Category: Siyasət

  • XİN Azərbaycan əsgərinin neytral ərazidə şəhid olması ilə bağlı bəyanat yaydı

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu Yorkda baş tutan görüşü, yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qalıb.

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

    Məlumatda bildirilib ki, Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq:

    “Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb”.

    Qeyd edək ki, dünən cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Bu gün əsgərimizin nəşi neytral ərazidən götürülüb.

  • Novruz Məmmədov nazirləri topladı

    Bu gün Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

    İclası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələ müzakirə olunacaq.

    Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıma və inkişafa əsaslanan iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun prioritetliyini təmin edən dayanıqlı icmal büdcənin və dövlət büdcəsinin hazırlanmasını qarşımıza qoyulan əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin ortamüddətli büdcə və maliyə sistemi, sosial-iqtisadi inkişaf proqnozları, qəbul edilmiş dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə gələn il və sonrakı üç il üzrə makro-iqtisadi proqnoz göstəriciləri, gözlənilən iqtisadi meyillər də nəzərə alınmaqla hazırlanıb.

    “Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və müasir çağırışlara cavab verən uğurlu sosial-iqtisadi siyasət qarşıdakı ildə də davam etdiriləcək, nəzərdə tutulan hədəflərə nail olunması ilə ölkəmizin davamlı inkişafı təmin ediləcək”,- deyə Baş Nazir vurğulayıb.

    Baş Nazir bildirib ki, dünya iqtisadiyyatında geriləmələrin müşahidə olunduğu bir vaxtda ölkəmizdə 2020-ci ildə ümumdaxili məhsulun həcminin 82,7 milyard manatdan çox, real artımın 2,4 faiz, qeyri-neft sektorunda artımın isə 3,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Müzakirəyə təqdim olunan sənədlər iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin möhkəmləndirilməsinə, əhalinin sosial rifahının, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilib. Növbəti ildə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, təhsil islahatlarının davam etdirilməsi, elektrik təchizatı, icməli su, qaz və kanalizasiya sistemlərinin və yol tikintisinin maliyyələşdirilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda, layihədə kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə təmin olunması, aqrar sektora dövlət qayğısının artırılması və investisiya layihələrinin prioritetləşmə prinsiplərinə uyğun maliyyələşdirilməsi nəzərdə tutulur. 2020-ci ilin dövlət büdcəsinin layihəsində gəlirlərin ümumdaxili məhsulun 29,1 faizini, xərclərin isə 30,9 faizini təşkil edəcəyi, büdcə kəsirinin ümumdaxili məhsulun 1,4 faizi səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda, gələn il üzrə icmal büdcənin gəlirlərinin 27,6 milyard, xərclərinin 28,2 milyard manat həddində olacağı gözlənilir.

    Sonra Maliyyə naziri Samir Şərifovun və İqtisadiyyat naziri Şahin Mustafayevin gündəlikdəki məsələ ilə bağlı məruzələri dinlənilib. İclasda mövzu ilə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

  • Məmmədyarov həmkarı ilə görüşdü

    BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Niderlanddan olan həmkarı Stef Blok ilə görüşüb.

    Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin hazırkı durumu və əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.

    Nazirlər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardılar. E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti ilə bağlı qarşı tərəfə məlumat verib və regional dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması baxımından münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.

    Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.

  • Prezident Dövlət Agentliyinə 13 milyon manat ayırdı

    Prezident İlham Əliyev sentyabrın 23-də “Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, beş min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Mehriban Əliyeva: Azərbaycanın təhsil sistemində son illərdə bir sıra uğurlar qazanılıb

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli konfrans iştirakçıları!

    Əziz qonaqlar!

    Sizi Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram. Belə mötəbər tədbirin ölkəmizin paytaxtında yenidən keçirilməsindən məmnunluğumu bildirirəm.

    Biliyin qiymətləndirilməsi təhsil sahəsinin ayrılmaz tərkib hissəsidir. Müxtəlif bilik və bacarıqların yoxlanılması zamanı nəticələrin obyektiv qiymətləndirilməsi və müasir ölçmə metodlarından istifadə edilməsi böyük əhəmiyyətə malikdir.

    “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan hazırkı konfrans bu baxımdan təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılmasına, eləcə də qiymətləndirmə və qərarvermədə yeni tendensiyaların yaradılmasına öz töhfəsini verəcək.

    Azərbaycanın təhsil sistemində son illərdə bir sıra uğurlar qazanılıb. Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik. Sistemin fəaliyyəti cəmiyyətimiz və qiymətləndirməni təşkil edən forumlar tərəfindən indi də yüksək dəyərləndirilir.

    Ölkəmizdə, eyni zamanda, beynəlxalq qiymətləndirmənin inkişaf prinsiplərinə əsaslanaraq lazımi araşdırmalar aparılmış və bu istiqamətdə normativ-hüquqi baza təkmilləşdirilib.

    Qərar qəbuletmə prosesində qiymətləndirmənin etibarlılığı və daha düzgün qərar qəbul etmək üçün müvafiq qiymətləndirmə üsullarının müəyyən edilməsi aktual məsələlərdəndir.

    Əminəm ki, 55 ölkədən 300-dən artıq ekspertin qatıldığı konfransınızda qiymətləndirmə sisteminin müxtəlif aspektləri ilə bağlı geniş müzakirələr yeni qiymətləndirmə texnologiyalarının səmərəli tətbiqində və standartların formalaşdırılmasında mühüm rol oynayacaq.

    Hamınıza cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • Los-Anceles Nikol Paşinyanı belə “qarşıladı” – FOTO/VİDEO

    Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabr 22-də Los-Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib.

    Bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb. Bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

    Bununla bağlı Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

    Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los-Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, şəhər sakinlərinin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub.

    Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, bir milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

    Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev səfər ərəfəsində Los Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Həmçinin, N.Paşinyanın Los-Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub.

    Belə ki, ABŞ-ın ən böyük yəhudi qəzeti olan, Los Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində, həmçinin “NewzBlaze” qəzetində müvafiq məqalələr dərc olunub. Məqalələrdə Ermənistanın öz qonşusuna qarşı işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların milli qəhrəman elan olunduğu, anti-semitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los-Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu bildirilib.

    Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq, sadə amerikalılar tərəfindən N.Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.

    Xatırladaq ki, yarım milyonadək erməninin yaşadığı Los-Anceles vilayəti ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir.













  • MDB-nin kəşfiyyat rəhbərləri Kazanda toplanır

    Bazar ertəsi Kazanda MDB ölkələrinin təhlükəsizlik agentlikləri və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı iclası keçiriləcək.

    Bu barədə jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidmətindən verilən məlumatda deyilir.

    MDB kəşfiyyat rəhbərlərinin forumunu müşavirə orqanının sədri, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin açacaq. Görüşdə tərəflərin Birlik bölgəsində sabitliyin və təhlükəsizliyin artırılması üçün qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyəcəkləri gözlənilir.

    Görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri kəşfiyyat mübadiləsinin yaxşılaşdırılması, daxili və xarici təhdidlərin effektiv şəkildə qarşısının alınması üçün əməkdaşlığın forma və istiqamətlərinin qeyd olunduğu memorandum imzalamaq niyyətindədir.

    Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri iştirak edəcək.

    Plenar iclasın açılışında Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, İcraiyyə Komitəsinin sədri – MDB İcra katibi Sergey Lebedev, Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramov, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin İnformasiya və Beynəlxalq Əlaqələr Xidmətinin rəhbəri, general-polkovnik Sergey Besedanın iştirakı gözlənilir.

  • Prezident icra başçısını ordenlə təltif etdi

    Prezident İlham Əliyev Musa Şəkiliyevin ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, Musa Şəkiliyev 23 sentyabr 1959-cu ildə Qax rayonunda anadan olub. Əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb.

    O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Departamentində direktor müavini vəzifələrində işləyib.

    Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

  • Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir.

    Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

    Yenilənmiş həyət Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, 2-ci massiv ünvanında 1400 nəfər sakinin yaşadığı iki 10 bloklu binanı əhatə edir.

    “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

    Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb, 100 metr uzunluğunda velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə dörd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

    Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb.

    Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 160 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

    Yasamal rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan otuz birinci həyətdir.










  • Prezident İlıham Əliyev: “Neft, qaz tükənən sərvətlərdir, intellektual potensial isə dəyişməz sərvətdir”

    Neft, qaz tükənən sərvətlərdir, intellektual potensial isə dəyişməz sərvətdir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə çıxış edərkən deyib.

    Dövlət başçısı bildirib:

    “”Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər.

    Neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu. Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir. Mən Dövlət Neft Şirkətinə tapşırıq vermişəm ki, bu işlər dayanmasın. Düzdür, 96 faiz çox böyük rəqəmdir. Nadir hallarda ölkələrdə bu dərəcədə qazlaşdırma aparılır. Amma biz bunu davam etdirməliyik. O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik”.