Category: Siyasət

  • Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir

    ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilir.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat yayıb.

    Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.

  • Nazirlər Kabinetinin iclası keçirilib

    İyunun 20-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

    Median.Az xəbər verir ki, iclası açan Baş Nazir Novruz Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və davamlı islahatlardan danışıb. Azərbaycanda reallaşdırılan yeni iqtisadi islahatlar nəticəsində ölkəmizin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artdığını bildirən Novruz Məmmədov deyib: “Bu, imkan verir ki, digər məsələlərlə yanaşı, ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılsın. Bu ilin ilk yarısında dövlətimizin başçısının imzaladığı sosialyönümlü fərmanlar və sərəncamlar 3 milyon vətəndaşımızı əhatə edib.

    Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar bir daha göstərdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə imzaladığı sərəncamlar geniş əhali kateqoriyasının rifah halının daha da yüksəldilməsinə imkan yaradacaq”.

    Bu gün Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda əlaqələr qurduğunu, xalqımızın maraqlarının təmin olunduğunu, milli dövlətçilik ideyalarının qorunub inkişaf etdirildiyini bildirən Novruz Məmmədov bütün bu uğurların arxasında Prezident İlham Əliyevin yüksək peşəkarlığının və siyasi səriştəsinin dayandığını söyləyib.

    Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verib.

    Bildirilib ki, iclasın gündəliyinə “Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında”, “Ölkə əhalisinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi sahəsində görülən işlər, xidmətin keyfiyyətinin yüksəldilməsi və infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı qarşıda duran cari və perspektiv məsələlər haqqında” və “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması işlərinin gedişi haqqında” məsələlər daxildir.

    Təbii enerji qaynaqlarının mühüm seqmentini təşkil edən qaz sektorunun Azərbaycanın sosial-iqtisadi həyatında vacib rola malik olduğunu bildirən Baş Nazir qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətinin uğurla icrası nəticəsində ölkəmiz bu sahədə ciddi nailiyyətlər qazanıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamında Energetika Nazirliyinə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması tapşırılıb.

    Baş Nazir bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətində yol verilən nöqsanları və bu sahədə olan bir sıra problemləri qeyd edib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlarını verib.

    Novruz Məmmədov deyib ki, ölkəmizdə əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi istiqamətində bu günə qədər bir sıra mühüm layihələr icra olunub. Bununla yanaşı, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir.

    Baş Nazir əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı görülən işlərdən danışaraq siyahıyaalma məntəqələrinin komplektləşdirilməsinin, zəruri avadanlıqlarla təchiz olunmasının və bununla bağlı əhalinin məlumatlandırılması işlərinin vacibliyini vurğulayıb.

    Sonra Energetika naziri Pərviz Şahbazovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

    İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

  • Heydər Əliyev Fondu daha bir aktyoru müalicə etdirəcək

    Heydər Əliyev Fondu Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun müalicə xərclərini öz üzərinə götürüb.

    Qaraciyər serrozu xəstəliyindən əziyyət çəkən aktyorun səhhəti stabil olaraq qalır və hazırda müalicəsini davam etdirir.

    Qeyd edilib ki, aktyor pulsuz dərmanlarla təmin edilir və yaxın vaxtlarda əməliyyat olunacaq.
    /oxu.az/

  • Yeni Daxili işlər naziri təyin edildi – SƏRƏNCAM/FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev Vilayət Eyvazovla bağlı sərəncam imzalayıb.

    Azərtac xəbər verir ki, sərəncama əsasən, Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

    Digər sərəncamla Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

  • Əli Nağıyev DTX rəisi oldu

    Prezident İlham Əliyev Əli Nağıyevlə bağlı sərəncam verib.

    Sərəncama əsasən, Nağıyev Əli Nağı oğlu Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunub.

    Qeyd edək ki, Ə. Nağıyev bu günə kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini tutub.

  • Prezident Mədət Quliyevi vəzifəsindən azad etdi

    Prezident İlham Əliyev DTX rəisi Mədət Quliyevlə bağlı sərəncam verib.

    Sərəncama əsasən, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

    Prezidentin digər sərəncamı ilə M. Quliyev Müdafiə Sənayesi naziri təyin edilib.

  • Ramil Usubov işdən kənarlaşdırıldı, başqa vəzifəyə təyin olundu

    Prezident İlham Əliyev Ramil İdris oğlu Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

  • İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

    Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb.

    Medal Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edilib.

    Bildirilib ki, bu medal Prezident İlham Əliyevə Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə təqdim olunub.

  • Elmar Məmmədyarov Con Boltonla görüşüb

    Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüb.

    Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.

    Bildirilir ki, görüş zamanı intensiv məsləhətləşmələr, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti, substantiv əsasda danışıqların irəli aparılması yolları, regionda vəziyyət və bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, sabah Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

  • Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşlarının maaşları artırılıb

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

    Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

    Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.