Category: Siyasət

  • Jeenbekov Azərbaycana səfər edəcək

    Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfərinin tarixi bəlli olub.

    Median.Az report-a istinadən xəbər verir ki, o, oktyabrın 14-15-də Azərbaycanda keçiriləcək Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

    Qırğız Respublikasının həmin tədbirdə iştirakı məsələsi bu gün Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun xarici işlər naziri Çingiz Heydərbekovla görüşündə də müzakirə olunub.
    Tərəflər həmçinin iki ölkə arasında iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafında qarşılıqlı marağın olmasını bir daha təsdiqləyərək hökumətlərarası komissiyanın növbəti iclasının da təfərrüatını müzakirə ediblər.

  • Mehriban Əliyeva: Ad günümdə aldığım ən gözəl hədiyyə sizin dəstəyiniz, etimadınız və sevginizdir

    Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür edib.

    Təşəkkürdə deyilir:

    Əziz dostlar!

    Ad günüm münasibətilə təbriklərə, ürəkdən gələn xoş arzulara görə hər birinizə təşəkkür edirəm.

    Ad günümdə aldığım ən gözəl hədiyyə sizin dəstəyiniz, etimadınız və sevginizdir. Buna görə sizlərə dərin minnətdarlığımı bildirirəm. Hamınıza xeyirxahlıq, xoşbəxtlik, əmin-amanlıq və tərəqqi arzulayıram.

    Səmimiyyətlə,

    sizin Mehriban Əliyeva.

  • Svetlana Medvedeva: Mehriban Əliyevanın fəaliyyəti xüsusi diqqətə, ehtirama və minnətdarlığa layiqdir

    Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevin xanımı Svetlana Medvedeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Siz erudisiyalı, enerjili və hərtərəfli şəxsiyyət kimi bir çox mühüm və faydalı layihələr həyata keçirmisiniz. Dostlarınız və həmkarlarınız Sizin çox gözəl insani keyfiyyətlərinizə – insanlara diqqətli münasibətinizə, ziyalılığınıza, müdrikliyinizə və alicənablığınıza yüksək qiymət verirlər.

    Sizin fəal və çoxşaxəli xeyriyyəçilik fəaliyyətiniz həm Azərbaycan Respublikasının vətəndaşları, həm də dünya ictimaiyyəti tərəfindən xüsusi diqqətə, ehtirama və minnətdarlığa layiqdir.

    Sizə və doğmalarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzulayıram”.

  • Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib

    Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodona təbrik məktubu göndərib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident. Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Moldova xalqını səmimi qəlbdən təbrik edirəm.

    Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətləri, ölkələrimizin ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

    Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə sülh və tərəqqi diləyirəm”.

  • Valentina Matviyenko Mehriban Əliyevanı təbrik etdi

    Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir:

    “Hörmətli Mehriban Arif qızı.

    Ad gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

    Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində Sizin səylərinizi yüksək qiymətləndirir. Sizin ictimai və mədəni-humanitar əlaqələrin inkişafına böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm, çünki məhz bunun sayəsində ikitərəfli qarşılıqlı fəaliyyət konstruktiv məcrada inkişaf edir.

    Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük potensialı var. Bunu bizim bu yaxınlarda Bakıda keçirdiyimiz görüşlər və danışıqlar da təsdiq edib. Fəal parlamentlərarası dialoq aparılır, regionlararası əməkdaşlıq möhkəmlənir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da yeni birgə təşəbbüslər və layihələrlə zənginləşəcək.

    Sizə səmimi qəlbdən cansağlığı, rifah və ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsi işində uğurlar, ailənizə isə xoşbəxtlik və firavanlıq arzulayıram.

    Sizə yüksək ehtiramımı qəbul edin”.

  • Medvedevdən Mehriban Əliyevaya təbrik

    Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Arif Əliyevanı doğum günü münasibətilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Hörmətli Mehriban Arif qızı.

    Ad gününüz münasibətilə Sizə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Dost Azərbaycanın qarşısında duran irimiqyaslı sosial-iqtisadi vəzifələrin həllində Sizin mühüm rolunuzu xüsusi qeyd etmək istəyirəm. BMT-nin və UNESCO-nun xətti ilə böyük beynəlxalq mədəni və humanitar təşəbbüslərin həyata keçirilməsində Sizin fəal iştirakınız hörmət hissi doğurur.

    Rusiya Federasiyasının yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyiniz Sizin Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizin təsdiqidir.

    Əminəm ki, çoxplanlı əməkdaşlığın gələcək inkişafı, bundan sonra da müxtəlif sahələrdə perspektivli birgə layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın maraqlarına tamamilə cavab verir.

    Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram”.

  • Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Hörmətli Mehriban Arif qızı.

    Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Siz yüksək dövlət vəzifələrində çoxillik fəaliyyətinizlə həmvətənləriniz arasında layiq olduğunuz hörmət və böyük beynəlxalq nüfuz qazanmısınız.

    Sizi Rusiyanın böyük dostu, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin prinsipial tərəfdarı kimi tanıyırıq. Əminəm ki, bu münasibətlər Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi maraqlarına uyğun olaraq bundan sonra da məhsuldar şəkildə inkişaf edəcək.

    Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram. Ailənizə səmimi salamımı çatdırmağı xahiş edirəm”.

  • Leyla Əliyeva anasını təbrik etdi – VİDEO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva anası, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

    Leyla Əliyeva “Instagram” səhifəsində Şövkət Ələkbərovanın ifasında “Mehribanım” mahnısını paylaşıb.

    Paylaşımda Mehriban Əliyevanın həyatının müxtəlif illərinə aid fotolar yer alıb.

    Qeyd edək ki, avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

  • İlham Əliyevdən Şeyxülislama yubiley təbriki: İlklərə imza atmısınız

    Prezident İlham Əliyev Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

    Bundan başqa, İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir:

    “Hörmətli Şeyx həzrətləri,

    Sizi anadan olmağınızın 70, şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

    Xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı Siz həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmisiniz. Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərmisiniz.

    Siz bütün həyatınız boyu cəmiyyətdə yüksək əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olması yolunda əzmlə çalışmış, xalqımızın mənəvi sərvətlərinin qorunub saxlanması istiqamətində uğurlu fəaliyyət göstərmisiniz. Şeyxülislamlıq fəaliyyətiniz dövründə bir sıra ilklərə imza atmısınız.

    Xüsusilə müqəddəs kitabımız Qurani-Kərimin tərcüməsinin təşkil olunması və nəşr edilməsi, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi, ölkəmizdə vəhdət namazı ənənəsinin dirçəldilməsi məhz Sizin adınızla bağlıdır. Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşmasına verdiyiniz töhfələr də danılmazdır.

    Sizin fəaliyyətinizdə təkcə Azərbaycanın deyil, həm də dini lideri olduğunuz bütün Qafqaz müsəlmanlarının problem və qayğılarının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm yer tutur. Siz daim müsəlman həmrəyliyi prinsiplərindən çıxış edərək İslam dünyasında törədilən qanlı hadisələrə öz etirazınızı bildirmiş, müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və böyük dövlətlər qarşısında məsələ qaldırmış, dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində ardıcıl fəaliyyət göstərmisiniz.

    Müxtəlif konfessiyaların liderləri arasında böyük nüfuza malik şəxs kimi Siz bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunur, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun dərinləşməsinə sanballı töhfələr verirsiniz.

    Hörmətli Şeyx həzrətləri,

    Bu əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, nəcib və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

  • Azərbaycan XİN: Abxaziyadakı qondarma “seçkilər”i tanımırıq

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində 25 avqust 2019-cu il tarixində keçirilmiş qondarma “prezident seçkiləri”nə münasibət bildirib.

    XİN-in bəyanatında deyilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin, onların nəticələrini tanımır.

    Qeyd olunur ki, Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.