Category: Siyasət

  • Xarici işlər naziri Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşüb

    Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman ilə görüşüb.

    APA xəbər verir ki, nazir Elmar Məmmədyarov xorvatiyalı həmkarını xarici işlər naziri təyinatı ilə bağlı təbrik edib.

    Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

    Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb və Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib.

    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Prezident İlham Əliyev və xanımı “Bakubus”da – VİDEO

    Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

    Prezident və xanımı daha sonra müasir “Bakubus” avtobuslarına baxıb.

    Bakı Nəqliyyat Agentliyinə baş direktoru Vüsal Kərimli ölkəyə gətirilən yeni avtobuslarla bağlı dövlət başçısına məlumat verib.

  • Mehriban Əliyeva Əməkdar artistə ev hədiyyə etdi

    Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Şəlalə Şahvələdqızına ev hədiyyə edib.

    Bu barədə aktrisa özü məlumat yayıb:

    “Göstərdiyi diqqətə və qayğıya, məni iki otaqlı mənzillə təmin etdiyinə görə Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm.

    Əziz və sevimli Mehriban xanım, Siz, mənim illər uzunu ən böyük problemimi – evsizliyi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram.

    Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə”.

  • İlham Əliyev və xanımı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında



    Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

  • Ərdoğan BMT-də Qarabağdan danışdı – VİDEO

    Dünyanın ədalətli və firavan gələcəyi üçün Cənubi Qafqaz problemli bölgələr sırasından çıxarılmalıdır.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyasında belə bəyanatla çıxış edib.

    Türkiyə lideri Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib. O bildirib ki, Azərbaycanın torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar hələ də Ermənistanın işğalı altındadır.

    O, BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladıb və qeyd edib ki, buna baxmayaraq, Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir.

  • XİN-dən sərt bəyanat: “Bu hadisəni törədənlər cəzalandırılacaq”

    ”Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı”.

    Bu barədə XİN-in məlumatında bildirilib:

    Qeyd edilib ki, Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq:

    “Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”.

  • İlham Əliyev oktyabrda Soçiyə gedəcək

    Oktyabrın 3-də Soçidə “Valday” klubunun iclası keçiriləcək.

    “RİA Novosti” xəbər verir ki, iclasla bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

    Onun sözlərinə görə, iclasda bir neçə ölkə prezidenti də iştirak edəcək:

    “Sessiyada Azərbaycan, Qazaxıstan, Filippin prezidentləri və İordaniya kralı iştirak edəcək. Onlar iclaslarda çıxış və iştirak edəcək.

    Bundan başqa, Rusiya Prezidenti Vladimir Putinin həmkarları ilə təkbətək görüşləri də nəzərdə tutulub”.

  • Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumunun “Strateji əməkdaş” statusu verilib

    “Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası” və “Sülh və İnkişaf üçün Çin Dostluq Fondu” tərəfindən Çin Xalq Respublikasının Şencen şəhərində BMT tərəfindən rəsmi tanınan 4-cü Beynəlxalq Xeyriyyəçilik Forumu keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa, Amerika və Asiya regionunda fəaliyyət göstərən xeyriyyəçi təşkilatların rəhbərləri və nümayəndələri iştirak edib.

    Açılış mərasimində çıxış edən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin tədbirdə ilk dəfə iştirak edən təşkilatlara minnətdarlığını bildirib.

    Forumda Heydər Əliyev Fondunun əsas missiyası, ölkədə və xaricdə həyata keçirdiyi layihələr haqqında məlumat verilib. Eyni zamanda, tədbirdə ilk dəfə iştirak edən Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumu tərəfindən “Strateji əməkdaş” statusu təqdim olunub.

    Heydər Əliyev Fondu ilə “Sülh və İnkişaf üçün Çin Dostluq Fondu”nun prezidenti, “Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası”nın Baş katibi Li Xikui ilə görüşdə təşkilatlar arasında əməkdaşlıq perspektivləri və 5-ci Xeyriyyəçilik Forumunun 2020-ci ilin sentyabr ayında Bakıda keçirilməsi məsələsi müzakirə olunub.

  • İlham Əliyev yeni səfirləri qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Egidiyus Navikasın etimadnaməsini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dövlət başçısı bu gün Xorvatiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini də qəbul edib.

    Bundan başqa, İlham Əliyev sentyabrın 24-də Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.














  • İƏT Baş katibindən Ermənistana çağırış: Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxın

    Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kontakt Qrupunun görüşündə İƏT Baş katibi Dr. Yusef A. Al-Othaimenin bəyanatını yayıb.

    Bəyanatda deyilir:

    “Zati-aliləri, Xanımlar və cənablar,

    İlk olaraq, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT-in bu görüşündə iştirak etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Bu İƏT üçün Azərbaycan Respublikası ilə öz həmrəyliyini və ona davamlı dəstəyini bir daha nümayiş etdirmək, eləcə də bu böhranın sülh yolu ilə nizamlanmasına töhfə vermək üçün bir imkandır.

    İƏT bu böhranı 1992-ci ildən etibarən izləyir. İƏT hər zaman Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib, Ermənistanın Azərbaycan ərazilərinin böyük hissəsinin işğalını qeyri-qanuni hesab edib və öz etirazını bir çox platformalarda bildirib.

    İƏT üzv dövlətləri bir daha bu məsələdə öz maraqlarını ifadə edərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə, Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair çağırış etmişlər.

    İƏT Ermənistanın təmas xəttində mütəmadi olaraq atəşkəsi pozması hallarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycanın bütün səylərini, həmçinin Azərbaycan tərəfindən vaxtaşırı olaraq bu pozuntular ilə bağlı ətraflı hesabatların dərc edilməsini dəstəkləyir.

    İƏT-in Ümumi Katibliyi Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünlərin əziyyətlərini dərin narahatlıqla izləyir. İƏT Katibliyi, üzv dövlətlərinə və onların müvafiq orqanlarına Azərbaycanda zərər çəkənlərə lazımi maddi və humanitar yardımın göstərilməsinə dair çağırış edib.

    Zati-aliləri,

    Dağlıq-Qarabağ məsələsinin hər zaman ədalətli və sülh yolu ilə həll edilməsinə çağıran İƏT, bu xüsusda bütün səyləri və təşəbbüsləri təşviq edir. İƏT Kontakt Qrupunun bu məsələyə lazımi əhəmiyyətin verilməsi üçün israrlı təkidi ilə, sonuncu görüşlərdən keçən müddət ərzində bizim Azərbaycana dəstək və həmrəyliyimiz, eləcə də istər BMT Baş Assambleyası, istərsə də İƏT qətnamələrinin yerinə yetirilməsi istiqamətində səylərimiz yenidən nəzərdən keçirildi.

    Xüsusilə vurğulanmalıdır ki, 2019-cu ilin may ayında Məkkə şəhərində keçirilmiş İslam Zirvə Görüşü Konfransının 14 sessiyasında Kontakt Qrupunun görüşləri təqdirəlayiq hesab edilib və onun fəaliyyətinə tam dəstək ifadə olunub.

    Ümid edirəm ki, bu günki müzakirələrimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək və Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmağa vadar etmək məqsədilə İƏT üzv dövlətlərinin kollektiv və individual səyləri üzrə tövsiyə və təkliflərə dair razılığın əldə olunması üçün şərait yaradacaqdır.

    Bu məsələdə davamlı dəstəyinizə görə təşəkkür edirəm”.