Category: Siyasət

  • İlham Əliyev İndoneziyaya səfir təyin etdi

    Prezident İlham Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • İlham Əliyev Şabrana 12 milyon manat ayırdı

    Prezident İlham Əliyev Şabran rayonunun Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

  • İlham Əliyev və xanımı Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

    AZƏRTAC xəbər verir ki, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıb.

    Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.

    Səfirlə söhbət edən Prezident İlham Əliyev deyib ki, Prezident Şirak Azərbaycanın yaxın dostu olub:

    “Biz onu mənim atamla şəxsi dostluğu başlayan dövrdən tanıyırıq və onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulub. Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə Prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olub. O vaxt Prezident Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olub və bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm”.

    Səfir Zakari Qros Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:

    “Prezident Makron və Fransa xalqı adından səmimi sözlərinizi və burada olmağınızı yüksək qiymətləndirdiyimizi bildirmək istəyirəm. Sizin də qeyd etdiyiniz kimi, Prezident Şirak Fransada və beynəlxalq arenada birləşdirici rol oynayaraq sülhü təşviq etmiş dövlət xadimi olub. Gəlişiniz bizi təsirləndirib, Sizə minnətdaram”.







    * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.

  • Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

    Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidəki görüşü oktyabrda baş tutacaq.

    Bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyi David Zalkaliani və Elmar Məmmədyarov arasında Nyu-Yorkda baş tutan görüşdən sonra məlumat yayıb.

    Xatırladaq ki, nazirlər arasında ilk üçtərəfli görüş 2012-ci ildə Trabzonda keçirilib. Son görüş isə ötən il oktyabrın 29-da İstanbulda baş tutub.

    Bu görüş nazirlər arasında keçiriləcək səkkizinci üçtərəfli görüş olacaq.

  • Elmar Məmmədyarov Belarusun xarici işlər naziri ilə görüşüb

    BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei ilə görüşüb.

    XİN-dən APA-ya verilən məlumata görə, nazirlər Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin cari vəziyyəti, mövcud əlaqələrin genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

    Tərəflər bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və bu xüsusda həyata keçirilən hazırlıq tədbirləri, Azərbaycanın qarşıdan gələn üç il ərzində Hərəkata sədrliyi məsələlərini müzakirə ediblər.

    Tərəflər, həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi həyata keçiriblər.

  • Hikmət Hacıyev Nikol Paşinyanın BMT Baş məclisində çıxışına münasibət bildirib

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş məclisinin ümumi müzakirələr hissəsində çıxışını şərh edib.

    Median.Az xəbər verir ki, H.Hacıyev bildirib ki, Ermənistan baş naziri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektləri BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim olunub:

    “Bu ilin avqust ayında Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində çıxış edərək Azərbaycanın işğal edilmiş ərazilərinin anneksiyasına çağıran və bununla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vuran Ermənistan rəhbərliyi indi BMT tribunasından “sülhpərvər” görünməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir.

    Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. 5 iyul 1921-ci ildə Kommunist partiyasının Mərkəzi Komitəsi Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar vermişdir. Ermənilərin yalan iddialarına baxmayaraq, burada “Dağlıq Qarağın Azərbaycana verilməsi” kimi ifadədən istifadə olunmayıb.

    Keçən əsrin 80-ci illərindən başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürmüş, zorakı əməlləri və təcavüzkar separatizmi aktiv şəkildə dəstəklənib.

    Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının Sovet qanunlara zidd olması hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdir. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. Dağlıq Qarabağın “Ermənistana birləşdirilməsi ” və ya “müstəqilliyi”nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır.

    Uti possidetis prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycanın müstəqilliyini əldə etməmişdən öncə Sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib.

    İkincisi, Ermənistanın baş naziri BMT tribunasından danışdığı halda, BMT Nizamnaməsi əsasında ölkəsinin öz üzərinə götürdüyü öhdəliklərini ciddi şəkildə pozması faktının üzərindən sükutla keçir.

    Xatırlatmaq istərdik ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən “bütün dövlətlər digər dövlətin ərazi bütövlüyü və ya suverenliyinə qarşı” gücdən istifadə və ya gücdən istifadə ilə hədələməkdən çəkinməlidir.

    II Dünya müharibəsinin yekunlarına dair Beynəlxalq Nurenberq Məhkəməsinin qərarları, BMT Nizamnaməsinin “Sülhə təhlükələr, sülhün pozulması, təcavüz aktları ilə bağlı fəaliyyət” adlanan VII fəslinə əsasən işğal və hərbi təcavüz ciddi beynəlxalq cinayət kimi müəyyən olunmuşdur.

    Ermənistan hərbi gücdən istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etmiş, işğal edilmiş ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törətmişdir. Bu siyasətin nəticəsində bir milyondan artıq soydaşımız hələ də qaçqın və məcburi köçkün şəraitində yaşayır. Həmçinin, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq humanitar hüquqa zidd olaraq, demoqrafik tərkibin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidlərinin məhv edilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparır.

    BMT Təhlükəsizlik Şurası münaqişə ilə əlaqədar 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etmişdir. Bu qətnamələrdə BMT TŞ Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını, mülki insanlara qarşı hücumları və Azərbaycanın məskunlaşmış ərazilərinin bombarduman edilməsini pisləyir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Həmçinin, BMT TŞ-nın qətnamələrində güc tətbiq edərək ərazinin əldə edilməsinin qəbuledilməzliyi vurğulanır və işğalçı qüvvələrin tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.

    Ermənistan BMT TŞ-nın və digər beynəlxalq təşkilatlarının qərar və qətnamələrinə məhəl qoymur.

    Onu da xatırlatmaq istərdim ki, BMT nizamnaməsinin 25-ci bəndinə görə “BMT üzv dövlətləri Təhlükəsizlik Şurasının qərarlarını bu nizamnaməyə əsasən qəbul etməli və həyata keçirməlidirlər”.

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi həyata keçirən ATƏT-in Minsk Qrupunun üzvlərinin mandatının əsasını da TŞ-nın müvafiq qətnamələri təşkil edir. Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

    Üçüncüsü, Ermənistan rəhbərliyi bu münaqişənin Azərbaycan və Ermənistan arasında olan ərazi münaqişəsi olmadığını iddia edir və bunun insan hüquqları məsələsi olduğunu bildirir. BMT TŞ-nın qətnamələri, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı açıq şəkildə sübut edir ki, bu münaqişənin fundamental əsasını güc istifadə edərək ərazilərin işğalı təşkil edir. AİHM-nin verdiktinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın siyasi, hərbi, maliyyə və digər dəstəyi sayəsində mövcuddur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi mövcudluğu və işğalı davam etdirməsi münaqişənin əsl mahiyyətini açıq şəkildə sübut edir.

    Bununla bərabər, əgər Ermənistan rəhbərliyi bu münaqişəni insan hüquqları kontekstində təqdim etmək istəyirsə, onda ölkəsinin bir milyondan artıq Azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni və onların fundamental hüquqlarının pozulmasını etiraf etmiş olur. İnsan hüquqları universal xarakter daşıyır, işğal və həbi təcavüz yolu ilə bir milyondan artıq Azərbaycanlının fundamental hüquqlarını pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması riyakarlıq və cəfəngiyatdır.

    Dördüncüsü, Ermənistan rəhbərliyi münaqişənin həllinin Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olan düstur əsasında həll edilməli olduğunu deyir. Münaqişənin tərəfləri Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı və erməni icmaları vardır.

    Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Münaqişənin Azərbaycan üçün məqbul olan həlli BMT nizamnaməsinə, beynəlxalq hüquqa və ədalətə əsaslanır və bu mövqeyi beynəlxalq ictimaiyyət dəstəkləyir. Münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, hərbi işğala son qoyulmalı, Azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycanın sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan özünü idarəetmə modeli müəyyən olunmalıdır.

    ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkrarən istinad etdiyi 9 mart 2019-cu il tarixli bəyanatda münaqişənin həlli üzrə yol xəritəsi təsvir olunub.

    Münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həlli modeli mövcud deyildir. Münaqişənin tezliklə həlli regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, hal-hazırda ağır şəraitdə yaşayan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının güzaranının yaxşılaşmasına, Ermənistanın özünün inkişafına gətirib çıxara bilər.

    Ermənistan, nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək.

    Ermənistandan vaxtı hədər vermək və ilhaqçı siyasətinə bəraət qazandırmaq üçün əsassız tarixi, populist və demaqoqik arqumentlər axtararaq öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır”.

  • Rafael Cəbrayılovun məsələsinə Milli Məclisdə baxılacaq

    “Yaxın günlərdə Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək”.

    Bunu APA -ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev deyib.

    O bildirib ki, İntizam Komissiyasının 9 üzvü var: “Həmin üzvlər bir araya gəldikdən sonra yaxın günlərdə İntizam Komissiyasının iclası keçirləcək. Komissiyasının iclasında deputat Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması məsələsi müzakirə olunacaq”.
    Qeyd edək ki, Millət vəkili Rəfael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb.

    R. Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.

  • İlham Əliyev başsağlığı verdi

    Prezident İlham Əliyev Fransanın dövlət başçısı Emmanuel Makrona məktub ünvanlayıb.

    Median.Az-ın məlumatına görə, mətndə deyilir:

    “Hörmətli cənab Prezident,

    Fransa Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

    Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafında və möhkəmləndirilməsində Jak Şirakın böyük xidmətləri olmuşdur.

    Prezident Heydər Əliyevi Prezident Jak Şirak ilə möhkəm dostluq münasibətləri bağlayırdı. Onların görüşləri, aparılmış müzakirələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf xəttini müəyyən etmişdir. Prezidentlərin birgə səyləri sayəsində Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri böyük inkişaf yolu keçmişdir.

    Prezident Jak Şirakla çoxsaylı görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Bu görüşlər Azərbaycan-Fransa əlaqələrinin hərtərəfli inkişafına mühüm təkan vermişdir.

    Azərbaycan-Fransa münasibətlərinin inkişafında xüsusi xidmətlərinə görə Jak Şirak ölkəmizin ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunmuş və bu orden mənim tərəfimdən Jak Şiraka təqdim edilmişdi.

    Bu ağır itkinin kədərini bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, bütün Fransa xalqına, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm”.

  • İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidentini qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev nümayəndə heyətini üzvlərini salamlayıb:

    “Mənə verilən məlumata görə, siz Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak edirsiniz. Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir. Bildiyiniz kimi, ötən 20 il ərzində bizim Neft Fondumuz Azərbaycanın inkişafı üçün çox vacib vasitə rolunu oynayıb. Bununla yanaşı, Fond dünyanın ən şəffaf suveren fondlarından biri kimi BMT tərəfindən mükafata layiq görülüb.

    Bu Fondun Azərbaycanın inkişafında və sosial problemlərin həllində rolu olduqca böyükdür. Bildiyiniz kimi, Fondun aktivləri hesabına biz qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq qəsəbənin tikintisini maliyyələşdirmişik.

    Azərbaycan Respublikası Dövlət Neft Fondu insan kapitalına, təhsilə və infrastruktura sərmayə yatırıb. Sizin konfransda iştirakınız da yaxşı göstəricidir. Bildiyimə görə, sizin təsisat vasitəsilə də 250 milyon dollar həcmində sərmayə qoyulub.

    Bizim əməkdaşlığımızın çox yaxşı və uğurlu tarixçəsi var. İqtisadiyyatımızın şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün zəminin yaradılması planlarını nəzərə alaraq gələcək inkişaf üçün də yaxşı perspektivlər mövcuddur.

    Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir. Əlbəttə, bunu bir günün içində etmək mümkün deyil, ancaq şaxələndirmə və iqtisadiyyatın müasirləşdirilməsi bizə bu asılılığın böyük dərəcədə aradan qaldırılmasına imkan verəcək. Əlbəttə, bildiyiniz kimi, biz biznes mühitinin yaxşılaşdırılmasına mühüm önəm veririk.

    Fərəhləndirici haldır ki, Dünya Bankının “Doing Business” hesabatına görə, biz dünyanın 10 ən islahatçı dövləti sırasına daxil olmuşuq. Bununla bağlı nail olduğumuz sürətli inkişaf bizim bu sahəyə çox ciddi yanaşmamızın nəticəsində mümkün olub.

    Bildiyiniz kimi, biz bu məqsədlə xüsusi komissiya yaratmışıq. Həmin komissiya çatışmazlıqları aradan qaldırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün hansı işlərin görülməli olduğunu ətraflı təhlil edib.

    “Doing Business” hesabatına görə, ümumən, 25-ci yerdə qərarlaşmaq iftixar hissi doğurur. Ancaq ən əhəmiyyətlisi odur ki, bu, biznes mühitinə və Azərbaycanın qeyri-enerji sahəsində inkişafına müsbət təsir göstərir.

    Gələcək prioritetlərimizə gəldikdə, hesab edirəm ki, insan kapitalı, qeyri-neft sektoru, təhsil, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlığın dəstəklənməsi bizim əməkdaşlığımızın prioritetləri sırasındadır. Əminəm ki, səfəriniz çərçivəsində siz artıq bizim rəsmi şəxslərlə təmaslarınızda gələcəkdə görüləcək işlər barədə müzakirələr aparmısınız”.

    Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Hans Piter Lankes qəbula görə İlham Əliyevə təşəkkür edib:

    “Səfərimizin əsas məqsədi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birgə keçirdiyimiz tədbirdir. Dövlət Neft Fondu bizim uzunmüddətli yaxın tərəfdaşımızdır. Zənnimizcə, bu Fond peşəkarcasına idarə olunan fondlardan biridir və biz bu əlaqələrimizə böyük önəm veririk. Konfransın mövzusu “Müsbət təsirli investisiya”dır.

    Beynəlxalq Maliyyə Korporasiyası da bu məsələyə önəm verir və mövzunun çox aktual olduğunun şahidiyik. Azərbaycan Respublikası Dövlət Neft Fondunun özünəməxsus sərmayə strategiyasına malik olması rəmzi məna daşıyır. Bir sözlə, çox yaxşı münasibətlərimiz mövcuddur”.

    Görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanla əməkdaşlığının perspektivləri, iqtisadiyyatın şaxələndirilməsi, şəhər və kənd yerlərində yeni iş yerlərinin yaradılması, biznes mühitində qazanılmış uğurların daha da möhkəmləndirilməsi, özəl sektora birbaşa xarici investisiyaların cəlb olunması məsələləri müzakirə edilib.

  • Elmar Məmmədyarovdan beynəlxalq təşkilatlara – ÇAĞIRIŞ

    Terrorizm ən ağır cinayətlərdən biridir. Buna görə də pislənilməli və bunu törədənlər mühakimə olunmalıdır. Terrorçuların müdafiə edilməsi və ideallaşdırılması hallarına yol verilməməlidir.

    Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında çıxış edərkən deyib.

    O bildirib ki, Azərbaycanın həssas coğrafi mövqeyi, bölgədəki həll olunmamış münaqişələrin davam etməsi, etnik təmizləmə və ölkənin ərazilərinin işğalı, terrorçuluq da daxil olmaqla transsərhəd təhlükələrin səviyyəsini yüksəldir.

    “1980-ci illərin sonundan etibarən, əsassız, qanunsuz ərazi iddialarını həyata keçirmək üçün bir vasitə və müharibə üsulu olaraq, Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan xaricdən yönləndirilmiş terror hücumları həyata keçirilib”, – deyə E.Məmmədyarov əlavə edib.

    Nazir qeyd edib ki, silahlı münaqişə bölgələri, xüsusən də xarici hərbi işğal altında olan ərazilər, terrorçulara, mütəşəkkil cinayətkar qruplara və şəbəkələrə təbii sərvətlərin istismarı üçün şərait yaradır.

    Eyni zamanda, narkotik vasitələrin, mədəni sərvətlərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və digər əlaqəli cinayətlərdən yararlanmağa gətirib çıxarır.

    Nazirin fikrincə, regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malikdirlər. Bununla belə, heç də hamısı, müvafiq öhdəliklərə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensiala sahib deyillər.

    “Hər şeydən əvvəl, regional təşkilatlar beynəlxalq hüququ kobud şəkildə pozan və cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidirlər. Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir.

    Onlar həmçinin terror, əlaqəli cinayətkar fəaliyyətlərin, xüsusilə də hər hansı bir bəhanə ilə, dəstəklənməsi, maliyyələşdirilməsi üçün öz ərazilərinin istifadə edilmədiyindən əmin olmalıdırlar”.
    /oxu.az/