Category: Siyasət

  • Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib. Təbrikdə deyilir:
     
    “Hörmətli həmvətənlər!
     
    Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
    Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

    Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və mütəfəkkirlər yetişdirmişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır.

    Əziz bacı və qardaşlarım!

    Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
    Ramazan bayramınız mübarək olsun!”
     
    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 3 iyun 2019-cu il.

  • Gürcüstan XİN Qarabağda keçirilən çempionata münasibət bildirib

    Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində CONİFA tərəfindən keçirilən tədbirə münasibət bildirib.

    Bəyanatda qeyd olunur ki, tanınmamış Dağlıq Qarabağda Abxaziya və Tsxinvali bölgələrindən gələn futbol komandalarının iştirak etdiyi qondarma Avropa futbol çempionatının təşəbbüskarı və təşkilatçısı CONİFA, yəni tanınmamış bölgələrin futbol assosiasiyaları Konfederasiyasıdır.

    “Əsasən tanınmamış bölgələrdən futbol komandalarından ibarət olan CONİFA və ona bənzər təşkilatları FİFA və UEFA tanımır.

    Buna görə, Abxaziya və Tsxinvali futbol komandalarının bu cür qondarma çempionatda iştirak etməsi işğalçı rejimlərə hər hansı legitimlik vermək üçün əsas deyil və ola da bilməz.

    Gürcüstan tərəfindən tanınmama istiqamətində həyata keçirilən siyasətə beynəlxalq ictimaiyyətin dəstəyi və mövqeyi dəyişməzdir və bu bir sıra beynəlxalq sənədlər və bəyanatlarda əks olunub.

    Tanınmama siyasətinin həyata keçirilməsi bizim xarici siyasətimizin prioritetlərindən biridir. Xarici İşlər Nazirliyi tanınmama və gələcək risklərin qarşısının alınması siyasətini gücləndirmək üzrə fəal işi davam etdirir”, – deyə məlumatda qeyd edilir.

  • Prezidentdən hərbi xidmətə çağırışla bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev iyunun 3-də Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

  • Sürüşmədən ziyan çəkmiş sakinlər üçün yeni bina tikiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev iyunun 3-də “Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında” Sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncama əsasən, Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.

  • İlham Əliyev Fərman Salmanova görə Putinə təşəkkür etdi – YENİLƏNİB

    Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

    Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, İlham Əliyev Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı təşəkkürünü bildirib və bu qərarın Azərbaycan ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qəbul edildiyini vurğulayıb.

    Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olunub. Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi aparıblar.

    * * * * *

    Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    “Söhbət zamanı fəal inkişaf edən Rusiya-Azərbaycan əməkdaşlıq məsələləri və müxtəlif səviyyələrdə gözlənilən təmaslar müzakirə olunub”, – məlumatda deyilir.

  • İlham Əliyev bir sıra görüşlər keçirib – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Kobaxidze Bakıya səfərinin anonsunu verdi

    Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana səfər edəcək.

    Median.Az xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında səfərin iyun ayında baş tutacağını bildirib.

    Onun sözlərinə görə, səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcək.

    Görüşlərdə Gürcüstanla Azərbaycan arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaq.

  • Polşa prezidenti Bakı gecələrini çəkib, İnstagramında paylaşdı – Foto

    Polşa Prezidenti Andjey Duda Bakıya rəsmi səfəri ilə bağlı təəssüratlarını şəxsi “Instagram” səhifəsində bölüşüb.

    Median.Az AzərTac-a istinadən xəbər verir ki, “Alov qüllələri”nin şəklini paylaşan Polşa Prezidenti şəklin altında “Azərbaycan. Bakı gecələri” sözlərini yazıb.

    Prezidentin “Instagram” izləyiciləri şəkillə bağlı fikirlərini bölüşüblər.

  • İlham Əliyev uşaqlarla bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Müvafiq sərəncamı AZƏRATC dərc edib.

    Sənədə əsasən, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Prezident İlham Əliyev: “Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır” – YENİLƏNİB – FOTO

    Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, səfəriniz zamanı apardığımız danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcək.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə verilən rəsmi ziyafət mərasimində deyib.

    Xalqlarımız arasında əlaqələrin tarixi köklərinin olduğunu vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda məskunlaşmış polşalıların ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynadıqlarını bildirib. Tarixi münasibətlərimizin müasir dövrdə də əməkdaşlığımızın inkişafı üçün möhkəm təməl yaratdığını deyən dövlət başçısı bir çox sahələrdə uğurlu qarşılıqlı əlaqələrin həyata keçirildiyini vurğulayıb:

    – Ölkələrimiz arasında Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır.

    Prezident İlham Əliyev bildirib ki, regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllinin tərəfdarıdır. Prezident İlham Əliyev Polşa tərəfinə münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

    ***20:13

    Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə rəsmi ziyafət verilib.

    Median.Az xəbər verir ki, dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.