Category: Şou Biznes

  • Yayda siqaret çəkmək infarkta səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ

    Yay mövsümündə siqaretin zərərləri daha da qabarıq şəkildə özünü göstərir. Nikotinin orqanizmə təsiri ilə yanaşı, yüksək temperatur da ürək-damar sisteminə düşən yükü artıraraq ciddi fəsadlara səbəb ola bilər.

    Median.Az xəbər verir ki, bu barədə “İzvestiya”ya ümumi praktika həkimi və qastroenteroloq Şota Kalandiya məlumat verib.

    Onun sözlərinə görə, isti havada siqaret çəkmək damarların daralmasını artırır, nəbzin sürətlənməsinə və təzyiqin qalxmasına səbəb olur. Bu da hipertoniya, insult və infarkt kimi xəstəliklərin riskini yüksəldir.

    “İsti hava şəraitində orqanizm onsuz da stres altındadır. Siqaret isə qanın qatılığını artırır, trombositlərin səviyyəsini yüksəldir. Bu da tromblaşma riskini artırır. Xüsusilə də insan kifayət qədər su qəbul etmirsə”, – deyə həkim xəbərdarlıq edib.

    Mütəxəssis əlavə edib ki, siqaret həmçinin qanın oksigenlə zənginləşməsini zəiflədir, bu isə orqanizmin ümumi tonusuna mənfi təsir göstərir. İsti havalarda bu vəziyyət yorğunluq, əsəbilik, diqqət dağınıqlığı və ümumi halsızlıqla müşayiət oluna bilər.

    “Onsuz da hava çatışmazlığı yaşanarkən siqaret çəkmək toxumaların oksigenlə təminatını daha da zəiflədir. Nəticədə qan dövranı pozulur, maddələr mübadiləsi ləngiyir və iş qabiliyyəti aşağı düşür”, – deyə Kalandiya bildirib.

    Sonda həkim vətəndaşlara isti havalarda sağlamlıqlarına xüsusi diqqət yetirməyi və ən azı havanın temperaturu yüksək olan günlərdə siqaretdən imtina etməyi tövsiyə edib.

  • “Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi

    “Səs Azərbaycan” musiqi yarışmasının iştirakçısı Qəşəm Cəfərov vəfat edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

    Gənc ifaçı xərçəng xəstəliyindən dünyasını dəyişib.

  • Reper “Epi” saxlanıldı

    “Epi” ləqəbli reper Əkbər Novruzlu saxlanılıb.

    Oxu.az-ın məlumatına görə, Ə.Novruzlu barədə paytaxtda açıq havada təşkil olunan tədbirdə söyüşlə rep dediyi üçün polisə şikayət olunub.

    Şikayət əsasında o, polisə dəvət edilib və saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Xalq artisti adını sənə sponsorun da verdirə bilir” (VİDEO)

    “Xalq artisti” adını sənə bibin, dayın, əmin, bibin və yaxşı sponsorun verdirə bilər. Amma “Xalqın artisti” olmaq xoşbəxtlikdir. Bunu sənə xalq verir və dövlət təsdiqləyir”.

    Bu sözləri Xalq artisti Afaq Bəşirqızı “9 otaq” yutub layihəsində deyib. Aktrisa fəxri adlardan danışıb.

    “Xalq artisti əyləndirmək çox oyatmalıdır. Əylənmək 1 və ya yarım saat olar. Hər hansı komediya tamaşasına baxanda olar. Hamı istəyir əylənmək. Hərdən adam problemlərdən o qədər boğaza yığılır ki, deyir, başımı nə iləsə qatım. Sosial şəbəkəyə baxırsan alınmır, bilmədiyini də öyrədirlər. Özün özünü əyləndirməyi, başını qatmağı bacarmalısan. Yoxsa yaşaya bilməzsən.

    Vəzifə adamı olmağı istəməmişəm. Zəifə, imkansıza, öz aləmində olan aktyora, aktrisaya yardım əli uzadıram. Öz kreslomda oturub bunu etmək mənlik deyil. Orada daha da zəifləyərəm. Belə mübarizəm. Orada mənə çox sözü deməyə qoymayacaqlar. Azadlığı sevirəm. Müəyyən dairələr var, qaydalar var, onların dedikləri ilə oturub-durmalısan. Onlar deyən olmasa səni şampan butulkası kimi atarlar. Deyirlər, dövlət qurumudur, belə etməlisən. Bununla razılaşanlar var, mən yox”.//Axşam.az

  • Rusiyada azərbaycanəsilli bloqerə cinayət işi açıldı

    “Subo” adı ilə tanınan azərbaycanəsilli müğənni və bloqer Sübhan Məmmədova qarşı Rusiyada cinayət işi açılıb.

    Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Rusiya İstintaq Komitəsi 50 milyon rubl (təxminən 1 milyon manat – red.) məbləğində vergidən yayınmaqda şübhəli bilinən bloqer “Subo”ya qarşı cinayət işi açıb və o, axtarışa verilib. Məlumatda onun qardaşı və atasının da bu cinayətdə təqsirli bilindiyi bildirilir.

    Bundan başqa, məlum olub ki, bloqerin özü, atası və qardaşları hərbi xidmət üçün qeydiyyata durmaq öhdəliyindən boyun qaçırıblar.

    Xatırladaq ki, azərbaycanəsilli bloqer bu ilin fevral ayında Rusiya vətəndaşlığından çıxarılıb. Buna səbəb kimi Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı alarkən özü haqqında yalan məlumatlar təqdim etməsi göstərilib. Sübhan Məmmədovun hazırda BƏƏ-də yaşadığı bildirilir.

  • “Səs Azərbaycan”ın iştirakçısı ABŞ-Meksika sərhədində öldürüldü – VİDEO

    Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

    Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumat verib.

    “Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.

    Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman” müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” (“Azərbaycanın səsi”) proqramında iştirak edib.

  • Xalq artisti Röya Ayxandan “Ağlama” mahnısına akustik nəfəs – VİDEO

    Azərbaycanın xalq artisti Röya Ayxan, musiqi platformalarında həftələrdir liderliyini qoruyan “Ağlama” adlı hitini bu dəfə fərqli tərzdə təqdim edib.

    Mahnının akustik versiyası Türkiyədə, tanınmış musiqiçi Sezgin Tellaoğlunun rəhbərlik etdiyi orkestrin müşayiəti ilə canlı olaraq lentə alınıb.

    Kompozisiyanın musiqisi Nailə Mirəməmmədliyə, sözləri isə Gülağa Tənhaya məxsusdur. Röya bu dəfə əsəri daha dərin emosional qatlarla, minimal müşayiət və güclü vokal ilə təqdim edərək, dinləyicilərə mahnının ağrısını və duyğusunu fərqli şəkildə hiss etdirir.

    Layihənin rejissoru tanınmış Kemal Başbuğ, operatoru isə Sezgin Denkçidir.

  • Xose konsertindən sonra çəkiliş qrupuna ödəniş etməyib – Videoqraf şikayətçidir

    Tanınmış reper Elşad Xosenin bir neçə ay öncə Heydər Əliyev Sarayında baş tutan konsertində videoqraf kimi çalışan Rüfət Hüseynov ondan şikayətçidir.

    Videoqraf video yayımlayaraq iddia edir ki, reper konsertdən sonra onların ödənişini etməyib və telefonlara cavab vermir.

    Videoqraf özü və komandasının konsertdə 10 min manatlıq işi 4 min manata gördüyünü və Xosenin də bu məbləğlə razılaşdığını bildirib.

    İddiaya görə çəkiliş qrupu işi təhvil versə də, Xose ödənişi etməkdən boyun qaçırıb, telefonlara isə cavab vermir.
    //azxeber

  • Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini izah edib

    Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov iyulun 6-da Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutmalı olan konsertin təxirə salınmasının səbəbini izah edib.

    Median.Az bu barədə RBK-ya istinadla xəbər verir.

    Ağalarovun sözlərinə görə, iş qrafikində dəyişiklik edildiyi üçün konsert 5 iyul 2026-cı il tarixinə təxirə salınıb.

    “Bu məkan regionda ən populyardır, ona görə də konsert üçün yaxın tarixləri razılaşdırmaq mümkün olmadı. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik”, – deyə müğənni vurğulayıb.

    Bildirilir ki, köhnə biletlər etibarlı olacaq.

  • Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq

    Nyu-York Məhkəməsi amerikalı reper və prodüser P. Diddinin (əsl adı Şon Kombs) hökm çıxarılana qədər zaminə buraxılmasını rədd edib.

    Bu barədə “Fox News” məlumat yayıb.

    İttiham tərəfi Kombsun həbsdə saxlanmasında israr edib və iddia edib ki, o, sərbəst buraxılacağı təqdirdə ölkədən gedə bilər, çünki reperin kifayət qədər sərvəti və bunun üçün imkanları var.

    “NBC News”un məlumatına görə, hökmün verilmə tarixi ilkin olaraq oktyabrın 3-nə təyin edilib, lakin reperin vəkilləri daha erkən tarix tələb edə bilər. İttiham tərəfi P. Diddinin təxminən 5 il müddətinə azadlıqdan məhrum edilməsini gözləyir.