Category: Şou Biznes

  • Ağır qəzada qolunu itirən “Nikosayağı” aylar sonra göründü – VİDEO

    “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli qardaşının toy mərasimində diqqət mərkəzinə düşüb.

    Oxu.Az-ın məlumatına görə, şənlik zamanı çəkilən görüntülərdə ən çox diqqət çəkən məqam isə Nicat Şakirlinin sağ qoluna quraşdırılan protez olub.

    Sosial şəbəkə istifadəçiləri onun məclisdəki görüntülərinə çoxsaylı şərhlər yazaraq dəstək nümayiş etdiriblər.

    Xatırladaq ki, 2023-cü ilin avqust ayında N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılaraq ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan bloqerin yaxın dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirli özü isə ağır xəsarət alıb və nəticədə onun sağ qolu dirsəkdən amputasiya olunub.

  • Alla Puqaçovanın Moskvadakı lüks mənzili satışa çıxarıldı – Qiyməti dodaq uçuqladır

    Rusiyalı müğənni Alla Puqaçovaya məxsus, Moskvanın Arbat ərazisində yerləşən mənzil 5 milyon dollar (təxminən 465 milyon rubl) dəyərində satışa çıxarılıb.

    Median.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

    Daşınmaz əmlak agentləri sözügedən obyekti tənqid etsələr də, onun ulduz rəssama məxsus olması səbəbindən real bazar qiymətindən daha baha satılacağını istisna etmirlər. Bununla belə, satış prosesinin uzun çəkəcəyi ehtimal olunur.

    Media orqanlarının məlumatına görə, “Filippovski” yaşayış kompleksində yerləşən mənzil 300 kvadratmetr sahəyə malikdir. Alqı-satqı müqaviləsinə, həmçinin iki avtomobil dayanacağı da daxildir. Obyekt Rusiya paytaxtına gözəl panoraması olan yuxarı mərtəbələrin birində yerləşir.

    “Kalinka” şirkətlər qrupunun tərəfdaşı Polina Medelyanovskaya bildirib:

    “Panoram mənzərəni nəzərə alaraq, mənzilin bazar dəyərindən yüksək qiymətə alıcı tapacağını demək olar. Müqayisə üçün qeyd edim ki, hazırda həmin binanın altıncı mərtəbəsindəki təmirli mənzil 265 milyon rubla təklif edilir”.

    Ekspertin fikrincə, binanın yerləşdiyi ərazi nüfuzlu hesab edilsə də, nəqliyyat baxımından əlverişli deyil. Arbat xiyabanları logistik cəhətdən müəyyən çətinliklər yaradır.

    Mütəxəssis onu da vurğulayıb ki, bu növ əmlakın satılma müddəti altı aya qədər çəkə bilər. Bunun əsas səbəbi potensial alıcıların tanınmış və sanksiya/siyasi müzakirə mövzusu olan şəxslərlə müqavilə bağlamağa ehtiyatla yanaşmalarıdır.
    //oxu.az

  • Emin qızının ad gününü bu mahnı və kliplə təbrik etdi – Video

    Xalq artisti Emin Ağalarov qızı Əminənin ad gününü fərqli şəkildə təbrik edib.

    Müğənni qızına həsr etdiyi “Əminə” mahnısını rəqəmsal platformalarda paylaşıb.

    Qeyd edək ki, mahnının bəstəkarı Maksim Fadeyevdir.

  • Türkiyəli məşhur müğənni Yusuf Güney saxlanıldı

    Məşhur türkiyəli müğənni Yusuf Güney saxlanılıb.

    Bu barədə “Ensonhaber” nəşri məlumat verib.

    Məlumata görə, buna səbəb müğənninin “YouTube” videosunda təbliğatını apardığı bir çay növünün tərkibində qadağan olunmuş maddənin aşkarlanması olub.

    Bildirilir ki, Yusuf Güney videosunda “Ayahuska” çayını həvəsləndirici şəkildə təbliğ etdikdən sonra bununla bağlı araşdırma aparılıb və çayın tərkibində DMT maddəsi (Dimetiltriptamin – bitkilərdə, heyvanlarda və insan beynində təbii olaraq tapılan, güclü halüsinogen təsirə malik psixodelik maddədir) müəyyən edilib. DMT isə Narkotik Maddələrə Nəzarət haqqında 2313 saylı Qanuna əsasən qadağan olunmuş maddə hesab edilir.

    Bu araşdırmadan sonra Yusuf Güney hüquq-mühafizə orqanları tərəfindən nəzarət altına alınıb.

  • Reper “50 Cent” barədə sənədli serial çəkiləcək

    Məşhur “Hulu” yayım platforması tanınmış reper 50 Cent (əsl adı Körtis Cekson) haqqında yeni sənədli serial təqdim edəcək. Üç hissədən ibarət olacaq ekran işi sənətçinin həyat və yaradıcılığının ən gizli məqamlarına işıq tutacaq.

    Bu barədə “Deadline” nəşri məlumat yayıb.

    “Hulu” platforması bu layihə üçün Körtis Ceksona 75 milyon dollar qonorar ödəyib. Üçhissəlik serial reperin çətin uşaqlıq illərini, musiqi karyerasının başlanğıcını və dünyanın ən populyar hip-hop ifaçılarından birinə çevrilmə yolunu əhatə edəcək. Sənədli film sənətçinin təkcə musiqidəki deyil, həm də kino və biznes sahələrindəki uğurlarını nümayiş etdirəcək.

    Ekran işi maneələri böyük bir mədəni irsə çevirə bilən güclü xarakteri tamaşaçılara səmimi şəkildə təqdim edəcək. Layihənin rejissoru daha öncə “Hip-hopun mənşəyi” sənədli filminə rəhbərlik etmiş Mandon Lovettdir. İstehsal prosesini “Intellectual Property Corporation” (IPC) ilə yanaşı, reperin şəxsi “G-Unit Film & Television” şirkəti həyata keçirir. Serialın yayım tarixi hələlik açıqlanmayıb.

    Xatırladaq ki, hazırda Körtis Ceksonun 50 yaşı var. Yaradıcılığa 1996-cı ildə qədəm qoyan sənətçi “Get Rich or Die Tryin’” və “The Massacre” adlı albomları ilə dünya şöhrəti qazanıb. İndiyədək “50 Cent”in qlobal səviyyədə 30 milyondan çox albomu satılıb.

  • Bu məşhurlar sərbəst buraxıldı

    Türkiyədə narkotik əməliyyatları nəticəsində saxlanılan bəzi məşhurlar sərbəst buraxılıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində Mustafa Ceceli, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimle, Ersay Üner, Bengü Erden, Aslı Sipahi Hacısüleymanoğlunun ifadələri alındıqdan sonra sərbəst qalıblar.

    Simge Sağın, Melek Mosso və İlkay Şencan isə məhkəməyə göndərilib.

    Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.

  • Amerikalı reperin Böyük Britaniyaya girişi qadağan edildi

    Amerikalı reper Kanye Vest antisemit açıqlamaları ilə bağlı yaranan qalmaqaldan sonra Böyük Britaniyaya buraxılmayıb.

    Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud onun ölkəyə girişini ictimai maraqlara uyğun olmadığı əsaslandırması ilə qadağan edib. Məlumata görə, Kanye Vest Böyük Britaniyaya səfər etmək üçün Elektron Səyahət İcazəsi almağa müraciət edib, lakin hökumət onun ölkəyə girişinə icazə verməyib.

    Antisemitizmə Qarşı Kampaniya təşkilatı qərarı dəstəkləyərək bildirib ki, Daxili İşlər Nazirliyi düzgün addım atıb. Təşkilatın nümayəndəsi qeyd edib ki, festival təşkilatçıları antisemitizmə münasibətdə mövqelərini yalnız sonradan sərtləşdiriblər.

    Qeyd edək ki, reperin 10–12 iyul tarixlərində festival çərçivəsində üç gün ardıcıl çıxış etməsi planlaşdırılırdı.

  • Azərbaycanlı bloqer Moskvada mənzillərini peçenyeyə satıb

    Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənovun məhkəmə prosesində ittiham tərəfini təmsil edən şahid ifadə verib. O, ifadəsində qeyd edib ki, bloqer ona Moskvadakı mənzilini saxta yolla peçenye qarşılığında satıb.

    Bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

    Şahidin məhkəmədəki bəyanatına əsasən, Həsənov sözügedən daşınmaz əmlakı onun adına rəsmiləşdirməyi təklif edib. Həmin şəxs əvvəlcə bu təklifdən dəfələrlə boyun qaçırmağa cəhd göstərsə də, bloqer dövlət qarşısında heç bir maliyyə öhdəliyinin olmadığını təsdiqləyən sənədləri təqdim edib. Mənzilin pulu bank seyfi vasitəsilə həyata keçirilib, lakin şahid oraya real vəsait deyil, peçenye yerləşdirib.

    Alqı-satqı müqaviləsində əmlakın dəyəri 60 milyon rubl (təqribən 1.2 milyon manat) kimi qeyd edilib. Bu hüquqi əməliyyat zamanı bloqerin qardaşı Ənvər Həsənov səlahiyyətli agent qismində iştirak edib.

    Qeyd edək ki, bu ilin fevralında prokurorluq qeyri-qanuni yollarla qazanılmış vəsaitlərin leqallaşdırılmasında təqsirləndirilən H.Həsənov barəsində ittiham aktını təsdiq edib. Onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.

  • “Tottenhem” onun stadiona girişinə qadağa qoydu

    “Tottenhem” amerikalı repçi Kanye Uestin stadionda çıxışına qadağa qoyub.

    “Daily Mail” nəşrinin məlumatına görə, London klubu bu qərarı sənətçinin yəhudi icmasını tənqid etməsindən sonra qəbul edib. “Tottenhem Hotspur” stadionunda keçiriləcək “Wireless” festivalında çıxış etməsi planlaşdırılan Uestin proqramı da ləğv olunub.

    Qərarda klubun yəhudi icması ilə sıx əlaqələrinin də rol oynadığı bildirilir. Daha əvvəl “Pepsi” və “Guinness” kimi şirkətlər də oxşar səbəbdən sənətçi ilə əməkdaşlığı dayandırmışdı.

    Hazırda bəzi britaniyalı siyasətçilər Kanye Uestin ölkəyə girişinə qadağa qoyulmasını tələb edirlər.

    Qeyd edək ki, repçi daha əvvəl də qalmaqallı və tənqid olunan açıqlamaları ilə gündəmə gəlib.

  • İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi

    Məşhur türkiyəli müğənni İbrahim Tatlıses təcili xəstəxanaya yerləşdirilib.

    Bu barədə haberler.com məlumat yayıb.

    Məlumata görə, sənətçinin İstanbuldakı evində halı pisləşib və təcili yardımla xəstəxanaya aparılıb.

    Xəbərdə bildirilir ki, müğənni təhlükəli virusa yoluxub və həkimlərin nəzarəti altındadır.