Category: Siyasət

  • Azərbaycan XİN: Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır

    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva kütləvi informasiya vasitələrinin sualını cavablandırıb.

    Median.Az həmin sual-cavabı təqdim edir:

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu ölkənin müdafiə naziri Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən Ermənistan silahlı qüvvələrinin nümayəndələrini yüksək mükafatlandırmaya təqdim edib. Bununla bağlı siz nə deyə bilərsiniz?

    Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim-kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur. Aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır. Bu ölkənin müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olur. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur.

    Ermənistan müdafiə nazirinin bu hərəkəti həmçinin bu ölkənin beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirir. Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri snayper atəşi ilə qanlı təxribat törədib və bölgə səfəri ilə bağlı həmsədrlərin bəyanatından bir-neçə gün sonra Ermənistan yenidən qanlı cinayətə əl atıb. Təəssüflə qeyd etmək istərdik ki, məhz Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində bölgə yüksələn gərginlik astanasındadır. Ermənistanda müharibə tərəfdarlarının törətdiyi bu təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir. Bir daha vurğulayırıq ki, hadisələrin bu istiqamətdə inkişafının bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür.

  • Bakıda məktəblər təmir olunacaq – 40 milyon manat ayrıldı

    Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sənədə əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə 40.0 (qırx) milyon manat ayrılıb.

    Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Maliyyə Nazirliyi sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Bakı və qəsəbələrdə təhsil müəssisələrinin tikintisi və təmirinə 40 milyon manat ayrıldı

    Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamla Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

    Sərəncamda qeyd olunub ki, son illərdə təhsil müəssisələrinin inkişafı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası üçün mühüm işlər görülüb.

  • İlham Əliyevdən yeni təyinatlar (SƏRƏNCAM)

    Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

    Sərəncama əsasən, aşağıdakı şəxslər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvləri təyin ediliblər. 

    İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

    Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

  • İlham Əliyev bu şəxslərin müavinətlərini artırdı – FƏRMAN

    Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanına dəyişiklik edib.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Dəyişikliyə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 33 və 60 manat məbləğində müəyyən olunub.

    Bundan əvvəl bu məbləğ müvafiq olaraq 22 və 40 manat təşkil edirdi.

  • Azərbaycan XİN-dən Cənubi Osetiyadakı “seçkilər”ə – REAKSİYA

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır.

    Bu fikirlər Azərbaycan XİN-in yaydığı bəyanatda öz əksini tapıb.

    Bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır.

  • İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

    Prezident İlham Əliyev Qazaxıstan Respublikasının yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

    Məktubun mətnini AZƏRTAC dərc edib.

    “Hörmətli Kasım-Jomart Kemeleviç,

    Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli-mənəvi köklərindən qaynaqlanır. İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının prezidentini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Prezident İlham Əliyev Britaniya kraliçasını təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

    “Ülyahəzrət,

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Azərbaycanda bu məhkəmələrin adı dəyişdirilir

    Azərbaycanda mövcud olan yeddi inzibati-iqtisadi məhkəmənin hamısı bundan sonra inzibati məhkəmə adlandırılacaq. Bu, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən, yeni – kommersiya məhkəmələrinin yaradılması ilə birbaşa bağlıdır.

    Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Məhkəmələr və hakimlər haqqında” qanuna edilməsi nəzərdə tutulan dəyişiklikləri şərh edərkən bildirib.

    Qeyd edək ki, adıçəkilən qanuna edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi inzibati məhkəmələr adlandırılacaq.

    Yəni təklif edilən dəyişikliklə mövcud qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən “İqtisadi” sözü çıxarılır.


    M. İbrahimqızı onu da bildirib ki, “İqtisadi” sözü məhdud mənanı ifadə edir.

    “Amma “İnzibati” sözü daha geniş anlamı, mənanı özündə birləşdirir. Həm də dünya təcrübəsində belədir, yəni “İnzibati” məhkəmələr məfhumundan istifadə olunur.

    Odur ki, bizdə də məhz dünya təcrübəsinə uyğun olaraq, “İnzibati” məhkəmələr məfhumundan, sözündən istifadə olunması məqsədəuyğun sayılıb. Bu, təkcə söz dəyişikliyi deyil, həm də mahiyyət dəyişikliyidir.

    Hesab edirəm ki, bu, həmin məhkəmələrin fəaliyyətində yeni bir mərhələ təşkil edəcək. Elə ölkədə aparılan məhkəmə-hüquq islahatlarında da məqsəd budur”, – deyə komitə sədrinin müavini əlavə edib.