Category: Siyasət

  • Prezident: Zəngin mədəni irsi Azərbaycanı turizm baxımından cəlbedici edir

    Prezident İlham Əliyev “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda beynəlxalq memarlıq forumunun iştirakçılarına məktub ünvanlayıb.

    Məktubun mətnini AZƏRTAC dərc edib.

    “Hörmətli forum iştirakçıları!

    Sizi ölkəmizin paytaxtında “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda beynəlxalq memarlıq forumunun öz işinə başlaması münasibətilə səmimi təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

    Biz ilk mötəbər forumunuzun unikal memarlıq abidələri və eyni zamanda modern üslublu binalarla zəngin, təkrarsız görkəmə malik Bakı şəhərində təşkilini yüksək qiymətləndiririk. Bu, şəhərsalma və memarlığı özünəməxsus inkişaf yolu keçmiş çoxəsrlik Azərbaycan mədəniyyətinə ehtiramın təzahürüdür.

    Turizmin müasir problemləri, o cümlədən dövrümüzün reallıqları ilə yaxından səsləşən kütləvi turizm fenomeni ətrafında müzakirələrin məhz belə tarixi məkanda aparılması forumunuza aktuallıq qazandırır.

    Artıq ayrıca sənaye sahəsinə çevrilmiş olan turizm sektoru hazırda dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır. Azərbaycanı onun təbii sərvətləri və rəngarəng coğrafi landşaftı, zəngin mədəni irsi və yenilənmiş infrastrukturu turizm baxımından cəlbedici edir.

    Bu mədəni və ekoloji turizm potensialı nəzərə alınaraq respublikamızda turizm sektorunun inkişafı ən prioritet hədəflərdən biri elan edilmişdir. Məqsəd təbiət abidələrimizi və xalqımızın böyük keçmişinin izini yaşadan qədim mədəniyyət yadigarlarını geniş miqyasda tanıtmaqdır.

    Vurğulamaq istərdim ki, müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görmüşük. Yaşayış yerlərinin mühəndislik və nəqliyyat infrastrukturu modernləşdirilmiş, yüksək səviyyəli hotellər və neçə-neçə sosial obyekt inşa edilib.

    Bu işlərin uğurla gerçəkləşdirilməsi memarlarımızın fəaliyyəti ilə sıx əlaqəlidir. Onlar ölkəmizdə mədəni özünəməxsusluğun qorunub saxlanması və əcdadlardan qalma mirasın gələcək nəsillərə layiqli şəkildə çatdırılması naminə var qüvvələri ilə çalışırlar.

    Son illər memarlarımızın xüsusən tarixi şəhərlər və kütləvi turizm arasında ahəngdarlığın təmin edilməsi üçün Beynəlxalq Memarlar İttifaqı ilə münasibətləri zəminində göstərdiyi təşəbbüs və atdığı addımlar təqdirəlayiqdir.

    Ümidvaram ki, forum çərçivəsində memarların tarixi yerlərdə kütləvi turizmin idarə olunmasında roluna dair aparacağınız diskussiya və fikir mübadilələri, irəli sürəcəyiniz tövsiyə və təkliflər turizmin aktual məsələlərinin həllinə öz töhfəsini verəcək, həmçinin, əməkdaşlığınızın daha da dərinləşməsi və yeni istiqamətlərinin müəyyənləşməsinə xidmət edəcək”.

  • Fuad Abbasova 50 il ərzində Rusiyaya getmək qadağan olunub

    Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.

    Median.Az report-a istinadən istinadən xəbər verir ki, bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.

    Ötən gün Fuad Abbasovun şikayət ərizəsini qəbul etməyən Moskva Vilayət Məhkəməsi əvvəlki məhkəmə qətnaməsini qüvvədə saxlayıb.

    F.Abbasov bu gecə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunacaq.

  • BMT saytında Qarabağa dair ifşaedici hesabat dərc edilib

    “Azərkosmos” ASC-nin və Azərbaycan XİN-in “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsi Baş Assambleyanın və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb və BMT-nin saytında yerləşdirilib.

    Trendin məlumatına görə, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinə, Baş Assambleyanın sədrinə və Təhlükəsizlik Şurasının sədrinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən hərbi işğalının təfərrüatlarını, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozmasına münasibətdə beynəlxalq birliyin mövqeyini əks etdirən, həmçinin “Azərkosmos” ASC-nin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsini BMT-yə üzv dövlətlərin diqqətinə çatdıran məktub ünvanlayıb.

    Yaşar Əliyevin birgə məruzəyə, BMT TŞ-nin qətnamələrinə və ATƏT-in Azərbaycanın işğal edilmiş ərazilərində faktların müəyyən edilməsi və dəyərləndirilməsi üzrə missiyasının hesabatlarına istinadların daxil edildiyi məktubu Birləşmiş Millətlər Təşkilatının saytında yerləşdirilib (https://undocs.org/A/73/881).
    Y.Əliyev BMT-nin struktur rəhbərlərinə müraciətində yazır ki, yuxarıda xatırladılan məruzədə Ermənistanın işğal etdiyi Azərbaycan Respublikası ərazilərində dayandırılmayan fəaliyyətindən, azərbaycanlıların çıxarıldıqları ərazilərdə mühacirlərin yerləşdirilməsi; təbii, kənd təsərrüfatı və su ehtiyatlarının talanması və istismarı, infrastrukturun dəyişdirilməsi, tarixi və mədəni irs abidələrinin dağıdılması və təhqir edilməsi haqqında təkzibedilməz sübutlar göstərilir.

    Qeyd olunur ki, Ermənistanın bu qeyri-qanuni fəaliyyəti beynəlxalq hüquq normalarına əsasən qadağan edilməsinə, beynəlxalq birlik tərəfindən bundan əvvəlki xəbərdarlıqlara, tələblərə və qınaqlara baxmayaraq, sülh prosesi pərdəsi altında həyata keçirilir.

    Azərbaycanlı diplomat qeyd edir ki, Təhlükəsizlik Şurası öz qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsini pisləyib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin ələ keçirilməsi üçün güc tətbiq edilməsinin yolverilməz olduğunu təsdiqləyib.
    Ermənistanın ərazi iddialarına və güc tətbiq etməklə bağlı hərəkətlərinə cavab olaraq, TŞ Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının ayrılmaz hissəsi olmasını bir daha təsdiqləyib və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Məktubda deyilir ki, digər beynəlxalq təşkilatlar da analoji mövqeni tutublar.

    Beynəlxalq birlik azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnu dəfələrlə təsdiqləyib. Bu hüququn erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam çıxarılması ilə bir sırada həyata keçirilməsi münaqişənin beynəlxalq hüququn müddəalarına uyğun olaraq danışıqlar yolu ilə nizamlanmasının əsas elementi və mütləq şərtidir.

    Azərbaycan Hökumətinin xahişi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 2005-ci və 2010-cu illərdə Azərbaycanın işğal olunmuş ərazilərində faktların müəyyən edilməsi və dəyərləndirilməsi üzrə missiyalar keçirib. Bu missiyaların apardıqları işin yekununa görə ATƏT-in Minsk qrupunun həmsədrləri “Azərbaycanın işğal olunmuş ərazilərinin bundan sonra hər hansı şəkildə məskunlaşdırılmasına qarşı çıxış ediblər” və “tərəfləri təkidlə …regionun strukturunda demoqrafik dəyişikliklərdən” və “bu rayonların son nizamlanmasına və ya xarakterinin dəyişdirilməsinə ziyan vuracaq hər hansı fəaliyyətdən çəkinməyə çağırıblar”. ATƏT-in rəhbərliyi ilə sonuncu missiyanın keçirilməsindən doqquz il ötür.

    Azərbaycanın BMT yanında daimi nümayəndəsi qeyd edir ki, lakin yuxarıda xatırladılan birgə məruzədən və digər mənbələrdən göründüyü kimi, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyət nəinki davam edib, hətta bu dövr ərzində fəallaşaraq genişləndirilib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin koloniyalaşdırılmasına və ilhaqına yönəlmiş bu siyasəti və praktikası beynəlxalq hüququn açıq-aşkar pozulmasını ifadə edir, öz yurd-yuvasından qovulmuş yüz minlərlə insanın hüquq və azadlıqlarını tapdalayır, regionda sülhə, təhlükəsizliyə və sabitliyə bilavasitə təhdid yaradır.

    Yaşar Əliyevin sözlərinə görə, aşkardır ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərin sayını süni şəkildə artırmaqla orada əhalinin demoqrafik tərkibini dəyişmək və azərbaycanlı məcburi köçkünləri öz doğma yurd-yuvalarına qayıtmalarına imkan verməmək cəhdləri, həmçinin bu ərazilərdə təbii və digər ehtiyatların istismarı, əmlakın məhv edilməsi və mənimsənilməsi münaqişənin sülh yolu ilə həllinə nail olmaq hədəflərinə əsla uyğun gəlmir.
    Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq birlik Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, xüsusən də işğal etdiyi Azərbaycan ərazilərində birtərəfli şəkildə demoqrafik, iqtisadi, sosial və mədəni xarakterli dəyişikliklərə istiqamətlənmiş qeyri-qanuni fəaliyyətinin dərhal, tamamilə və qeyd-şərtsiz dayandırılmasına və bu ərazilərdən geri çəkilməsinə ciddi şəkildə riayət etməsinin təminatına görə ümumilikdə məsuliyyət daşıyırlar.

    “Qeyri-qanuni gücün tətbiqi və onun müvəqqəti və qeyri-sabit hərbi nəticələri problemin həlli deyildir, Ermənistan öz təcavüzünü dayandırmağa və Dağlıq Qarabağ regionundan və ölkəmizin işğal edilmiş digər ərazilərindən getməyə məcbur olacaq”, – deyə Azərbaycanlı diplomat qeyd edir.
    Sonda Y.Əliyev məktubu Baş Assambleyanın gündəliyinin 35-ci və 41-ci bəndləri üzrə sənədi kimi və Təhlükəsizlik Şurasının sənədi qismində yayılmasını xahiş edir.

  • Prezidentdən Zakir Həsənovla bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Zakir Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Z. Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə təltif edilib.

  • Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Sosial şəbəkədəki paylaşımda deyilir:

    “Əziz həmvətənlər,

    Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm. Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin”.

  • Məkkədə Qarabağla bağlı sənədlər qəbul edildi

    Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının 14-cü zirvə görüşü keçirilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    “Əl-ələ gələcəyə doğru” devizi altında keçirilən İƏT-in bu görüşündə Azərbaycanı Baş Nazir Novruz Məmmədov təmsil edib.

    Zirvə görüşü nəticəsində yekun kommünike sənədi qəbul edilib. Sənədin 34 və 35-ci bəndlərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı İƏT-in prinsipial mövqeyi öz əksini tapıb.

    Belə ki, bu bəndlərdə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti pislənir, beynəlxalq hüquq və BMT Nizamnaməsi ilə ərazilərin güc tətbiq etməklə işğalının qəbuledilməzliyi təsdiqlənir, BMT TŞ-nin 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi və işğalçı qüvvələrin Azərbaycan Respublikasının ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

    Sənəddə İƏT dövlət və hökumət başçıları münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə çağırır.

    Burada, həmçinin, Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində işğalçının davamlı silahla təmin edilməsi, ərazilərin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsinə yönəlik qeyri-qanuni fəaliyyət, o cümlədən, mədəni irsin və müqəddəs yerlərin dağıdılması və mənimsənilməsi, ictimai və şəxsi mülklərə müdaxilə etməklə qanunsuz iqtisadi və digər fəaliyyətin davam etdirilməsindən dərin narahatlıq ifadə olunur.

    Bununla bağlı, İƏT üzv ölkələrindən effektiv tədbirlərin həyata keçirilməsi o cümlədən, işğalçıya öz ərazilərindən və ya əraziləri vasitəsilə silah ötürülməsinin, fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı fəaliyyətinin və işğalın saxlanılmasına xidmət edəcək hər hansı fəaliyyətin milli qanunvericilikləri vasitəsilə qarşısının alınması tələb olunur.

    Sənəddə Azərbaycanın BMT Baş Assambleyası vasitəsilə də daxil olmaqla, ərazi bütövlüyü və suverenliyini bərpa etmək səylərinə prinsipial dəstək bir daha təsdiq olunur.

    Yekun Kommünikedə, habelə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Təmas Qrupunun fəaliyyətinə tam dəstək ifadə olunur.

  • “Hökumət buludu” yaradılır – FƏRMAN

    Prezident İlham Əliyev “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, bu fərmanla “Hökumət buludu” (G-cloud) Konsepsiyası” təsdiq edilib.

    “Hökumət buludu” (G-cloud) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılacaq. Nazirlik “Hökumət buludu”nun operatoru təyin edilir.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları) dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etmək, dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində yerləşdirilməsi, habelə “Hökumət buludu”nun idarə edilməsi, saxlanılması və təkmilləşdirilməsi ilə bağlı tələb olunan vəsait barədə hər təqvim ili ərzində Nazirlər Kabinetinə təkliflər vermək və digər məsələlər tapşırılıb.

    Azərbaycanda dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunub. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir.

    “Hökumət buludu”nda təhlükəsizlik məsələlərinin təminatı və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət də diqqət mərkəzində olacaq.

  • Bu tibb müəssisələri də TƏBİB-in tabeliyinə verilməyəcək (SİYAHI)

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə “Talassemiya Mərkəzi” sözlərindən sonra “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” sözləri əlavə edilsin.

    Prezidentin 2018-ci il 20 dekabr tarixli Fərmanının ikinci hissəsində qeyd edilir:

    “2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin”.

  • Bu tibb müəssisələri də TƏBİB-in tabeliyinə verilməyəcək – SİYAHI

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə “Talassemiya Mərkəzi” sözlərindən sonra “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” sözləri əlavə edilir.

    Prezidentin 2018-ci il 20 dekabr tarixli Fərmanının ikinci hissəsində qeyd edilir:

    “2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin”.

  • Prezidentdən övladlığagötürmə ilə bağlı – FƏRMAN

    Azərbaycanda “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi noyabrın 1-dən fəaliyyətə başlayacaq.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli fərmanda dəyişiklik edib.

    Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il noyabrın 1-dən fəaliyyətə başlamasını təmin edəcək.

    Bundan əvvəl altsistemin yaradılması və fəaliyyətə başlaması 2019-cu il iyunun 1-nə nəzərdə tutulmuşdu.