Category: Siyasət

  • Prezident hərbi qulluqçuların aylıq pul təminatını artırıb

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

    Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

  • Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının maaşları artırılıb

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

    Median.Az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

    Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

  • MSK sədri və üzvlərinin vəzifə maaşları artırılıb – SİYAHI

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, sərəncam Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə imzalanıb.

    Sərəncamla Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:

    Sədr – 3060 manat

    Sədrin müavini – 2845 manat

    Katib – 2110 manat

    Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.

    Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

  • Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz artırılıb

    Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.

    Median.Az-ın report-a istinadən xəbərinə görə, sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.

  • Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib – SƏRƏNCAM

    Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

    Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

  • XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?

    Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 10.000 silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirdiyini bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib:

    “Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki, bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.

    Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10.000 hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləyini bəyan edir. Digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə, bundan sonra nə? – sualı ilə müraciət etməli oluruq”.

  • Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib

    Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

    Median.Az report-a istinadən xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində yazıb.

    Aqil Səmədbəyli cənazə xərclərini öz üzərinə götürdüyünə və çələng göndərdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib.

    Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. Onun cənazəsi Azərbaycana gətirilərək, Naxçıvanın Ordubad rayonunun Kələki kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.


    Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər.

  • Mehriban Əliyevadan məzunlara təbrik: Fəal və cəsarətli olmaq öz əlinizdədir

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Gələcəyə doğru” adlı məzun gecəsinin iştirakçılarına müraciət ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

    “Əziz məzunlar! Hər birinizi salamlayır və məzun olmağınız münasibətilə ürəkdən təbrik edirəm!

    Orta məktəb illəri hər kəsin həyatının ən yaddaqalan dövrüdür. 11 il ərzində siz məktəbdə əlifbadan başlayaraq elmin sirlərinə yiyələnmisiniz. Nəhayət, bu gün uşaqlıq və qayğısız məktəb illəri ilə vidalaşırsınız.

    Məktəbdən məzun olmaq hər bir insanda təzadlı hisslər doğurur. Bu gün siz uzun illər təhsil aldığınız məktəbdən, müəllimlərinizdən və sinif yoldaşlarınızdan ayrılırsınız. Eyni zamanda, bu gündən etibarən müstəqil həyata, öz taleyinizi müəyyən edəcək yeni və vacib bir mərhələyə qədəm qoyursunuz.

    Müasir dünyada elm sürətlə inkişaf edir, hər gün mühüm bir yeniliyin şahidi oluruq. Bütün bunlar siz gənclər üçün böyük imkanlar yaradır. Müasir elmin yeniliklərini dərindən mənimsəmək günümüzün tələbidir. Fəal və cəsarətli olmaq, əldə etdiyiniz bilikləri daha da inkişaf etdirmək, müxtəlif sahələrdə yeni ideyaları ortaya qoyaraq onları reallaşdırmaq sizin əlinizdədir.

    Seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumalı, Azərbaycanın daha da inkişaf etməsinə və güclənməsinə çalışmalısınız. Əminəm ki, bu gündən etibarən verdiyiniz bütün qərarların, atdığınız hər bir addımın əsasını xoş niyyət, xeyirxahlıq və ədalət təşkil edəcəkdir.

    Əziz dostlar!

    Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir. Bu sadə həqiqəti gözəl dərk edərək, dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təhsilin inkişafına böyük vəsait yatırılmaqdadır. Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir. Çünki parlaq gələcəyimizi qurmaq sizin üzərinizə düşəcəkdir.

    Son illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib. Nailiyyətlərimiz göz önündədir. Lakin qarşıda bizi hələ yeni hədəflər gözləyir, üzümüzə geniş üfüqlər açılır. Cənab Prezident İlham Əliyev inamlı addımlarla bizi daha gözəl bir gələcəyə doğru aparır və bu yolda sizin kimi parlaq, savadlı, cəsur və vətənpərvər gənclərə arxalanır. Gəlin birlikdə vətənimiz Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsinə dəstək olaq!

    Bir daha sizi məzun günü münasibətilə təbrik edir, sonrakı təhsilinizdə və fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.

    Yolunuz açıq olsun!”

  • Azərbaycanda Milli Qurtuluş Günüdür

    Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

    Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

    Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

    Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

    Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

    1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

  • Novruz Məmmədov Emomali Rahmonla görüşdü

    Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı çərçivəsində Azərbaycanın Baş naziri Novruz Məmmədovla Tacikistanın prezidenti Emomali Rəhmanın görüşü baş tutub.

    Bu barədə oxu.az Tacikistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir.

    Emomali Rahmonun Tacikistan və Azərbaycan arasında əməkdaşlığın səviyyə və keyfiyyətindən razılığını ifadə etdiyi bildirilir.

    Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və turizm sahəsində Azərbaycan və Tacikistanın hökumətlərarası əməkdaşlığı ilə bağlı vacib məsələləri nəzərdən keçiriblər.