Category: Siyasət

  • Mehriban Əliyeva Vladimir Putinə təşəkkür etdi

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

    Məktubda deyilir:

    “Hörmətli Vladimir Vladimiroviç,

    Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətimə verdiyiniz yüksək qiymətə və Rusiya Federasiyasının ali fəxri mükafatına – “Dostluq” ordeninə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.

    Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar.

    Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir.

    Hörmətli Vladimir Vladimiroviç, fəxri mükafata görə Sizə bir daha səmimi qəlbdən təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına firavanlıq, sülh və tərəqqi arzulayıram”.

  • Vilayət Eyvazovdan daha bir kadr dəyişikliyi

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Babək Mərdanov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib.

    Onun yerinə isə, polis kapitanı Fərid Mayılov təyin edilib.

    Xəbəri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis leytenantı Aslan Qiyaslı təsdiqləyib.

  • Azərbaycan Rusiyaya nota verib

    Azərbaycan Rusiyaya nota verib.

    Median.Az-ın məlumatına görə, bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

    Bildirilib ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb.

    Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.

    Bununla bağlı S.Rüstəmov səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb.

    Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

  • “Halva, halva deməklə ağız şirin olmaz!”

    “Zöhrab Mnatsakanyanın Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması əslində onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır”.
    Median.Az
    xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın bu ölkənin “Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı rəsmi mövqeyi nədir” sualını şərh edərək, Baş nazir Nikol Paşinyanın təxribatçı ifadəsini təkrarlamasına münasibət bildirərkən deyib.

    L. Abdullayeva bildirib ki, həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər: “Ermənistan tərəfinin əsl simasının üzə çıxması və maskalarının atılması danışıqlar prosesinin pozulmasına yönələn Ermənistan hökumətinin rəsmi mövqeyinə beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi əsas təşkil edir.

    Azərbaycan Xarici İşlər Nazirliyi, BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu Qrupun digər üzv ölkələrinin Xarici İşlər nazirlərinə məktublar ünvanlayaraq, burada N. Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı artıq mövqe bildirib.
    Azərbaycan tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının, habelə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalının ağır nəticələrini xatırladaraq, Ermənistan Baş nazirinin son bəyanatlarını vəziyyətin daha da gərginləşməsinə gətirən “qırmızı xəttin” aşılması kimi qiymətləndirir.

    Biz Ermənistan tərəfinə ATƏM Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli qərarı, həmçinin ATƏT MQ həm-sədrlərinin mandatı ilə diqqətlə tanış olmalarını israrla tövsiyə edirik. Bu sənədlərdə münaqişənin sülh yolu ilə tənzimlənməsinə nail olmaq üçün lazımi tədbirlər dəqiq təsbit olunur. Münaqişənin sülh yolu ilə həlli silahlı təcavüzün nəticələrinin tanınmasına əsaslanmamalı, əksinə – BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının müddəalarına, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır.

    Sonda Şərqdə işlədilən bir atalar sözünü xatırlatmaq istərdim: “Halva, halva deməklə ağız şirin olmaz!”

    Ölkə.Az

  • Süni qida məhsullarının istehsalı və idxalına dair tələblər sərtləşdirildi

    Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, saxlanması, daşınması və satış şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan qaydalarına cavab verməlidir.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, Azərbaycan Respublikasında süni qida məhsulları istehsalçılarının fəaliyyəti qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır, məhsullar ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınacaq. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış subyektlərin istehsal etdiyi və ya qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı verilməmiş süni qida məhsullarının Azərbaycan Respublikasına idxalı qadağandır. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında süni qida məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılacaq. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun ilə müəyyən olunmuş qaydada həyata keçiriləcək.

    Süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Yeyinti məhsulları haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək.

  • Prezident qanunu təsdiqlədi – Pensiya minimum 200 manat olacaq

    Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Dəyişikliyə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) “1 mart tarixindən 160 manat” sözləri “1 oktyabr tarixindən 200 manat” sözləri ilə əvəz edilib; 29.1-ci maddədə “və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılıb.

    Bundan başqa, aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilib:

    “29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir”.

    Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.

  • Vilayət Eyvazov birinci müavininə yeni vəzifə verdi

    İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

    Median.Az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

    Qeyd edək ki, V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

  • Snayperlərimiz beynəlxalq yarışda ikinci oldu – FOTO

    “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra edilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, bu mərhələnin şərtlərinə əsasən müsabiqə iştirakçısı olan ölkələrin komandalarından iki nəfər ayrılaraq qarışıq snayper cütlükləri təyin olunur.

    “Beynəlxalq qarışıq snayper cütlüklərinin dueli” mərhələsinin icrası zamanı Qırğızıstan və Monqolustan komandalarından olan snayperlər ilə bərabər yarışan komandamızın snayperləri müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.//Baku.ws

  • Mehriban Əliyevanın təşəbbüsü ilə 70 minə yaxın aztəminatlı ailəyə bayram payı verildi – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması bu gün də davam edib.

    Bu barədə Heydər Əliyev Fondunun məlumatında deyilir.

    Qeyd edək ki, avqustun 11-dən etibarən başlayan və Bakının rayonları, eləcə də, respublikanın bütün regionlarını əhatə edən layihə zamanı 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik edilib, onlara qurban payları verilib.

    Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bu gün Bakı şəhərində, Füzuli, Beyləqan, Goranboy və digər rayonlarda ünvanlı sosial yardım alan növbəti ailələrə baş çəkib və Fondun adından qurban payları çatdırıb.

    Qeyd edək ki, bayram ərəfəsində ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək aztəminatlı ailələrin hər biri üçün qablaşdırılıb və üç gün ərzində paylanılıb.

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.










  • Latviya Azərbaycana yeni səfir təyin etdi

    Latviya Prezidenti Eqils Levits bu ölkənin Azərbaycanda yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançsa etimadnaməsini təqdim edib.

    Bu barədə oxu.az Latviya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

    Hazırda D.Qarançs nazirlikdə İkitərəfli münasibətlər üzrə departamentə rəhbərlik edir. O, 1994-cü ildə xarici işlər xidmətində işə başlayıb və karyerası boyunca nazirliyin Mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. Yeni səfir Latviyanın Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveçdəki səfirliklərində işləyib.

    Diplomat ingilis, rus, polyak və fransız dillərini bilir.

    D.Qarançs Bakıdakı postda ötən ay diplomatik missiyasının başa vurmuş Yuris Maklakovsku əvəzləyəcək.