Category: Siyasət

  • Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib – YENİLƏNİB-3

    Prezident İlham Əliyev sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə nitq söyləyib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, dövlət başçısı deyib:

    “Hörmətli xanımlar və cənablar, əziz dostlar.

    Bu gün Azərbaycanda çox əlamətdar bir gündür. Bu gün biz Neftçilər Gününü qeyd edirik. Bütün Azərbaycan neftçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, yeni qələbələr arzulayıram.

    Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır.

    Bildiyiniz kimi, dünyada sənaye üsulu ilə ilk neft məhz Azərbaycanda hasil edilmişdir. Bu gün şəhərimizin mərkəzində dünyanın ilk neft quyusu bir turizm obyekti kimi fəaliyyət göstərir. O gündən bu günə qədər Azərbaycanda böyük həcmdə neft hasil edilmişdir. Bildiyiniz kimi, dəniz yataqlarından da dünya miqyasında ilk neft Azərbaycanda hasil edilmişdir və bu gün biz Azərbaycan neft sənayesinin yeni mərhələsinin şahidiyik.

    Bu gün Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. Biz hamımız yaxşı xatırlayırıq ki, “Əsrin kontraktı”nın imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. 1990-cı illərin əvvəllərində gənc müstəqil Azərbaycan dövləti çox böyük çətinliklərlə, çağırışlarla üz-üzə qalmışdı. Ovaxtkı hakimiyyətin səriştəsizliyi, yarıtmaz fəaliyyəti, xəyanətkar addımları ölkəmizi uçurum kənarına qoymuşdu. 1991-1993-cü illər ağır faciəli illər kimi tariximizdə qalacaq. Ölkəmizi böhran bürümüşdü – siyasi, iqtisadi böhran, sənaye iflic vəziyyətdə idi. İqtisadi sahədə yaşanan tənəzzül gənc müstəqil ölkənin inkişafı üçün çox böyük maneələr törədirdi.

    Azərbaycan xalqı özünə xas müdriklik nümayiş etdirərək 1993-cü ildə ulu öndər Heydər Əliyevə üz tutub, onu hakimiyyətə dəvət etmişdir. O gündən bu günə qədər Azərbaycan sabitlik dövrü yaşayır, Azərbaycan inkişaf yolu ilə gedir. 1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır. O vaxt iqtisadi və siyasi sahədə yaşanan böhran böyük təhlükə mənbəyi idi. Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bilmişdir. Vətəndaş müharibəsinə son qoyuldu, Azərbaycan islahatlar yoluna qədəm qoydu. Müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi, ölkədə qayda-qanun yaradıldı. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atılmalı idi və “Əsrin kontraktı”nın imzalanması bu addımlar sırasında xüsusi yer tutur.

    “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. “Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf – investorlar, həm də ki, Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi. Bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan bu sözlərimin əyani sübutudur.

    Mən danışıqların son mərhələsini yaxşı xatırlayıram. Amerikanın Hyuston şəhərində bir aydan çox danışıqlar gedirdi. Bu danışıqlar həlledici rol oynamışdır. Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün “Əsrin kontraktı” bizim neft sənayemizin inkişafında öz rolunu oynayır. İki il bundan əvvəl kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması göstərir ki, 1994-cü ildə nə qədər düzgün qərar qəbul edilmişdir.

    “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var.

    Eyni zamanda, o vaxt Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı. Ermənistanın ölkəmizin torpaqlarını işğal etməsi, gedən vətəndaş müharibəsi, iqtisadi çətinliklər, bir daha demək istəyirəm ki, Azərbaycanı investisiya üçün əlverişli ölkə kimi təqdim edə bilməzdi. O vaxt ulu öndər Heydər Əliyevin xidmətlərindən biri də o olmuşdu ki, investorları inandıra bilmişdi və Dövlət Neft Şirkətinin rəhbərliyi – bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. “Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi.

    Yəni, bir daha demək istəyirəm ki, bu, dünya təcrübəsində özünə layiqli yer tutan kontraktdır. Çünki həm dövlətin, həm də investorların maraqları təmin olundu. Eyni zamanda, neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı. Biz dünyada neft sənayesində gedən işlərdən xəbərdarıq. Bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə gətirir, qarşıdurma gətirir, qeyri-bərabərlik gətirir, ədalətsizlik gətirir. Azərbaycanın timsalında neft xeyir gətirib. Çünki neftdən əldə edilmiş gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu. Sosial məsələlərin həlli üçün şərait yaratdı. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq – bütün bunların təməlində bizim neft sənayemiz dayanır.

    Biz əlbəttə ki, bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik. Yəni, neftdən asılılığı aşağı salmağa çalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk. Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur. Bu gün və sabah ölkəmizin uğurlu inkişafı üçün bizim qəhrəman neftçilərimizin əməyi əvəzolunmazdır. Məhz bizim neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər. Ona görə neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir. Mən yenə də bunu ona görə deyirəm ki, biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz.

    “Əsrin kontraktı”nın imzalanmasından sonra xarici şirkətlər anladılar ki, Azərbaycana sərmayə qoymaq olar və sərmayə qoymaq lazımdır. Yaxşı xatırlayıram, bir çox xarici şirkət Azərbaycana üz tutub, təkliflərini irəli sürüb və bizimlə əməkdaşlıq etmək haqqında öz niyyətini ifadə etmişdir. Beləliklə, “Əsrin kontraktı”ndan sonra onlarla kontrakt, 40-a yaxın pay bölgüsü sazişi imzalandı. Düzdür, onların bir hissəsinə xitam verildi. Çünki orada kəşfiyyat işlərində lazımi həcmdə neft-qaz resursları tapılmadı. Ancaq digər layihələr bu gün qüvvədədir və bizim qüdrətimizi daha da artırır. Xüsusilə, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsini qeyd etmək istərdim. “Şahdəniz” üzrə kontrakt “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalandı. O vaxt dünya enerji aləmində qaz yataqları o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Bu gün təbii qaz enerji təhlükəsizliyi üçün həlledici məsələdir. Ancaq o vaxt belə deyildi. Ona görə “Şahdəniz” üzrə kontraktın imzalanması da tarixi hadisədir. Bu gün “Şahdəniz” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. “Şahdəniz” qaz-kondensat yatağı dünyanın ən böyük yataqlarından biridir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları eyni əhəmiyyətə malikdir.

    Ondan sonra neft-qaz kəmərləri inşa edilməyə başlanmışdır. Bakı-Novorossiysk kəməri yenidən quruldu. Bakı-Supsa kəməri 1999-cu ildə işə salındı. Bakı-Tbilisi-Ceyhan, – hansı ki, ulu öndər Heydər Əliyev özü şəxsən bu kəmərin təməlini qoymuşdu, – 2006-cı ildə biz tərəfdən uğurla başa çatdırıldı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi və Azərbaycan öz təbii qazını ixrac etməyə başladı. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalanmışdır. “Şahdəniz” yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri vardır. Keçən il biz böyük təntənə ilə həm TANAP-ı, həm Cənub Qaz Dəhlizini rəsmi şəkildə açdıq və bu gün TANAP uğurla fəaliyyət göstərir.

    Bütün bunlar bizim tariximizdir. Əlbəttə, bu gün bu məclisdə bir çıxışda neft-qaz sənayesi sahəsində görülmüş bütün işləri sadalamaq qeyri-mümkündür. Buna bəlkə də saatlar, günlər lazımdır. Qazma qurğularının Azərbaycanda tikintisi, on minlərlə Azərbaycan vətəndaşının işlə təmin edilməsi, ölkəmizə gələn gəlirlərdən düzgün istiqamətdə istifadə edilməsi, yəni, bütün bunlar bugünkü reallıqlardır.

    Bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük. Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz – onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk. Bu gün yeni kontraktlar imzalanır, Azərbaycanın neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib. Mən fürsətdən istifadə edərək, bizim strateji tərəfdaşımızın – BP şirkətinin fəaliyyətini qeyd etmək istərdim. Bizim əsas strateji layihələrimizdə BP əsas tərəfdaşımızdır. Həm “Azəri-Çıraq-Günəşli” yatağının, həm “Şahdəniz” yatağının işlənilməsində, TANAP-da və yeni imzalanmış digər kontraktlar əsasında bizim əməkdaşlığımız uzunmüddətlidir, artıq 25 il tarixi var. Bu əməkdaşlıq bundan sonra ən azı 25-30 il davam edəcəkdir.

    Bir məsələni də qeyd etmək istəyirəm. “Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər. Neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu. Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir. Mən Dövlət Neft Şirkətinə tapşırıq vermişəm ki, bu işlər dayanmasın. Düzdür, 96 faiz çox böyük rəqəmdir. Nadir hallarda ölkələrdə bu dərəcədə qazlaşdırma aparılır. Amma biz bunu davam etdirməliyik. O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik.

    Yollar bərbad vəziyyətdə idi. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. İçməli su böyük problem idi. Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir.

    Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salındı. Çadır şəhərciklərini biz hələ 2007-ci ildə ləğv etdik. Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fonduna vəsait haradan gəlir? “Əsrin kontraktı”nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik. Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni, Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər.

    Sosial infrastruktur tamamilə yenidən quruldu, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi. Azərbaycan kosmik dövlətə çevrildi. Bizim 3 peykimiz var. Biz gəlirlərdən istifadə edərək dövlət borcumuzu aşağı səviyyədə saxlayırıq. Bu, ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Bu, hansı ölkələrdə ola bilər? Var, amma bu ölkələrin sayı o qədər də çox deyil.

    “Əsrin kontraktı”nın faydasından çox danışmaq olar. Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.

    Mən bu gözəl tarix – “Əsrin kontraktı”nın 25 illiyi və Neftçilər Günü münasibətilə bir daha sizi təbrik etmək istəyirəm. Azərbaycan neftçilərinə yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun”.

    ***

    Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

    Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

    Prezident İlham Əliyev əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlətimizin başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirib. İlham Əliyev 1990-cı illərin əvvəllərində, o vaxtkı rəhbərliyin səriştəsizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən danışıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını tarixi hadisə adlandıran, o zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün göstərilən səyləri xatırladan Prezident İlham Əliyev həmin dövrdə riskli bir dövlət kimi tanınan Azərbaycana xarici investorları cəlb etmək üçün Ulu Öndərin göstərdiyi sarsılmaz iradəni xüsusi qeyd edib.

    “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin sonrakı inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasındakı həlledici rolundan danışan İlham Əliyev neftdən əldə edilən gəlirlərin ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğulayıb. Azərbaycanın karbohidrogen ehtiyatlarını xarici bazarlara çıxarmaq üçün çəkilmiş neft-qaz kəmərləri vasitəsilə ixrac olunan sərvətimizin ölkəyə gətirdiyi faydalardan bəhs edən dövlətimizin başçısı “Əsrin müqaviləsi”nin uğurlu icrasının əhalinin məşğulluğunun təminində, yeni nəsil ixtisaslı neftçi kadrların hazırlanmasında, sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin sosial problemlərinin həllində, Azərbaycanın kosmik ölkəyə çevrilməsində və respublikamızın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasındakı həlledici rolundan söz açıb. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun tərəqqisinə da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirib. Dövlətimizin başçısı neftçilərə yeni uğurlar arzulayıb.

    * * * * *

    Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

    Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

    Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun məktubunu oxuyub.

    Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibinin məktubunu oxuyub.

    Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.

    * * * * *

    Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər günü münasibətilə mərasim keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

    Dövlət başçısı tədbirdə nitq söyləyib.

  • Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib

    Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

    O, istefasının səbəbini ailəsində yaranan məişət problemlərinin ictimailəşdirilməsi ilə əlaqələndirib: “Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmuşam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan 4-5 il öncə konfliktli situasiya zəminində qısamüddətli ailədaxili münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, əslində, biz o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən onunla bağlı gerçək motivləri də aydınlaşdırmağı doğru saymıram. Bütün bunlara baxmayaraq, mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək AXCP sədrinin müavini postundan istefa verirəm”.

    Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə təzyiq və şiddətlərə məruz qalmasını göstərib.

  • Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

    Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub üznvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident. Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə Sizə və Azərbaycan Respublikasının xalqına Amerika Birləşmiş Ştatları adından salamları və təbrikləri çatdırmaq istəyirəm.

    Bu il 25-ci ildönümün qeyd edilməsi Azərbaycanın dünya bazarlarına öz zəngin enerji ehtiyatlarını davamlı şəkildə çatdırdığı vaxta təsadüf edir. Son iyirmi beş il ərzində Birləşmiş Ştatlar öz enerji ehtiyatlarının işlənilməsində, Avropanın və dünyanın enerji təhlükəsizliyinə töhfə verilməsində və müstəqil dövlət kimi öz siyasi xəttinin formalaşdırılmasında Azərbaycanın göstərdiyi səylərdə onun qətiyyətli tərəfdaşı olub. 1994-cü ildə Qərb şirkətləri ilə bu müqaviləni imzalamaqla və Bakı – Tbilisi – Ceyhan boru kəmərini inşa etməklə Azərbaycan dünya bazarlarında əsas neft təchizatçısına çevrildi və ilk dəfə olaraq Xəzər dənizi ilə Aralıq dənizi arasında birbaşa enerji bağlantısı yaratdı.

    Azərbaycan yenə də təşəbbüskar rolunda çıxış edərək, bu dəfə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac etməklə Avropanın enerji təhlükəsizliyinə strateji əhəmiyyətli töhfə verir. Xəzər Neft və Qaz Sərgisinin 26-cı ildönümü münasibətilə Prezident Tramp öz məktubunda qeyd etdiyi kimi, biz Sizin səylərinizi tam dəstəkləyirik və hesab edirik ki, Azərbaycanın iqtisadi uğuru regionun sabitliyi və çiçəklənməsi üçün əhəmiyyətlidir.

    Uğurlu enerji əməkdaşlığımız həm iqtisadi işbirliyimizi, həm təhlükəsizlik sahəsində tərəfdaşlığımızı, eləcə də insan hüquqları, fundamental azadlıqlar və demokratik idarəçilik sahəsində davamlı fəaliyyətimizi əhatə edən strateji münasibətlərimizə müsbət töhfə vermişdir.

    Birləşmiş Ştatlar bütün bu sahələrdə birgə işimizin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır. Bu mühüm tarixi hadisənin ildönümü münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm”.

  • İlham Əliyev Elmin İnkişafı Fonduna icraçı direktor təyin etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

  • Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif olundu

    İlham Əliyev Nizami Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib.

  • Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşəcək

    Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında sentyabrın 23-də Nyu-York şəhərində görüşəcəklər.

    Bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

    Bildirilib ki, görüşdən bir gün əvvəl Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bir araya gələcək.

    Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.

  • Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili ilə bağlı “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Əziz dostlar,

    İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan “Əsrin müqaviləsi” imzalanıb.

    Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

    Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

  • Alman deputat: Ermənistan ilkin mərhələ 5 rayonu qaytarmalıdır – VİDEO

    Almaniya parlamentinin deputatı Helin Evrim Sommer Paşinyanla bağlı sosial şəbəkədə paylaşım edib.

    “Paşinyanın Qarabağ – Ermənistandır bəyanatı sülh prosesinə əngəl törədir. Madrid prinsiplərinə əsasən Qarabağın statusu sonuncu mərhələdə müəyyənləşməlidir”.

    Almaniyalı deputat rəsmi Bakının dediyini deyir. Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında da danışıqlar masasında Madrid prinsiplərinin olduğu açıq şəkildə qeyd olunurdu.

    Ermənistan vaxtilə Madrid prinsipləri ilə razılaşmalı olub. Bu həll yoluna əsasən münaqişə mərhələli şəkildə həllini tapmalıdır. İlk mərhələdə, işğal altındakı 5 rayon Azərbaycana qaytarılmalı, sonrakı mərhələlərdə 2 rayonun qaytarılması məsələsinə baxılmalıdır.

    Politoloqlar bildirir ki, Paşinyan hakimiyyətə gələndən sonra masa üzərində olan bütün razılaşmaları alt -üst edərək sülh prosesinə əngəl olur. Paşinyanın danışıqlar masasındakı razılaşmaları pozması, onun “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatları regionda sülh və humanizm dəyərlərinə zərbə vurur. Madrid prinsipləri ilə razılaşan Ermənistan bu gün bu qaydaları pozur.

    Ermənistanın sülhü pozduğu təqdirdə rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq təşkilatların münaqişəyə dair qərar və qətnamələri əsasında BMT tərəfindən tanınan 86.6 min kv km-lik ərazisinin işğal altındakı hissəsini erməni silahlılarından təmizləyə bilər.//oxu.az

  • Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

    Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.

    XİN-dən verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin 2014-cü ildə qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanata əsaslandığını, daimi əsasda yüksək səviyyəli siyasi dialoqun aparıldığı, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirildiyi, iqtisadi, mədəniyyət, elm-təhsil sahələrində geniş əməkdaşlığın mövcudluğu qeyd olunub.

    İtaliya tərəfi Prezident Sercio Mattarellanın ötən il Azərbaycana səfərindən və səfər vaxtı Prezident İlham Əliyev ilə apardığı müzakirələrdən məmnunluğunu ifadə edib və yüksək səviyyəli səfərlərdə mövcud dinamikanın davam etdirilməsinin əlaqələrin daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayıb. Nazir Luici Di Maio İki ölkə arasında geniş iqtisadi gündəliyin mövcudluğunu, italyan şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluğunu və Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda marağını ifadə edib.

    Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsi olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyek xam neft təchizatçısı və italyan malların Cənubi Qafqazda əsas idxalçısı olduğunu deyib. İqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün istər Avropanın, istərsə də İtaliyanın enerji təhlükəsizliyinə töhfə olacaq Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəmərinin əhəmiyyətini vurğulayıb və boru kəmərinin tikintisin razılaşdırılmış qrafik üzrə başa çatdılmasının vacibliyini deyib.

    Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına İtaliyanın töhfələri, transmilli nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycanın rolu, regional təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların indiki mərhələsi barədə qarşı tərəfi məlumatlandırıb və ATƏT-in Minsk Qrupunun üzvü kimi İtaliyanın məsələni daim diqqətdə saxlamasının vacibliyini bildirib.//report.az

  • Prezident Bakıya 10 milyon manat ayırdı

    Ölkə başçısı İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat ayrılacaq.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.