Category: Siyasət

  • Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilsin.

    Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır:

    Təşkilat Komitəsinin sədri

    Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

    Təşkilat Komitəsinin üzvləri

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

    Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

    Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

    Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

    Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

    Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

    Təşkilat Komitəsi müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək, müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaradacaq və Azərbaycan gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin edəcək, müsabiqənin keçirilməsi qaydalarını təsdiq edəcək.

    İşçi qrup müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən edəcək.

    Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Gənclər və İdman Nazirliyi müəyyən edilir.

    Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılır.

  • Qoşulmama Hərəkatında Azərbaycanla bağlı vacib sənəd imzalandı

    Cari ilin 21 iyul tarixində Qoşulmama Hərəkatına (QH) hazırda sədrlik edən Venesuela Bolivar Respublikasının Karakas şəhərində Hərəkatın Nazirlər Şurasının iclası keçirilib.

    Median.Az Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak edib.

    İclas zamanı gündəlikdə yer alan digər məsələlər ilə yanaşı, QH-nin 21-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək 18-ci Zirvə Görüşünə hazırlıqla bağlı məsələlər müzakirə edilib.

    Tədbirin sonunda Qoşulmama Hərəkatının məqsəd və prinsipləri ilə əlaqəli beynəlxalq sülh, təhlükəsizlik və sosial-iqtisadi inkişafa dair bir çox məsələlərin əks olunduğu yekun sənəd qəbul olunub.

    QH Nazirlər Şurasının Yekun Sənədində Azərbaycan Respublikasının mövqeyini dəstəkləyən bənd öz əksini tapıb. Burada, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qaldığı, beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam etdiyi Nazirlər tərəfindən təsdiqlənir. Həmçinin sözügedən bənddə QH Nazirləri BMT Nizamnaməsində əks olunan gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyərək, tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə nizamlanması axtarışını davam etdirməyə çağırırlar.

    2012-ci ildən etibarən QH-nin qəbul etdiyi bütün sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstək və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə çağırış ifadə olunur.

  • İlham Əliyev Maldiv Prezidentini təbrik etdi

    Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihə təbrik ünvanlayıb.

    Median.Az-ın xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

    Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm”.

  • Bu vəsait birbaşa hakimlərin bank hesabına köçürüləcək

    Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 1.4-cü maddə əlavə edilir:

    “1.4. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satınalınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin bank hesabına köçürülür.

    Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”.

    “Dövlət satınalmaları haqqında” qanunun 1.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir. 1.4-cü maddənin ikinci cümləsində “orqan” dedikdə Nazirlər Kabineti nəzərdə tutulur.

  • “Sözdə sülhməramlı bəyanatlar verən, əməldə qanunsuz hərbi işğalı davam etdirən Ermənistanın əsl niyyəti hamıya bəllidir”

    İlk növbədə, nəzərə alınmalıdır ki, Ermənistan XİN mətbuat katibi tərəfindən qondarma “DQR” kimi təqdim edilən ərazi bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan, beynəlxalq səviyyədə tanınmış Azərbaycan əraziləridir. Bunu BMT TŞ-nin qətnamələri və beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri təsdiq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən hər hansı şəxsin birinci növbədə bu sənədlərlə tanış olması vacibdir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan XİN mətbuat katibinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiklərinə dair kütləvi informasiya vasitələrinin sualını cavablandırarkən deyib.

    L.Abdullayeva bildirib ki, münaqişənin həlli üzrə aparılan danışıqlara Dağlıq Qarabağın erməni icmasının da daxil edilməsi məsələsi ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə ən yüksək səviyyədə səsləndirilib: “Bir daha təkrar etmək istərdik; danışıqlar münaqişənin birbaşa iştirakçıları olan Ermənistan və Azərbaycan arasında aparılır, o ki qaldı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarına, danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə hər iki icmanın nümayəndələri prosesə cəlb oluna bilər. Bu haqda ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri təşkilatın 1992-ci il Helsinki qərarını oxumağa dəvət edirəm”.

    XİN rəsmisi vurğulayıb ki, beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş əraziləri boşaldıqdan və bu ərazilərdə etnik təmizləməyə məruz qalaraq didərgin salınmış azərbaycanlılar öz evlərinə şərəflə geri qayıtdıqdan və Dağlıq Qarabağın hər iki icmasının birgə yaşayışı təmin olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər və bu barədə rəsmi Azərbaycanın mövqeyi bəllidir: “Təəssüflə qeyd etməliyəm ki, bu gün məhz işğalçı Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışıb, digər tərəfdən Azərbaycanlı hərbi qulluqçuların məhv edilməsi əmrini verir. Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Ermənistan tərəfi ilk dəfə deyil ki, bu kimi bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir”.

  • 2019-cu ilin dövlət büdcəsinə dəyişiklik təsdiqləndi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1645-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1645-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2588; 2019, № 1, maddə 71, № 5, maddə 866; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 644 nömrəli və 19 aprel tarixli 653 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

    2.1. 1.2-ci bənddə “3 037 618 152,0” rəqəmləri “3 187 618 152,0” rəqəmləri ilə əvəz edilsin;

    2.2. 1.2.4-cü yarımbənddə “1 383 753 312,0” rəqəmləri “1 533 753 312,0” rəqəmləri ilə əvəz edilsin;

    2.3. 1.2.4.2-ci yarımbənddə “1 380 376 500,0” rəqəmləri “1 530 376 500,0” rəqəmləri ilə əvəz edilsin;

    2.4. 1.6-cı bənddə “2 620 387 016,0” rəqəmləri “2 470 387 016,0” rəqəmləri ilə əvəz edilsin;

    2.5. 1.6.1-ci yarımbənddə “2 577 355 340,0” rəqəmləri “2 427 355 340,0” rəqəmləri ilə əvəz edilsin;

    2.6. 1.6.1.4-cü yarımbənddə “1 502 732 410,0” rəqəmləri “1 352 732 410,0” rəqəmləri ilə əvəz edilsin;

    2.7. 6.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 6.7-ci bənd əlavə edilsin:

    “6.7. ortamüddətli dövr üçün elektron mühasibatlığın tətbiqinin genişləndirilməsinə dair tədbirlər planının layihəsini 2019-cu il noyabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.”.

    3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

  • Vergilər Nazirliyində dəyişiklik – Departamentlər ləğv edildi

    Vergilər Nazirliyində departamentlər ləğv edilib, baş idarələr yaradılıb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, Prezident Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən Vergilər Nazirliyinin strukturuna Milli Gəlirlər Baş İdarəsi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi, Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə, Çağrı Mərkəzi (baş idarə səlahiyyətli) və yerli bölmələr (baş idarələr, idarələr və şöbələr) daxildir.

    İndiyə qədər Vergilər Nazirliyinin strukturuna isə Vergi cinayətlərinin ibtidai araşdırılması departamenti, Milli gəlirlər departamenti, Bakı şəhəri lokal gəlirlər departamenti, Bakı şəhəri kiçik sahibkarlarla iş departamenti, ərazi vergilər departamentləri və idarələri, rayon vergilər şöbələri və Çağrı mərkəzi departamenti daxil olub.

    Beləliklə, Milli gəlirlər departamentinin əvəzinə Milli Gəlirlər Baş İdarəsi, Vergi cinayətlərinin ibtidai araşdırılması departamenti əvəzinə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, Bakı şəhəri lokal gəlirlər departamentinin əvəzinə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Bakı şəhəri kiçik sahibkarlarla iş departamentinin əvəzinə Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə yaradılıb. Çağrı mərkəzi departamenti də baş idarə səlahiyyət səlahiyyətində fəaliyyət göstərəcək.

    Eyni zamanda iki yeni struktur – İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi yaradılıb.

  • Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona təbrik məktubu ünvanlayıb.

    Median.Az xəbər verir ki, təbrik mətnində deyilir:

    “Hörmətli cənab Baş nazir,

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Bu mənada qarşılıqlı səmərəli əməkdaşlığımız məmnunluq doğurur.

    Neft-qaz hasilatı və nəqli sahəsindəki əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Enerji sektorunda uzun illərdən bəri müvəffəqiyyətlə davam edən birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı transmilli layihələr qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir.

    İnanıram ki, qarşılıqlı maraqlarımıza uyğun olaraq Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafı istiqamətində Sizinlə birgə səylər göstərəcəyik.

    Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

  • Prezident Vergilər Nazirliyi ilə bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, nazirliyin strukturu aşağıdakı kimi olmalıdır:

    1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).

    2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:

    2.1. Milli Gəlirlər Baş İdarəsi;

    2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;

    2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

    2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;

    2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

    2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;

    2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);

    2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).

  • İlham Əliyev Elçin Əfəndiyevin qızını təltif etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini, yazıçı, nasir, dramaturq Elçin Əfəndiyin qızı Aysun Əfəndiyeva – Xəlilovanın təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

    O, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb.

    Qeyd edək ki, A.Əfəndiyeva – Xəlilova Gənclər və İdman Nazirliyində Baş məsləhətçi vəzifəsində çalışır.