Category: Siyasət

  • Putinlə Makron Qarabağı müzakirə etdi

    Rusiya və Fransa prezidentləri Vladimir Putin ilə Emmanuel Makron Rusiya liderinin Parisə səfəri zamanı Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib.

    Median.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

    “Fort Breqansonda Rusiya və Fransa prezidentlərinin görüşündə bir çox məsələlər müzakirə olundu. Əsas mövzular isə “Normand formatı”nda sammitin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr – Balkanlar, Dağlıq Qarabağ, eləcə də Arktikanın iqlimi və ondan istifadə edilməsi oldu”, – deyə o, jurnalistlərə bildirib.

  • Putinlə Makron Qarabağı müzakirə etdi

    Fransa Prezidenti Emmanuel Makronun Forte Breqansonda rusiyalı həmkarı Vladimir Putinlə görüşü konstruktiv, məzmunlu və maraqlı keçib.

    Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    Onun sözlərinə görə, liderlər Suriya böhranı, “Normand dördülüyü” formatında sammitin perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

    O qeyd edib ki, regional münaqişələr – Balkanlardakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi, Ukraynadakı konflikt danışıqların predmeti olub.

    Bununla yanaşı, iqlim dəyişikliyi və Arktika məsələsi də müzakirə edilib.

  • Vilayət Eyvazov əsgərlərlə nahar etdi – FOTO

    Avqustun 18-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub.

    Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, əvvəlcə nazir müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Vilayət Eyvazova şəxsi heyətin və hərbi texnikanın baxışa hazır olması barədə raport verib.

    Nazir şərəf manqası ilə salamlaşdıqdan sonra şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri ilə yaxından tanış olub, xidməti istifadədə olan texnikaya baxıb, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə maraqlanıb.

    Sonra hərbi hissənin sıra meydanında hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən nazir V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçımızın ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

    Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla qeyd edib.
    O, eyni zamanda bildirib ki, torpaqlarımızın 20 faizi işğal altında olduğuna görə hazırda ölkəmiz müharibə şəraitindədir. Ona görə də Daxili Qoşunların şəxsi heyəti öz üzərlərinə düşən xidməti vəzifələri ilə bərabər həm də torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün hər an hazır olmalı, döyüş hazırlığı səviyyələrini daim yüksək saxlamalıdırlar.

    Şəxsi heyətə konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər naziri hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib, xidmətdə fərqlənən hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı müvafiq göstəriş verib.

    Sonra Daxili İşlər naziri V.Eyvazovun rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib.

    Tədbirin sonunda general-polkovnik V.Eyvazov hərbi hissənin əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edib.

  • Vilayət Eyvazovdan – YENİ TƏYİNATLAR

    Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.

    Bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifəsindən azad edilərək Xaçmaz RPŞ-nin rəisi təyin edilib.

    Digər əmrə əsasən, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.

    Nazirin imzaladığı digər əmrlə Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Samux RPŞ-nin rəisi Akif Nəbiyev və Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov bir müddət əvvəl Daxili İşlər nazirinin müvafiq əmrləri ilə vəzifələrindən azad edilərək sərəncama götürülüblər.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə oxu.az-ın sorğusuna cavab olaraq təyinatları təsdiq edib.

  • Prezident İlham Əliyev DSX-nin şəxsi heyətini təbrik edib

    Prezident İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

    “Hörmətli sərhədçilər!

    Sizi Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

    1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qəbul olunmuş qanunla ilk sərhəd mühafizə orqanları yaradılmış və bununla da Azərbaycan Sərhəd Mühafizəsinin əsası qoyulmuşdur.

    Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyin əsas atributlarından olan dövlət sərhədlərinin qorunması, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində pozulmuş sərhədlərimizin bərpası dövlətimiz qarşısında duran ən vacib vəzifəyə çevrilmişdir.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin dövlət sərhədlərinin mühafizəsinə xüsusi önəm vermiş və 2002-ci il iyulun 31-də Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan Sərhəd Mühafizəsinin gələcək inkişaf yolunu müəyyən etmişdir.

    Ümummilli lider Heydər Əliyevin sərhədlərin mühafizəsi məsələlərinə göstərdiyi xüsusi diqqət bu gün də davam etdirilir. Son illər ərzində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilmiş, dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılmışdır. Sərhəd Qoşunlarının döyüş hazırlığı və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il iyunun 12-də imzaladığı Sərəncamla Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması bu sahədə peşəkar, Vətəninə və dövlətinə sadiq kadrların hazırlanması işinə böyük töhfə vermişdir.

    Hazırda Dövlət Sərhəd Xidməti çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir silah və texniki vasitələrlə təchiz edilmiş, sərhədlərin toxunulmazlığının təmin edilməsi sahəsində üzərinə qoyulan vəzifələri icra etməyə qadir mühüm dövlət təsisatıdır.

    Sərhəd mühafizə orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və xidmətlərinə görə mükafatlandırılması məsələləri daim dövlətimizin diqqət mərkəzindədir.

    Əminəm ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəkdir.

    Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətçiliyimiz üçün önəmli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.”.

  • Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib – FOTO

    Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 16-da Bakı limanını tərk edib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin gəmilər “Dəniz kuboku – 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün Azərbaycana gəlmişdi.//report.az

  • Prezident bu hərbçilərin rütbələrini artırdı – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:

    “general-leytenant” hərbi rütbəsi
    general-mayor Abbas Sultan oğlu Xəlilova
    general-mayor Ehram Arif oğlu Hacıyevə

    “general-mayor” hərbi rütbəsi
    polkovnik Ramin Sabir oğlu Bağırova

    “kontr-admiral” hərbi rütbəsi
    1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasova
    1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayevə.

  • Zaqatalanın polis rəisi təqaüdə göndərildi

    Zaqatala rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

    Median.Az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Zaqatala rayon Polis Şöbəsinin rəisi Adil Ələkbərov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

  • Ombudsmanın nümayəndələri erməni hərbçisinə baş çəkib

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanununa uyğun fəaliyyət göstərən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin Hauptvaxtına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

    Ombudsman Aparatından verilən məlumata görə, başçəkmədə məqsəd 2019-cu il avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş erməni hərbi qulluqçusu Kazaryan Aro Xaykoviçin saxlanılma şəraitinin və rəftarın araşdırılması, onun hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

    A.Kazaryanla tərcüməçinin iştirakı ilə söhbət zamanı o, həkim müayinəsindən keçdiyini, səhhətinin normal olduğunu, saxlanılma şəraitidən, onunla rəftardan və qida təminatından razı qaldığını, ona qarşı insan hüquqlarının pozulmasına yol verilmədiyini və hər hansı bir şikayətinin olmadığını bildirib.//Baku.ws

  • Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi

    Azərbaycanın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) rəsmi nota göndərib.

    Bu barədə diplomatik nümayəndəliyin yaydığı məlumatda deyilir.

    Ermənistanın Rusiyadakı səfiri Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” Şimali Qafqaz gənclər forumunda Azərbaycan nümayəndəsinin ünvanına işlətdiyi ifadələrə və ardından baş vermiş insidentə görə XİN-ə nota göndərilib.

    “2019-cu il avqustun 9-da Pyatiqorskda “Maşuk-2019” Şimali Qafqaz gənclər forumu öz işinə başlayıb. Ermənistanın Rusiyadakı səfiri forum çərçivəsində tədbir iştirakçıları ilə keçirdiyi görüşdə Azərbaycana, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yolverilməz ifadələr işlədib, bu da həmin forumda iştirak etmiş “Bakı Gənclər Klubu” İctimai Birliyinin nümayəndəsi Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib”, – məlumatda deyilir.

    Bildirilir ki, S.Rüstəmov səfirliyə məktubla müraciət edərək baş vermiş hadisənin məğzini ətraflı izah edib və onu dəstəkləməyi xahiş edib:

    “Azərbaycan cəmiyyətində rezonans doğuran məsələnin ciddliyini nəzərə alaraq, səfirlik Rusiya XİN-ə rəsmi nota göndərib”.

    Bundan başqa, Azərbaycan diplomatik nümayəndəliyinin məlumatına görə, səfir Polad Bülbüloğlu daha əvvəl əldə olunmuş razılaşmaya baxmayaraq, Pyatiqorska getməkdən, forumun işində iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

    Forumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş S.Rüstəmovun sözlərinə görə, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan forum iştirakçıları ilə müzakirə zamanı Qarabağın “əzəli erməni torpağı” olması və “azərbaycanlıların heç vaxt orada yaşamamaları” ilə bağlı iddialarla çıxış edib.

    S.Rüstəmov bildirib ki, o, müzakirələr zamanı çıxış etmək istəyib, lakin üzərində “Azərbaycan” yazılan idman köynəyi geyindiyinə görə mikrofona yaxın buraxılmayıb. Üstəlik, Ermənistan nümayəndə heyətinin tərkibindəki bir neçə iştirakçı geyindiyi idman köynəyini cırmağa və ona əl atmağa çalışıblar.