED (Multi-Cancer Early Detection) adlanan çoxnövlü erkən xərçəng aşkarlama testi vasitəsilə ultrahəssas DNT sekvensiya üsullarından istifadə edərək müəyyən ediblər ki, şişlər diaqnoz qoyulmazdan 3 il əvvəl qan dövranında müəyyən genetik izlər buraxmağa başlayır.

    Tədqiqatın aparıcı müəllifi Yusyuan Van qeyd edib ki, bu zaman çərçivəsi erkən tibbi müdaxilə üçün yetərli imkan yaradır:

    “Bu mərhələdə şiş hələ tam inkişaf etməmiş olur və müalicənin uğurla nəticələnməsi ehtimalı xeyli yüksəkdir”, – deyə o vurğulayıb.

    Bu nəticə, xərçəngin erkən mərhələdə aşkarlanması və qarşısının alınması sahəsində tibbin böyük irəliləyişi hesab olunur. Alimlər bildirirlər ki, belə texnologiyalar gələcəkdə xərçəngin ölümcül fəsadlarını azaltmaqda mühüm rol oynaya bilər.

  • Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi

    ABŞ-da bir cütlük 18 il ərzində övlad sahibi olmağa cəhd edib və 15 dəfə ekstrakorporal mayalanma (EKM) proseduruna üz tutub. Nəhayət ki, süni intellektin köməyi ilə qadının hamiləliliyi baş tutub.

    Bu barədə CNN məlumat yayıb.

    Cütlüyün sonsuzluq səbəbi olaraq azoospermiya diaqnozu qoyulub. Bu, sperma mayesində spermatozoidlərin demək olar ki, olmaması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Statistikaya görə, aşkarlanmış sonsuzluq hallarının 10-15%-i bu diaqnozla bağlıdır və müalicəsi ən çətin formalar arasında sayılır.

    Hamiləliyin baş tutmasına “STAR” adlı – “Sperm Track and Recovery” (Sperm İzləmə və Bərpa) layihəsi çərçivəsində hazırlanmış süni intellekt sistemi səbəb olub. Bu texnologiyanın hazırlanması 5 il davam edib. STAR süni intellekti və mikrofluid çipi birləşdirir: sistem cəmi bir saat ərzində 8 milyondan çox mikroskopik görüntü əldə edir və insan gözü ilə aşkar edilə bilməyən spermatozoidləri müəyyən edir.

    Sistem spermatozoidi aşkar etdikdən sonra onu qida mühitindəki damlaya izolyasiya edir. Bu, embrioloqlara lazer və ya rəngləndiricilərdən istifadə etmədən hüceyrəni çıxarmağa imkan verir və spermatozoidin EKM üçün həyat qabiliyyətini qoruyur.

    Məhz bu texnologiya vasitəsilə kişinin spermində kifayət qədər spermatozoid aşkar olunub və EKM proseduru həyata keçirilib. Bir neçə gün sonra hamiləlik testi müsbət nəticə verib. Hazırda qadın hamiləliyin dördüncü ayındadır, doğuşun isə 2025-ci ilin dekabrında baş tutacağı gözlənilir.

    STAR texnologiyası hazırda yalnız Kolumbiya Universitetində istifadə olunur. Lakin layihə komandası yaxın zamanda elmi nəticələri nəşr etməyi və texnologiyanı geniş ictimaiyyət üçün əlçatan etməyi planlaşdırır. STAR ilə EKM prosedurunun təxmini qiyməti 3.000 ABŞ dolları təşkil edir.

  • Uşaqların psixi sağlamlıq problemlərinin həllinə kömək edən ən yaxşı üsul müəyyən edilib

    Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, atla müalicə psixo-emosional problemləri olan uşaqlara əhəmiyyətli dərəcədə kömək edə bilər.

    Araşdırma “Journal of Social Work Practice” (JSWP) jurnalında dərc olunub.

    Qeyd olunub ki, atlarla təmas xüsusən də travma keçirmiş uşaqlarda inam yaradır və onları sakitləşdirir.

    Ekvinoterpiya (equine-assisted intervention, EAI) adlanan metod təcrübəli təlimçilər ilə tandemdə ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Yeni araşdırmada uşaqlarla işlərində bu texnikadan istifadə edən 10 sosial işçi və psixoloq iştirak edib.

    Tədqiqatın müəllifi Morgin Steysinin sözlərinə görə, bir çox uşaq ənənəvi terapevtə müraciət etdikdə özlərini narahat hiss edirlər. Ancaq təbii şəraitdə atın ətrafında olduqdan sonra hər şey dəyişir: “Onlar özlərini təhlükəsiz, rahat və dialoqa hazır hiss etməyə başlayırlar”.

    Atlar çox həssas heyvanlardır, insan duyğularının “ayna”sıdır. Bu, uşağa öz vəziyyətini kənardan görməyə imkan verir. Mütəxəssislərdən biri bunu “at gözü ilə görünmək” hissi kimi təsvir edib – terapiya prosesində dönüş nöqtəsi ola biləcək bir an.

    Sessiyalar tez-tez açıq havada, ağaclar və təbiət arasında keçirilir. Sensor təcrübələrdən istifadə olunur: ayaqyalın gəzmək, heyvan izlərini seyr etmək, atın yanında sakit dayanmaq. Bütün bunlar şüurun inkişafına, narahatlığı azaltmağa və emosional sabitliyin qurulmasına kömək edir.

    Layihənin baş elmi işçisi Fatin Şabbarın sözlərinə görə, metod xüsusilə qəyyumluq sistemindən olan uşaqlar və travma keçirənlər üçün effektivdir.

    Tədqiqatçılar heyvan yardımlı terapiyanın etibarlı bir təcrübə kimi tanınmasına, etik standartların yaradılmasına və ehtiyacı olan daha çox uşağa təqdim edilməsinə çağırıb.

  • Alimlər yağın yanmasını sürətləndirən hormon aşkar ediblər

    San-Paulu Ştat Universitetinin alimləri bağırsaqda hasil olunan FGF19 hormonunun beyinin yağ yanması və qan şəkərinin səviyyəsinin nəzarətinə cavabdeh olan hissələrini aktivləşdirə bildiyini müəyyən ediblər.

    Tədqiqat “Endocrinology and Metabolism” (EM) jurnalında dərc edilib.

    FGF19 beyində enerji balansını idarə edən mərkəz olan hipotalamusa təsir göstərir. Tədqiqatçılar hormonun yağ hüceyrələrinin aktivliyini artırdığını aşkar ediblər. Eyni zamanda, iltihabın azalması və orqanizmin aşağı temperaturlara qarşı müqavimət qabiliyyətinin yaxşılaşması müşahidə olunub.

    “Əvvəllər FGF19-un iştahanı azaltdığı bəlli idi. Biz ilk dəfə onun həmçinin enerji sərfiyyatını artırdığını göstərdik. Bu onu piylənmənin müalicəsi üçün xüsusilə perspektivli edir”, — araşdırmanın başçısı professor Yelena Barboza açıqlayıb.

    Hormon birbaşa piylənmədən əziyyət çəkən siçanların beyninə yeridilmiş və qısa müddətdən sonra heyvanlarda yağ toxumasında yağ yanması güclənib. Tədqiqat təsdiqləyib ki, hipotalamus orqanizmdən siqnallar alır və cavab olaraq enerji sərfiyyatını — artıq çəki ilə mübarizədə istifadə edilə bilən bir mexanizmi — başladır.

    Maraqlıdır ki, soyuğun təsiri hipotalamusun FGF19-a həssaslığını artırırdı. Bu onun termorequlyasiyada mühüm rolundan xəbər verir və orqanizmin təbii mexanizmlərindən yeni dərmanların yaradılması üçün istifadə etmək imkanı açır.

    Alimlər həmçinin scRNA-seq texnologiyasından istifadə edərək 50 mindən çox hipotalamus hüceyrəsini analiz edib və FGF19 üçün reseptorlar ehtiva edənləri müəyyən ediblər. Növbəti addım orqanizmin bu hormonu təbii yolla daha çox hasil etməsini necə təmin etməyi öyrənməkdir.
    //report