Category: Siyasət

  • Mehriban Əliyevadan Bakıda sökülən bina ilə bağlı – TAPŞIRIQ

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 150 ünvanında yerləşən, 1890-cı ildə tikilmiş qəzalı binanın sökülməsi ilə bağlı məsələni nəzarətə götürüb.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

    “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu binada köçürülmə işlərinin tez bir zamanda həyata keçirilməsi, vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırıqlar verilib, məsələ nəzarətə götürülüb”.

    İ.Kərimov bildirib ki, buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə əlaqədar deyil, binanın istismara yararsız, qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya deyil, maddi yardım kimi qiymətləndirilməlidir.

    Bundan başqa, İ.Kərimovun açıqlamasına görə, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məsələyə dair tapşırıqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəzalı binada olub, burada yaşayan sakinlər və məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə yaxından tanış olublar.

    Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin tapşırıqları və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir.

  • Prezidentdən 7,8 milyon manatlıq sərəncam

    Prezident İlham Əliyev Salyan rayonunun Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Mehriban Əliyeva fransalı nazirlə görüşdü – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşüb.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi.

    Birinci vitse-prezident Mehriban Əliyeva bu ilin martında Parisə səfəri zamanı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşü və aparılan müzakirələri xatırladı, qonağın Azərbaycana səfərinin uğurla keçəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında münasibətlərin dostluq və qarşılıqlı maraqlara əsaslandığını qeyd etdi, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. İqtisadi əlaqələrin münasibətlərimizin inkişafında xüsusi yer tutduğunu vurğulayan Birinci vitse-prezident son zamanlar bu sahədə müşahidə edilən müsbət dinamikanın ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə olacağını dedi. Birinci vitse-prezident mövcud potensialdan tam istifadə etməyin vacibliyini diqqətə çatdırdı.

    Mehriban Əliyeva Azərbaycanda son illərdə iqtisadi sahədə böyük islahatların aparıldığını qeyd etdi, əsas məqsədin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirdi, özəl sektorun rolunun artırılmasının zərurliyinə toxundu, bu sahədə Fransanın təcrübəsinin maraq doğurduğunu dedi.

    Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Fransanın İqtisadiyyat və Maliyyə naziri ölkəmizin regionda xüsusi mövqeyə malik olduğunu vurğuladı. Brüno Lö Mer də ölkələrimizin iqtisadi əməkdaşlığının böyük potensialını qeyd etdi, Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin daha da genişləndirilməsinin və inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.

    Görüşdə ölkələrimiz arasında qeyri-neft sektorunda həyata keçirilən layihələr, Fransa şirkətlərinin Azərbaycanın özəl qurumları ilə işgüzar əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

    * * * * *

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşüb.

    Bu barədə xəbəri AZƏRTAC yayıb.



  • İlham Əliyev fransalı nazirlə görüşdü

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə xəbəri AZƏRTAC yayıb.

  • Başı telefona qarışdı, qadını vurub üstündən keçdi – VİDEO

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində (Ayna Sultanova heykəlinin yanı) “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən qadını vurub.

    Görüntülərə əsasən, avtomobil asta sürətlə hərəkət edir, qadın isə yolu yavaş keçir. Bu zaman sürücü qadını vurur və üstündən keçir, yoluna davam edərək bir az irəlidə dayanır.

    Hadisə nəticəsində qadın yerindəcə dünyasını dəyişib.

    Sürücünün sükan arxasında mobil telefona başı qarışdığı ehtimal olunur.

    Ürəyi zəif olanların baxması məsləhət deyil.

  • RF-nin Ermənistandakı səfirinə yeni vəzifə verilir: Qarabağ münaqişəsi ilə məşğul olacaq

    Rusiyanın Ermənistandakı keçmiş səfiri İvan Volınkin xarici işlər naziri Sergey Lavrovun müavini təyin edilə bilər.

    “Kommersant” xəbər verir ki, onu bu vəzifədə Qriqori Karasinin əvəz edəcəyi gözlənilir.

    Q.Karasinin Rusiya Federasiya Şurasının üzvlüyünə namizədliyi irəli sürülüb. Saxalin vilayətinin qubernatoru səlahiyyətlərini müvəqqəti icra edən Valeri Limarenko diplomatın namizədliyini təklif edib.

    Rusiya Xarici İşlər Nazirliyində (XİN) boş qalmış nazir müavini postunu tuta biləcək üç nəfərin adı keçir. Onlardan ən əsası XİN-in Konsulluq departamentinin indiki direktoru İ.Volınkindir.

    60 yaşlı diplomat SSRİ və Rusiyanın Yuqoslaviya, ABŞ, Serbiya və Monteneqro, Gürcüstan və Makedoniyadakı diplomatik nümayəndəliklərində işləyib. 2009-2013-cü illər ərzində S.Lavrovun köməkçisi, XİN-in Baş katibliyinin direktor müavini olub. 2013-2018-ci illərdə isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

    Qeyd edək ki, bu il avqustun 23-də Q.Karasinin 70 yaşı tamam olur. “Dövlət qulluğu haqqında” qanuna əsasən, Q.Karasin tutduğu vəzifədə 70 yaşınadək qala bilər.

    Təcrübəli diplomat 2005-ci ildən XİN-də nazir müavini vəzifəsini tutur. O, nazirlikdə MDB dövlətləri ilə ikitərəfli münasibətləri, xaricdəki həmvətənlərlə işi kurasiya edir. Federal Məclisin hər iki palatası, Rus Pravoslav kilsəsi və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyətə görə məsul şəxsdir.

    Q.Karasin XİN-də Dağlıq Qarabağ, Dnestryanı və Ukrayna ətrafında münaqişələrlə bağlı işlərə görə də cavabdehlik daşıyır.

  • Rusiyalı deputat: Onlar istəyir ki, RF və Azərbaycan üçün asan olmasın

    Əfsus ki, qərbli xarici oyunçuların köməyi ilə həllinə çalışılan heç bir münaqişə nizamlanmayıb. Söhbət, o cümlədən, Dağlıq Qarabağ münaqişəsindən gedir.

    Bunu Media.Az-a açıqlamasında Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.

    Onun sözlərinə görə, çoxları, az qala, ATƏT-in Minsk qrupuna dua edir, lakin o, heç nəyi həll edə bilmir:

    “Həmişə demişəm ki, bu problemi həll etmək niyyəti varsa, üç ölkənin lideri, üç qonşu – Rusiya, Azərbaycan və Ermənistan bir araya gəlməli və məsələni müzakirə etməlidirlər. Bu məsələ onlar üçün çox vacibdir”.

    Deputat Rusiya və Azərbaycan liderlərinin yaxşı münasibətlərinin olduğunu xüsusilə qeyd edib.

    L.Kalaşnikovun fikrincə, yalnız bu üçtərəfli formatda nəyisə həll etmək olar:

    “Əgər siyasi iradə olarsa, kompromislər tapmaq və bu düyünü (Qarabağ – red.) açmaq mümkündür. İndi isə özlərinin bir çox geosiyasi vəzifələri olan digər dövlətlər məsələyə qarışır. Həmin vəzifələr Qafqazda gərginliyin saxlanılmasını da nəzərdə tutur. Məqsəd odur ki, Rusiya üçün burada asan olmasın və Azərbaycana yaxşı görünməsin. Lakin inanmıram ki, onlar bizə qarşı belə “sevgi” ilə Dağlıq Qarabağ münaqişəsinin əlverişli həllinə təsir göstərə bilsinlər”.

    O hesab edir ki, indiki vəziyyətdə təmkinli olmaq lazımdır:

    “Və mən yenidən öz fikrimi təkrarlayıram – üç lider məsələni müzakirə yolu ilə həll edə bilər”.

  • İlham Əliyev daha bir müraciəti cavabsız qoymadı – Ev bağışladı

    Ev problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edən məcburi köçkün, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov mənzillə təmin olunub.

    Median.Az xəbər verir ki, bu barədə həmin qəzetin baş redaktoru Bahəddin Həzi məlumat verib.

    Onun sözlərinə görə, R.İbrahimovun özü ilə yanaşı həyat yoldaşının da məcburi köçkündür:

    “İş yoldaşımız Ramid İbrahimovun ölkə Prezidentinə müraciəti müsbət nəticə verdi. Bu gün Ramidi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə dəvət etdilər və ona “Qobu Park”da məcburi köçkünlər üçün inşa olunmuş binada mənzil ayrıldığını bildirdilər”.

    Qeyd edək ki, Ramid İbrahimovun ailəsi və özü 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb. Bu yaxınlada ailə quran Ramidin həyat yoldaşı da, həyat yoldaşının valideynləri də məcburi köçkündürlər.

  • Milli Yaylaq Festivalının açılışında Bilal Ərdoğan da iştirak etdi – FOTO

    Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir.

    Bu gün festivalın açılış mərasimi olub.

    Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib.

    B.Ərdoğan Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə festivalın rəmzi lentini kəsib.

    Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.

    Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar iştirak edir.

    Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.

    “Yaylaq Yurdu” adlı etnoqəsəbə artıq Gədəbəydə işinə başlayıb.

    Mədəni-etnoqrafik hissədə tamaşalar, qədim xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri, xüsusən də odun üzərində xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və digər yeməklər bişiriləcək.

    Həmçinin yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış yarmarkası olacaq.

    Festival müddətində Azərbaycanda tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

    Tədbirdə qonaqlar və turistlər arasında kəndirdartma kimi kütləvi yarış və oyunlar təşkil ediləcək.

  • Deputatlar bu halda parlamentdaxili məsuliyyətə cəlb olunacaqlar

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 9 iyul tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

    Dəyişikliyə əsasən, “Milli Məclis deputatının statusu haqqında” qanunun 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilir:

    “Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur”.

    “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunun 8.3-cü və 8.4-cü maddələri isə aşağıdakı redaksiyada verilir:

    “8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir.

    8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir”.