Category: Siyasət

  • Mehriban Əliyevadan Elçibəyin xanımının yas mərasimi ilə bağlı – GÖSTƏRİŞ

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

    Median.Az xəbər verir ki, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

    Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu) aparılıb.

    Onu da bildirək ki, Əbülfəz Elçibəy 2000-ci il avqust ayının 22-də vəfat edib. Azərbaycanın ümummilli lideri, mərhum Prezident Heydər Əliyev onun dəfnində iştirak edib.

  • Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri açıqlandı

    Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı açıqlanıb.

    Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş iyunun 20-də Vaşinqton şəhərində keçiriləcək.

    Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.

  • Birinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub

    İyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub.

    Median.Az xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verib.

    Bildirilib ki, bu təhsil müəssisəsi 1940-cı ildə 1 nömrəli uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbə 1985-ci ildə Vaqif Mustafazadənin adı verilib. 1988-ci ildən isə 2 nömrəli uşaq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirib və burada əlavə şöbələr açılıb.

    Qeyd edilib ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbini bir çox məşhurlar bitirib. Azərbaycanın Xalq artistləri Arif Məlikov, Aqşin Əlizadə, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, Kamil Cəlilov, Ağaverdi Paşayev və Azərbaycanın mədəniyyətinə böyük töhfələr vermiş bir çox sənətkarlar bu məktəbdə təhsil alıblar.

    Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya ixtisasları, nəzəriyyə və tədris köməkçi fənləri ixtisası üzrə 385 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur.

    Diqqətə çatdırılıb ki, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadə 1949-1956-cı illərdə məktəbin fortepiano şöbəsində təhsil alıb. Bu məktəbin şagirdləri müxtəlif respublika və beynəlxalq müsabiqələrdə, festivallarda uğurla iştirak edərək yüksək nəticələr əldə edirlər. Məktəbin yerləşdiyi bina indiyədək əsaslı təmir edilməyib.

    Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib

  • Mehriban Əliyeva Binədə “Ümid yeri” uşaq sığınacağının yeni binasının açılışında iştirak edib

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 13-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni inşa olunan binasının açılışında iştirak edib.

    Median.Az xəbər verir ki, “Ümid yeri” uşaq sığınacağının köhnə binası müasir tələblərə cavab vermədiyindən Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub.

    Birinci vitse-prezident Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış olub. Müəssisənin rəhbəri Nigar Mənsimova “Ümid yeri” uşaq sığınacağının fəaliyyəti barədə Mehriban Əliyevaya məlumat verib.

    Qeyd edilib ki, uşaq sığınacağı 1997-ci ildə təsis olunub. Burada 18 yaşınadək şəxslər məskunlaşır. Sığınacaqda qaldıqları müddətdə onlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, uşaqların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına dəstək göstərilir.

    Müəssisədə sığınacaq sakinlərinin zövqlərinin formalaşması, istedad və bacarıqlarının inkişafı məqsədilə müxtəlif sənət sahələri – xalçaçılıq, rəssamlıq, əl işləri üzrə emalatxanalar yaradılıb.

    Uşaqların iştirakı ilə yaradılan “Keçə” rəsm əsəri Heydər Əliyev Fondunun prezidentinə hədiyyə edilib.

    İkimərtəbəli müəssisənin binası 53 yerlikdir. Yeni bina oğlanlar, qızlar və kiçik yaşlı uşaqlar üçün bölmələrin yaradılmasına imkan verib. Bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Uşaq sığınacağında yataq, sinif otaqları, informatika kabinetləri, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və əyləncə zonaları, yeməkxana yaradılıb.

    Sonra Birinci vitse-prezident Mehriban Əliyeva uşaq sığınacağının sakinləri ilə görüşərək onlarla söhbət edib. On yaşlı Ömər Musayev yeni binada yaradılan şəraitin onların ürəyincə olduğunu söyləyib. Deyib ki, burada təhsil almaq, asudə vaxtlarını maraqlı keçirmək üçün bütün imkanlar var. O, görülən işlərə görə sığınacaq sakinlərinin adından Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Uşaqların arzuları ilə maraqlanan Heydər Əliyev Fondunun prezidenti sığınacaq sakinlərinin yanına yenə də qonaq gələcəyini deyib. Mehriban Əliyeva qeyd edib ki, indi bütün lazımi şəraitlə təmin olunan uşaqların əsas vəzifəsi yaxşı oxumaqdır. Müəssisənin balaca sakinləri Birinci vitse-prezidentə musiqiyə, rəsm çəkməyə həvəs göstərdiklərini söyləyiblər, mahnı ifa ediblər.

    Heydər Əliyev Fondu uşaqlarla bağlı müxtəlif layihələr reallaşdırır. Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Fond paytaxtdakı uşaq müəssisələrinin sakinləri üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması məqsədilə mühüm layihələrə imza atır. Bu istiqamətdə görülən işlərdən biri də “Ümid yeri” uşaq sığınacağı üçün yeni binanın inşasıdır.

    Binanın həyəti abadlaşdırılıb, yaşıllıq zonası salınıb.

    Birinci vitse-prezident Mehriban Əliyeva “Ümid yeri” uşaq sığınacağına fəaliyyətində uğurlar arzulayıb.

  • Prezident Qida Təhlükəsizliyi Agentliyinin işçilərini təltif edib – SİYAHI

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin təltif edilməsi haqqında” sərəncam imzalayıb.

    Sərəncamla ölkədə qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı işçiləri təltif ediliblər:

    “Tərəqqi” medalı ilə

    Dadaşova Xəyalə Xalıqverdi qızı

    Əbdüləliyev Qalib Hümmət oğlu

    Əbdüləzimov Asif Hilal oğlu

    Kərimov Zaur Rəvvaq oğlu

    Piriyev Mansur Şahmar oğlu

    Şərifov Əziz Əşrəf oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Mərdiyev Fuad Məharət oğlu

    Salamov Emin Müzəffər oğlu.

  • Mehriban Əliyevanın tapşırığı ilə müharibə əlili üçün ev tikildi – FOTO

    Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ucar rayonunun ən iri yaşayış məntəqəsi olan Qaracallıda kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi evin tikintisi başa çatıb.

    AZƏRTAC-ın bölgə müxbiri Qaracallı kəndində olub, Şöhrət Qasımovun ailəsinə baş çəkib.

    1978-ci ildə anadan olan Şöhrət Qasımov ailənin ən böyük övladıdır. Üç qardaş, bir bacıdırlar. Hərbi xidmətdə olarkən 1998-ci il iyulun 18-də Füzuli rayonunun Əbdürəhman kəndində ermənilərin qəfil hücumuna məruz qalıblar. Gərgin keçən atışmada bir ayağının dizdən aşağı hissəsini itirib.

    Yeni evin sevincini yaşayan Şöhrət Qasımov Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirərək deyib: “Mənzil şəraitimiz çox pis idi. Mehriban xanıma müraciət ünvanladım. Çox sağ olsun, müraciətimə dərhal cavab verildi və qısa vaxtda gözəl ev tikildi. İndi burada həyat yoldaşım və 2 övladımla – Azərbaycanın gələcək əsgərləri ilə rahat yaşayırıq. Bu rahatlığı bizə bəxş edən Heydər Əliyev Fonduna, fondun prezidenti Mehriban Əliyevaya çox-çox minnətdaram”.

    Ölkəmizdə əlillərə xüsusi diqqət və qayğı göstərildiyini deyən Qarabağ müharibəsinin əlili Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni qəsbkarlardan azad ediləcəyi günü səbirsizliklə gözləyir.

    Qeyd edək ki, həyat yoldaşı və 2 övladı ilə ağır mənzil şəraitində yaşayan Şöhrət Qasımov bir müddət öncə Heydər Əliyev Fondunun “Regional inkişaf” İctimai Birliyinə müraciət ünvanlayıb. Müraciətdən sonra bu ilin fevralında əraziyə baxış keçirilib və yeni evin layihəsi hazırlanıb. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə tezliklə tikinti işlərinə başlanıb və Qarabağ əlilinə məxsus həyətyanı sahədə 4 aya üç otaqlı, tam təmirli, mətbəx mebeli ilə təchiz olunan, su çəni və suqızdırıcı avadanlıq qoyulan fərdi ev inşa edilərək, ailəyə təhvil verilib.









  • İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Prezident Milli Məclisə mühüm qanun layihəsi göndərdi – Bu gün müzakirə olunacaq

    Məhkəmə fəaliyyəti, o cümlədən, kommersiya məhkəmələrinin yaradılması ilə bağlı mühüm qanun layihələri paketi hazırlanaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib.

    Bu sözləri Avropa İttifaqı V Azərbaycan Biznes Forumunda çıxış edən Ədliyyə nazinin müavini Toğrul Musayev deyib.

    Onun sözlərinə görə, artıq bu gün həmin qanun layihələrinin parlamentdə birinci oxunuşda müzakirəsi nəzərdə tutulub:

    “Hələ 2006-cı ildə məhkəmə hakimlərinin sayı iki dəfə artırılaraq, 600-ə çatdırılıb. Bununla belə, bu gün ölkədə 100 min nəfərə düşən hakimlərin sayı altı olmaqla, Avropa ölkələri üzrə orta göstəricidən üç dəfə azdır.

    Məhz buna görə fərmanla hakimlərin sayının xeyli – 200 nəfər artırılması müstəsna əhəmiyyətə malikdir. Bu addım məhkəmə hakimiyyətinin daha da optimal şəkildə qurulması üçün çox vacibdir”.
    //oxu.az

  • Yohannes Han: Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan biridir

    Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan biridir. Xüsusilə iqtisadi və ticarət baxımından. Bu forum Aİ ilə Azərbaycan arasında intensivləşən və inkişaf edən əlaqələrə bir nümunədir.

    Bunu Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətlərindəki səylərini müsbət qarşılayır:

    “Düşünürəm ki, Azərbaycan bu istiqamətdə düzgün istiqamət seçib. Nümunə üçün, keçən il Azərbaycanda İKT sektoru 9 faiz artımı göstərmək olar. Biz hansı sahədə mümkündürsə, orada göstərilən səyləri dəstəkləməyə hazırıq.

    Ona görə nikbinəm və ümid edirəm ki, Aİ ilə Azərbaycan arasında hər tərəfli əməkdaşlığa dair saziş tez biz zamanda imzalanacaq. Bu, yetərincə iddialı sazişdir və hər iki tərəf bunun ərsəyə gəlməsini istəyir. Hər iki tərəf arasında əməkdaşlıq potensialı onu göstərir ki, biz bu imkanları şirkətlərimizə təmin edə bilərik. Bu saziş Aİ-nin əsas prioritetlərindən biridir. Bu, Aİ və Azərbaycan arasında intensivləşən əməkdaşlığın növbəti sübutu olacaq”.
    //oxu.az

  • XİN: Ermənistanın məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir

    Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.

    Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov Avropanın təhlükəsizlik sistemində ATƏT-in və o cümlədən ATƏT PA-nın mühüm rol oynadığını qeyd edərək, ATƏT PA-nın prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında ümumi məlumat verib. Nazir Ermənistan rəhbərliyinin son bəyanatlarına və cəbhə xəttində törədilən qanlı təxribatlara toxunaraq, belə məsuliyyətsiz davranışının danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb.

    Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməlini təşkil etdiyini bildirib.
    George Tsereteli Azərbaycana səfər etməyindən məmnuniyyət hissi keçirdiyini qeyd edərək, Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusilə vurğulayıb. O, ATƏT PA-da etdiyi rəhbərlik dövründə bu önəmli məsələlərə böyük diqqət ayırdığını, münaqişələr və onların humanitar fəsadlarının aradan qaldırılması və yumşaldılmasına, habelə edilən vasitəçilik səylərinə parlament müstəvisində də dəstəyin göstərilməsinin vacib vəzifə olduğunu qeyd edib. G.Tsereteli ATƏT PA-nın bu məqsədlə müxtəlif cür təmas imkanlarını təmin etməyə hazır olduğunu deyib.

    Görüş əsnasında tərəflər Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək, əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər və ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.//Baku.ws