Category: Sağlamlıq

  • Alimlərdən bəd xəbər – Xərçəngdən tam sağalmaq mümkün deyil

    Əksər hallarda insan orqanizmində bütün xərçəngli hüceyrələri məhv etmək mümkün olmur. Xərçənglə mübarizədə daha effektiv metod metastazların inkişafını əngəlləməkdir. “Lock-‘n’-block” adlandırılan yeni yanaşma artıq heyvanlar üzərində uğurlu şəkildə sınaqdan keçirilib.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Perdyü Universitetinin tibbi kimya və molekulyar əczaçılıq kafedrasının dosenti Maykl Vendt bildirib.

    Onun sözlərinə görə siçanlar üzərində aparılan sınaqların nəticəsi, fostamatinib (immun trombositopeniyanın müalicəsi üçün nəzərdə tutulan peroral dərman preparatı – red.) ikinci dərəcəli şişli ocaqların, yəni sadə dillə desək metastazların meydana gəlməsinin qarşını alır. O metastazlı hüceyrələrin tərkibində olan xüsusi zülalalı – SYK tirozinkinazını inhibasiya (boğmaq, kimyəvi reaksiyaların sürətini azaltmaq – red.) edə bilir.

    İlkin ocaqda qan damar sistemi ilə digər bədən üzvlərinə yayılan bu hüceyrələr uzun illər davam edə bilən lanentlik dövründən keçir və terapiyaya güclü davamlılıq göstərir.

    Alimlər süd vəzisinin bədxaxssəli şişlərinin biolüminesent lüsiferaz zülalını hasil etməsi üçün onları modifikasiya edib, daha sonra dördhəftəlik gəmiricilərin orqanizminə yeridib. Şiş 200 kub millimetr ölçüyə çatanda, onu cərrahi müdaxilə yolu ilə kənarlaşdırıblar, ardınca heyvanları fostamatiniblə müalicə ediblər.

    Lüsiferaz alimlərin metastazlı hüceyrələrin yayılma aktivliyini və çevrəsini müşahidə etməsinə imkan verib. Araşdırma göstərib ki, fostamatinib metastazların aktivləşməsinin qarşısını alır və ya ona əngəl yaradır.

    Alimlərin sözlərinə görə, döş vəzi xərçəngi hazırda müalicəsi olmayan xroniki xəstəlik kimi nəzərdən keçirilir. Hətta ilkin şiş uğurlu şəkildə kənarlaşdırılanda belə, 10-20 ildən sonra ikinci dərəcəli ocaqlar meydana gələ bilir.

  • Baş pediatr vətəndaşlara səslənir: “İlkin əlamət görünən kimi həkimə müraciət edin”

    Yaz xəstəliklər fəslidir. Havalar isinməyə başlasa da, allergik və soyuqdəymə səbəbilə yaranann xəstəliklər daha çox olur.

    Havanın dəyişkənliyi, yağış, külək, ağacların tozlanması insan orqanimzinin müqavimətini zəiflədir. Yazda allergik rinit, allergik astma, dəri allergiyaları, mədə-bağırsaq xəstəlikləri daha çox müşahidə edilir.
    Baş verənlərlə bağlı şərh verən tibb elmləri doktoru, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin sözlərinə görə, yaz fəslində allergik xəstəliklər həm böyüklər, həm də kiçiklər arasında çoxalır: “Çünki allergiya mövsümi xarakterli xəstəlikdir. Bu səbəbdən də yaz aylarında, xüsusən yaya qədər belə xəstəliklər daha çox müşahidə edilir”.

    O bildirib ki, bu hal daha çox allergiyaya meylli olan uşaq və böyüklərdə özünü biruzə edir: “Baharda ağacların çiçək açması, çiçəklərin tozlanması, yaşıllıqlardan qalxan gözə görünməyən tozlar bəzi insanlarda allergiya yaradır. Bitki mənşəli tozlarla əmələ gələn allergiyalara polinozlar deyilir. Polinozlar mövsümi xəstəliklərdir”.

    Həkimin sözlərinə görə, allergiyaya meylli uşaqlar qeydiyyatda olmalı, mütəmadi olaraq yoxlamalar aparılmalı, mümkün olduğu qədər hansı çiçəyin tozuna və ya nəyə qarşı allergiya varsa, o, aşkar olunmalıdır: “Bu zaman qabaqlayıcı tədbirlər görülməlidir. Valideynlər gözləməli deyil ki, allergiya görünsün, sonra qarşısı alınsın”.

    “Bədəndə konkret allergen müəyyən ediləndən sonra qarşısını almaq üçün tədbirlər görülür. Allergiya əlaməti görünən kimi valideynlər uşaqlarını həkimə aparmalıdır. Bu xəstəliyi ev şəraitində müalicə etmək olmaz” – deyə N.Quliyev vurğulayıb.

    Qeyd edək ki, son günlər uşaqlar arasında allergiya xəstəliyi yayılıb. Xəstəlik özünü bədəndə qızartılı səpkilərlə göstərir.//sputnik.az

  • Sonu ölüm olan QUDUZLUQ – Əlamətləri, müalicəsi, yardım

    Quduzluq nədir? Necə ötürülür? Necə inkişaf edir? Nə etməli?

    Quduzluq – ağır infeksion xəstəlik olub, quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanların dişlənməsindən sonra keçir. Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, xəstəlik insanlara 60 % hallarda it dişləməsindən sonra keçir. Və əksər hallarda dişlənmə vaxtında itlərdə xəstəliyin əlamətləri olmur.

    Bu xəstəliyin profilaktikasında əsas məsələ heyvan dişləməsindən sonra dərhal yaranın yuyulması, təmizlənməsi, sonra isə zərərçəkənin həkim- infeksionistə gətirilməsi və təcili sürətdə quduzluq əleyhinə vaksinin vurulmasından ibarətdir. Xəstəliyin ilkin əlamətləri görünməyə başladığı andan artıq vaksin vurulmanın əhəmiyyəti itir və xəstə ölümə məhkum olur.

    Xəstəliyin əsas keçiriciləri: tülkülər (virusun təbiətdə əsas rezervuarı tülkülər hesab olunur), çaqqallar, canavarlar, itlər, pişiklər, porsuqlar, yenotlar və yarasalardır.

    Quduzluq xəstəliyinin törədicisi Neuroiyctes rabid adlanan virusdur.

    Quduzluğa yoluxmuş heyvanlarda xəstəliyin inkişafı 3 mərhələdən ibarət olur: xəstəliyin ilkin mərhələsində heyvanlar gizlənirlər, insanlardan qaçırlar, bəzən isə digər heyvanları və insanları yalamaq istəyirlər. İkinci mərhələdə heyvan qıcıqlanmış olur, gördüyü əşyalara, insanlara, heyvanlara hücum edirlər. Son mərhələdə isə heyvan hərəkət etmir, komaya düşür və ölür.

    Virus insan orqanizminə 2 yolla düşə bilər: 1 – quduz heyvanın dişləməsi nəticəsində; 2 – xəstəliyə yoluxmuş heyvanın ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində!

    İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir.

    İnsanlarda xəstəlik xəstə heyvan dişləməsindən dərhal sonra başlamır. Xəstəliyin bir neçə gündən başlamış, bəzən 3-4 aya qədər davam edən inkubasion (simptomsuz, əlamətsiz) dövrü var. Xəstəliyin inkubasiya dövrünün uzunluğu heyvanın insanı dişlənmə nahiyəsindən asılıdır. Dişlənmə nahiyəsi nə qədər mərtkəzi sinir sistemini yaxındırsa, xəstəliyin inkubasion dövrü bir o qədər qısa olur.

    Xəstəliyin insanda da inkişafının 3 mərhələsi var:

    1- ci mərhələ – depressiya mərhələsidir
    2- ci mərhələ psixomotor oyanma, qıcıqlanma mərhələsidir.
    3- cü mərhələ – paralic, koma mərhələsidir. 3- cü mərhələ ölümlə nəticələnir.

    Xəstəlik inkişaf etməyə başlayanda ilk öncə yarada qızarma, narahatlıq yaranır. Daha sonra bədən hərarəti bir qədər yüksəlir, depressiv hal müşahidə olunur. Yuxu pozulur, xəstə qorxulu yuxular görür. Xəstəliyin ikinci mərhələsi xəstələrin sudan, işıqdan qorxması ilə başlayır. Xəstələr su içmək istəyəndə boğazlarında spazm olur, panika başlayır. Xəstələr işıqdan, səsdən dəhşətli qorxurlar, qıcolmalar olur. Xəstələr öz paltarlarını cırırlar, ətrafdakılara hücum etməyə çalışırlar, dişləməyə can atırlar, idarəedilməz olurlar. Son mərhələdə xəstə hərəkətsizləşir, bədən hərarəti 40 dərəcəyə qədər qalxır, ürək və tənəffüs dayanmasından xəstələr ölür.

    Xəstəliyin aktiv əlamətlərinin başladığı 5-8 gün ərzində xəstələr ölür. Uşaqlarda isə xəstəlik daha sürətli inkişaf edir, bəzən bir gün ərzində ölürlər.

    Heyvan dişləyən zaman nə etməli?

    İlk olaraq, təcili yaranı çoxlu miqdarda su ilə, sabunla yumaq, yaranı sıxıb qan çıxartmaq lazımndır. Yaranı 70%- li spirtlə yumaq lazımdır. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edib, quduzluq əleyhinə vaksin vurulmalı, sxem üzrə vaksinin vurulması sonrakı günlərdə də davam etdirilməlidir.

    Əgər həkim 3 dəfə müəyyən fasilələrlə gəlib, vaksin vurdurmağı bildirirsə, halınızda heç bir dəyişiklik olmasa belə, vaksin tələbinə əməl edib, deyilən vaxt növbəti dozanı almalısız. Siz 1 ay özünüzü yaxşı hiss edib, 2-ci aydan sonra qəfildən dəyişə bilərsiz.

  • Tibb dünyasında inqilab: Ürək istehsal edildi (FOTOLAR)

    İsrailli alimlər insan toxuması və damarlardan istifadə edərək 3 ölçülü printerdə bir ürək istehsal edə biliblər.

    Median.Az xəbər verir ki, dünyada bir ilk olan bu hadisə orqan nəqli sahəsində cığır aça biləcək bir inkişaf kimi qiymətləndirilib.

    Tel-Əviv universitetinin alimləri bir xəstəyə aid hüceyrələri və biolojik materialların vasitəsilə 3 ölçülü printerdə ürək istehsal ediblər. Layihəyə rəhbərlik edən professor Tal Dvir deyib:

    “Dünyada ilk dəfə bütün bir ürək hüceyrələri, qan damarları, kameraları və qarıncıqları ilə birlikdə bütün olaraq uğurlu bir şəkildə hazırlandı və istehsal edildi”.

    Dvir xatırladıb ki, bir müddət əvvəl üç ölçülü printerlə slikon bir ürək istehsal edilib: “Amma o ürəkdə hüceyrə və qan damarları ox idi”. Bir dovşan ürəyi böyüklüyündə olan orqanın eyni texnologiyadan istifadə edərək insan ürəyinin də istehsal edilə biləcəyi qeyd edilir.

    Alim qeyd edib ki, üç ölçülü printerdə istehsal edilən ürəklər əsl ürək kimi işlədikdən sonra heyvanlara nəql ediləcək. (ölkə.az)

  • Bu qidaları əsla çörəklə YEMƏK OLMAZ – Alimlər ŞOK FAKTLARI AÇDI

    Nədənsə ölkəmizdə demək olar ki, bütün yeməkləri çörəklə yemək qəbul olunub. Çəkimizə nəzarət etsək və dəqiq kalori hesablamaları aparsaq da, sağlamlığımız üçün çörəkdən səmərəli şəkildə istifadə etməyi öyrənməmişik. Əksinə nənə və babalarımız çörəyi mürəbbə, kartof və sair yeməklərlə birlikdə yeməyi öyrədib.

    Müharibə dövründə və çətin şərtlərdə yaşadıqlarını nəzərə alaraq yaşlı nəsli başa düşmək olar. Bir vaxtlar insanlar çörəyi çox çətinliklər əldə edirdi, “Şərikli çörək” filmini xatırlayaq. Amma bu gün çörəyin həddən artıq istifadəsi bir çox xəstəliklərə yol açır.

    Alimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz.


    Tədqiqatlar nəticəsində məlum olub ki, ağ çörək yeyən insanlar artıq çəki problemləri ilə yanaşı, diabet və ürək-damar xəstəliklərinə qarşı meyilli olur. Bu səbəbdən çörəyin sağlamlıq üçün zərərli və ya rasiona daxil etmək lazım olduğunu araşdırmağa dəyər. Tərkibindən və hazırlanma texnologiyasından asılı olaraq çörək həzm sisteminə həm ziyan vura, həm də onu sürətləndirə bilər. Son bir neçə ildə mayasız çörək böyük tələbata malikdir, belə ki, o, maya əlavə edilmədən hazırlanır və maddələr mübadiləsini yaxşılaşdırır. Maya ilə bişirilən çörək barədə eyni fikri demək olmaz. Onun istifadəsi həddən artıq disbakterioz (İnsan orqanizminin mikrob disbalansının pozulması disbakterioz xəstəliyinə səbəb olur.) və ya köp yarada bilər.


    Faydalı çörək növü – çovdar çörəyidir. Çovdar çörəyinin tərkibində insana xüsusilə payızda və qışda lazım olan vitaminlər var. Lakin qastrit, mədə xorası, mədə qıcqırması olan insanlara çovdar çörəyi yemək olmaz. Qalan bütün hallarda yemək olar, hətta ciddi pəhriz müddətində. Bununla belə faydalı çovdar çörəyini bəzi ərzaq məhsulları ilə birlikdə yemək zərərlidir. Bu, xoşagəlməz nəticələrə səbəb ola bilər.

    Hansı ərzaqlarla çörək yemək olmaz?


    Meyvə salatı


    Bu yemək yüngül tərkibdən ibarət deyil, böyük miqdarda şəkər və sellüloza çörəklə birləşərək mədə qıcqırmasına çevrilir.

    Kələm turşusu


    Kələm turşusunu çörəklə yemək olduqca ziyandır, bu məhsulların vəhdəti mədə qıcqırması və qarın köpü yaradır. Ümumiyyətlə, dietoloqlar hər hansı turşu ilə çörək yeməyi məsləhət görmür.

    Mürəbbə


    Amerikasayağı səhər yeməyi: qızarmış yağlı çörək və mürəbbə. Bəli, onların birləşməsi çox ləzzətli ola bilər, amma bu, faydalı deyil. Uzun müddət belə səhər yeməyi və ya qəlyanaltı toxluq hissi vermir, üstəlik mədə problemləri ilə artıq çəkiyə zəmanət verir.

    Göbələk


    Göbələk özlüyündə asan həzm olunmayan ağır yeməkdir. Dietoloqlar əbəs yerə 14 yaşadək olan uşaqlara bu məhsulu qadağan etmir. Belə ağır yeməyin öhdəsindən gəlmək sadəcə uşaq üçün deyil, böyüklər üçün çətindir. Buraya ağ və sevdiyiniz çörəyi əlavə etsəniz, yeməyin həzm daha da çətin olacaq.

    Yağlı yeməklər


    Ağ çörək həzm sistemini çətinləşdirir, odur ki, ət, balıq və toyuq kimi yağlı yeməkləri qara çörəklə yemək tövsiyə edilir. Sağlam qidalanma mütəxəssisləri iddia edir ki, əti qara çörəklə yemək onun daha yaxşı həzm olunmasına və əmilməsinə kömək olur.

    Çörəyi həm tək yemək, həm də tərəvəz və göyərti ilə birləşdirmək olar. Çörəyi çox sevirsinizsə, onu evdə mayasız hazırlanmış çörəklə dəyişməyə dəyər.//publika.az

  • İlin əvvəlindən bu günədək doğuş zamanı 9 ana ölüb

    2019-cu ilin əvvəlindən bu günə qədər ölkədə 9 ana ölümü hadisəsi baş verib.

    Median.Az bildirir ki, bu barədə azvision.az -a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, ana ölümlərinin əksəriyyəti təhlil edilib.

    “Ana ölümlərinin əsas səbəbi beyin xəstəlikləri, ürək çatışmazlığı faktı, ağciyərin iki tərəfli pnevmaniyası, zahılıq dövründə müşahidə edilən qanaxma və anesteoloji qüsurdur. Bunun əsasında cəzalandırılanlar da olub. İşdən azad olunanlar, ciddi töhmət alanlar var. Tibbi yardım təşkili şöbəsi tərəfindən kifayət qədər ciddi tədbirlər görülüb”.

    S.Məmmədova qeyd edib ki, əsasən rayonlarda ağır xəstələr daha çox olur. “Onları Bakıya təxliyə edib, çatdıra bilmirik. Amma ağır xəstə vaxtında Bakıya gətiriləndə və ya buradan həkimlər vaxtında rayona gedəndə həmin xəstəni vəziyyətdən çıxara bilirik. Bu il 40-dan artıq kritik vəziyyətdə olan hamilələr olub ki, son məqamda müraciət ediblər və Bakıdan yardım gedib. Nəticədə qadınlar kritik vəziyyətdən çıxarılıb”.

    Direktor hesab edir ki, ana ölümlərində həkim, valideyn məsuliyyətsizliyi yarıbayarıdır: “Əgər qadın məsləhətxanasının həkimi gəlib qapını döyüb və ona qapını açmırlarsa, hündürmərtəbəli binaların nəzarətçisi içəri buraxmırsa, biz riskli hamiləni oradan neçə çıxaraq? Gərək onun şüuru olsun. Kiminsə hansısa həkim xoşuna gəlmirsə, digərinə müraciət etsin, seçim hüququ verilib”.

  • Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI

    Dünya şöhrətli türkiyəli ürək cərrahı, professor Mehmet Öz güclü və möhkəm ailə əlaqələrinin stressi azaltdığını və ürək sağlamlığına yaxşı təsir etdiyini deyib.

    ABŞ-da yaşayan və gördüyü işlərlə dünya miqyasında tanınan professor ürək xəstəliklərindən qorunmaq üçün qidaların böyük təsirinin olduğunu deyib. Həkimin sözlərinə görə, şəkər ürəyə zərər verən və digər xəstəliklərə yol açan əsas amillərdən biridir:

    “Şəkər yediyimiz zaman kökəlirik, köklüyün bir çox zərəri var, amma ən böyük zərəri qaraciyərə dəyir. Qaraciyərdə şəkər toplananda yağa çevrilir və bu zaman xəstə qaraciyər xolesterinə qarşı mübarizə apara bilmir. Bu halda xolesterin növü dəyişir və pis xolesterinin miqdarı artır”.

    Mehmet Öz yüksək xolesterinin ürəyə təsirini belə izah edib:

    “Pis xolesterinin təsirilə ürəkdəki damarlarda bir yara əmələ gəlir və onu bərpa etmək çətin olur. Bu, həm kişilərdə, həm də qadınlarda böyük problem yaradır. Ürəkdə üç əsas və böyük arterial damar var, bu arteriyalar bir divar funkisyasını yerinə yetirir. Divar deşildiyi zaman yüksək təzyiq, şəkər xəstəliyi kimi problemlər meydana gəlir. Şəkər xəstəliyi şüşə parçalar kimi o divarı dəlir. Divarın içində bir oyuq yarandıqdan sonra onu sağaltmaq lazımdır.

    Xolesterinin yaxşı və pis növü var. Yaxşı xolesterin olduğu zaman damarları sağaltmaq mümkün olur, amma pis xolesterin çox olduğu zaman o yaralar arteriyaları yavaş-yavaş tıxamağa başlayır, üzərində xolesterin yığılıb qalır. Zaman keçdikcə borunun ortası bağlanır və ürək çatışmazlığı yaranır, nəticədə xəstə infarktdan ölür.

    Pis xolesterinin miqdarı çoxdursa, bədən arteriyaları bərpa etmir. Normal halda gənc bir insan arteriyalarda deşik olsa da, olmasa da, onu bərpa edir, amma xolesterin növü dəyişdikdən sonra əsaslı bərpa formaları dəyişir”.

    Professor onu da əlavə edib ki, Aralıq dənizi mətbəxi ömrü uzadır və o son dərəcə sağlamdır:

    “Aralıq dənizi mətbəxi inanılmaz dərəcədə sağlamdır. Niyə? Çünki bu mətbəxə təzə tərəvəz və meyvələr daxildir. Zeytun yağı onsuz da Türkiyədə istehsal edilir, keyfiyyəti də çox yüksəkdir, saxta deyil. Türkiyənin yerli məhsulları çox faydalıdır. Məni daha çox yeni çıxan yeməklər qorxudur, çünki istehsal tarixini artırmaq üçün daha çox şəkər, yaxud da duz əlavə olunur. Ləzzəti dəyişir, bəlkə daha ləzzətli olur, amma qətiyyən sağlam deyil”.

    Ürək xəstəliklərində genetikanın da təsirli olduğunu bildirən professor qeyd edib ki, sağlam və möhkəm ailə əlaqələri ürək üzərində müsbət təsir göstərir:

    “Qərbdə ailə əlaqələri çox güclü olmadığı üçün insanları daha stresslidir. Lakin araşdırmalar göstərir ki, sağlam ailə mühitində yaşamaq nəinki ürək, bir çox orqanlar üçün faydalıdır. Xüsusilə də ailədə sevdiyiniz insanlarla hər zaman ünsiyyətdə olmaq ürəyi qoruyur. Lakin həyatınızda ailə sevgisi yoxdursa, stress artmağa başlayır. Yüksək stress ürəyə mənfi təsir edir, hətta həddən artıq kədərlənmək ürək çatışmazlığına səbəb olur.

    Bu araşdırma yaxınlarda təsdiq edilib. Ürək sağlamlığı üçün güclü ailə əlaqələri inanılmaz dərəcədə mühümdür. İnsanlar arasındakı möhkəm və sevgi üzərində qurulan əlaqələr çox dəyərlidir”.

    Nələr yeməliyik?

    Həkim ürəyə faydalı olan qidaları belə sıralayıb:

    “Ərzaqları torpaqdan çıxdığı kimi yemək çox xeyirlidir, həmçinin tam taxil məhsulları, meyvə, tərəvəz, fındıq və fıstıq ürəyə faydalıdır. Əlbəttə ki, ən faydalısı zeytun yağıdır”.

    Nələrdən uzaq durulmalı?

    “Yarımfabrikat məhsullar və yeməklər, tərkibində qatqı maddəsi olan ərzaqlar, həddən artıq ət yemək, xüsusilə qızardılmış yeməklərdən, şəkərli və qazlı içkilərdən uzaq dayanmaq lazımdır”.//publika.az

  • Qripi yayan bu qida əlavəsi imiş – Yediyimiz məhsullarda var

    Son illər qrip epidemiyasının geniş vüsət almasında E -319 adlı qida əlavəsini ittiham ediblər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu qənaətə Miçiqan Universitetinin alimləri öz yeni təcrübələrində gəliblər.
    Siçanlar üzərində aparılan təcrübələrdə aşkar olunub ki, butilhidroxinon – E-319 adlı qida əlavəsi əsas immun hüceyrələrə təzyiq edir. Bu hüceyrələr T killer hüceyrələridir ki, qrip virusuna qarşı mübarizə aparır.

    Belə ki, bir qrup siçana E 319 əlavəli qida verdikdən sonra onları qrip virusu ilə yoluxdurublar. Bu siçanlar qriplə daha uzun müddət mübarizə aparıb və daha çox çəki itiriblər.

    Lahiyənin müəllifi Robert Friborn hesab edir ki, hazırda qida sənayesində çox ərzaqlara əlavə olunan E 319 insanlığın qriplə mübarizədə aciz qalmasına səbəb olub.

    Hətta peyvəndlər belə effekt vermir. Çünki müasir insan hər gün qida ilə bu maddəni alır.
    E 319 çipsilərdə, quru yeməklərdə, yarımfabrikatlarda, şirniyyatlarda, paketlənmiş məhsullarda, souslarda olur.

  • Bu vitamin ancaq göbələyin tərkibində var: qan yaranması, DNT və sinir sistemini…

    İnsan fiziologiyasının ən çox ehtiyac duyduğu vitamin B12 kompleksidir. Bəs bu vitaminin əksikliyi nədən qaynaqlanır?

    B12 vitamini hansı qidaların tərkibində var.

    Median.Az publika.az-a istinadən qanın yaranması və beyin sinirlərinin sağlamlığı üçün əhəmiyyətli olan B12 vitamini haqqında əsas bilgiləri təqdim edir.

    Bədənin istehsal etmədiyi, lakin ən çox ehtiyac duyduğu vitaminlərdən biri olan B12-nin çatışmazlığı bu gün ən çox şikayət olunan problemlərdən biridir. Bu vitamin DNT hüceyrələrinin yaranması və sinir sisteminin sağlamlığı üçün əvəzolunmaz vitamindir. Heyvan mənşəli qidaların tərkibində olan B12 vitamini ət və toyuq yeməyən insanlarda ən çox rast gəlinən problemlərdəndir. Anemiya, nevroloji və ruhi xəstəliklərin yaranmasına səbəb olan B12 çatışmazlığı vaxtında müalicə edilməyəndə daha ciddi xəstəliklərə səbəb ola bilər. Bağırsaqlardakı bakteriyalarla sintez olunub suda həll ola bilən B12 bədəndə qırmızı qan hüceyrələrinin çoxalmasını təmin edir.

    B12 çatışmazlığının simptomları nələrdir?


    – Bağırsaqların işləməsi üçün təsirli vasitələrdən biri olan B12 vitamininin miqdarı azaldıqca bağırsaqlar yavaşlayar və ya daha sürətlə işləməyə başlayar. Qəbzlik və ya daimi ishal kimi fərqli həzm problemlərini ortaya çıxarar.

    – Sinir sisteminin daha sağlam işləməsi və bədənin daxilində daha yaxşı sinir alış-verişi etməsi üçün B12 əhəmiyyətlidir. B12 vitamini azalanda sinir hüceyrələri yetəri qədər beyinə siqnal çatdırmır. Bu da beyinin yorğunluğunu artırır. Buna bağlı stress və gərginlik kimi narahatlıqlar artar.

    – Bədənin xəstəliklərə qarşı müqavimətinin azalmasının səbəblərindən biri də B12 vitamininin çatışmazlığıdır. Xüsusilə, daim qrip olmaq və yorğun hiss etmək bu səbəbdən yaşanır.

    – B12 vitamini çatışmazlığının ən üzdə olan simptomlarından biri dırnaqların qırılması və saç tökülməsidir. Zəifləyən sinir hüceyrələri lazımi vitamin və mineralları bədəndəki ölü hüceyrələrə çatdıra bilmədiyindən buralarda yeni kök hüceyrələrinin yaranma prosesi zəifləyər. Bu da qırılmağa və tökülməyə səbəb olar.

    – Əzələ və sümüklərin zəifləməsi, gün içində enerjinin həddindən tez tükənməsi də B12 çatışmazlığının göstəricisidir.

    – Nadir halda da olsa, bədənin temperaturu artar. Tər vəziləri sürətli işlədiyinə görə temperaturun qalxması və tərləmə tez-tez yaşanar. Bu hava ilə bağlı olmayan bir durumdur.

    – Əllərdə və ayaqlarda yanma və qaşıntı hissinin artması ilə yanaşı, danışmaqda çətinlik çəkmək və hafizənin pisləşməsi B12 çatışmazlığının ciddi göstəriciləri arasındadır.

    B12 VİTAMİNİNİN FAYDALARI NƏLƏRDİR?

    – Metabolizmin işini dəstəkləyir.

    – Uşaq dünyaya gətirmək faizini artırır.

    – Hüceyrələrin yenilənməsini təmin edir.

    – Xəstəliklərə qarşı bədənin müqavimətini artırır.

    – Sinir hüceyrələrinin bədəndaxili işini yaxşılaşdırır.

    B12 VİTAMİNİ HANSI QİDALARIN TƏRKİBİNDƏ OLUR?


    Dəniz məhsulları

    Bədənin gündəlik B12 ehtiyacını qarşılamaqda ən yaxşı qidalardan biri dəniz məhsullarıdır. Xüsusilə, qızıl balıq bu baxımdan əhəmiyyət daşıyır. Mütəxəssislər ən az həftədə iki dəfə balıq məhsulları istifadə etməyi məsləhət görür.

    Ət

    B12 vitamini heyvan ətində daha çoxdur. Xüsusilə ciyərlərdə bu vitaminə daha çox rast gəlinir. Mütəxəssislər gündə ortalama 100 qram ət və bir qədər ciyərdən istifadəni məsləhət görür.

    Süd və süd məhsulları

    İçində B12 vitamini daha çox olan pendir tam bir kalsium və kalium deposudur. Qatıq da bu siyahıya daxildir.

    Göbələk

    Heyvan mənşəli qidalarda olan B12 vitamini bitkilərdə sadəcə göbələkdə var.

  • Zərərli qidalar siqaretdən daha təhlükəlidir

    Zərərli qidalarla qidalanma tütün çəkməkdən daha təhlükəlidir. Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Sietldə Sağlamlığın Göstəriciləri və Dəyərləndirilməsi İnstitutunun mütəxəssisləri uzun araşdırmadan sonra belə qərara gəliblər.

    Araşdırmanın nəticələri Lancet jurnalında işıq üzü görüb.

    Ekspertlərin məlumatına görə, 2017-ci ildə zərərli qidalar 10,9 milyon insanın ölümünə səbəb olur. Tibb işçiləri bu riski həyat üçün təhlükəli hesab edilən təzyiq və siqaret çəkmə riski ilə müqayisə ediblər. Belə ki, 2017-ci ildə təzyiqdən 10,4 milyon, siqaretdən 8 milyon insan ölüb.

    Həkimlər hesab edir ki, bu insanların ən böyük problemi odur ki, onlar tərkibində faydalı mineral və vitaminlər olan meyvə və tərəvəz yeməyiblər.

    Tibb işçiləri ət, duz, şəkər və şirin içkiləri qida rasionunda azaltmağı,bu məhsulları qoz, günəbaxan tumu və buğda ilə əvəz etməyi məsləhət görürlər.

    Eyni zamanda, mütəxəssislər qeyd edir ki, zərərli qidalardan ölüm nisbəti Fransada, İspaniyada və Yaponiyada çox, İsraildə isə daha azdır.