Category: Siyasət

  • Musa Quliyevdən erməni katolikosuna cavab: Qarabağı yuxusunda görəcək

    Erməni kilsəsi həmişə şər mənbəyi olub. Erməni kilsəsinin heç erməni xalqına xeyri olmayıb. O din ki, o dini ocaq ki siyasətə qarışır, o din, o dini ocaq da murdarlanır. Erməni kilsəsi də çoxdan murdarlanmış bir dini ocaqdır.

    Bunu oxu.az-a açıqlamasında millət vəkili Musa Quliyev Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aramın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışına münasibət bildirərkən deyib.

    “Bu mənada, katolikosun Qarabağın Ermənistana birləşdirilməsi bəyanatı heç də təzə söhbət deyil. Əslində, Qarabağla bağlı ilk bəyanatı 1988-ci ildə elə erməni katolikosu vermişdi”, – deyən millət vəkilinin sözlərinə görə, ondan ötən dövr ərzində ermənilər nə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya və tanıda, nə də onu Ermənistana birləşdirə bildilər.

    “Çünki həm Azərbaycanın gücü, həm Azərbaycan prezidentinin apardığı beynəlxalq siyasət, həm də Azərbaycanın beynəlxalq aləmdəki imici və vaxtında apardığı diplomatik səylər buna imkan vermədi.

    Bundan sonra da erməni katolikosu, yəqin ki, Dağlıq Qarabağı yuxusunda görəcək. Bəlkə, neçə əsr sonra gələn katolikoslar da ola bilər ki, bu fikirlərə düşsünlər, sərsəmləsinlər. Amma heç vaxt Qarabağ Ermənistana birləşməyəcək, Qarabağ Azərbaycan torpağı olaraq qalacaq.

    Ola bilər ki, Qarabağdakı ermənilər köçüb, gedib Ermənistanda yaşayarlar. Bunu da zaman göstərəcək”, – deyə M.Quliyev əlavə edib.

  • Zelenski İlham Əliyevə məktub göndərdi

    Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Məktubun mətnini AZƏRTAC dərc edib.

    “Hörmətli İlham Heydər oğlu.

    Milli bayramınız – Respublika Günü münasibəti ilə səmimi təbriklərimi qəbul edin.

    Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın dayanıqlı templərini nümayiş etdirir, bu da şübhəsiz ki, ölkənin dünya arenasında nüfuzunun möhkəmlənməsinə təsir edir.

    Əminəm ki, Ukrayna və Azərbaycan arasında mövcud əməkdaşlıq gələcəkdə də strateji tərəfdaşlıq ruhunda və dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi əsasında inkişaf edəcək.

    Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

  • Nazir: Azərbaycan icması Qarabağda ermənilərlə birlikdə yaşamağa hazırdır

    Dağlıq Qarabağ münaqişəsinin uzanması həm də Ermənistanda əhalinin iztirablarına səbəb olub.

    Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “Kommersant” qəzetinə verdiyi müsahibədə danışıb.

    Nazirin sözlərinə görə, Ermənistan tərəfi münaqişənin nizamlanmasında maraqlı olmalıdır.

    “Azərbaycan ərazilərinin zəbt edilməsi və onların bu illər ərzində davam edən işğalı Ermənistana hər hansı nəzərəçarpan dividendlər gətirməyib. Əksinə, bu, ölkədə yoxsulluq, işsizlik səviyyəsinin artımına, insanların ölkədən kütləvi şəkildə axın etməsinə və digər böhran təzahürlərinə yol açıb. Necə deyərlər, siyasətçi seçkilər barədə, dövlət lideri isə gələcək nəsillər barədə düşünür”, – deyə nazir vurğulayıb.

    E.Məmmədyarov qeyd edib ki, erməni tərəfi münaqişənin nizamlanması məqsədlərini güdürsə, birmənalı şəkildə və ləngimədən siyasi iradə ortaya qoymalı və bu istiqamətdə praktiki addımlar atmalıdır.

    “Biz belə yanaşmanı hərtərəfli şəkildə alqışlayacağıq. Belə yanaşmaları təkcə bəyan etməklə kifayətlənməməlidirlər, onu həm də həyata keçirmək lazımdır”, – deyə nazir bildirib.

    E.Məmmədyarov 2016-cu il Aprel hadisələrinə də toxunub. O bildirib ki, həmin döyüşlər amansız etnik təmizləmələrlə müşayiət olunan Azərbaycan torpaqlarının işğalına əsaslanan mövcud status-kvonun özündə böyük risklər daşıdığını və hər an mövcud münaqişənin tammiqyaslı silahlı toqquşmalara qədər böyüyə biləcəyini açıq şəkildə sübut etdi.

    “Bütün problemlərin, o cümlədən, müharibənin bərpa olunması riski daşıyan, atəşkəs pozuntularının səbəbi, Ermənistan Respublikasının işğalçı qüvvələrinin zəbt olunmuş və zor gücü ilə saxlanılan Azərbaycan torpaqlarında qanunsuz şəkildə qalmalarının davam etməsindədir”, – deyə nazir bildirib.

    O vurğulayıb ki, azərbaycanlı qaçqınlar Dağlıq Qarabağa qayıtmayınca, tərəflərin qarşılıqlı etibarı bərpa etməsi mümkün olmayacaq:

    “Danışıqlar prosesində real addımlar atılmadan və münaqişənin nizamlanması, onun ağır fəsadlarının aradan qaldırılması üçün siyasi iradənin açıq nümayişi olmadan, etibarın bərpa olunması ilə bağlı istənilən cəhdlər uğursuzluğa düçar olacaq. Ona görə də biz mərhələli nizamlanma istiqamətində hərəkət etməliyik.

    Belə nizamlanmada başlanğıc işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması və sonradan oraya məcburi köçkünlərin qayıtması olmalıdır. Məhz bu qarşılıqlı etibarın qurulması ehtiyac duyulan şərtlər yaradacaq.

    Etibar etmək üçün mütəmadi təmasda olmaq lazımdır. Məsələn, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması tərk etməyə məcbur olduqları torpaqlara qayıtmağa və regionun erməni icması ilə birlikdə yaşamağa, əlaqələri qaydasına salmağa, etibarı bərpa etməyə və sülhü qaytarmağa hazırdır”.

    E.Məmmədyarov Azərbaycan tərəfinin münaqişənin ən qısa zamanda nizamlanmasında maraqlı olduğunu və hələ də münaqişənin danışıqlar yolu ilə həllini tapacağına ümid etməyə davam etdiyini vurğulayıb.

  • İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi – FOTO

    Mayın 27-də Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

    AZƏRTAC xəbər verir ki, dövlət başçısı abidənin önünə əklil qoyub.

    Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.










  • İlham Əliyev gürcüstanlı həmkarına məktub ünvanlayıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb. Median.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli xanım Prezident,

    Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

    Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi məmnunluq doğurur.

    İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Sergey Strokanın replikası: Bakı ətrafındakı qeyri-futbol oyunları – VİDEO

    Siyasi şərhçi Sergey Strokan “Moskva-Bakı” portalı üçün İngiltərənin “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının finalında iştirak etməməsi məsələsini şərh edib.

    Mxitaryanın karyerası ərzində Azərbaycan klublarının iştirakı ilə keçirilən Avropa kuboku oyunlarını buraxdığını xatırladan Strokan futbolçunun mayın 29-da Bakıda keçiriləcək oyuna gəlməməsinin arxasında Ermənistan Xarici İşlər Nazirliyinin tövsiyələrinin gizləndiyinə işarə edərək Yerevanın Azərbaycanının hansısa siyasi dividendlər qazana biləcəyindən ehtiyat etdiyini qeyd edib.

    O bildirib ki, rəsmi Bakının Mxitaryana təhlükəsizlik təminatı verməsinə rəğmən, erməni şərhçiləri və azarkeşləri internet səhifələrində futbolçunun Azərbaycana getməsinə qarşı çıxır, onu bu cür riskə atmağın yolverilməz olduğunu bildirir. Fikirlərinə davam edən Strokan qeyd edib ki, Mxitaryan ətrafında ajiotajın davam etdiyi bir vaxtda Bakıya aerobika çempionatına Canazayanlar (qardaş və bacı) gəlib və səfərlərindən məmnun qalıblar.

    Strokan rusiyalı idman şərhçisi Vasili Utkinin Avropa Liqasının finalına getməyəcəyi ilə bağlı bəyanatını da unutmayıb. O, Utkinin internetdə Mxitaryanla bağlı şərhinin məntiqdən uzaq olduğuna işarə edərək bu cızma-qaranın Mxitaryanın Bakıya gəlməməsi məsələsində paranoyanın səviyyəsini göstərdiyini vurğulayıb.

    “Gəlin təsəvvür edək ki, Bakıda kimsə Henrix Mxitaryanı sevməsə belə, Azərbaycan tərəfi təhlükəsizliklə bağlı səhvə yol verərmi?” deyən Strokan qeyd edib ki, istənilən xırda insident mətbuat tərəfindən yayılaraq Azərbaycanın imicinə ciddi təsir göstərə bilərdi.

    Siyasi şərhçi “Borussiya”nın baş məşqçisi Yurqen Kloppun Avropa Liqası finalının Bakıda keçirilməsi ilə bağlı dediklərinə də toxunub. O, Kloppun Bakıya necə getməyinin bilməməsinə təəccüblənərək bu cür “fikirləri” səsləndirməkdən öncə məşqçinin nə yediyi, nə içdiyi sualının ortaya çıxdığını bildirir:

    “Ötən il Rusiyada futbol üzrə çempionat keçiriləndə, Britaniya mətbuatı yazırdı ki, Moskva küçələrində az qala ayılar gəzir. Belə halda Yurqen Kloppun Bakının harada yerləşdiyini və oraya təyyarələrin uçduğunu bilməməsinə təəccüblənmək lazım deyil”.

    Stroqan Azərbaycan tərəfinin Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak etməsi üçün əlindən gələni etdiyini, lakin buna qarşı olanların belə futbolun onlara lazım olmadığını göstərdiyini, üstəlik əslində futbolun onlar üçün maraqlı olmadığını sübut etdiklərini vurğulayıb.

  • İlham Əliyevdən Musa Yaqub və Ramiz Rövşənlə bağlı – SƏRƏNCAM

    Azərbaycanın tanınmış şairləri Musa Yaqubla Ramiz Rövşənə fəxri ad verilib.

    Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncama əsasən, Əliyev Ramiz Məmmədəli oğluna (Ramiz Rövşən) və Yaqubov Musa Səfiməmməd oğluna (Musa Yaqub) “Xalq şairi” fəxri adı verilib.

    “Xalq şairi” adına layiq görülənlərdən biri də Cəfərov Vahid Əziz oğludur. (Vahid Əziz)

  • Prezident mədəniyyət xadimlərinə fəxri adlar verdi – SİYAHI

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Xalq şairi”

    Cəfərov Vahid Əziz oğlu (Vahid Əziz)

    Əliyev Ramiz Məmmədəli oğlu (Ramiz Rövşən)

    Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub)

    “Xalq yazıçısı”

    Abdullayev Kamal Mehdi oğlu (Kamal Abdulla)

    Rəsulzadə Natiq Rəsul oğlu

    Vəliyeva Afaq Məsud qızı (Afaq Məsud)

    “Xalq artisti”

    Muradov İlqar Əliməmməd oğlu

    Zeynallı Cavanşir Mirzəməmməd oğlu

    “Əməkdar incəsənət xadimi”

    Cəbrayıllı Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər)

    Hüseynbəyli Elçin Hüseyn oğlu

    Mustаfаyеv Firuz Qədimаlı оğlu (Firuz Mustafa)

    “Əməkdar artist”

    Xasiyev Nadir Şənbə oğlu

    Kərimova Cəmilə Rüstəm qızı

    Məsimov Qurban Abdulla oğlu

    Nağıyev Qasım Gəncalı oğlu

    Niftəliyeva Nurbəniz Nurəddin qızı

    Süleymanova Elmira Süleyman qızı

    “Əməkdar mədəniyyət işçisi”

    Əliyev Asim Yediyar oğlu

    Əlixanov Vaqif Ənvər oğlu (Vaqif Əlixanlı)

    Güləliyev Abbas Musaxan oğlu

    Məmmədov Rauf Davud oğlu.

    Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Bulanova Oksana İqorevna

    Əhmədov Ənvər Misir oğlu

    Qəniyev Maarif Soltan oğlu

    Mustafayev Sabir Məmməd oğlu

    Salayev İltifat Saleh oğlu

    Talıbzadə Alina Dmitriyevna.

  • Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edib

    Yaponiyanın İmperatoru Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

    “Zati-aliləri.

    Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

    Sizə xoşbəxtlik, ölkənizin xalqına isə rifah arzulayıram”.

  • Prezident: Şeyx həzrətlərinin yubileyi dövlət səviyyəsində qeyd ediləcək

    Şeyx həzrətlərinin yubileyi və fəaliyyətinin 40 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcək.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar süfrəsində çıxış edən Prezident İlham Əliyev deyib.

    Dövlət başçısı hər il keçirilən iftar sürəsinin gözəl ənənə olduğunu bildirib:

    “Bu ənənə yaşayır və yaşayacaq. Bu, dövlət-din münasibətlərinin bariz nümunəsidir. Dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır. Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanırlar”, – deyə, İ. Əliyev bildirib və qeyd edib ki, onların şəxsi dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərib.

    “Mən onun şahidiyəm ki, Şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olublar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaradıb”, – deyə prezident vurğulayıb.

    Ölkə başçısı Allahşükür Paşazadənin xalq qarşısında xidmətlərindən də danışıb:

    “Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuza malik görkəmli din xadimidir və Azərbaycanı dünyada öz dəyərlərinə sadiq, eyni zamanda, müasir, tolerant ölkə kimi təqdim edir. Onun çoxşaxəli beynəlxalq fəaliyyəti Azərbaycanı dünyaya tanıtdırır, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə təqdim edir və Şeyx həzrətlərinin uğurlu fəaliyyəti ölkəmizi gücləndirir”.