Category: Şou Biznes

  • Emin Rusiyadakı konsertini təxirə salır? – FOTO

    Xalq artisti Emin Ağalarovun 3 gün sonra Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutacaq konserti təxirə salınıb.

    Bu barədə instaqramda “Emin_live” səhifəsində poster paylaşılıb.

    Posterdə bu il iyulun 6-da keçirilməsi nəzərdə tutulan konsertin 5 iyul 2026-cı ilə təxirə salındığı qeyd olunub. Həmçinin bildirilib ki, alınmış biletlər həmin konsert üçün etibarlı olacaq. Amma zərurət yaranarsa, satış nöqtələrinə geri qaytarıla da bilər.

    Ehtimal olunur ki, konsertin təxirə salınması ilə bağlı qərar ötən gün Rusiyada Emin Ağalarovun atası, milyarder Araz Ağalarov barəsində məhkəmə icraatına başlanılması xəbərinin yayılmasından sonra verilib.

    E.Ağalarovun rəsmi sosial şəbəkə hesablarında isə bu haqda hər hansı paylaşım edilməyib.

  • Xalq artistinə ağır itki

    Ötən gün Xalq artisti Miri Yusifə ağır itki üz verib.

    Azxeber.com xəbər verir ki, müğənninin atası Mirheydər Mirbabayev vəfat edib.

    Bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

  • Röya Ayxandan “Səninəm”ə yeni nəfəs – VİDEO

    Xalq artisti Röya Ayxan 20 il əvvəl repertuarına daxil etdiyi və karyerasında mühüm dönüş nöqtəsinə çevrilən “Səninəm” mahnısını bu dəfə akustik versiyada təqdim edib.

    Sözləri İsmayıl Dadaşova, musiqisi isə Hüseyn Abdullayevə məxsus olan bəstə maestro Sezgin Tellaloğlunun musiqi rəhbəri olduğu orkestrin müşayiəti ilə yenidən səsləndirilib.

    Akustik aranjimanda təqdim olunan “Səninəm” mahnısı canlı instrumental ifalarla müşayiət olunub. Layihədə ümumilikdə 13 musiqiçi iştirak edib.

    Yeni versiyaya Türkiyədə videoçarx da çəkilib. Klipin rejissoru tanınmış sənət adamı Kemal Başbuğdur.

  • Yeni Ceyms Bond filminin rejissoru açıqlandı

    “Agent 007” haqqında növbəti filmin rejissoru artıq müəyyənləşib.

    “Variety” nəşrinin məlumatına görə, bu vəzifə tanınmış kanadalı rejissor Deni Vilnöva həvalə edilib.

    “Amazon MGM Studios”un keçirdiyi seçim mərhələsində “Dyuna” filminin müəllifi olan Deni Vilnöv, “Qərb cəbhəsində yenilik yoxdur” və “Konkla” filmləri ilə tanınan Edvard Berqer, “Paddinqtun” və “Wonka” ilə məşhurlaşan Pol Kinq, “Şon adlı zombilər” və “Az qala polis” filmlərinin müəllifi Edqar Rayt, həmçinin “Westworld” serialının həmmüəllifi Conatan Nolan da namizədlər sırasında yer alıb. Lakin seçim Vilnövun xeyrinə başa çatıb.

    Rejissor bu xəbərə münasibət bildirərək, Ceyms Bond seriyasının onun üçün xüsusi önəm daşıdığını qeyd edib:

    “Uşaqlığımda kinoteatra ilk gedişlərim məhz 007 ilə bağlı idi. Atamla Bond filmlərinə baxmaq ən dəyərli xatirələrimdəndir. Mən Ceyms Bondun pərəstişkarıyam. Bu, mənim üçün müqəddəs bir sahədir. Bu mirasa hörmətlə yanaşacağam və yeni missiyalara yol açmağa çalışacağam. Bu, həm böyük məsuliyyət, həm də inanılmaz həyəcanlıdır. “Amazon MGM Studios”a etimada görə təşəkkür edirəm”.

    “Amazon MGM Studios” və “Prime Video” rəhbəri Mayk Hopkinz bildirib ki, Deni Vilnöv müasir kinematoqrafiyanın ən güclü adlarından biridir və onun bu layihəyə rəhbərlik etməsi Bond franşizasına böyük dəyər qatacaq:

    “Deni qeyri-adi vizual aləmlər, dinamik effektlər və mürəkkəb personajlar yaratmaqda ustadır. “Agent 007″nin yeni macərası bu günün ən möhtəşəm rejissorlarından birinin əllərindədir”.

    Filmin icraçı prodüserləri arasında Vilnövun həyat yoldaşı Tanja Lapuant, eləcə də tanınmış prodüserlər Emi Paskal və Devid Heyman yer alacaq.

    Qeyd edək ki, Deni Vilnöv “Oskar” mükafatına namizəd olmuş “Dyuna” trilogiyası, “Blade Runner 2049”, “Gəliş”, “Düşmən” kimi yüksək reytinqli filmlərlə tanınan fransızdilli kanadalı rejissordur.
    //qaynar.az

  • Şəbnəm Tovuzlu onu “dollar yağışı”na tutan narkotaciri TANIYIR? – AÇIQLAMA (VİDEO)

    Müğənni Şəbnəm Tovuzlu Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində “dollar yağışı”na tutulub və sözügedən görüntülər gündəm olub. Lakin çox keçmədən məlum olub ki, Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan Ofeliya adlı şəxs və “Luka” ləqəbli oğlu narkotik alverçiləri imiş. Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.

    Şəbnəm Tovuzlunun prodüseri Şahanə İsmayılova məsələ ilə bağlı oxu.az-a açıqlama verib.

    O qeyd edib ki, həmin şəxslərin haqqında məlumatlı olmayıblar:

    “Şəbnəm xanım ay ərzində onlarla belə toyda iştirak edir. “Pul yağışı”na da tuturlar, necə lazımdırsa, hörmət də edirlər. Toyuna getdiyimiz heç bir ailəni öncədən analizdən keçirmirik ki, görək bunlar hansı işlə məşğuldurlar?! Bu fikirlər Şəbnəm xanımın da fikirləridir, gecə bu barədə bir yerdə söhbət edirdik”.

    Qeyd edək ki, sözügedən mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə, qızıl-zinət əşyaları da hədiyyə edilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Məşhur rusiyalı müğənni Ukraynada axtarışa verildi

    Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı müğənni Qriqori Lepsi axtarışa verib.

    Median.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə məlumatı Ukrayna hakimiyyət orqanları təsdiqləyib.

    Məlumata görə, Qriqori Leps hələ 2025-ci il martın 4-də axtarışa verilib. Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti müğənniyə qarşı xüsusi hərbi əməliyyata dəstək verdiyinə görə qiyabi ittiham irəli sürüb. Xüsusi xidmət, həmçinin xatırladıb ki, Rusiya şou-biznesinin ulduzu Rusiya hərbçilərinə düşmənin Silahlı Qüvvələrinin vurulmuş hər tankına görə bir milyon rubl ödəyəcəyini vəd edib.

  • Toyda Kəmalə Günəşli ilə məclis sahibi arasında DAVA: Xəsarət alan var – TƏFƏRRÜAT

    Sumqayıtın Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarda qeydə alınıb.

    Oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Kəmalə Ələsgər qızı Mirzəyevanın ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub.

    Toydan əvvəl V.Mikayılova K.Günəşlinin prodüseri ilə əlaqə saxlayaraq, onu toya dəvət edib və tərəflər 4 min manata razılaşıblar. Toy sahibi qarşı tərəfin kart hesabına elektron qaydada 300 manat beh göndərib. Dünən vədələşdikləri kimi müğənni şadlıq sarayındakı məclisə gəlib. Lakin bir qədər sonra məclis sahibi K.Günəşlinin yalnız fonoqram ifa etdiyini, arzuolunan mahnıları oxumadığını deyərək, ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib.

    Bundan sonra onların arasında münaqişə yaranıb. İfaçı mikrofonla məclis sahibi haqqında təhqiramiz ifadələr işlədərək, onu digər qonaqların yanında alçaldıb. Hadisə həmçinin dava-dalaş, fiziki zorakılıqla müşayiət olunub.

    K.Günəşli masadakı içki bakalını götürərək V.Mikayılovaya atıb. Bakal oradakı qohumlardan biri olan oğlanın sifətinə tuş gəlib və gənc xəsarət alıb.

    Hadisədən sonra hər iki tərəf polisə müraciət edib. K.Günəşli vəd edilmiş pulu tələb edib. Qarşı tərəf isə müğənninin xuliqanlıq etdiyini və qonağa, eyni zamanda məclis sahibinə xəsarət yetirdiyini bildirib.

    Məsələ ilə bağlı aidiyyəti üzrə ekspertiza təyin edilib və araşdırmalar aparılır.

  • Efirdə müğənniyə həyat yoldaşının başqa qadınla görüntüsü göstərildi – Audiovizual Şuradan AÇIQLAMA (Video)

    ATV telekanalında yayımlanan “Rəngarəng” proqramında qalmaqallı anlar yaşanıb. Aparıcı Zaur Nəbioğlunun təqdimatında yayımlanan verilişin qonağı müğənni Ofeliya Şabanova olub.

    Canlı yayım zamanı aparıcı ona həyat yoldaşının başqa bir qadınla görüntüsünü təqdim edib. Gözlənilməz hadisə ifaçının emosional gərginlik yaşamasına səbəb olub. O, studiyanı tərk etmək məcburiyyətində qalıb.

    Sözügedən hadisə sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici verilişdə şəxsi həyata müdaxilə olunduğunu bildirib və aparıcının bu addımını tənqid edib.

    Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Audiovizual Şuradan bildirilib ki, faktla bağlı Monitorinq şöbəsi tərəfindən araşdırma aparılıb və qanun pozuntusuna rast gəlinməyib.

    “Şou xarakterli proqramlarda elə hallar olur ki, cəmiyyətdə birmənalı qarşılanmır. Amma Audiovizual Şura yayım zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir və qanun pozuntusu olmadığı halda prosesə müdaxilə yolverilməzdir”, – deyə qurumun açıqlamasında qeyd olunub.

  • Vüqarın bu mahnılarına radioda qadağa qoyuldu – VİDEO

    Meyxanaçı Vüqar Əbdülov bir neçə meyxanasına qadağa qoyulduğunu bildirib.
     
    Median.Az xəbər verir ki, sənətçi bu haqda “El canlı” verilişində danışıb.
     
    O bildirib ki, radioda onun meyxanalı qadağan edilib:
     
    “Radioda dostlarım var, təşəkkür edirəm, səsləndirirlər. Amma bir çox mahnılarım olub ki, radioda qadağan edilib. “Tıxac” mahnım yayımlandı sonra dedilər ki, olmaz. Səbəbin də tam açmadılar. “Ey dost” mahnım bir neçə il radioda getdi. Amma ona da sonra dedilər ki, qadağan edildi”. (axsam.az)

  • Hüseyn özünə Bakıda ad günü etdi

    Bloger Hüseyn Həsənov Bakıda özünə ad günü edib.

    Median.Az “Axşam.az”a istinadən xəbər verir ki, 31 yaşını qeyd edən bloqerin ad günündə Əməkdar artist Ədalət Şükürov, aktyorlar Müşviq Şahverdiyev, Nicat Rəhimov, Ramin Hacıyev, meyxanaçı Pərviz Bülbülə və digərləri iştirak ediblər.

    Qeyd edək ki, Hüseyn Rusiyada 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir. Onun barəsində qiyabi həbs qərarı verilib.